Zəncilərin yaratdığı janr - Araşdırma

Zəncilərin yaratdığı janr - <span style="color:red;">Araşdırma
10 mart 2019
# 16:45

Ağasəlim Pünhanoğlu

Akademik musiqi janrları - opera, balet, simfoniya, irili-xırdalı kamera əsərləri ilə yanaşı, estrada və caz da musiqi təfəkkürümüzün və həyatımızın ayrılmaz tərkib hissəsi oldu. Qazanılan nailiyyətlərin ən ümdə və məxsusi cəhəti - Avropa musiqisində bərqərar olmuş ənənəvi janrların Azərbaycan xalq musiqisi, şifahi ənənəli professional musiqi və ilk növbədə muğamlarla üzvi şəkildə çulğalaşması idi. Muğam operaları ilə başlanan bu təşəbbüs daha sonra simfonik muğamların, xalq çalğı alətləri - tar və kamança üçün konsertlərin yaranmasını, habelə milli ifaçı və xanəndələrin Avropa ansambllarının tərkibində iştirakını şərtləndirdi. Ötən əsrin 60-70-ci illərində meydana gələn muğam-caz anlayışı da bu möhtəşəm təbəddülatın özünəməxsus təzahürü idi.

İstənilən yenilik, başlanğıc böyük maneələrlə üzləşməli olur. "Dəmir pərdə"nin mövcudluğu cazı da süni qapalılıq şəraitində həyat sürməyə vadar edirdi. Totalitar ideologiyanın hökmranlıq etdiyi cəmiyyətdə Amerikadan, "düşmən Qərbdən" bizə gəlib çatan bu azad, sərbəstlik sevən sənət növü vaxtaşırı qadağan olunurdu. Onunla məşğul olanlar isə hətta repressiya qurbanlarına çevrilirdilər. İndi ağlasığmaz görünür ki, ayrıca bir alət - saksofon belə qadağan edilmişdi. Bu cür qeyri-sabit şəraitdə 1939-cu ildə Azərbaycanda ilk Dövlət Caz orkestrinin yaradılması faktı yalnız heyrət doğurur. Maraqlı cəhət isə odur ki, elə ilk kompozisiyalarda azəri cazmenləri cazı milliləşdirmək yolunu seçdilər və bunu möhkəm ənənəyə çevirdilər. Tofiq Quliyev, Rauf Hacıyev, Rafiq Babayevin bu sahədəki axtarış və tapıntıları Azərbaycanda cazın gələcək inkişaf yollarını müəyyənləşdirdi.

"Caz" sözünü eşidəndə, çox güman ki, ağlınıza Amerikadakı yeraltı, qaranlıq və siqaret tüstüsü ilə bol olan klublar gəlir. Siz təsəvvür edirsiniz ki, tamaşaçılar rahat dəri kreslolarda əyləşir, orta yaşlı virtuozlar isə nəfəsli alətlərdə ifa edib viski içirlər. Amma həqiqət ondan ibarətdir ki, bu yalnız başlanğıcda idi.

Yeri gəlmişkən, Caz musiqinin bütün formalarına öz təsirini göstərmişdir.

Cimmi Xendriks, Beatles, Rolling Stones, Ceyms Braun qeyd etmişdirlər ki, onları ilhamlandıran məhz caz musiqisi idi. Hətta Hip-Hop və Repdə caz öz yerini tapa bilmişdir.

Yüngül musiqi janrına, adətən, caz musiqisini daxil edirlər. Lakin onu tam mənada yüngül musiqi adlandırmaq düzgün olmazdı. XX əsrdə caz musiqisi müstəqil əhəmiyyət kəsb etməyə başlamışdır. Onun inkişafı daxilən ziddiyyətlidir. Bir sıra burjua ölkələrində Afro-Avropa musiqisinin mexaniki sintezi əsasında inkişaf etdirilmiş caz musiqisində qeyri-simmetrik atonal, asketik-quru, səda və dissonaslar mütləqləşdirilir, musiqi növünün spesifikasından kənara çıxılır. Bununla bərabər xarici caz musiqisində, həmçinin, müəyyən sağlam meyillər də özünü göstərir. Mütərəqqi musiqiçilər və ifaçılar xalq musiqi ənənələrinə, həyati mənbələrə, klassik musiqinin nailiyyətlərinə və s. əsaslanaraq, caz sənətini yeni mərhələyə qaldırmağa çalışırlar.

Caz vaxtı ilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi - nə vaxtsa öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları arasında yaranmışdır.

İlk zənci qullar XVII əsrin əvvəllərində gəmi ilə Afrikadan Amerikaya gətirilmişlər. Cənubi Amerikanın varlı fermerləri öz plantasiyalarında ağır işləri yerinə yetirmək üçün qul əməyindən istifadə edirdilər. Öz vətənindən, doğmalarından ayrı düşmüş, ağır əməkdən üzülmüş bu kölə insanlar musiqi ilə təskinlik tapmışlar. Zəncilərin musiqi duyumu, xüsusilə, ritm hissiyyatı çox güclüdür. Bu da, əlbəttə, zəngin ritmi ilə seçilən Afrika musiqisi ilə əlaqədardır. İllər ötdükcə zəncilər öz vətənlərinin musiqisindən tədricən uzaqlaşırdılar. Yalnız təbii olaraq musiqi sədaları ilə rəqs etmək ehtirası, daxili ritm duyğusu qalırdı. Əvəzində isə onları əhatə edən mühitdə səslənən, musiqini - "ağlar"ın ifa etdikləri xristian dini himnlərini mənimsəyirdilər. Lakin zəncilər bu dini mahnıları özünəməxsus tərzdə ifa edirdilər. Onların oxuduqları mahnılarda daha çox iztirab, kədər hiss olunurdu.

Beləliklə, ilk zənci dini mahnıları - "cpiriçuels" meydana gəlməyə başladı. XIX əsrin sonunda digər zənci mahnısı - şikayət, etiraz nidaları ifadə edən "blyuz" yaranır. Zəncilər blyuzu gitaranın müşayiəti ilə oxuyurdular. Onların orkestr alətlərini əldə etmək üçün imkanları yox idi. Ona görə də müxtəlif məişət əşyalarından kortəbii surətdə musiqi alətləri düzəltməli olurdular.

ABŞ-da 1861-1865 illərin Vətəndaş müharibəsi bitdikdən sonra hərbi hissələrin nəfəs alətləri orkestləri buraxıldı. Bu orkestrlərin alətlərini nisbətən ucuz qiymətə əldə edən zəncilər öz orkestrlərini yaratmağa başladılar. Zənci musiqicilər marşlar, rəqslər ifa etməklə yanaşı, spiriçuels və blyuz uslubunda melodiyaları təqlid edirdilər. Onlar zənci vokal musiqisinin xüsusiyyətlərini, onun ritm sərbəstliyini müxtəlif orkestr alətlərində (truba, klarnet, trombon) ifadə etməyə çalışırdılar. Bu musiqiçilərin not savadı yox idi. Çünki yalnız "ağlar" üçün nəzərdə tutulmuş musiqi məktəbləri onların üzünə bağlı idi. Onlar bilavasitə, musiqi duyumu ilə qavrayaraq təcrübəli musiqiçilərdən məsləhətlər alır, onların ifa üsullarından istifadə edirdilər.

Zənci vokal musiqisinin və zənci ritminin instrumental sahəyə tətbiq edilməsi sayəsində yeni orkestr musiqisi - "caz" yaranmağa başladı.

20-ci illərin əvvəllərində ABŞ-ın qara əhalisinin cənubdan şimala köçməsi ilə əlaqədar görkəmli caz musiqiçiləri Nyu-Orleandan Çikaqoya gəlirlər. Çox keçmir ki, həmin şəhər dünyanın ən möhtəşəm caz mərkəzi kimi böyük şöhrət qazanır. Məhz burada caz musiqisi ilk dəfə qrammofon valına yazılır, radio verilişlərində səslənir.

20-ci illərin və bəlkə də bütövlükdə caz tarixinin ən görkəmli musiqiçisi zənci Lui Armstronqdur. Onun virtuoz truba çalmaq məharəti, eləcə də nadir, bənzərsiz səsi indiyədək caz ifaçıları üçün bir etalon olaraq qalır.

30-cu illərin əvvəlində caz tarixində baş vermiş daha bir mühacirət dalğası — bu dəfə Çikaqodan Nyu-Yorka — yeni, svinq üslubunun yaranmasına gətirib çıxarır («svinq» sözünün mənası «yırğalanma», «yellənmə»dir). Biq-bənd adı ilə tanınan və tərkiblərini xeyli genişləndirmiş bu ansambllar caza böyük kommersiya uğuru gətirir. «Svinq kralı» klarnet-çalan Benni Qudmen, görkəmli pianoçu və bəstəkar Dük Ellinqton və istedadlı trombonçalan Qlen Miller 30-cuların ən məşhur biq-bəndlərinə rəhbərlik etmişlər. Gözəl müğənni, «cazın birinci ledisi» EllaFitscerald da biq-bəndlərdən birində çıxış etmişdir. Onun ecazkar səsi və improvizasiya qabiliyyəti bu günədək caz musiqisinin ən yüksək, əlçatmaz zirvələrindən hesab olunur. 30-cu illərin sonunda Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və ya bibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinə deyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenləri saksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər. Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.

Cazın əsas xüsusiyyətləri improvizasiya (hazırlaşmadan, bədahətən ifa etmə), ritm sərbəstliyi və geniş melodik nəfəsdən ibarətdir. Ritmdəki müntəzəm vurğuların ("bit") və bu vurğulardan yayınmaların ("svinq") mövcudluğu caz musiqisinə özünəməxsus rəngarənglik gətirir.

Afrika xalq musiqi ənənələrini özündə birləşdirən caz musiqisində ritm sərbəstliyi və zərb alətlərinin geniş istifadə edilməsi ilə yanaşı müxtəlif alətlərdə danışıq intonasiyalarının təqlid edilməsi mühüm yer tutur.

Zənci musiqiçilərin ifa etdikləri əsərlər adətən qısa solo motivin (çağırış intonasiyasının) xor və ya instrumental ifa ilə növbələşməsindən ibarət olurdu. Caz musiqiçiləri həm solo, həm də kollektiv halında improvizasiya etməyi bacarırdılar.

50-ci illərin əvvəlində bir çox caz musiqiçiləri «isti» bibopdan uzaqlaşıb melodikliyi və mülayim xarakteri ilə seçilən kul caz (yəni «sərin caz») üslubunu yaradırlar. Bu üslubun banisi cazın ən parlaq simalarından biri — trubaçalan Mayls Devisdir. Onun rəhbərlik etdiyi orkestr əvvəllər caza heç də xas olmayan nəfəsli alətlərlə zənginləşir. Mayls Devis caz musiqisində elektron alətlərin də tətbiq olunmasına tərəfdar çıxır. Həmin meyl 70-ci illər-də Kaliforniyada «Qərb sahilinin cazı» adı ilə tanınmış caz musiqisinin yeni formasının yaranması ilə nəticələnir. Görkəmli pianoçu Deyv Brubekin təmsil etdiyi bu yeni üslub Avropa musiqisinin bir çox əlamətlərindən yaradıcdıqla bəhrələnir. Lakin caz pərəstişkarları bu gün də ifadəli, ehtiraslı bibop üslubuna üstünlük verməkdədirlər. Bibopdan hard-bop deyilən bir üslub da törəmişdir. Bu üslubu barabançalan Art Bleyki və onun yaratdığı «Jazz Messengers» qrupu təmsil edirlər. «Hard» «möhkəm» deməkdir və doğrudan da, hard-bop musiqisi özünün «möhkəm» ritmi ilə fərqlənir. Burada Afrika musiqisinin hərarətli ritmlərinə geniş meydan verilir.

60-cı illərin ən populyar caz üslubu fri-cazdır («fri» «sərbəst» deməkdir). Onun ən görkəmli nümayəndələri saksafonçular Con Koltreyn və Ornett Kolman sayılır. Onlar caz musiqisində improvizasiyanı bir növ bərpa edirlər. Koltreynin ifa tərzi dinamik və fəal, Kolmanınkı isə mülayim və tarazlaşdırılmış xarakteri ilə fərqlənirdi. 60-cı illərin sonunda caz kompozisiyalarında müasir rok musiqisinin xüsusiyyətləri tətbiq olunmağa başlayır. Eyni zamanda, rok musiqiçiləri də tez-tez caz improvizasiyalarından istifadə edirlər. Bu qarşılıqlı bəhrələnmə nəticəsində fyujn və yaxud caz-rok üslubu meydana çıxır. Onun ilk nümayəndəsi məşhur Mayls Devisin 1970-ci ildə buraxdığı «Bishes Brew» albomu indiyədək caz tarixində ən böyük kommersiya uğuru qazanmış disk hesab olunur. Caz-rokun sonrakı inkişafı Mayls Devisin yetirmələri Con Maklaflin və Çik Koria, eləcə də Corc Benson və başqalarının yaradıcılıq axtarışları ilə bağlıdır. Caz-rokun ən virtuoz gitaraçalanı Con Maklaflinin 80-ci illərin əvvəlində yaratdığı məşhur «Mahavishnu Orchestra» kollektivi caz, rok, blüz, eləcə də hind musiqisinin ənənələrini orijinal tərzdə birləşdirmişdir. Maklaflin caz-roku simfonik musiqi ilə də əlaqələndirir — 1974-cü ildə London Simfonik Orkestri ilə birgə hazırladığı məşhur «Apocalypse» albomu buna gözəl nümunədir. Corc Benson əvvəlcə məharətli gitaraçı, sonralar istedadlı caz müğənnisi kimi də şöhrət qazanır. Pianoçu Çik Koria və onun rəhbərlik etdiyi «Return to Forever» qrupu caz-rok üslubunu Braziliya musiqisinin ecazkar ritmləri ilə zənginləşdirir. Daha bir qrup — «Weather Report» da caz-rokun inkişafına nəzərəçarpacaq təsir göstərmişdir. Onun buraxdığı «Heavy Weather» albomu Devisin «Bitches Brew» albomu ilə yanaşı, caz musiqisinin qızıl fonduna daxildir. Billi Kobhem (baraban), Yan Hammer (klavişli alətlər), Jan-Lyuk Lonti (skripka), Jako Pastorius, Con Patituç-i (bas-gitara), El Dimeola və Pet Meteni (gitara) caz-rokun görkəmli təmsilçiləridir. Son illərdə caz musiqisinin taleyində heç bir köklü dəyişiklik baş verməmişdir. Caz-rok üslubunun yeni nəsli — Con Skofıld, Mayk Stern (gitara), Markus Miller (bas-gitara) və başqaları pərəstişkarlarını yeni uğurları ilə sevindirirlər. Keçmişə nəzər salan retrospektiv caz da yaranır.

Cənubi Amerikanın Yeni-Orlean şəhərində təşəkkül tapmış ənənəvi cazın erkən mərhələsi üçün kollektiv improvizasiya əsas idi. Erkən Yeni-Orlean cazı daha sonra Çikaqo cazı ilə birləşərək "diksilend" üslubu adlandırılır. 20-30-cu illərdə sonralar "klassik caz" adı almış "svinq" üslubu geniş yayılır. "Svinq" üçün yeni tip orkestrin ("biqbend") yaranması səciyyəvi idi.

"Biq-bend" (ingiliscə - "böyük-dəstə orkestr") üçbölmədən ibarət idi: I saksofonlar bölməsi (sonralar klarnet də daxil edilir), II - "mis" alətlər bölməsi (trubalar və trombonlar), III - ritmik bölmə (fortepiano, gitara, kontrabas, zərb alətləri).

Yarandığı gündən indiyədək caz musiqisi çoxşaxəli inkişaf yolu keçmiş, onun bir çox cərəyanları və məktəbləri (bi-bop, proqressiv, xard-bop, soul-caz. caz-rok, fri-caz, simfo-caz və s.) yaranmışdır.

Caz musiqisinin mahir ifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton, Benni Qudmen, Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və b. adları artıq bütün dünyada məhşurlaşmışdır.

Caz elementlərindən iri formalı musiqi əsərlərində (simfoniya, opera, konsert) istifadə edilməsi ("simfo-caz") sayəsində bir sıra görkəmli sənət əsərləri yaranmışdır:

C. Gerşvinin "Blyuz üslubunda rapsodiya", "Porqi və Bess" operası; D. Miyonun "Dünyanın yaranması" baleti; A. Eşpayın orkestr üçün Konserti; Q. Qarayevin "İldırımlı yollarla" baleti, səs və caz orkestr üçün "Üç noktürn" (L. Xyuzun sözlərinə) və s.

Caz musiqisinin Rusiyaya gəlişi 20-ci illərə təsadüf edir. Bu dövrdə V. Parnax, A. Sfasman, L. Teplitskinin caz-orkestrləri yaranır. L. Ğtyosovun "Tea caz" orkestri xüsusilə məşhur olmuşdur.

1939-cu ildə Azərbaycanda görkəmli bəstəkarlar Niyazi və Tofiq Quliyev tərəfindən ilk Dövlət Caz Orkestri təşkil olunmuşdur. Sonralar R. Bdhböğgvök, Rauf Hacıyevin, Rafiq Babayevin rəhbərliyi ilə caz orkestrləri fəaliyyət göstərmişdir.

Caz daha da məşhurlaşıb yayıldıqca böyük şənliklər- festivallar daxilində ifa olunmağa başladı. İlk beynəlxalq əhəmiyyətli Cazz festivalı 25 Fevral 1948-ci ildən bəri Fransanın Nis şəhərində keçirilən Nis Caz Festivalıdır.

Nyu Orleansda isə New Orleans Jazz & Heritage Festival adlı Caz festivalı 1970-ci ildən bu günə qədər hər Aprel ayının axırıncı həftə sonu və May ayının ilk həftə sonu keçirilir.

Sevindirici haldır ki, dünyanın ən böyük Caz festivalları siyahısında Bakı Beynəlxalq Caz festivalının da adını görmək olur. Bakı Beynəlxalq Caz festivalı (Baku International Jazz Festival) 2005-ci ildən bəri hər il dünyanın müxtəlif ölkələrinin, eləcə də Azərbaycanlı Caz ifaçılarının iştirakı ilə təşkil olunur. Azərbaycanda milli cazın, yeni caz-muğam üslubunun yaranması virtuoz pianoçu və istedadlı bəstəkar Vaqif Mustafazədənin adı ilə bağlıdır. Onun davamçılarından Rafiq Babayev və Vaqif Sadıxovun adı çəkilə bilər.

Caz həm də elə bir musiqi növüdür ki, xüsusi zövqlü insanlar onu dinləyərkən həzz alır və eyni zövqlü insanları birləşdirir. 90-cı illərin sonunda caz faktik olaraq yüzillik yubileyini qeyd edir. Lakin bu ecazkar musiqi cazibəsini, əhəmiyyətini əsla itirmir, Lui Armstronq, Dizzi Gillespi, Mayls Devisin şanlı ənənələri davam etdirilir…

# 4501 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #