“Dədə Qorqud”a kinayə edən film PREMYERA

“Dədə Qorqud”a kinayə edən film  <span style="color:red;">PREMYERA
3 aprel 2015
# 13:08

Bir neçə gün əvvəl premyerası keçirilmiş “Yumurta” filminin “Xoxan”, “My name is İntiqam”, “Ay brilliant” komediyaları kimi çox tamaşaçı yığmasına bir az şübhə edirəm.

Məsələ “Yumurta”nın adını çəkdiyim filmlərdən süjetinə, hansısa kinematoqrafik dəyərinə, keyfiyyətinə görə geri qalmasında, tamaşaçını güldürə bilməməsində deyil.

Əksinə, bir çox cəhətlərinə görə, “Yumurta” üstündür: fərqli yanaşmasına, qurşaqdan aşağı zarafatların yoxluğuna, yaxşı mənada provokasiyon mesajlarına və bu mesajların publisistik təqdimatda yox, məhz uyğun bədii vəziyyətlərə çevirə bilməsinə görə...

Beyin üçün saqqız istəyən, yüngül zarafatlara, əyləncəli intonasiyada söyüşlərə maraqlı olan kütlənin, mövcud vəziyyətdə digər komediyalara alternativ kimi görünən “Yumurta”nın da həzm edilməsini, əlbəttə ki, çox arzulayıram.

“Yumurta”nın az auditoriya yığa bilmə ehtimalını həm də dünən getdiyim seansda hardasa 40-a yaxın tamaşaçının olması, hətta filmin nümayişi zamanı bir neçə nəfərin zalı tərk etməsi də gücləndirir.

“Yumurta”nı izləyəndə hiss olunur ki, rejissor Ramil Adiloğlunun yuxarıda qeyd etdiyim komediya müəlliflərindən fərqli olaraq, kino bazası daha zəngindir.

Mən heç də “Xaç atası”, “Hörümçək adam”dan başlamış “Dədə Qorqud”a kimi müxtəlif filmlərdən gətirilən sitatları nəzərdə tutmuram.

Azərbaycan dilinə bərbad münasibətdən tutmuş elmin mövcud vəziyyətinə kimi çox ciddi məsələlərin absurd, sürreal təsviri, milli filmlərə göndərişlərdə ironik vurğu, təhkiyəçinin - rejissorun əhvalata müdaxiləsi, tamaşaçı ilə qısa kontaktı, qəsdən şişirdilmiş şərtilik və s.

“Yumurta” (ssenari müəllifləri Ramiz Hüseynzadə, Elman Telmanoğlu, İslam Ağa, Ramil Adiloğlu və Məcid Hüseynov) filmi arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Əhvalat paralel olaraq iki zamanda – keçmişdə və gələcəkdə baş verir. Qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta onu indiki dövrə gətirir...

Motivlər o qədər eklektik, çoxtərəflidir ki, hərdən mənə elə gəldi, rejissor bəzi yerlərdə süjeti yığıb-yığışdıra bilməyib.

Müəlliflər həm toxunulmaz sayılan dəyərlər, həm ənənəvi kinotəhkiyə ilə bağlı klişeləri qırır: “Dədə Qorqud” filminə kinayə edir, Dudu səsini dəyişdirib, acığı tutduğu sevgilisi ilə gözlənilmədən bir anlıq “Təhminə” filmindəki Zaur obrazı kimi danışır, qəbilə üzvləri reklam tərzində monoloq deyir, yas mərasimində “Zəif bənd” teleoyunu oynayırlar, ibtidai insanlar əcaib, anlaşılmaz səslərdən ədəbi dilə keçir, keçmiş zamanda yaşayan Arif Quliyevin obrazının “Bəyin oğurlanması” filmindəki Miriş obrazına girməsi, titrlərdə Təbərinin arxeoloq Tapdığın yumurtası haqda tarixi qeydləri gedir, ibtidai dövrün insanları mentallığın əldən getməsindən şikayətlənir.

Yumurtanı tapan arxeoloqun kəşfinin təqdimatı üçün məhz şadlıq sarayını seçməsi, kəşfin vağzalı sədaları altında gətirilməsi, müxtəlif vəziyyətlərdə şou- biznes nümayəndələrinin peyda olub mahnı oxuması - bütün bunlar müəllifin total şəkildə şoulaşmaya, çal-çağırın prioritetə çevrilməsinə qarşıdır və elm ocaqlarının şadlıq saraylarına uduzmasına etirazıdır.

Qeyd etdiyim kimi filmin bir neçə epizodunda rejissor əhvalata müdaxilə edir. Titrlər gedir, sonra geri qayıdır, rejissor kadr arxasından tamaşaçıya sevgi əhvalatı danışacağını vəd edir. Yeri gəlmişkən, kinoda bu fəndi ilk dəfə Fridrix Murnau 1924-cü ildə “Sonuncu adam” filmində işlədib.

“Yumurta” Ramil Adiloğlunun komediya janrında çəkdiyi ilk tammetrajlı filmidir. Təbii ki, hansısa qüsurlar da vardı, bəzi dialoqlar sönük, kəsərsiz, müəyyən səhnələr (məsələn, xalçayuma məntəqəsinin təsvir olunduğu epizod) lazım olduğundan daha uzun idi.

Klip estetikasına xas qırıqlıq, kəsik montaj filmin bütöv bir üslubu kimi nəzərdə tutulsa da bir neçə epizodda yorucu gəldi.

Aktyor oyununa gəlincə, ən çox yadımda Nicat Rəhimov qaldı. Onun “Ay Brillinat”dakı oyunu ilə müqayisədə burdakı ifası çox parlaq, koloritliydi.

Ümumiyyətlə isə, “Yumurta” aktyor filmindən çox rejissor filmidir. Və burda qeyd etmədiyim çox maraqlı detallar var ki, filmi izləməyə dəyər.

# 1190 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #