“Ramiz Rövşən kimi ağıllı oğlan nə əcəb şeir yazır?”

“Ramiz Rövşən kimi ağıllı oğlan nə əcəb şeir yazır?”
14 yanvar 2013
# 08:30

Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Ağsatafa rayonunun Zəlimxan kəndində təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində oxuyub. 1989-cu ildən mütəmadi olaraq əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir. Bu yaxınlarda mərkəzi, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilşisi və Azəbaycan Rəsim Komitəsinin başkanı seçilib.

- Nəvai bəy, həyatınızda ikililiklər çoxluq təşkil edir. İki ana, iki iş, canınız qədər sevdiyiniz iki ölkə. (Azərbaycan-Türkiyə). İki imza, üstəlik sosial şəbəkədə iki pofil. Və bəlkə də hələ bizə məlum olmayan digər ikiliklər... (sonuncu cümlə, əlbəttə ki, söhbətimizin səmimi alınmasına təkan vermək üçün idi). Bütün bunlar bir təsadüfmü, yoxsa ikiliyi sevənlərdənsiniz?

- (gülür) Əvvəlcə ondan başlayım ki, xasiyyətcə ikili insan deyiləm. Belələrinə də nifrət edirəm. Həyatımdakı ikililiklərə gəlincə isə, təsadüfdən yarananlar da var, zərurətdən doğanlar da. Körpə olanda anama kömək məqsədilə nənəm məni öz yanına aparıb. Ağstafanın Saloğlu kəndindən Zəlimxan kəndinə . Elə orada da böyümüşəm. Həyatımın ilk ikiliyi də burdan başlayıb. Həm ikinci anam, həm də ikinci vətənim yaranıb. Mən Ağstafada böyüsəm də özümü qazaxlı hesab edirəm, bu da bir ikilik. Çünki köküm İncə dərəsinə bağlıdır. İşə gəlincə, mənim hər zaman bir sənətim olub o da rəssamlıq. Düzdür xüsusi bizneslə də məşğul olmuşam. Baxmayaraq o da elə rəssamlığın bir təzahürü idi, ancaq, özümü o işdə görə bilmədim. Hazırda bu işi oğlum davam etdirir. Azərbaycan-Türkiyə deyəndə isə, burda ikilik yoxdur ki. Dövlət anlamında ikilik olsa da, bir millətik deyilikmi?! İmzam hər zaman Nevai İ. Məmmədoğlu olub. METİN-X yaranandan sonra çoxu məni Metin kimi tanıdı. Bu ad getdikcə imzaya çevrildi.

- METİN-gizli imzanız olsa da, artıq sirri çözülüb. Ancaq X-hələ də sirr olaraq qalır.

- Bəli, dostlar bu sirri açıblar. METİN- qızım Məruzə, oğlum Elbəy, Oğlum Təbriz, sonda da İbrahimov Nəvai. Düzdür, X-i heç bir zaman açıqlamamışam. Qoy sirr olaraq da qalsın.

- Türkiyə ilə Azərbaycanı müqayisə etsək, sənətə, xüsusilə rəssamlığa verilən dəyər çoxmu fərlidir?

- Əlbəttə ki, arada göylə yer qədər fərq var. Türkiyədə sənətçilər, sözün həqiqi mənasında, millətin ruhunu təmsil edir. O ruhu təmsil etmək üçün də sənətçilərin imkanları, iş şəraitləri çox genişdir. Misal üçün elə Aydındakı festivaldan danışmaq istəyirəm. Festival Qaracasu qəsəbəsinin Bazar meydanında açıq havada təşkil olunmuşdu. Ora toplaşan insanların sayı bizi heyrətləndirirdi. Uşaqdan tutmuş böyüyə qədər festival barəsində eşidən hər kəs meydana üz tutmuşdu. Rəsmlərə də ötəri baxıb keçmirdilər. Hər bir rəsmə xeyli müddət maraqla baxır, o rəsmi oxumağa çalışırdılar. Onlar təkcə əsərləri izləmir, əsərlərin yaranma prosesi ilə də maraqlanırdılar. Həqiqətən də hiss edirdin ki, insanlar bura baxmaq xətrinə yox, gözəllik görmək, sənət görmək üçün gəlirlər.

Orada uşaqlar da sənətdən, sənətkardan doğru, düzgün baş çıxara bilir. Bir rəsmimin Quş adasında etüd variantını işləyirdim. Yanıma bir uşaq gəldi. Sevinclə anasına səsləndi ki, anne-anne burda rəssam var. Mən işlədikcə o yan-yörəmə keçib diqqətlə məni izləyirdi. Uşaq o qədər sevgiylə baxırdı, danışırdı ki, çəkdiyimi tərəddüdsüz ona bağışladım. Uşaq rəsmi götürüb azı on dəfə çimərlikdə dairə vurdu. Bu gün bizim ailələrdə uşaqlara daha az şey öyrədirik. Uşaq evdə gördüyünü götürür. Sənətin təbliğatını gücləndirmək lazımdır. Onlara sənət sevgisini aşılamaq lazımdır. Tanınmış sənətkarlar, onların yaratdıqları barədə geniş məlumat vermək gərəkdir. Bu, uşağa düzgün sənət seçimində də böyük kömək olacaq.

Başqa bir misal çəkim. Türkiyədə rəssamların sərgi təşkil etməsi üçün də böyük maliyyə vəsaiti tələb olunmur. Orada qalereyalar rəssamdan heç bir vəsait tələb etmir. Onların qazancı sonda rəssamın salona hədiyyə etdiyi bir əsər olur. Birini də qalereyanın rəhbəri özü seçir. Rəssam iki işini hədiyyə etməklə öz sərgisini təşkil edir. Amma bizdə hər gün üçün pul ödənilməlidir. Ümumiyyətlə bizim pula olan sevgimiz heç nə ilə müqayisə olunmaz. Təəssüf.

- Nəvai bəy, söhbətimizin səmtini şəxsinizə, sənətinizə doğru dəyişmək istəyirəm. Bilirik ki, rəssam olmağınızı ailədə heç kim istəməyib.

- Uşaq vaxtlarımdan rəsm çəkməyə, gördüyüm gözəllikləri nəyəsə köçürməyə, yaşadığım hissləri kağız üzərində ifadə etməyə can atırdım. Ancaq hələ də özümü rəssam hesab etmirəm. Rəssam olmaq böyük məsuliyyətdir, böyük addır. Mənim üçün rəssamlıq müxtəlif duyğuların rənglərlə bəzənərək istənilən dildə danışdığı bir dünyadır. Düzdür, rəssamlıq çox bahalı sənətdir. Şairə nə var ki, heç nə tapmasa da adi salfetin üzərinə də yaza bilər və yaxud da heç yazmadan da yaddaşlarda qala bilər. Bir sadə portreti yaratmaq üçün isə ən azı 30-40 manat lazımdır. Hər zaman şairlərə söyləyirəm ki, sizin probleminiz yoxdur. Ancaq rəssam istəyir, hər hansı bir işə başlasın, baxıb görür ki, məsələn, qırmızı rəngi yoxdur. Almağa imkanı da olmur. Vaz keçir. Adam da var ki, daxilən coşub, daşır. Ancaq çəkməyə nə imkanı, nə də şəraiti var. O zaman içindəkini biruzə vermək üçün neftlə, mazutla, qumla çəkir. Ancaq rəssam dünyaya daha tez çıxa bilir, nəinki şair. Şairin dünyada tanınması üçün yazdıqları mütləq tərcümə olunmalıdır. Rəssam əsərində isə tərcüməyə ehtiyac yoxdur. Burada rənglər danışır. Türkiyədəki sərgilərin birində bir nəfər rəsmimə çox diqqətlə baxırdı. Ona yaxınlaşıb bəyənib-bəyənmədiyini soruşdum. Bildirdi ki, çox gözəldir. Rəsmin adını soruşdu məndən. Söylədim ki, bu rəsmə hər kəs özü ad verə bilir. O bildirdi ki, mən bu rəsmə baxdıqda həyatın oyun olduğunu duyuram. Rəsmin arxasını çevirdim, həqiqətən də adı “Oyun həyat” idi.

- Bəzi şairlər şeir yazmağı Allah vergisi kimi dəyərləndirirlər, bəziləri isə çox oxumağın vacibliyini vurğulayırlar. Bəs rəssamlıqda necədir? Gözəl əsər yaratmaq üçün hansı şərtlər gərəkdir?

- Bir dəfə mənə bir sual verildi ki, əsərləriniz haqqında nə deyə bilərsiniz. Cavabım belə oldu ki, onu deyə bilərəm ki, onları mən çəkmişəm. Rəssamlıqda “mütləq bunu çəkməliyəm” prinsipi yoxdu. Qəfildən hansı əsərin hansı hissəsində dəyişiklik etmək fikrinə düşürəm. Kənarda olsam, dərhal özümü evə çatdırıb o işi həyata keçirməliyəm. Bir işə adaptasiya olmadan başlamaq çox çətindir. Elə iş var ki, beynində 3-4 saat işləyirsən. Onu kətana köçürməyə cəmi 10 dəqiqə vaxt lazım olur. Ola bilər ki, bir mövzu beyninə gələr, heç bir ilə də onu işləyib qurtarmaq mümkün olmaz. Şərait də burada əhəmiyyət kəsb edir. Bir də gördün ki, hər hansı bir musiqi, şeir səni yaratmağa ruhlandırır.

Hətta kədərlənəndə, ağır hisslər keçirəndə də yaratmaq mümkündür. “Dunyanın dağılması” rəsmim var. O rəsm Türkiyədə yaxın bir dostumun gözləmədiyim bir hərəkətinin nəticəsində yaranıb. Fikirləşdim ki, dahi kimi tanıdığım insanın bu cür hərəkətə yol verməsi dünyanın dağılması kimi bir şeydir. Həmin gün çox pis vəziyyətə düşdüm və “Dünyanın dağılması” rəsmim də o gün yarandı. Mənim üçün zamanın, məkanın, ampulanın əhəmiyyəti yoxdur. Bəzən rayondan gələrkən gördüyüm bir mənzərə məni çəkməyə məcbur edir. Yol boyu beynimdə yalnız o rəsmi canlandırıram. Həmin anda fikirləşdiyim yeganə iş evə tez çatmaq olur. Evə çatan kimi bir başa emalatxanama girirəm. Və beynimdəkiləri kətana köçürürəm. Adətən rayondan gələndə yorğunluğumu atmaq üçün günlərlə yatdığım halda həmin gecə gözümə yuxu girmir. Bununla həm də bir növ dincəlirəm, rahatlıq tapıram. Hərdən fikirləşirəm ki, yaxşı ki, rəssamlıq var. Elə ki emalatxanama girdim bütün kədərimi, hirsimi unudub rənglərin dünyasına qərq oluram. Ora mənim qapalı dünyamdır. Orda özümü rahat və özgür hiss edirəm. Bir söz var , deyir, sən mənim hara baxdığımı deyə bilərsən, amma nə gördüyümü deyə bilməzsən. Orda nə hiss keçirdiyimi ancaq özüm bilirəm.

- Sifarişləriniz olurmu? Ümumiyyətlə, sifarişlə yaranan əsərdə sənətdən danışmaq nə dərəcədə düzgündür?

- Bəli, sifarişlər də götürürəm. Bu sifarişlər dolanışığı təmin etməsə də, sənətimin inkişafında mənə kömək olur. Kətan, boya, fırça, çərçivə və sair ləvazimatlar almaq üçün sifariş götürmək də gərəkdir. Əlbəttə ki, çəkdiyim hər bir rəsmdə sənətdən danışmaq olar. Sənətkar yaratdığı hər bir əsərə ürək qoyur. Ürəkdən gəlməsə də, ürək qoymadan yaratmaq mümkün olası iş deyil. Ürək qoyulan hər bir işdə də sənət danışır. Və bir şey də var ki, rəssamlıqdan qazandığım 10 manat biznesdə qazandığım 100 manatdan şirindi mənə.

- Hansı mövzu, hansı üslub sizə yaxındır?

- Özümə yaxın hiss etməsəm heç bir mövzuda çəkə bilmərəm. Üsluba gəlincə, daha çox realist üslubda çəkirəm. O üzdən çox adam mənim əsərlərimdə doğmalıq tapa bilir. Digər üslublarda da işlərim olsa da realist üslub mənə daha yaxındır. Abstrak şəkillərdə də fikir demək olur. Ən azından rəssam nə demək istədiyini özü bilir, baxan anlamasa da. Ancaq elə fikirləşirəm ki, abstrak əsərlər bir ad altında çəkilməlidir, “Yuxu”. Çünki abstark üslubda çəkilənlər reallıqda mümkün olası işlər deyil. Mənim üçün abstrak rəsmdən ağ kətan daha maraqlıdır. Bir dəfə sərgiyə baxırdım. Divarda çərçivəsiz boş kətan asılmışdı. Fikirləşdim ki, yəqin kiminsə işinin yeridir, gətirib asacaqlar. Yaxınlaşanda gördüm ki, kətanda rəssamın da, işin adı yazılıb, “Sənsiz”. O ağ kətan mənə abstraksionistlərin işindən daha çox məntiqli gəldi. Rəssamlıqda fikirləşmədən çəkilmiş, tam təsadüfdən yaranan əsərlər də var. Bu hallar məndə də olur. Rəngləri qarışdıranda da gözlənilmədən bir rəsm çıxır ortaya. Dəyərli əsərimə gəldikdə isə, bütün əsərlərim mənim üçün doğmadır. Çünki onların hamısını mən çəkmişəm.

- Bir müddət rəssamlıqdan uzaqlaşmısınız...

- Mən də bir ara maddi problemlər ucbatından sənətdən uzaqlaşdım. Məni sənətə qaytaran Əbülfəz Elçibəy oldu. O zamanlar mənim 1988-ci ildə “Şəhriyar” əsərim hansısa mətbu orqanda çap olunmuşdu. Elçibəy o rəsmi görüb rəssamı axtarmışdı. O vaxtlar mən Rəssamlar İttifaqının üzvü də deyildim.

Bir gün professor Mürsəl Həkimov Elçibəyin yanında olub və bəy ondan məni soruşub. Mürsəl müəllim də məni yaxşı tanıdığını bildirib. Mürsəl müəllim dedi ki, bəy səni görmək istəyir. Doğrudur, əvvəlcə inanmadım. Bildirdim ki, bəy hara, mən hara.

Dedi ki, sənin əsərini görüb və səninlə görüşmək istəyir. Yaxşı yadımdadır, cümə günü idi, BAB-ın toplantısı vardı. Toplantıdan qabaq görüşdük. Məndən soruşdu ki, təzə hansı əsərlərin var. Mən də cavab verdim ki, mən artıq rəssamlıq etmirəm, şəxsi bizneslə məşğulam. Bəy mənə bildirdi ki, dolanışığını təmin etmək cəhdlərini bəyənir, alqışlayıram. Ancaq o maddi qazancın mənəviyyata xidmət etməlidir. Əks təqdirdə mənəviyyatın cılızlaşar. O görüş mənim həyatımı dəyişdi və mən yenidən sənətə qayıtdım. İndi Elçibəyin həmin sözlərini öz övladlarıma nəsihət edirəm.

- Nədənsə mənə elə gəlir ki, “Ana” əsrinizə çox həssas yanaşmısınız.

- Bəli, “Ana” rəsmim ayrıca bir aləmdir. Anam (məni 6 aylığımdan ana nənəm saxlayıb böyüdüb) 94 il yaşadı. Heç zaman eşitmədim ki, kiminsə barəsində pis bir söz danışsın. Anam məni çox ərköyün böyütdü. Bir kimsənin ixtiyarı olmazdı ki, onun yanında mənə güldən ağır bir söz desin. Əziz-xələf övladı olmuşam. Yeməyimə qədər nazımı çəkirdi. Anamın tərbiyə edib böyütdüyü bütün uşaqlar ali təhsil alıb. Mən instituta daxil olan il instituta qəbul olanların evlərinə təbrik məktubu yazırdılar. Mən də imtahan verib kəndə getmişdim, evimizə məktub gəldi. Məktubu görəndə əvvəlcə qorxdum, açanda gördüm ki, anama təbrik yazıblar. Sevinclə məktubu aparıb anama verdim. O məktubu götürüb bütün kəndi gəzdirirdi. Hər kəsə də deyirdi ki, indiyə qədər heç bir balam mənə məktub gətirməmişdi. Əziyyətinin mükafatını almışdı sanki. Dünyasını dəyişən günə qədər ən çox mənim yanımda yaşadı. Bizdə özünü çox sərbəst hiss edirdi. Bu gün də onun xatirəsi mənimçün çox əzizdir və sona qədər də əziz olacaq. Kənddə onun xatirəsini əbədiləşdirmək üçün bulaq tikmişəm. Sədət bulağı. Adı Səadət olsa da kənddə hamı ona Sədət ana deyirdi.

- Şeir yazmağınız da var. Nəzərə alsaq ki, şeiri heç də rəsmdən az sevmirsiniz.

- Yox, şeir yazmıram. (gülür) Şəkil çəkmək elə şeir yazmaqdı da. Şeir hara, mən hara. Ramiz Rövşənin tələbə yoldaşı eşidəndə ki, Ramiz şeir yazır, deyib ki, ola bilməz, o, ağıllı oğlanıydı axı...

Rumiyyə MİRASLAN

# 4930 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #