Məşhur bəstəkar: “Alim Qasımovu xoşlamıram, səhnədə qışqırır”

Məşhur bəstəkar: “Alim Qasımovu xoşlamıram, səhnədə qışqırır”
21 avqust 2014
# 12:28

Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun APA-ya müsahibəsi

O, Azərbaycan tarixində və musiqisində böyük xidmətləri olan məşhur Bakıxanovlar nəslinin davamçısıdır. Bu, həmin Bakıxanovlardır ki, Azərbaycanın hərb tarixinə üç general, iki polkovnik bəxş edib. Mədəniyyətində isə Əhməd və Tofiq Bakıxanovların imzaları var.

Məsələn, bir adamın babasının Abbasqulu ağa Bakıxanov olması onun bioqrafiyası üçün nə deməkdirsə, Tofiq müəllim də babası ilə o qədər fəxr edir, diktofona düşməyən söhbətimizdə az qala hər fikrinin axırında polkovnikin xidmətlərindən danışdı.

Özü demiş, Üzeyir bəyin əlindən su içib, Qara Qarayevlə, Fikrət Əmirovla dostluq edib, üç baletin, üç musiqili komediyanın, doqquz simfonik əsərin müəllifidir. İndi ömrünün 84-cü yayını yaşayır. Xanımını və qızını itirib, deyir, evdə adam darıxır, nə isə dəyişiklik olmalıdır, ya yox?! Yolu Bilgəhdəki Kardioloji Sanatoriyadan düşüb, on gündür müalicə alır, dincəlir. Əsas odur ki, yaşamağa da, danışmağa həvəslidir. Yarıqaranlıq, kiçik otaqda not dəftərləri ilə baş-başa qalıb, gənclik ehtirası ilə yazıb-yaratmaq da öz yerində...

- Yoldaşım rəhmətə gedəndən sonra mənə çətin oldu. Şəhərdə qalanda ancaq evdə oluram, dedim, bir az dəyişiklik olsun, havamı dəyişim. Həm də burda müalicə qəbul edirəm, gündə üç-dörd həkimlə görüşürəm. İki il əvvəl insult keçirmişdim, bu xəstəlik də qan təzyiqindən əmələ gəlir, çox pis xəstəlikdir. Mən ömrü boyu xəstələnməmişəm. Nə qədər yubileylərim, yaradıcılıq gecələrim olub, həmişə aktiv iştirak etmişəm. Həm 75 illiyimdə, həm də 80 illiyimdə Vasif Talıbov mənə zəng edib Naxçıvana dəvət etdi, yubileyimi keçirdi. Bu ilin iyulunda Vasif Talıbov yenə zəng elədi ki, Abbasqulu ağa Bakıxanovun yubileyini keçiririk, siz də, ailə üzvləriniz də mütləq iştirak etməlisiniz. Yeddi nəfər getdik, gözəl yubiley tədbiri keçirildi, mənim mahnılarımı oxudular. Bundan başqa, Bakıda, Tehranda yubileylərim olub, hamısında iştirak etmişəm, səhhətimdən şikayətim olmayıb.

Mən ömrü boyu işləmişəm. Vaxtilə yaradıcı adamları Neft Daşlarına göndərirdilər. Xəzərin qoynunda olanda hiss edirdim ki, burda nə isə yazmalıyam. Tərcüməçi Siyavuş Məmmədzadə mənim qohumumdu, onun librettosu əsasında “Xəzər balladası” baletini yazdım. Baletin premyerası çox uğurlu keçdi. O vaxt Avropadan nümayəndələr gəlmişdi, bütün SSRİ-ni gəzmişdilər, xoşlarına gələn opera olmamışdı. Amma mənim baletimə tamaşa edəndə, ayaq üstə əl çaldılar, dedilər, bizə festival üçün məhz beləsi lazımdır. Antraktda Mərkəzi Komitənin şöbə müdiri Teymur Elçin məni təbrik etdi ki, əsərini festivala aparacaqlar. “Xəzər balladası” 30 dəfə nümayiş olundu. Paris daxil olmaqla Fransanın 15 şəhərində nümayiş olunmuşdu. Qara Qarayev mənə dedi ki, Tofiq, dünyada baleti Fransa qədər qiymətləndirən ikinci ölkə yoxdur, onlar da yazıblar ki, Tofiq Bakıxanovun baleti çox gözəldir. Mənim baletim dünyada neft mövzusunda yazılan yeganə baletdir.

- Qocalıqla yola gedə bilirsiniz? Sizi incitmir?

- Yox, qətiyyən! Bilirsiniz, yaradıcı adamda bu əlamət hiss olunmur. Soruşsanız, qocalıq yaradıcı adam üçün nədir, onu deyə bilmərəm. Bilirsiniz, niyə?

- Niyə?

- Mən elə bil yenə keçmişdə yaşayıram. Əvvəldən ki, hər gün işləməyə vərdiş vermişəm, indi işsiz qala bilmərəm. Keçən il bura gəlib Abbasqulu ağa Bakıxanovun sözlərinə 20-yə yaxın əsər yazdım, orkestr üçün işlədim. Əsərin əslini də Əlyazmalar İnstitutuna təqdim etdim.

- Övlad itkisindən danışmaq çətin olmaz?

- Nigar ərəb dilini çox gözəl bilirdi. Elmi ad alandan sonra onu ərəb ölkələrinə ezamiyyətə göndərdilər, orda xəstəlik tapdı. 1995-ci ildə dünyasını dəyişdi. İki övladı qalıb, onlar da Stokholmda həm oxuyurlar, həm yaşayırlar. Yoldaşım sağ olanda, yeddi il Stokholmda yaşadıq.

- Tofiq müəllim, uşaqlığınızı necə xatırlayırsınız?

- Mənim xoşbəxtliyim odur ki, həyatımda Üzeyir Hacıbəyovun rolu olub. Üzeyir bəyin təşəbbüsü ilə istedadlı uşaqlar üçün məktəb yaradılmışdı, orda təhsil aldım, bütün konsertlərimizdə özü şəxsən iştirak edər, bizə məsləhətlər verər, sənətə ruhlandırardı. Bir neçə il keçəndən sonra ifaçılığımı o qədər bəyəndi ki, məni Konservatoriyaya imtahansız qəbul elədi. Mircəfər Bağırovun oğlu Cahangir bizim məktəbdə pianino sinfində oxuyurdu. Həmin vaxt Fikrət Əmirov dördüncü kursda idi. Fikrətin ikili konsertini ifa etmək bizə tapşırıldı. Andrey Jdanovun məruzəsindən sonra müasir əsərləri ifa etmək qadağan olunmuşdu. Üzeyir bəyin 60 illiyində onun əsərini ifa elədim. Mircəfər Bağırov da konsertdə iştirak edirdi. Fəxr edirəm ki, uşaq vaxtı Üzeyir bəy kimi dahinin əsərini sağlığında ifa etmişəm, özü qulaq asıb.

- Mircəfər Bağırovun oğlu haqqında nə danışa bilərsiniz?

- Çox ciddi oğlan idi. Gülmək nədir, Cahangir onu bilməzdi. Sinfə girən kimi salamlaşar, sonra başını aşağı salıb piano çalardı. Onunla mənim xüsusi yoldaşlığım olmayıb. Məsələn, dərsdən çıxıb harasa gedək, bir yerdə oturub çörək yeyək-filan, yox, olmayıb. O katib oğlu idi, biz də... Cahangirə xüsusi nəzarət vardı, ona görə elə yaxınlığımız olmurdu. Amma deyim, sadə oğlan idi.

- Onda belə çıxır ki, sizin atanızı sinif yoldaşınızın atası həbs etdirib...

- Məsələ belə olub: Moskvada Azərbaycan ongünlüyü keçiriləcəkdi. Atam Əhməd Bakıxanov konsertə xüsusi hazırlaşmışdı, sonra onun paxıllığını çəkən adamlar şayiə yaydılar ki, guya atam İran muğamlarını Azərbaycanda təbliğ edir. NKVD-nin adamları gəlib evi yoxladılar, heç nə tapa bilmədilər. Üzeyir bəy bizimlə qonşu idi. Anam gedib dedi, Üzeyir əmi, mənim ərimlə qaynımın nə təqsiri var ki, onları həbs ediblər? Üzeyir bəy dedi, mən Moskvaya Mircəfər Bağırovla bir vaqonda gedəcəyəm, məsələni ona danışaram. Dediyi kimi də edib. Mircəfər Bağırov köməkçiyə tapşırıb ki, yadıma sal, bu işi həll edəcəyəm. Bir həftə sonra atamı buraxdılar. Amma ümumilikdə üç ay həbsdə yatdı.

- Atanız nə danışırdı? Fiziki işgəncə vermişdilər?

- Çox incitmişdilər. Keçmiş NKVD 26-lar bağının arxasında olub. Deyirdi, saldılar zirzəmiyə, içərini çənəmə qədər su ilə doldurdular, başladılar sorğu-sual eləməyə. Atam da deyib, vallah, mənim o adamlarla əlaqəm olmayıb. Yaxud söz almaq üçün kameraya ilan salıblar, əl-qolunu bağlayıb üstünə taxtabiti töküblər. Üç ayda çəkdiklərini yana-yana danışırdı. İkiotaqlı evimiz “Nizami” metrosunun yanında idi, guya o iki otaqdan kisələrlə düyü, kişmiş çıxıb. Yalandan yazmışdılar ki, Əhməd Bakıxanov İran şahının agentidir. Hətta guya bizim evimizdən silah-sursat çıxıbmış.

- Həyat yoldaşınız nə vaxt dünyasını dəyişib?

- Mən 1960-cı ildə evlənmişəm. Bir dostum vardı, mənə dedi, yaxşı ailə var, qızı tibb institutunda üçüncü kursda oxuyurdu. Tanış olduq, kinoya getdik, evə qayıdanda yola saldım, gördüm, çox sadə, mehriban qızdır. Bir müddət sonra evləndik. Çox dəyərli, savadlı həkim idi. 2001-ci ildə dünyasını dəyişdi. Vaxtilə dayıları yaxşı vəzifədə idi. Qardaşı da tərcüməçi Siyavuş Məmmədzadədir.

- Soruşsam, Azərbaycan musiqisinin hazırkı vəziyyəti necədir, cavabınız nə olar?

- İndi o qədər muğam oxuyanlar var ki. Çoxu da muğamı bilmirlər. Asəf Zeynallıda dörd il oxuyur, olur muğam oxuyan. Deyirəm, a bala, “Rahab” oxu, deyir, bilmirəm. İrad tuturam ki, xanəndəsən, sabah şənliklərə gedəcəksən, bir musiqi istəyəcəklər, deyəcəksən, bilmirəm? Ayıbdır! Bu qədər muğam oxuyanların əleyhinəyəm. Ələlxüsus qadın oxuyanlar. Qadın oxuyanlar olub - Sara Qədimova, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Tükəzban İsmayılova və başqaları.

- Bəs Zeynəb Xanlarova?

- Zeynəbin yolu başqadır. Onu yetişdirən mənim atam olub. Şit oxuyanlar var, muğamın başını-ayağını bilmirlər. Məsələn, Bakı kəndlərində muğamı yaxşı bilirdilər deyə, suallar verilirdi. Bir dəfə Mütəllim Mütəllimova nə isə sual vermişdilər, demişdi, qalsın başqa vaxta, bir də onu toya çağırmadılar.

- Alim Qasımovun ifasına münasibətiniz necədir?

- Alim Qasımov əvvəl yaxşı başlamışdı. Amma son zamanlar səhnədə qışqırır, əllərini qaldırır - bunlar başqa şeyin əlamətləridir. Muğam ifaçılarından heç biri belə oxumayıblar. O, nə isə axtarır, axtarışdadır. Avropada ona böyük qiymət verirlər. Onlar üçün bu yenidir, amma bizdə muğamı elə muğam kimi oxumaq lazımdır.

- Alim yenilik elədi, muğamla...

- Alim Qasımov bilmirəm, nə elədi, mən xoşlamıram.

- Telekanallara niyə çıxmırsınız?

- Zaman elə gətirib ki, telekanalları başqa-başqa verilişlərlə doldurublar. Telekanallarda heç Qara Qarayevin əsərləri səslənmir, məni necə görə bilərsiniz? Mən telekanallara niyə gedim? Evlənmə verilişləri, kim kimi boşadı-filan mənlik deyil! AzTV-də “Musiqi xəzinəsi” verilişi var, müəllifin şəklini də qoymurlar ki, tamaşaçı bilsin söhbət kimdən gedir. Danışırlar, musiqi verirlər. Bu düzgün deyil. Radioda son vaxtlar mahnının ancaq bəstəkarının adını verirlər. Deyirəm, cavab verirlər ki, şairin adını çəkməyə qoymurlar. Gərək səlahiyyətli adamlar bu məsələ ilə məşğul olsunlar. Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, nazirlik gərək bu işlə məşğul olsun, onlar da deyir, biz kanalların, radioların işinə qarışmırıq.

- Əsərlərinizə görə sizə qonorar verirlər?

- Ancaq əsəri satanda qonorar olur. Bu yaxınlarda beş simfonik muğamım çap olunub, hərəsi 150-200 səhifədir, qonorar vermirlər.

- Dolanışığınız necədir?

- Çox minnətdaram, ümummilli liderimiz Heydər Əliyev mənə prezident təqaüdü ayırıb, indi 1000 manat alıram. Yaşamaq olur.

- Dostlarınızdan kimin üçün darıxırsınız?

- Hamısı üçün darıxıram. Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev...

- Cavanlardan kimi bəyənirsiniz?

- Ramil Qasımovu xoşlayıram. O, yaxşı oxuyur. Bəstəkarlardan da, düzdür, cavanlıq yaşını keçib, amma Cavanşir Quliyevin əsərlərini xoşlayıram.

- Tofiq müəllim, bu gün balet niyə yazılmır, yaxud az yazılır?

- Balet yazmaq bəyəm asan işdir? Yazmaq bir tərəfə, əvvəllər dövlət pul ayırırdı, əsər səhnəyə qoyulurdu. İndi elə deyil, əsəri səhnəyə qoymaq üçün gərək filan qədər pul köçürülsün. Onu kim köçürəcək?

- Opera və Balet Teatrında əsərlər dövlət hesabına səhnəyə qoyulur...

- Heydər Əliyev Sarayında 5 min pul verib, konsert keçirirlər.

- Bu gün siz balet yazsanız, səhnəyə qoymaq çətin olar?

- Mən üç balet yazmışam, bəsimdir. Hətta balet yazsam da, səhnəyə qoymaq çətin olacaq.

# 3431 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #