Restoranda "Lambada" oynamağa icazə verməyən azərbaycanlı

Restoranda "Lambada"  oynamağa icazə verməyən azərbaycanlı
5 avqust 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Mehriban Ələkbərzadənin 1990-cı ildə çəkdiyi “Güzgü” qısametrajlı filmini təqdim edir.

Süjet: Əhvalat kiçik bir kənddə başlayır. Kəndə səs yayılır ki, məşhur çayxananın sahibi, böyük nüfuz yiyəsi olan Nəsir (Ramiz Əzizbəyli) bir neçə günlüyə Bakıya səfər edəcək. Bütün kənd əhli onu şəhərə yola salmağa hazırlaşır. Çayxanaya yığışan müştərilər heç kəsin Nəsir kimi dadlı çay dəmləyə bilməməsindən danışır və tezliklə qayıtmasını arzulayır. Və getməsi münasibətilə kənd camaatı onun çayxanasına yığışıb çayından dadır.

Nəsirin şəhərə getməsinin bir səbəbi var. Kənddə hamının xeyrinə-şərinə yarayan Nəsir həmkəndlisi Abdullanın qızına güzgü almalıdır. Çünki Abdulla qızını yaxınlarda gəlin köçürməyə hazırlaşır, amma cehizləri arasında güzgü çatmır. Beləliklə Nəsir Abdullanın oğlu Əlibala (Eldar Baxşıyev) ilə birgə şəhərə güzgü almağa gedir.

Onlar Bakıya gəlir, güzgünü alırlar. Sonra mehmanxanada otaq tutur, Əlibala ilə birlikdə restoranda şam edirlər. Və burda əylənən gənc qadınların, kişilərin açıq-saçıq davranışından, lambadaya rəqs etməsindən Nəsir qəzəblənir. O, musiqiçilərə pul verərək Tərəkəmə rəqsini çalmağı tələb edir. Onun təkidlərinə baxmayaraq rəqsinə kimsə qoşulmur.

Nəsir səhəri kəndə qayıdanda güzgü sınır. O, Əlibalanı evə yol salıb, təzədən güzgü almaq üçün şəhərə qayıtmalı olur. Və yeniyetmədən xahiş edir ki, atasına güzgünü sındırdığını deməsin. Sadəcə şəhərdəki dostlarıyla vaxt keçirdiyindən gec gələcəyini desin.

Filmin ssenari müəllifi yazıçı İsi Məlikzadədir. Doğrusu, ssenarini oxumaq imkanım olmadığından rejissorun ssenaristin ideyasını ekran işinə nə qədər doğru uyğunlaşdırmasını təxmin edə bilmədim. Çünki bu filmin məzmununun hansı əhəmiyyətli kontekst, məna daşıdığını, hansı mesajı qəsd elədiyini aydınlaşdırmaq çətindir.

Hər halda fakt ondan ibarətdir ki, İsi Məlikzadə “Kişi sözü”, “Pəncərə”, “Evlənmək istəyirəm”, “Küçələrə su səpmişəm” kimi milli kinomuzda öz yerini tutan filmlərin ssenarisini yazıb, üstəlik, ədəbiyyatımızda da seçilən yazıçılardandır.

Komediya, dram janrlarının hibridi olan film əslində maraqlı başlayır. Xüsusən meqafondan Nəsirin şəhərə getməsi haqda elan, elanı verən səsin əhvalatda ayrıca bir obraz kimi iştirakından maraqlı filmə baxacağını güman eləyirsən.

Hərçənd, sonra baş verənlər anlaşılmaz qalır.

Hər halda təxmin edirəm ki, rejissor nəzərdə tutulan ideyanın, problemin doğru bədii həllini tapa bilməyib.

Bir neçə epizod var ki, əhvalatdakı funksiyası naməlum qalır: Məsələn, Nəsirin yolüstü evə gəlib tələsik arvadıyla (Fatma Mahmudova) intim akta girməsi (hərçənd, epizod kinematoqrafik baxımından maraqlı işlənib), mehmanxanada növbətçi qadınla (Lalə Bağırova) dialoqu, həmin qadının bədəniylə xidməti haqda informasiyanı ötürən səhnə...

Anladığım o oldu ki, müəllif Nəsirin simasında şəhər əhalisinin milli köklərindən ayrı düşməsi, milli kimliklərinə özgələşməsi problemini qabartmaq istəyib. Fəqət seçilən ifadə tərzi, bədii həll, şəhər toplumunun öz kimliyindən uzaqlaşması problemini musiqi faktoruyla əsaslandırılması uğursuz işlənib. Başqa cür desək, bu əsaslanma özlüyündə əsassız görünür. Üstəlik, Nəsirin buna görə restoranda faciə düzəltməsi, bu azmış kimi özünün şəxsi faciəsinə çevrilməsi inandırıcı deyil. Musiqi digər sənət növləri kimi beynəlxalq dildir, kiminsə xarici musiqi dinləyib oynaması onun milli köklərindən ayrı düşməsi anlamına gəlmir. Belə bir problemi ekrana gətirmək üçün əsaslı süjet seçilə bilərdi.

Film Mehriban Ələkbərzadənin kinoda ilk işidir.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin operatoru Amin Novruzov, bəstəkarı Cavanşir Quliyevdir.

# 1927 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #