Kulis.Az Mirzə Cəlilin “Poçtxana” felyetonunu təqdim edir.
Mən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Yevropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana lazım ola. Amma indi ki, hər gün İrəvandan Tiflisə gedən var, Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçta nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın – dinməz-söyləməz, xərcsiz və zəhmətsiz. Yəni, maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.
***
Bizim başımıza bu cür işlər çox gəlir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: “Cənab Molla Nəsrəddin, mən Kərbəlayi Əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqe edirəm ki, pulu alan kimi mənim adıma İrəvana mübarək olan məcmuənizi əvvəlinci nömrədən başlayıb göndərəsiniz”.
Çox əcəb. İki gün keçir, xəbərimiz olur ki, “Qeyrət” mətbəəsinə bir nəfər adam gəlib və deyib “mən Molla Nəsrəddini görəcəyəm”. Bəli, cavab veriblər ki, Molla Nəsrəddin filan məhəllədə və filan küçədə olur. İki gün keçir, mətbəədən bizə sifariş eləyirlər ki, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsrəddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsrəddin filan yerdə olur. İki gün də keçir. Bir də görürsən ki, Davidovski küçəyə fayton ilə bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsrəddini xəbər alır. Axırda nə zəhmətlərdən sonra haman şəxs gəlir çıxır Mollanın idarəsinə. Səlam əleyküm - əleykəssəlam. Haralısan? İrəvanlı. Adın nədir? Məşədi Cəfər. Nə qulluq? – Bir elə qulluq yoxdur, ancaq, ay Molla, allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisə məəttələm. Neçə dəfə fayton ilə mətbəəyə getmişəm, sizi tapmamışam. İki dəfə də fayton ilə idarənizə gəlmişəm – deyiblər ki, Molla hamama gedib.
Bəli, bağışlayınız, indi nə qulluq? Xeyr, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stəkan su gətirsin – ürəyim yanıb. Bu gün səhərdən sizi gəzirəm, çünki Kərbəlayı Əli Hacı Allahqulu oğlu sizə 5 manat məcmuə pulu göndərib. Pah, pah, lap yorulmuşam!
***
Bir gün Səlyandan bir belə kağız alırıq:
“Cənab Molla Nəsrəddin, mən bu gün burada Hüseynov qardaşlarına otuz altı manat verdim ki, eləsin məcmuə pulu və kalendar pulu, siz orada cənab Hüseynovların şəriki cənab Hacı Ələsgər Hacı Nəcəf oğlundan alasınız”.
Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazarına ki, görsün cənab Hacı Ələsgər Hacı Nəcəf oğlu səlyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, tapa bilmədim. Sabahısı günü haman adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gəlib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi, getmişdi hamama, şagirdi də dedi ki, mən bilmənəm. Bir gün keçir, genə adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, mənə bu barədə Hüseynov qardaşlarından bir sifariş gəlməyib, gələndən sonra baş üstə, verərəm. Bir həftə gözləyib genə adam göndəririk. Hacı Ələsgər cavab verir ki, sən get, mən pulu özüm gətirrəm Mollanın xidmətinə.
Bir neçə gündən sonra haman hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləyə düşüb qaradavoylardan müsəlmanca “Molla Nəsrəddin” idarəsini soruşurlar. Bəlkə bu dəfə tapmayıb geri qayıdırlar, amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərəkə və qışqırıq ilə girirlər içəri, kəhildəyə-kəhildəyə otuz altı manat çirkli dəsmalın içindən çıxardıb qoyurlar stolun üstünə və bir stəkan soyuq su işəndən sonra və Yezidə lənət oxuyandan sonra deyirlər ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib Hüseynov qardaşlarına ki, sizə yetişsin.
***
İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir “perevod” kağızı alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflisə - “Molla Nəsrəddin” idarəsinə, filankəsin tərəfindən. İnsafən, çox çətin işdi, ələlxüsus ticarət aləmində də bu cür işlər heç əl verməz: ticarət hara, poçtxana hara? Allah rəhmət eləsin o kəslərə ki, müsəlmanlara rusca oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ilə bir kəsə manat göndərə bilsin.
***
Mən istəyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbət edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün-sabah dava edəcəklər. Mən istəyirdim həmin nömrədə cəfəngiyat əvəzinə bir siyasi məqalə yazam, məsəla, heç olmasa yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti nə vaxt və hardan başlanıb; istəyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu və ildə bir dəfə osmanlı sultanları, paşaları və yanıçarları göndərib serblərin bir az başlarını tapdalayandan sonra gözəl qızlardan-zaddan yığıb aparıb bir qədərini sultanların hərəmxanasına qatıb, bir qədərini özləri saxlayıb məşğuliyyət elədilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa və məşrutəli bir kraliça oldu. Hərçənd məxluqu iki milyondan bir az artıqdır, amma di gəl ki, başladılar məktəblər açmağa, darülfünunlar açmağa, axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ilə kəllə-kəlləyə vursunlar. Hə, nə üstə? Bosniya üstə. Bosniya nədir?
Xülasə, istəyirdim buna oxşar bir söhbət başlayam. Amma özüm-özümə dedim ki, ay Molla Nəsrəddin, sən dəlisən, nəsən? Bir camaat ki, bir şəhərdən o biri şəhərə 5 manat göndərməyi bacarmır, - məgər bu cür camaat üçün rəvadırmı yazmaq ki, nə bilim Avstriya belə gəldi, Serbiya belə getdi. Sən onu de ki, İrəvandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayda ilə manat göndərmək.
Hələ qabaqca bunu bilmək lazımdır.
Genə deyəsən uzun oldu.
Lağlağı.
“Molla Nəsrəddin”, 22 fevral, 1909, № 8