Tahir Salahovun ev muzeyindən - REPORTAJ

Tahir Salahovun ev muzeyindən - REPORTAJ
19 mart 2014
# 12:42

Aqava. Vətəni Meksika olan bu bitki yerdən sıx budaqları-yarpaqları vasitəsilə boy verib şaxələnir. Yarpaqları üzərindəki tikanlar isə onları müdafiə edir. Aqava ailədir. Bu sıx, bir-birinə yapışmış kimi boy vermiş lətli yarpaqlar da sanki bir-birini sevən, bir-birini əziz tutan ailə üzvləri. Belə olmasa Meksika səhralarında amansız küləklərin cəhəngindən xilas olmaq mümkün olmaz.

Tahir Salahov. Onun titullarını, fəxri adlarını, mükafatlarını, vəzifələrini bir-bir sadalasaq, yəqin yarım səhifədən çox edər. Onun haqqında nə demək olar axı? Sadəcə bir şeyi nəzərə çatdırmaq kifayət edir. O, Azərbaycanın XX əsrdə dünyaya bəxş etdiyi nəhəng insanlardandır. Onun fırçası, rənglər dünyası bəs edər ki, Azərbaycan rəssamlığı haqqında fəxarətlə danışaq.

Tahir Salahovun çətin, məhrumiyyətlərlə dolu, faciəvi taleyi çoxumuza tanışdır. 1937-ci ildə 9 yaşında ikən bir gecə atasını evdən aparıblar. Və altı nəfərlik ailə başsız qalıb. Aclıq, yoxsulluqdan əziyyət çəkən, saysız məhrumiyyətlərə düçar olan ailə ayaqda qalmaq üçün həyatla çarpışmalı olur. Bu ailənin üzvləri “xalq düşməni”nin övladları olduğu üçün üzlərinə qapılar bağlanır.

Bu amansız sistemdə bacı və qardaşlar bir-birinə ancaq söykənib ayaqda qala bilərdi. Bir aqava kimi.

Ancaq bu şəkildə ayaqda durmaq, dözüm göstərmək olardı.

Bəlkə buna görə də Tahir Salahov aqava bitkisini ailə simvolu seçib. Anası Sona xanımın məşhur portretini aqava fonunda çəkib. İllərin qardaşlaşdırdığı dostu Maqsud İbrahimbəyovun rəsmini aqava fonunda çəkib.

Çünki Tahir Salahov üçün aqava ailə bağlarının simvoludr.

Bütün bunları sizə mən demirəm, bələdçi qız deyəcək. Tahir Salahovun İçəri şəhərdə yerləşən ev muzeyinin qəhvəyi geyimli bələdçi xanımı...

***

Bayram günlərində muzeyə getmək istəsəniz üz tutun İçəri şəhərə “İlyas Əfəndiyev küçəsi 55” ünvanına. Nəhəng bir dağa bənzəyən binanın qara dəmir qapılarını döyün. Amma ürəyinizdə o məşhur sehri oxumağı da unutmayın: “Açıl, sim-sim açıl”

Çünki bu qapı açılandan sonra Əlibaba kimi xəzinə ilə dolu bir dünyaya düşəcəksiniz. Bura Tahir Salahovun ev muzeyidir.

Tahir Salahov bir müddət bu binada yaşayıb, yaradıcılıqla məşğul olub. Binaya daxil olan kimi sizi Tahir Salahovun “Sənə, bəşəriyyət!” tablosunun reproduksiyası qarşılayacaq. Əsli Dövlət İncəsənət muzeyində saxlanılır. Əsər 1959-cu ildə çəkilsə də ilk dəfə 12 aprel 1961-ci ildə, Yuri Qaqarinin Kosmosa uçduğu gün Bakıda təşkil edilmiş respublika bədii incəsənət sərgisində nümayiş etdirilib.

Divar boyu uzanıb gedən fotolarda Tahir Salahovun müxtəlif illərdə müxtəlif insanlarla rəsmi görüşlərdə, ziyafətlərdə, dost məclislərində, tədbirlərdə çəkdirdiyi fotolar yer alıb. Bunların arasında İohann Pavel də var, Boris Yeltsin də, Yevgeni Yevtuşenko da var, Maykl Cekson da, Robert de Niro da.

Birinci mərtəbənin sonunda mətbəx tərəfdə bir masa var. Masanın başındakı kresloda adətən Tahir Salahov muzeyə gələndə oturur. İstəsəniz siz də bu kresloda əyləşə bilərsiz. Şəkil çəkdirib İnstagrama yükləməyə isə hələ tələsməyin. Növbəti mərtəbədə Tahir Salahovun emalatxanasında istəsəniz molbert önündə də dayanıb şəkil çəkdirə bilərsiz və ya ustadın qədim üslubda hazırlanmış yazı masasına keçib əyləşərsiz. Tahir Salahovun molbertinin qənşərində dayanmaqla böyük rəssam olmayacaqsız, amma İnstagramda bir neçə like-a zəmanət verirəm.

Muzeydə tez-tez səhənglərə, məcməyilərə, ümumiyyətlə misdən düzəldilmiş müxtəlif qablara rast gələcəksiniz. Tahir Salahov misgərlik işlərini kolleksiya etməyi xoşlayır. Burdakı eksponatların çoxu XIX əsrin işləridir. Döşəməyə isə müxtəlif kilimlər, xalçalar döşənib. Bəzilərinin üzərində Karl Marksın, Leninin, Engelsin, Nərimanov və Leninin, Stalinin təsvirləri var. Təəccüblü burasıdır ki, burda tarixi şəxsiyyətlər özlərinə heç oxşamırlar. Yəqin usta rəssam bu əsərləri tarixi şəxsiyyətlərə marağından deyil, “incəsənət xətaları”na marağından kolleksiya edir. Neçə-neçə bənzərsiz portretlər yaratmış rəssam üçün yəqin ki, bu bir əyləncədir. Bəlkə də başqa sirri var.

Üçüncü mərtəbədə yenə də rəssamın müxtəlif əsərlərinin eskizlərini, reproduksiyalarını görəcəksiniz. Yandakı otaq isə rəssamın yataq otağıdır. Əminəm ki, bir rəssamın yataq otağı da müğənni yataq otağı kimi izləyicilərdə maraq doğuracaq.

Muzeyin növbəti salonunda, mərtəbə aralarında rəssamın müxtəlif əsərlərini görəcəksiniz. Bu orijinal əsərlərə yaxından baxmaq, ustadın rəsm texnikasına yaxından nəzər yetirmək imkanınız olacaq.

Onun Abşeron kompozisiyaları, natürmortları sizi valeh edəcək.

Paolo Koelyonun “Kimyagər” əsərində qəhrəmanı xəzinə axtarmaq üçün uzaq-uzaq ölkələr gəzir, sonda məlum olur ki, xəzinə onun elə öz ölkəsində yatdığı yerdəymiş. Dünyanın rəsm incilərini seyr etmək üçün, Luvra, Ermitaja, Nyu-York Metropolitan muzeyinə getmək lazım deyil. Xəzinə öz vətənimizdədi. Tahir Salahovun ev muzeyində.

# 6578 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #