Sevinc Çılğın: “Görə bilmədiyim yeganə iş qaş almaqdır”

Sevinc Çılğın: “Görə bilmədiyim yeganə iş qaş almaqdır”
12 iyul 2014
# 08:00

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı Yazar Sevinc Çilğındrı. Sevinclə Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşdük. O, özünə künəfə, mən isə şirə sifariş verdikdən sonra müsahibəyə başladıq.

- Ümumiyyətlə yeməyə münasibətin necədir?

- Baxanda hiss olunmur? Yemək üçün sinov gedirəm. Xoşuma gələn bir yemək varsa, heç nəyi nəzərə almadan onun dadına baxıram. Elə yeməklər var ki, onu yalnız özüm hazırlayanda bəyənirəm.

- Hansı yeməkləri xoşlayırsan?

- Dadlı olan bütün yeməkləri sevirəm – borş və kələm dolmasından başqa.

Mən yeməyi hər dəm-dəstgahı ilə xoşlayıram. Məsələn, bozbaş bişirirəmsə və əgər noxud yoxdursa, eybi yox demirəm, hər şey yerində olmasa nəticə əla ola bilməz.

- Özün hansı yeməkləri bişirə bilirsən?

- Ağlınıza gələn bütün yeməkləri bişirə bilirəm. Deyəsən ən yaxşı hazırladığım yemək plovdur.

- Bişirmək istəmədiyin yemək var?

- Yarpaq dolması. Bu yeməyi sevsəm də, manikürümü pozur deyə bişirməyi sevmirəm. Mənimçün ya anam bişirir, ya da nənəm. Başqa adamın bişirdiyini yemirəm.

- Lənkəran mətbəxi ilə aran necədir?

- Əla. O bölgənin yeməkləri çox dadlı olur. Lənkəran mətbəxini Zahiri tanıyana qədər də sevirdim. Anam evdə tez-tez ləvəngi bişirirdi. O xörəkləri, deyim ki, hətta lənkəranlıları təəccübləndirəcək qədər bacarıram.

- Kababla aran necədir?

- Əla. Özüm də bişirə bilərəm. Mənim üçün ”Yemək bişirə bilmirəm” söhbəti yoxdur. Dadını bildiyim bütün yeməkləri bişirə bilərəm. Yetər ki, istək olsun. Balıq və ciyər kabablarını sevirəm.

- Dovğanı yəqin pis bişirmirsən.

- Əvvəllər hamının dovğasında qaçmış damar axtarırdım, mız qoyurdum. Axırda özüm əlasını bişirə bildim, amma başa düşdüm ki, mən dovğanı sevmirmişəm.

- Səni təəccübləndirən yemək olub?

- Yemək yox, mürəbbə olub. Məhəmmədiyə anamgilin kəndinə getmişdik. Orda bizə badımcan və pomidor mürəbbəsi verdilər. Qəribə gəldi...

- Tikə kababı hansı reseptlə bişirirsən?

- Tikə kababda ən birinci şey əti seçməkdir. Birinci gedib o əti seçirəm, sonra gətirib evdə dad-duz edib, soğanda basdırıram. Sonda isə şişə çəkib manqala qoyuruq. Amma bu işi əsasən Zahir görür.

- Dieta ilə aran necədi?

- Deyə bilmərəm ki, kökəlməyə hədsiz meylli adamam. Hamiləlik vaxtında bir az kilo aldım. Həmin kiloları üç həftəlik dieta ilə ləğv etdim. 3 həftəyə 7 kilo çəki atdım. Həmin vaxtdan sonra normal qidalanıram. Ümumiyyətlə, sonuncu dəfə 25 kilo artığım var idi, zamanla və ən əsası sağlam rejimlə itirdim. Məsələn, əvvəlki kimi gecələr Zahir şaurma almağa gedəndə zəng edib demirəm ki, Zahir, birdən bir dənə alarsan ha. İkisini, üçün yeyirdim. İndi heç birini də yeyə bilmirəm.

- Ümumiyyətlə fast-foodla aran necədir?

- Əvvəllər yeyirdim. Amma fikirləşmirdim ki, bu məni kökəldər. İndi ancaq ürəyim istəyəndə yeyirəm

- Spirtli içkilərlə aran necədir?

- Normal. Ancaq Zahirlə içə bilərəm. Ekzotik içkilər, martini, viski, çaxır xoşuma gəlir. Araq içmirəm. Araq içən adamlarla da yola getmirəm (gülür). Araq içən adam çaxır içən adamdan çox seçilir. Nəsə, çox uzatmayım...

- Sərxoş olana qədər içirsən ya necə?

- Yox, elə-belə, əhval üçün... Bir dəfə əmim oğlunun ad günündə sərxoş olmuşam. Qızlarla xeyli çəkilmə çaxır içmişdik. Mən sərxoş olanda ya yatıram, ya da dava eləyirəm (gülür).

- Sevinc, sənin toyun fərqli toy oldu. Bunu necə bacardın?

- Bütün subay qızlar toydan gələndə öz toylarının xəyalın qururlar. Mən də xəyalımda olan toyu etdim. Restoranda, açıq havada. Zahir bircə faytona etiraz edirdi, amma toya az qalmış, onunla da razılaşdı. Mənim qərarıma heç kim qarışa bilməz. Mən o toya heç ssenari-filan da yazmamışdım. Sadəcə Zahirə ud çalmağı sürpriz edəcəkdim.

- Ümumiyyətlə indi toylar səni qane edir?

Mən toya oynamağı çox sevən adam kimi gedirəm. Bizim xanımların diskotekaya getmək imkanı yoxdur. Evdə övladınla güzgüyə baxa-baxa nə qədər oynamaq olar? Toyları qətiyyən bəyənmirəm. Şablona nifrət edən biri kimi toylar çox maraqsız və mənasızdırlar.

- Facebookda çox aktivsən. Tez-tez şortiklə şəkillər paylaşırsan.

- Mən facebookun Azərbaycandakı nümayəndəsiyəm də (gülür). Şortik mövzusu artıq ürəyimi bulandırır. Guya ki, bircə mənəm geyən. Nə ilkəm, nə də son. Bu yaşıma kimi belə söz-söhbətlər eşitmirdim, kim mənə gözün üstə qaşın var deyə bilər ki. Kəsdiyim başa sorğu-sual var? (gülür). Zarafatsız, Kubinka kimi bir məhəllədə böyüyəsən və şortik-mortik səninçün heç vaxt problem olmasın. Bilirsən niyə? Çünki mən həmişə əynimdəki geyimi daşıya bilmişəm.

Estetik olmayan heç nəyi geyinməmişəm. Və mənim üçün gözəl görünmək şərtdir. Əgər şortik əynimdə vulqar görünsəydi heç vaxt geyinməzdim. Məncə, qadın şarmlı görünməlidir, vulqar yox. Bu sərhədi görə bilirsənsə, doğru yoldasan. O ki, qaldı şortikdə şəkil paylaşmağa, bu mənim həyat tərzimdi. Bütün səmimiyyətim və olanlarımla göz qabağındayam. Zahir məni tanıyanda bu geyimdə idim, indi də belə geyinirəm.

Nişanlanan kimi dostluğundakı oğlanları bloka atanlardan ola bilmərəm. Bir evdə ki, ictimai-siyasi, ədəbi-bədii, mədəni söhbətlər, müzakirələr gedir ər-arvad arasında, o evdə geyim kimi cılız mövzular söz konusu olamaz! Qərbli görünüb şərqli kimi düşünmürük. Və müəllifini unutduğum bir söz var: Azad qadın o qadındır ki, o azad kişinin qadınıdır.

- Geyiminə görə inboksuna xeyli məktub gələr yəqin.

- Facebookda “Digər” papkasında nələr var, nələr. Arada Zahirə də oxuyuram. Eşq elan edən kim, bədəninin şəklini çəkib göndərən kim, nəyi hardan, neçəyə aldığımı, pomadaların, tonal kremlərin nömrələrini, firmalarını soruşan kim. Bir sözlə, darıxmıram, çox əylənirəm (gülür).

- Sevinc facebookda şəkil paylaşanda burda və indi sözlərin yazırsan.

- Hə, artıq dillər əzbəri olub. Çox adam istifadə etməyə başlayıb. Amma insafən istinad edirlər (gülür).

- Gün ərzində təxminən nə qədər şəkil paylaşırsan?

- Facebookda plan doldurmuram, Marka belə bir söz verməmişəm. Gün ərzində əhval-ruhiyyəm normaldırsa, maraqlı bir an varsa, onu paylaşıram. Dəliyə də hər gün bayram olduğuna görə, mənim kefim hər gün yaxşı olur.

- Facebookda kim sənə maraqlı gəlir?

- İradə Tuncay, Nəsimi Nəbizadə, Qismətin həyat yoldaşı İlahə, Elmin Həsənlinin övladlarını izləyirəm.

- Zahir hansı yeməkləri bəyənir?

- Zahirə yalvarıram ki, nəsə bir yemək istə bişirim. Amma o heç vaxt yemək sifariş vermir. Zahirə daşdan yumşaq nə versən yeyir. Bəzən yemək bişirməyə həvəs olmur, sağ olsun, həll edir. Zahir dolma və borşu xoşlayır. Mən də həmin yeməkləri xoşlamadığıma görə, anam bişirir və qayınana-kürəkən yeyirlər.

- Facebookda çox qlamur görünürsən.

- Vallah mənim o sözdən zəhləm gedir. Mən qlamur görünmək üçün heç nə etmirəm. Mən o sözün mənasını heç başa düşmürəm. Çox saxta məfhumdu.

- Ev işlərində Zahir kömək edir?

- Əlbəttə. Məsələn, uşaqların oyuncaqların yığanda. Mən ev işi demək olar ki, görmürəm. Paltar ütüləməyi, ev yığışdırmağı bacarsam da, sevmirəm, etmirəm və bu işlərə vaxt sərf edəndə dəli oluram. Ümumiyyətlə, böyük çıxmasın, qabiliyyətli adamam, çox şeyi bacarıram. Görə bilmədiyim yeganə iş qaş almaqdır. Ona görə də, təkcə o ustamla dalaşmıram (gülür).

- Uşaqlarına nə bişirirsən?

- Uşaqlara hər gün naharda mütləq şorba bişirirəm. Şorbadan iyrəndikləri gün isə kartof, makaron qızartması.

- Əhatəndə kifayət qədər yazar var. Onlarla münasibətin necədir?

- Özümü mühitin adamı saymıram. Çünki saxta söhbətlərdən iyrənirəm. Hamı ilə xoş münasibətim var, amma sevmədiklərim də var. Həddini bilməyən, mənalı olduğunu zənn edib, diş çöpü qədər əhəmiyyəti olmayan bir neçə tip...

- Ad çək...

- Zahirin xətrinə çəkmirəm.

- Gənc yazarlardan kimi oxuyursan?

- Mən Ülviyyə Heydərovanı, Cavid Zeynallı və Mirmehdi Ağaoğlunu yazıçı hesab edirəm. Çünki bu üç şəxsin yazdıqları əsl yazıçı cümləsidir və bunlar sırf yazıçı olmaq üçün doğulub.

- Ovla aran necədi?

- Ova heç getməmişəm. Amma qaşqaldaq və balıq ən sevimli yeməklərimdi.

- Tələbəlik illərin necə keçib?

- Qafqaz universitetinin məzunuyam. Tələbə vaxtı həsrətini çəkdiyim tək şey qızlarla bir evdə qalmaq olub. Bir də məktəbdə oxuyanda dərsə avtobusla getməyi çox istəyirdim. Amma heç biri olmadı.

- Bazarlığı kim edir?

- Özüm. Bazarlıq etməkdən zövq alıram. Marketə Zahirlə gedirik. Amma kassaya yaxınlaşanda ordan uzaqlaşıram. Zahir həll edir.

- Evə əti kim alır?

- Əti evimizin yanında həkim nəzarəti olan bir yer var, əsasən ordan alıram, ya da Təzə bazardan. Zahir ət almağı bacarmır. Bəzən qəssaba zəng vururam ki, ətin filan yerindən çəkin, yoldaşım gəlib alacaq.

- Zahir evə pis ət alanda və sən narazılıq edən də demir ki, neyniyim mənim sənin kimi qəssab tanışlarım yoxdur.

- Yox (gülür). Zahir də artıq tanıyır onları.

- Nəsimi Nəbizadə necə qonaqdır?

- Çox yaxşı qonaqdır. Mənə dedi sous bişir, amma mən artıq langetin ətini hazırlamışdım. Pis alınmamışdı. Gəlib uşaqlarla da oynadı. Nəsimi yaxşı və komik adamdır. Çox istəyirəm onu.

- Hansı tip insanla yemək yeməyi xoşlayırsan?

- Ən əsası səmimi olsun. Səmimi olmayan insanla heç su da içmərəm. Bir də çörək kəsmək məfhumu mənimçün çox önəmlidir. Ona görə də hər adamla bir süfrədə oturmaq olmaz.

- Uşaqların tərbiyəsi ilə necə məşğul olursan?

- İngilis sözü var. Uşaqlara tərbiyə verməyin, özünüzü tərbiyələndirin. Siz necəsizsə, onlar da elə olacaq. Mən də bu prinsiplə uşaqları tərbiyələndirirəm.

- Televiziya kanallarında yayımlanan yemək proqramları səni qane edir?

- Açığı baxmıram. Amma bir dəfə özüm yemək proqramlarının birində qalib oldum və xəz geyim qazandım.

- Sevinc, heyvan hüquqlarını qoruyan təşkilatları xəz geyimin əleyhinədir. Sənsə xəz geyimi mükafat almağına sevinirsən.

- Narahat olmasınlar. Bizə gəlib çatan xəzlər sünidir zatən.

- Təbii olsa geyinərsən?

- Hə, geyinərəm. Mənə saxta gəlir o adamlar. Onlar ət yemirlər? Mən onların səmimiyyətinə inanmıram.

- Ev heyvanı saxlamırsan?

- Saxlamaq imkanım yoxdur. Qızım Yavru mənimlə həmişə dava edib deyir: “Nədən benim evimdə heyvanım olmamalıdı, nədən ben onu saxlamamalıyam”. Nə görür onu saxlamaq istəyir. İt, dovşan... Mənə deyir ki, biz Antraktidaya getməliyik. Ordan ağ ayı gətirib öz evimizdə saxlamalıyıq. Özümüzə yer tapanda heyvan da saxlayacağıq.

- Sevinc, Yavru niyə türkcə çox danışır?

- Çünki türk cizgi filmlərinə çox baxır. Türkcə kitablar oxuyuram ona. Türkcə söz çoxdur, bir söz bir düşüncə deməkdir. Daha çox düşünsün deyə belə istəyirəm.

- Onun türkcə çox danışmağı səni narahat etmir?

- Yox. Çünki Yavrumun azərbaycanca bilməmək şansı yoxdur. Yavrunun qurduğu cümlələri bizim yazıçılarımızın çoxu qura bilmir.

- Məsələn kim cümlə qura bilmir?

- Ad çəkməyim. Onsuz da adım vayqanlıdır.

Fotolar Elvin Bayramlınındır

# 10229 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #