Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu
24 fevral 2018
# 09:00

Kulis az. “Əsl kino” layihəsində Qevin Hudun “Tsotsi” və Kristian Petçoldun “Feniks” filmlərini təqdim edir.

“Tsotsi” 2005-ci ildə Toronto kinofestivalının qalibi olub və “Ən yaxşı xarici film” nominasiyasında Oskar mükafatına sahiblənib. Cənubi Afrikadan olan rejissor Qevin Hudun lentə aldığı “Tsotsi” kriminal dramı romançı Atol Fuqardın eyni adlı romanı əsasında çəkilib. Fuqard da cənubi afrikalıdır, eyni zamanda teatr və kino rejissorudur.

Süjet: Hadisələr əsasən Cənubi Afrikanın böyük şəhərlərindən biri Yohannesburqun yoxsulların yaşadığı şəhərətrafı qəsəbəsində - Souetoda baş verir. Gənc Tsotsi (Presli Çvenayd) qarət və qətllər törədən dəstənin başçısıdır.

O, sərxoş halda zəngin qadının avtomobilini qaçırır, atəşlə onu şikəst edir. Yolda avtomobilin arxasında körpə qığıltısı eşidəndə əvvəlcə uşaqla nə edəcəyini bilmir. Sonra onu evinə aparır. Körpəylə necə davranacağını bilməyən Tsotsinin içində tədricən sevgi hissləri oyanır. O, mərhəmət və qəddarlıq duyğuları arasında çırpınır, tədricən uşağa bağlanır. Bir tərəfdən də polis onu təqib edir...

Əhvalatın fonunda yoxsulluq, insanların yaşamaq uğrunda mübarizəsi, çeşidli sosial problemlər olsa da rejissor bunları ön plana çəkmir. Onun məqsədi çətin şərtlərdə böyüyən və reallığın qəddarlaşdırdığı Tsotsinin içindəki mərhəməti qazıyıb çıxarmaqdır. Ya da başqa cür desək, müəllif körpəni onun qarşısına çıxarmaqla qəhrəmanı ilə bir növ psixoloji oyun oynayır, sınağa çəkir, yoxlayır. O, dəyişməyə qabildirmi, xilas olmaq istəyirmi, içindəki insan tamamilə məhv olubmu?

Amma bununla belə gənclərin qətllər, qarətlər törətdiyi ilk səhnələrdə rejissor əl yeri qoyur. Yəni Tsotsi kimisə öldürəndə, soyğunçuluq edəndə belə onu asanlıqla, amansız rahatlıqla eləmir, onun üzündə, davranışında tərəddüdlərin işartıları duyulur. Sonrakı epizodlarda onun daxili mübarizəsi daha çox ön plana çıxır. Və rejissor qəhrəmanını hər şeyə rəğmən sevdirə bilir...

Zorakı səhnələr detallı çəkilib. Baxılası çətin epizodlar var. Məsələn, Tsotsi körpəyə qatılaşdırılmış süd verəndən sonra onu çarpayının altında gizləyərək qapını üstünə bağlayır. Gecə qayıdanda körpənin üzünə qarışqaların daraşdığını görür....

***

Alman Kristian Petçoldun “Feniks” (Dilimizdə Simurq quşu. Bir sıra qədim xalqların mifologiyasında adı keçir. Mifə əsasən qocalanda özünü yandırır, küldən cavanlaşmış və təzələnmiş şəkildə dünyaya gəlir-S.S.) dramı ekranlara 2014-cü ildə çıxıb. Film fransız yazıçısı Yuber Monteyenin “Küldən yaranma” romanının adaptasiyasıdır. San-Sebastyan festivalında FİPRESSİ-nin prizinə layiq görülüb.

Süjet: İkinci Dünya Müharibəsi yenicə bitib. Osvensim həbs düşərgəsində işgəncələrə məruz qalmış keçmiş müğənni Nelli Lents (Nina Hoss) Berlinə qayıdır. Aldığı zədələrdən onun üzü tanınmaz hala düşüb. Əməliyyat nəticəsində onun sifəti dəyişilir. Nelliyə kömək edən yəhudi kəşfiyyat idarəsinin əməkdaşı Lena (Nina Kunçendorf) onun Fələstinə köçməsini, ailəsindən miras qalmış pullarla İsrail dövlətinin yaranmasına yardım etməyi məsləhət görür. Ancaq Nellini bunlar düşündürmür. O, üzü bərpa olunandan sonra əri Connini (Ronald Zehrfeld) axtarmağa başlayır. Nelli ərini “Feniks” gecə klubunda tapır. Əri təbii ki, onu tanımır...

Lena Nelliyə danışır ki, onu əslində nasistlərə əri satıb və ərinin məqsədi öldüyünü güman etdiyi arvadının İsveçrə banklarındakı pullarını mənimsəməkdir...

Nelli buna inanmır. Və özünü yad qadın kimi qələmə verərək, həqiqəti öyrənməkdən ötrü əri ilə oyuna girir...

Əhvalat bir daha göstərdi ki, insan təcrübəsi universaldır. Baxmayaraq ki, Nellinin doğmaları öldürülür, evi dağılır, özü zorakılığa məruz qalır, bununla belə o, Almaniyanı tərk etmək istəmir, onlara nifrət eləmir, onun üçün önəmli olan sevdiyi kişiyə, milliyyəti alman olan Conniyə qovuşmaqdır.

Və Nelli təkcə müharibənin qurbanı deyil. O, həm də sui-istifadə obyektidir. Onu qayğıyla əhatə edən Lena ondan öz məqsədləri üçün istifadə etməyə çalışır. Üstəlik, Nelli keçmiş dostlarının riyakarlığını görür. Bu mənada onun üçün müharibə hələ bitməyib. Təsadüfi deyil ki, film nuar estetikasında çəkilib.

İlk baxışda “Feniks” banal melodram təəssüratı yaratsa da, o, əslində insanın qaranlıq tərəflərini işığa çıxaran faciə-dramdır. Və müəllif eyni zamanda qadın personajdan yola çıxaraq sevginin təbiətini araşdırır.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Sallaqxanada eşq macərası – “Əsl kino”

# 1405 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #