Sərraf BALAXAN
Bir zamanlar – türkçünün dilindən, milliyyətçinin belindən vurulduğu vaxtlarda – dilimizə ərəbdən bir tənqid(çi) (nəqd, nağd) sözü gətirilərək bu işin səbəbkarlarına şərəflə təqdim edildi. Bu söz 3 qoşa 5 ulduz olub yapışdı bunların qara yaxalarına. “Bax yazaramaaa” deyib düşdülər bu millətin üstün ağıl sahiblərinin üstünə. Yarısını əllə, yarısını dillə,yarısını da fellə qırıb qurtardılar və oldular “QƏHRƏMAN”.
Bu qəhrəmanlıq dövründən tutmuş dünənimizə qədər ədəbiyyatı aparıb calaq etdilər tarixə. Bu calağın hesabına Azərbaycan ədəbiyyatı qaldı azərbaycanlıdan başqa heç kimə gərəkli olmayan Azərbaycan tarixinin içində (Elə o günlərə qədər də tarix müəllimləri, həm də ədəbiyyat müəllimi idilər).
Amma zaman və bizim tarixin daxilində olduğu kimi, xaricində də bir ədəbiyyatın olduğunu bilən insanlar ədəbiyyatımızı – sözümüzü dartıb tarixin içərisindən çıxardılar. Ədəbiyyatla tarix, ədəbiyyatla şəxs və şəxsiyyət bir-birindən təmizləndi.
Bu işin öncüllərindən biri Kamal Abdulladır. Mən Azərbaycan ədəbiyyatında ilk dəfə tarixin içində ədəbiyyatı deyil, ədəbiyyatın içində tarixi Kamal Abdulla nəsrində gördüm. Nə qədər didişdirilsə də, öz tamlığını qoruyacaq “Yarımçıq Əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…” kimi mətnlər tarixdən qoparılmış ədəbiyyatdır.
Kamal Abdullanın tarixin içindən dartıb çıxardığı sözlərdən yaranan bu ədəbiyyatı “sən niyə kolxozçu Məmmədəlidən yox, Əmir Teymurdan yazırsan” tezisi ilə xarakterizə etmək 70 il öncəki köhnələri yaxşı unutmadığımızın əlamətidir. Kaş bu köhnələr yaxşı unudulaydı, kaş Əsəd Cahangirin bədii mətnə olan bu yanaşması yeni olaydı, ay Süleyman peyğəmbər.
Əsəd Cahangiri bu “sehrbazlar – söz adamları – dərəsinə” kim saldı axı…
Kim azdırdı axı, bu ədəbiyyat tarixçisini, söz içində, sözlər içində?
Nobel mükafatından riyaziyyatçı kimi danışan, cənab tənqidçi. 1901-ci ildə ədəbiyyat üzrə ilk Nobel mükafatı əsərlərində “… səmimiyyət və istedadın unikal vəhdətinə görə ” Sülli-Prüdoma verilib. Sonralar “müşahidə bacarığına görə” Redyard Kiplinq, “həqiqəti ali formada duyduğuna və sevdiyinə görə” Romen Rollan, “dərin ruhlu yaradıcılığına görə” Herman Hesse, “qorxusuz döyüşçü olduğuna görə" Bertran Rassel, “vicdana güzgü tutduğuna görə” Alber Kamyu, “fövqəltəbii şeirlərinə görə” Pablo Neruda, “fantaziya və reallığın ideal təmasına görə” Qabriel Qarsiya Markes, “melanxolik ruhunun axtarışında göstərdiyi rəşadətə görə” Orxan Pamuk, (növbəti mənim həqiqətimdir, buna inanın) “ədəbiyyatın başına bəla kimi gəldiyinə görə” Xorxe Luis Borxes və başqaları Nobel mükafatçısı olmuşdur (olacaqdır).
Bəlkə də çaparaq oxuduğun, optik və stereometrik qanun və qanunauyğunluqların dəlib keçdiyi “Yarımçıq əlyazma-Sehrbazlar dərəsi-Unutmağa kimsə yox…” qardaşları Azərbaycan və dünya ədəbiyyatında bədii ədəbiyyatın bu günə qədər görə və göstərə bildiyi üfüqün xaricində doğulub. Bizlərə bədii fantaziyamızın üfüq xəttindən də uzaqları görmək imkanı verib. “Yarımçıq əlyazma-Sehrbazlar dərəsi-Unutmağa kimsə yox…” oxucusunu “vir-vizual” aləmdə – sehrbazlar dərəsində yanmayan əlyazmalardan üfüq xətti daxilində yarımçıq olanlarının, üfüq xəttindən o yanda mövcud olan tam variantları ilə tanış etmişdir. Romanlar fantastika deyil, sadəcə bizim bədii zəkamızın üfüq xəttindən kənarda olan paralel dünyanın bədii təsviridir. Bu dünyanın öz “sehrbazlar dərəsi”, öz “təkcənəlik vaxtı”, öz “çiçəkli yazısı (əlyazması)”, öz Səyyahı və nəhayət öz Şah İsmayılı, öz Lələsi, öz həmdərdi, öz adamı var. Bədii təxəyyülün hazırkı üfüq xəttinin xaricində mövcud olan dünyanın möhtəşəm ahənginin mükəmməl təsvirinə görə bu bədii mətnlərin Nobelə haqqı çatır.
Əsəd Cahangir Kamal Abdulla yaradıcılığında olan Borxes, Umberto Eko səslərindən də narahatdır. Amma deyəsən bundan xəbərsizdir: mənim hər əlimdə bir kitab: Sağda “Unutmağa kimsə yox…”, solda “Ustad və Marqarita”.
Sağda: Bəhram kişi, öz QANı bahasına bizlərə bəxş etdiyi “Çiçəkli yazı”, yeni ədəbiyyat, nakam ölsə də, özündən sonra yaşayan mətn və yeni F.Q.
Solda: Ustad, öz həyatı bahasına bizlərə bəxş etdiyi roman, “Əlyazmalar yanmır”, nakam ölsə də, özündən sonra yaşayan şagird.
Sağda: Təbəssümündən doyulmayan Gülsüm.
Solda: Ona bənzəyən Marqarita.
Sağda: Sirli-sehirli mağaranı göz bəbəyi kimi qoruyan vahiməli Bozların hürməsi.
Solda: Sirli-sehrli aləmin sakini olan Begemotun miyoltusu.
Sağda: Əlindəki alma ilə İlahi varlığa “Sən ən gözəl deyilsən” deyə damğa vuran Paris.
Solda: İlahi varlığa hökm oxuyan Ponti Pilat.
Sağda: Sirli-sehrli kənd, Vəng dağı, Çoban papağı.
Solda: Sirli-sehrli Patriarx gölü, Sadovı küçəsi, 302-bis binanın 50-ci mənzili.
Hər iki tərəfdə sirli-sehirli, bir-birinin içində olan iki paralel dünya. Mif, zamansızlıq və zaman.
Hər iki əsər 3D formatında – hər iki əsərdə zaman və məkandan əlavə, bu anlayışların birbaşa olmasa da, meta əlaməti olan “iy və dad” var. Bu xüsusiyyət romanları müstəvi üzərindən səmaya, planametriklikdən stereometrikliyə daşıyır. Üç ölçülü vizual məkan – sərməstliyin vətəni.
Məncə, yeni doğulan mətn iki daha yüksəkdə uçan ruhun (Kamal Abdulla və Mixail Bulqakov) təmasından yarananda daha kamil olur.
Sözdən - ədəbiyyatdan – mətndən yazanda gərək biləsən ki, ədəbiyyat daha tarix deyil və hər bir təzə yaxşı unudulmuş köhnədir.