#

Emalatxananın işıq pulunu müəllim maaşı ilə ödəyən rəssam

Emalatxananın işıq pulunu müəllim maaşı ilə ödəyən rəssam
5 dekabr 2012
# 11:10

Yusif Mirzə ilə görüşməyi çoxdan planlaşdırmışdıq. Amma hər dəfə araya başqa bir iş düşürdü. Bu dəfə qərara aldıq ki, onunla görüşə xəbərsiz gedək. Onun emalatxanası S. Vurğun adına Rus Dram Teatrıyla üzbəüz binanın ikinci mərtəbəsində yerləşir. Bizi yüz ilin tanışı kimi qarşılayır. İçəri daxil olanda ayaqqabılarımızı çıxarmaq istəsək də rəssam buna ehtiyac olmadığını deyir. Emalatxananın sadə, mütəvazi görkəmi ilə diqqətimizi çəkir. Rəssamlara xas səliqəsizlik burda da hökm sürür.

Yusif Mirzə 1959-cu ildə Laçın rayonunda anadan olub. 1976-cı ildə Bakıda Pedaqoji İnstitutunun bədii-qrafika fakültəsinə daxil olub. 1980-cı ildə institutda “Laçın etüdləri” adlı ilk fərdi sərgisi açılıb. 1981-ci ildə, institutu bitirərkən rəngkarlıqdan diplom işi müdafiə edib və “əla’’ qiymətə layiq görülüb. 1981-1985-ci illərdə Laçın xalq teatrında rəssam işləyib. Bir çox tamaşaların tərtibatını verib. 1985-ci ildən Azərbaycanda və xarici ölkələrdə sərgilərdə uğurla iştirak edir. Azərbaycan ərazisində eramızdan əvvəl XIV-XIII minilliklərdə yaradılmış Qobustan Qayaüstü rəsmləri ənənələrinin müasir sənətə gətirilməsi, dirçəldilməsi, inkişaf etdirilməsi, mükəmməl bir formada, orjinal sənət üslubunun yaradılması Yusif Mirzənin ən böyük nailiyyətlərindəndir. Onu Qobustan yaddaşını oyadan rəssam adlandırırlar.

Onun rəsmlərində kənd idilliyası, keçmişlə bağlı nostalji hiss var. O, tablolarında qədim ənənələrin çağdaş yozumunu ustalıqla yarada bilir. Tabloların texnikası, kompozisiyası, rəng uyarlığı, koloriti haqda özü danışır. Biz isə diqqətlə dinləyirik. Daxildən, içdən gələn yüksək mədəniyyət, həssaslıq onun danışıq tərzində də hiss olunur. Danışa-danışa emalatxanasındakı yağlı və sulu boyalarla çəkdiyi müxtəlif rəsmləri, kiçik heykəlləri göstərir və hər birinin yaranma tarixi haqqında danışır. Yusif Mirzə arada söhbətinə fasilə verib bizi çaya qonaq edir. Balaca kitabxanasındakı kitabları nəzərdən keçiririk. Rəflərdə Markes, Bulqakov, Kafka və digər dünya klassiklərinin rus dilində çap olunmuş kitabları düzülüb.

- Maraqlı emalatxananız var. İndiki dövrdə rəssamlar üçün emalatxana məsələsi ciddi problemdir.


- Bu emalatxananı mənə Sovet dövründə veriblər. İndi çox çətin məsələdir. Amma buranı saxlamaq da problemdir. Girişdə “Art studio” yazdığım üçün elə bilirlər çoxlu pul qazanıram. Daha bilmirlər ki, müəllim maaşı ilə emalatxananın işıq pulunu ödəyirəm.

- Sənət yolunuzdan, sənətə necə başlamağınızdan danışaq. Rəssamlıq qeyri-adi istedadlardan biridir, yəni rəssamlığı müəllimlik, həkimlik kimi təkliflə, məsləhətlə seçmək mümkün deyil. Nə vaxt hiss etdiniz ki, rəsm çəkməsəniz rahat olmursunuz?


-Hal-hazırda işğal altında olan Laçında doğulmuşam. Oranın da təbiəti haqqında yəqin ki, eşitmisiniz. O yerlər ilin bütün fəsillərində əsrarəngiz təbiəti ilə insanı heyran edir. Kəndimizin füsunkar təbiəti insanı yaradıcılığa məcbur edir. Lap kiçik yaşlarımdan çəkirəm və ilk rəsmlərim “Pioner” jurnalında çap olunub. Heyf ki, tələbə vaxtı, gəncliyin ilkin dövrlərində çəkdiyim yüzlərlə şəkil Laçında qalıb. İşğal vaxtı çoxunu gətirə bilmədim.

Uşaqlıqdan çəksəm də, peşəkar yanaşma ali təhsillə bağlıdır.

Laçında çəkdiyim rəsmlərdən bəziləri emalatxanamda qalır. Tələbə ikən orda çoxlu rəsmlər çəkmişəm. O yerlərin təbiəti, ab-havası tamam başqa idi. (Laçında çəkilən rəsmlərinin arasında bir lampa rəsmi var. Olduqca maraqlı əsərdir və rəssamın dediyinə görə bu mövzuya dəfələrlə müraciət edib)


- Kimlərdən öyrənmisiniz bu sənəti? Yəni müəllimləriniz kim olub, kimdən təsirlənmisiniz?

- Məni daha çox təbiət, doğulduğum yerlər bu sənətə həvəsləndirdi. Çünki rəssamlıq məni hər zaman cəlb edib. Amma təbiətin, xüsusən Laçının təbiətinin rolu böyükdür. Müəllimlərimin də mənim yetişməyimdə rolu böyükdür. Xüsusən Nadir Əbdürrəhmanlının, Fikrət Haşımovun rəssamlıq və heykəltəraşlıq sənətini inkişaf etdirməkdə mənə böyük köməyi olub. Onlardan çox şey öyrənmişəm.


- Əsərlərinizə qədimlik, tarixilik hiss olunur. Xüsusilə Qobustan qayaüstü rəsmləri ilə bağlı çəkdikləriniz çox maraqlıdır. Bu barədə danışaq. Niyə məhz qayaüstü rəsmlər?

- Hər rəssamın bir seçimi, bir janra həvəsi var. Tələbəlik illərindən miniatürlərə böyük həvəs göstərirdim. Sonra bu sahə ilə daha dərindən maraqlanmağa başladım, eksperimentlər apardım. Bu günə qədər də araşdırmalarım davam edir. Qobustan qayaüstü rəsmləri ilə bağlı mənim xüsusi yanaşmam var. Mən bu janrda çəkməyi çox sevirəm. Tələbəlik illərindən bu sahəni inkişaf etdirirəm. Tarixi, xalça ənənələrini, saxsı qabları, qədim daş heykəlləri öyrənmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mən daha çox tədqiqatçı rəssamam və çəkdiklərim tədqiqatlarım əsasında yaranır.

- Bilirik ki, ədəbiyyata da marağınız var. Özünüzü hansı sahədə daha rahat hiss edirsiniz?

- Müəyyən şeylər var ki, ona münasibət bildirmək üçün mütləq fırçaya, rəssamlığa müraciət edirəm. Bəzən isə sözün köməyinə ehtiyac var. Məndə hər iki sənət iç-içədir.

- Seçim etməli olsanız, hansı sahəni seçərsiniz? Rəssamlığı, yoxsa ədəbiyyatı?

- Düzü bu barədə düşünməmişəm. Amma rəssamlıq mənim sənətim olduğu üçün daha doğmadır. Yəqin rəssamlığı seçərəm.

- Sərgilərinizdən, dünyaya çıxan işlərinizdən danışaq. Yəqin ki, bir rəssam ki, bu uğurlardan da danışmaq istəyirsiniz...


-10 ildən çoxdur ki, Norveçlə sıx əlaqələrim var. Norveçin tanınmış sənət qurumları ilə əməkdaşlıq edirəm, birlikdə maraqlı layihələr həyata keçirmişik. 2002-ci ildə keçirilən fərdi sərgim məşhur Norveç alimi, səyyah Tur Heyerdalın xatirəsinə həsr olunub. 2007-ci ildə Norveçdə olmuşam, Trisil və Stavanger şəhərlərində fərdi sərgilərim təşkil olunub. Bundan başqa, 2001-ci ildə dahi rumın heykəltəraşı Konstantin Brınkuşun yaradıcılığını sevən və təbliğ edən rəssam kimi onun doğma Tırqu-Jiu şəhərinə dəvət aldım, orada fərdi sərgim təşkil olundu.

Azərbaycanla Rumıniya mədəni əlaqələrinin inkişafında fəallığıma görə mükafat almışam. 2010-cu ildə Finlandiyada, Anne Grohnla birlikdə tərtib etdiyimiz “Nyt Betlehemiin” kitabı çapdan çıxıb. (Kitabı rəssam bizə göstərdi. Etiraf etmək lazımdır ki, olduqca maraqlı bir iş idi-K.H.)) Dünyanın müxtəlif yerlərində; Türkiyə, ABŞ, Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, Danimarka, İsrail, Kanada, Rusiya və s. ölkələrində şəxsi kolleksiyalarda əsərlərim var.

- Əsərlərinizin satışı sizi qane edirmi?

- Azərbaycanda rəsm sahəsinə, rəssam işlərinə maraq yoxdur. Cüzi alıcılar var ki, onlar da xaricilərdir.

- Sizin sənətiniz hansı özəlliyi ilə fərqlənir?

- Müəyyən texnikalar var ki, o texnikaları ancaq mən istifadə edirəm. Məsələn mən 2005-ci ildən pastel texnikasından istifadə edirəm və demək olar ki, bu sırf mənim özümə məxsus texnikadır. (Müsahibimiz əsərlərindən birini bizə göstərib uzun-uzun texnikasından danışır. Danışdıqlarından məlum olur ki, bunlar sırf yeni yanaşmalardır-K.H.)


- Azərbaycandan getməyi düşünmüsünüzmü? Məsələn geniş əlaqələriniz olan Norveçə gedib orda sənətlə məşğul olmaq arzunuz olubmu?


- Azərbaycansız yaşamağı təsəvvür edə bilmirəm. Hər səhər pəncərəmdən Xəzəri görməsəm, yəqin ki, çətin olar. Təkliflər və imkanlar çox olub, amma qalmağa və burda işləməyə üstünlük verirəm.

- Sizdən öyrənən rəssamlar varmı? Tələbə yetişdirirsinizmi?

- Həftədə bir dəfə dərs deyirəm. İndi çox möcüzəli şəkildə rəssamlığı anlayan, gözəl çəkən uşaqlar var. Onların işlərinə baxanda hiss olunur ki, ciddi istedadlar hələ də var. Çox maraqlı tələbələrim var.

Kənan Hacı

Cəlil Cavanşir

# 1950 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #