Qadını - Şəri yandırmaq

Qadını - Şəri yandırmaq
5 dekabr 2014
# 11:24

Kulis.az kinoşünas Aygün Aslanlının dahi rejissor Lars Fon Trierin “Antixrist” filmi haqqında yazdığı “Antixrist - anti xrist” məqaləsini təqdim edir.

Proloq

Kişi və qadın sevişir. Körpə beşikdən çıxır. Sevişmə səhnəsinin pik anında balaca, pəncərədən bayıra addımlayır. Kişi, oğlunun ölümünü ağır keçirən qadını başqa həkimlərə etibar eləməyərək özü sağaltmaq qərarına gəlir…

Sən qadınsan, bilərsən bunu...

Danimarkalı rejissor Lars Fon Trier, demək olar ki, bütün filmlərində qadın təbiətini tədqiq edir – «Qaranlıqda rəqs edən», «Dalğaları yararkən», «Doqvil»«Antixrist» həmin tədqiqatların nəticəsidir. (Ya da növbəti mərhələsi. Gələcək göstərəcək). Trier, qadın və kişini ətraf aləmdən, sivilizasiyadan, mədəniyyətdən arındırır və «əhvalatın başladığı yerə» - Edemə, yəni Cənnətə qaytarır. Edem - özünüdərkdi, mahiyyətdi. Bizim variantda qadının özünüdərkidi. Rejissor, yaradılışın qadın başlanğıcını araşdırır. Yeri gəlmişkən, yeni mövzu deyil.

Son illərdə bəzilərinin «popsa», bəzilərinin ciddi ədəbiyyat kimi qəbul elədiyi populyar bədii əsərlərin əksəriyyəti bu mövzuya - yəni «Tanrının qadın simasına» həsr olunub. Den Braunun, Paulo Koelyonun adlarını çəkmək kifayətdi. Amma Koelyodan fərqli olaraq Trier işıq axtarmır, «ayın qaranlıq tərəfini» görməyə çalışır.

«Antixrist»də kişi düz xətdir, qadın qaranlıq labirint. Tamaşaçı, kişinin hisslərindən bixəbərdir. Sadəcə, gerçək, yoxsa qarabasma olduğu naməlum qalan bir neçə epizodda onun qorxularına eyham var. O, bütün film boyu yalnız maraqlanır, araşdırır. Kişinin, bütün suallara elmə əsaslanan, rasional cavabı var. Qadın isə təbiətdir, onu «təbiət idarə edir». Yəni, başdan-ayağa ziddiyyətdir, «əksliklərin cəmidir». («Qadın nə istəyir?» sualı əbəs yerə qlobal istiləşmə problemi qədər aktual deyil ki?! Hətta birincisi, «əbədi problemlər» sırasına daxildi). Qadın eyni zamanda həm bədəndir, həm də ruh, həm ürəkdir, həm də beyin, həm xeyirdir, həm də şər. Bunu dərk eləmək, öz mahiyyətini anlamaq çox ağrılı prosesdir. Buna görə də qadın Edemə qayıtmaqdan qorxur, öz mahiyyətindən qorxur. İçində görəcəklərindən qorxur çünki. Trierin təqdimatında bu, Qərb sivilizasiyasının, xristianlığın təbliğ etdiyi Şərdir. Məsələn, Şərq fəlsəfəsində mütləq şər anlayışı yoxdur. Şərqdə hər şey ikili təbiətə malikdir: işıq-qaranlıq, gecə-gündüz, xeyir-şər, kişi-qadın, in-yan. Bunların heç biri o biri olmadan var ola bilməz. Onlar bir-birini tamamlayır. Şərq fəlsəfəsində insanın öz ikili təbiətini dərk və qəbul etməsi harmoniyaya gətirir. Şərqə görə Kainat bu harmoniya sayəsində mövcuddur.

Amma Trier qərblidir axı… Ömrü boyu özüylə mübarizə aparan, hər vasitə ilə yalnız qələbəni hədəf götürən Qərbin oğludur… Buna görə də kişi və qadını bir-birindən ayırıb fərqli səviyyələrə qoyur. Daha doğrusu, qadını kişinin laboratoriya siçanına çevirir. Əslində öz acizliyindən, hisslərindən qaçan kişi, qadının qorxularının arxasında gizlənir. Qadın, «Mən sağalandan sonra neyniyəcəksən?» sualını nahaq yerə vermir! Amma qəflətən ya rejissor tamaşaçıları yoxlamaq istəyir, ya da onun qəhrəmanı qısa müddətə də olsa, müəllifin əsarətindən qurtulur və Kişiyə – cəmiyyətə etiraz edir. Kişinin «ləyaqəti»ni əzir, öz klitorunu – bədənində kişi başlanğıcının əlamətini, inkişafdan qalmış penisi kəsir. Bu, qadının, ona öz mahiyyətini unutdurmuş, onu özüylə düşmən eləmiş cəmiyyətə – Təbiətin Mədəniyyətə protestidir. Xristian dininin beyinlərə yeritdiyi Kişi Tanrıya - İsaya qarşı protestdir, ona iblis damğası vurub tonqalda yandıranlara protestdir - ANTİ XRİSTDİR.

Qərb düşüncəsi, ümumiyyətlə, müasir dünya hər zaman təbiətlə mədəniyyəti bir-birindən ayırıb. Mədəniyyət, təbiətin «motivləri əsasında» inkişaf eləyib, lakin heç vaxt ona birmənalı yanaşmayıb, onunla müharibə aparıb.

Dünya kinosu, ədəbiyyatı bu tip nümunələrlə zəngindir. Trier də, hər nə qədər «Freyd ölüb» deyərək uşaq kimi başımızı aldatmağa çalışsa da, «Antixrist»də əslində özünü dərk eləmək istəyir. Üstünlüyü özünün qadın qisminə verir, onu daha maraqlı, daha güclü hesab eləyir. Qadını araşdırır, ancaq onu təbiətlə eyniləşdirəndə, içində şəri görəndə kəşfindən dəhşətə gəlir, bir anda dünyanın bütün günahlarını onun boynuna yıxır və öldürür. İnkvizitor babaları kimi tonqalda yandırır. Mükəmməlliyi yandırır. Çünki təbiətdə hər şey mükəmməldir. Hər şeyi təbiət idarə eləyir. Hər şeyi xaos idarə eləyir. Xaos, qədim yunan mifologiyasında başlanğıcın adıdır. İlk allahlar xaosdan yaranıb. Mədəniyyətin, sivilizasiyanın varlığı belə təbiətdən asılıdır.

Epiloq

Yaralı, amma «qalib» Kişi, təbiətin nemətləri ilə qarnını doyura-doyura Edemdən çıxır. Meşənin hər tərəfindən saysız-hesabsız qadın ona sarı gəlir… /”Fokus” jurnalı/

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #