Dostu həm vəzifəsini əlindən aldı, həm də qadınını

Dostu həm  vəzifəsini əlindən aldı, həm də qadınını
5 sentyabr 2019
# 21:00

Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür. Kulis.az bu münasibətlə Ramilə Qurbanlının onun haqqında xatirə yazısını təqdim edir.

Yayın əvvəl ayında, iyunun 27-də həyatdan bir müharibə uşağı, talesiz ata, ər, etibarsızlıqdan sarsılan dost, dəyərini, potensialını özü ilə aparan sənətkar getdi.

Kiminsə qəlbində sadəcə həzin, xoş xatirəsi qaldı, sadəcə qoyub getdiyi obrazlarla... Kimsə “Ondan bir də olmayacaq” dedi. Əksəriyyət isə ... Heç təəssüf belə demədi.

Müharibə övladı

Balacaboy, tösmərək bir oğlan, qoltuğuna vurduğu tar boyda idi az qala, Bakının dar dalanları ilə bu tarı güclə daşıyıb hər gün dərsdən sonra “Pionerlər evi”nə gedərdi. O vaxt üçüncü sinifdə oxuyurdu, tarı çox sevirdi, amma dram dərnəyinə gedən Hacıağa adlı dostu ona o qədər teatrın əlçatmaz gözəlliklərindən danışdı ki, bir gün o da dostuna qoşulub dram dərnəyinə yollandı. İlk məşqlər, ilk tamaşalar və ilk rol... Beləcə gələcəyin, məşhur, sevimli aktyorunun həyat yolu və taleyi müəyyən olundu.

1935-ci ildə sentyabrın 5-də Bakıda sürücü Məmmədağa kişi və onun xanımı, evdar qadın Anaxanımın kasıbvarı komasında bir oğlan uşağı dünyaya gəldi. Adını Səyavuş qoydular ki, uşağın bəxti yüyrək olsun, bu ad fars dilindən atlı mənasını verir. Hamının uşağı kimi küçədə oynayır, deyir-gülür, axşam evə yığışırdı. Məktəbə gedəndən sonra o vaxtın əksər ailələri kimi uşağı ya musiqiyə, ya idmana, ya da hansısa dərnəyə yazdırmalı idilər. Bu uşaq tarı seçdi, üç il sonra isə könüllü dram dərnəyinə keçdi.

Səyavuşun taleyi yüyrək oldu deyəsən, həyatda hər şey sürətlə, hələ yaşı çatmamış gəlib onun taleyindən keçdi, iz buraxdı.

Böyük Vətən müharibəsinin şətəsi bu ailədən də yan keçmədi, taleyinə müharibə dövründə yaşamaq yazılmış hər bir insan bu və ya digər dərəcədə dövrünün qurbanı olur. Bu uşaq da hələ orta məktəbin ilk illərində müharibənin dəhşətlərini yaşadı. Hər şeydən qurtulmaq üçün işləmək, çalışmaq lazım idi, artıq oxumağa vaxt qalmırdı.

7-ci sinfi bitirib Dəmiryol Texnikumuna qəbul olunur ki, tezliklə əli bir sənətin sahibi olub çərəkpuluna çatsın. Oxuya-oxuya isə həyatın bütün çətinliklərinin, ağrı-acısının yükünü getdiyi “Dram dərnəyi”ndə müəllimi Ağadadaş Qurbanovdan öyrəndikləri sayəsində çiyinlərindən boşaldırdı. Onunla birgə həmin dərnəyə məhəllə dostu Həsən də gedirdi. Sonralar bu iki nəhəng aktyor Azərbaycan kino və teatr mədəniyyətinin iki möhtəşəm sütunu olacaqlar – Səyavuş Aslan və Həsən Turabov.

Ağadadaş Qurbanov Səyavuşu peşəkar teatr səhnəsinə gətirmək üçün çox sınaqlara çəkirdi, ən çətin, fərqli obrazlar verirdi. Aktyor hamısının öhdəsindən gəlirdi.

Səyavuş Aslan 1954-cü ildə ilk dəfə peşəkar teatr səhnəsinə Musiqili Komediya Teatrı səhnəsində xorun solisti kimi çıxır. Xorda işləyən Səyavuş Lütfəli Abdullayevin oynadığı bütün rolları o qədər sevir ki, bu rolları özündən asılı olmayaraq əzbər bilirdi.

Bir gün “Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün ona Lütfəlini əvəz etməyə icazə versin. Başqa yol yox idi.

Səyavuş Aslan Vəli obrazında yeni heç nə deyə bilməsə də rolun öhdəsindən gəlir, çünki təpədən-dırnağa Lütfəlini yamsılamağı onu vəziyyətdən çıxardırdı.

Həmin illərdə bu iki aktyor arasına ata-bala münasibəti yaranmışdı. Lütfəli bu inadkar, oynamaq istəyi ilə yanıb-qovrulan gənci çox sevirdi, hətta hərdən özünü xəstəliyə vururdu ki, Səyavuşun səhnəyə çıxıb özünü göstərmək imkanı olsun.

Məşədi İbad “qubbaxda

Əsgərlikdə də Səyavuş sevimli peşəsi ilə məşğul olurmuş. Şəhər Mədəniyyət Evinin tamaşalarında oynayırmış. Bir dəfə hətta rol aldığı tamaşanın premyerasına getməyə onu hərbi hissədən buraxmırlar. Səyavuş hissədən qaçır, əsgər paltarını isə dəyişib stulun başına keçirir, tamaşaya gələn patrul təsadüfən açıq pəncərədən əsgər paltarını görür. Maraqlanır və həqiqət çıxır ortaya.

Səyavuş Aslan İlham Rəhimlinin onun haqqında yazdığı kitabda özü bu barədə danışıb ki, zalıma nə qədər dil tökdümsə, tamaşanın ikinci hissəsini oynamağıma möhlət vermədi: “Məni tutub apardı ki, hərbi hissədən icazə kağızım olmadan çıxmışam. Özü səhnəyə çıxıb Məşədi İbadın ikinci hissəni oynaya bilməyəcəyini söylədi, dedi Məşədi İbadı tutub aparırıq, üç sutkalıq”.

Əsgərlikdən sonra Səyavuş Aslan gah Kukla Teatrında, gah Quba Dövlət Dram teatrında çalışır, amma hiss edirdi ki, yerində deyil. Nəhayət, bir gün onu Musiqili Komediya Teatrına dəvət edirlər. Artıq Şəmsi Bədəlbəyli teatra rəhbərlik etdiyi vaxtlar idi. Amma onu aktyor heyətinə götürmürlər, bunun üçün o vaxt aktyor kimi uğurlu bir rolla sınaqdan keçməli idin.

Şəmsi Bədəlbəyli “Yoy” tamaşasına quruluş verəndə Qoşun rolunda Lütfəli Abdullayevə Səyavuşu dublyor verir, amma deyir ki, premyera sənin sınağın olacaq. Premyera günü Şəmsi Bədəlbəyli mötəbər qonaqları nəzərə alıb sözünü geri götürür, qoyun Lütfəli özü oynasın deyir. Səyavuş çox pərt halda, amma ötkəm səslə: “Ya premyeranı oynayıram, ya gedirəm”, -deyir. Şəmsi Bədəlbəyli deyəsən gələcəyin potensial aktyorunu itirə biləcəyini anlayıb razılıq verir. Səyavuş sınaqdan uğurla çıxır və sabahısı gün teatrın aktyor heyətinə qəbul olunur.

Onun sənət taleyində Mirzəağa Əliyevin, Cahangir Zeynalovun böyük rolu var, hər ikisi heç bir məktəb keçməyən Səyavuş Aslan üçün əsil sənət məktəbi olublar. Daha bir uğuru Lütfəli Abdullayevlə olan münasibətləri idi. Özünün də bir vaxtlar etiraf etdiyi kimi həyatda atasını itirəndə hələ həyatı dərk etmədiyindən almadığı zərbəni Lütfəli Abdullayev dünyadan köçərkən, onu itirərkən alıb.

Səyavuş Aslan adı artıq afişalarda parlayır, tamaşaçılar onun adına teatrın tamaşalarına gəlir. Yavaş-yavaş kino dəvətləri başlayır. Teatrda bir-birinin ardınca təkrarçı, eyni səpgili, komik rollar oynayan aktyor kinoda bəzən faciəli obrazların öhdəsindən belə məharətlə gəlməyi bacarırdı.

Nə kinoda, nə də teatrda onun rollarını sadalamayacam. Səyavuş Aslan dövrümüzün sənətkarı olub və rollarını hamımız bilirik. Amma onun bir insan kimi, bir sənət adamı kimi zəmanəmizdəki rolu hamı üçün aydın deyil.

Səyavuş Aslan səhnədə eyni və daha çox komik rollar yaradıb. Bu onun potensialından irəli gəlmirdi, əksinə, onun zəngin potensialını ortaya çıxarda biləcək dərin dramaturji material yox idi. Gəncliyində də, orta yaşda da, ömrünün sonuna qədər ürəyindən xəbər verən, içini göstərə bildiyi bir rol yazılmadı onun üçün. Son illər Milli Dram Teatrının səhnəsində Gürcü müəllifin “Kaş, araba aşmayaydı” tamaşası məxsusi onun üçün tamaşaya qoyulsa da yenə Səyavuş Aslan sənətkarlığı üçün az idi. Bax, bu sənətkarın faciəsidir.

Səyavuş Aslan təbiətcə kəskin təzadlı xarakterə malik insan idi. O, həm həyatından çox sevdiyi qadını Ofeliya Aslan üçün göz yaşları tökürdü, həm də onu dəlixanaya saldırmağa qadir idi. Həm müxtəlif şirkət rəhbərlərindən, brend firma mağazalarından bir kostyum istəyəcək qədər enə bilirdi, həm də ölkə prezidenti ilə üzbəüz gəlmə məqamında özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edəcək qədər yüksəklikdə görünürdü.

Qibtə edilən sevginin iflası və sənətdə tənəzzül

25 il Musiqili Komediya Teatrında çalışdı. Oranın bədii rəhbərinə qədər ucaldı.

Həmin illər ərzində bu teatrda nəhəng sənət simalarından ibarət gözəl kollektiv formalaşmışdı. Onların arasında gənc, gözəl Ofeliya da vardı. Sevgi özünü gözlətmədən gəldi. Bir-birinə həm xarakter, həm zahiri görkəmcə çox bənzəyən bu iki gənci bir yerdə görməyə alışmış gözlər, bir gün onların toy sevincini də yaşadı, övladlarının doğuluşu münasibəti ilə təbriklər də söyləmək düşdü qismətlərinə.

Teatrın kollektivi elə bil bir ailə idi, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan üçlüyü isə Bəşir Səfəroğlu, Lütfəli Abdullayevdən sonra səhnəni çiyinlərində şərəflə daşıyırdılar, bəli səhnə böyük sənətkarların çiyinlərində daşınır və ötürülür.

Şan-şöhrət, sənət yanğısı, uğur, ailə xoşbəxtliyi hamısı eyni vaxtda gəldiyi kimi bir gün ya bir-bir, ya da elə gəldiyi kimi eyni vaxtda əldən çıxa bilərmiş.

İllər bir-birini əvəz etdikcə nədənsə sabahkı günə həsrətlə deyil, keçən günə təəssüf və həsrətlə yaşayırsan.

Yaxşı yaradıcı, mehriban kollektiv dağılmağa başlamışdı. Teatra, sənətə, sənətkara münasibət də dünənki kimi deyil nəysə, axı 90-cı illər astanadadır. Elə bil lənətlənib bu illər hər gələn ili o birindən ağır gəlir. Bu illər mədəniyyətimizin tənəzzül illəri idi. Təbii ki, hər bir sənətdə tənəzzül onun sənətkarının məhvidir.

O, qadınların deyil, qadınlar onun arxasınca gələrdi

Üstəlik də ailədəki problemlər. Səyavuş Aslan qadın düşkünü deyildi, o, heç bir qadının arxasınca düşməzdi, sevdiyi xanımı onun üçün bütün başqa qadınlardan üstün idi, amma onun şöhrətinə aludə olan qadınlar vardı ki, Səyavuş Aslana rahatlıq vermirdilər. Bəlkə də haqqında yayılan söz-söhbətlər, şayiələr bu qadınların uydurması, xəyalı idi. Ofeliya Aslan isə qadındır-zəif məxluqdur, bu şayiələrdən artıq təngə gəlib, psixoloji problemlər baş qaldırıb onda. Səyavuş Aslan sadəcə sevgisini büruzə verən insan deyil, ailəsini sevir, ürəyi onlarladır, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmaq onun xislətinə xas deyil.

Belə kişilərin ailəsində təbii söz-söhbət əskik olmur. Qadının dığ-dığından isə qurtulmaq üçün ya boşanmaq lazımdır, ya da...

Səyavuş Aslan hər ikisinə əl atır, həm illərlə səhnəni, həm də yastığını bölüşdüyü sevimli Ofeliyadan ayrılır, üstəlik onu psixoloji dispanserə təhvil verir.

Teatr sənətinin tarixinə qızıl hərflərlə yazılmış məşhur “Hicran”ın qəhrəmanları arasında da hər şey qaydasında deyil. Nəsibə Zeynalova Səyavuş Aslanı xanımına göstərdiyi onun anlamına görə anlayışsızlığa görə qınayıb-küsüb ondan.

Hətta “Hicran” tamaşası lentə yazılıb tarixə köçürülən zaman o üç aktyorun üçü bir-biri ilə danışmırmış. Düzdür, o vaxt hələ Səyavuş Ofeliya ilə ayrılmamışdılar, qadının psixoloji durumu da pozulmamışdı, amma artıq narazılıqlar axarından çıxırdı.

Hacıbaba Bağırovun Səyavuş Aslanın yerinə keçməsi ona zərbə olub

İllərin dostları Hacıbaba Bağırovla Səyavuş Aslan arasındakı soyuqluğa isə səbəb tamam başqa amillərdir. Burda həm birincinin ikincinin yerinə göz dikib, dostluğu tapdayıb xəbərdarlıqsız onun vəzifəsinə sahib çıxması amili vardısa, qadın məsələsi də istisna olunmurdu. Onlar hər ikisi bir qadınla münasibətdə olmuşdular, biri digərinə beləcə sayğısızlıq etmişdi. Düzdür, bədii rəhbər təyinatla olurdu, amma iki dostdan biri o birinin yerinə gəlməyə razılıq verirsə bu ikinci dostu incitməyə bilməzdi.

Səyavuş Aslan Musiqli Komediya Teatrının bədii rəhbərliyindən çıxarılanda həm də sinəsində övlad nisgili vardı, övladlar ata-ana arasında olan soyuq münasibətdən, valideynlərin onlara qayğısızlığından “bəhrələnmişdilər”.

Şöhrət bəzən insanın gözünü elə tutur ki, bu şirin “pərdə”dən başqa heç nəyi görə bilmirsən. Görə bilmirsən ki, sənin həyatında başqa dəyərlər var ki, onları gözdən qoysan sadəcə itirə bilərsən, övlad kimi, həyat yoldaşı kimi-ailə kimi dəyərlər. Onlar qayğısızlıqdan, sevgisizlikdən yanlış istiqamətlərə düşə bilərlər.

Səyavuş Aslan Ofeliyası ilə bir evdə iki yad adamlar kimi yaşayırdılar. Gecələdiyi doğma teatr da, vəzifə də beləcə əldən getdi. İndi qarşıda onu nə gözləyir? Üstəlik insanların etibarsızlığı. Ən yaxın dost onun kreslosunda və bir vaxtlar ciblərinə pul qoyduğu, problemlərini həll etdiyi həmkarları indi həmin dostun ətrafında.

Bundan ağır stress, arxadan zərbə başqa nə ola bilərdi.

Bir vaxtlar üzündən xoş gülüş əksik olmayan insan beləcə aqressiya ilə yüklənir. Milli Dram Teatrına onu uşaqlıq dostu, həmin vaxtlar teatrın rəhbəri olan Həsənağa Turabov gətirir. Bu teatrın səhnəsində də maraqlı obrazlar imza atırdı Səyavuş Aslan, amma insan bütün insanlara qarşı aqressiya ilə yüklənmişdi. Teatrda onu sevən çox az adam olardı, çünki heç kimə xoş münasibət göstərmirdi, onda xoş əhval qalmamışdı. Yalnız çox az bir-neçə adam bütün bunları bilirdi və Səyavuş Aslanın əslində çox kövrək qəlb sahibi olduğunu dəyərləndirib ona münasibətini dəyişmirdi.

Əgər həmin vaxtlar bu böyük sənətkarın içinə aqressiya, insanlara inamsızlıq qəzəb hakim kəsilmişdisə, illər ötdükcə qəlb öz sözünü deyirdi, kövrəkləşir, həzinləşir, günahları üçün özü öz qarşısında hesabat verirdi. Hesabat zamanı isə heç kim, hətta insanın öz məni belə onu bu günahları eləməsinə gətirib çıxaran səbəbləri araşdırmır, haqq qazandırmır, sadəcə mühakimə edir.

Belə çıxır ki, nə həyatda bir işin sahibi olmadın – ata, ər, oğul kimi. Nə də səhnədə olmaq istədiyin kimi ola bilmədin. Niyə yaşadın, nə dedin, kim oldun? - bu sualları hər gün özünə verir, göz yaşlarını qəlbinin çatlarına axıdırdı. Bəzənsə o göz yaşları elə efirdəcə özünü büruzə verirdi. Xüsusən də ailəsinə-həyat yoldaşına qarşı haqsızlığında özünü günahkar bilirdi, qınayırdı. Ofeliya üçün hər şey edirdi, bəlkə günahını yuyar deyə bazarlığına qədər daşıyıb yaşadıqları eyni mənzildəki otağına gətirərdi, qadın qəlbi bağışlamırdı ki, bağışlamırdı.

Ömrünün axırına qədər də belə oldu, o, bunu, bu da özünü bağışlamadı.

Beləcə xanımından sonra yaşadığını da saya almayan, ömründən hesab etməyən bir kişi, sənətkar sakitcə, səssiz-səmirsiz, təəssüfsüz, göz yaşısız köçdü həyatdan. Soyuq, boş divarlar arasından əbədi soyuq torpağa köç etdi.

Yayın əvvəl ayında, iyunun 27-də həyatdan bir müharibə uşağı, talesiz ata, ər, etibarsızlıqdan sarsılan dost, dəyərini, potensialını özü ilə aparan sənətkar getdi. Kiminsə qəlbində sadəcə həzin, xoş xatirəsi qaldı, sadəcə qoyub getdiyi obrazlarla... Kimsə ondan bir də olmayacaq dedi. Əksəriyyət isə ... Heç təəssüf belə demədi.

Bu gün Xalq artisti Səyavuş Aslanın 78 yaşı olur.

2013

# 18221 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #