Ofisdə işləyən aktyor: “Söz vermişəm Oskar alacam”

Ofisdə işləyən aktyor: “Söz vermişəm Oskar alacam”
7 iyun 2016
# 17:23

Taleh Yüzbəyovu teatrda işlədiyi vaxtlardan tanıyıram. İllər əvvəl Pantomima teatrında “Çiço solusi”, “Kor qız” kimi tamaşaların, nömrələrin müəllifi kimi. Kinodan, ədəbiyyatdan zövqlə söhbət etmək mümkün olan az sayda aktyorlardan biri kimi. Bir gün Taleh teatrdan çıxıb başqa bir işə düzəldi. Söz oynatmaq kimi olmasın, Taleh teatrdan çıxdı, amma teatr Talehin canından çıxmadı. Sosial şəbəkədən bir xeyli adamı güldürməyə, ağlatmağa, təsirləndirməyə davam elədi.

Kulis.az “Jey –ho”, “Əgər qadınlar olmasa” kimi video roiklərin müəllifi, aktyor-rejissor-ofis işçisi Taleh Yüzbəyovla müsahibəni təqdim edir.

- Taleh, universitetin aktyorluğuna düşmək üçün nə qədər əlləşdiyini bilirəm. Çox istədiyin bir fakültədə oxuyub istədiyin peşə üzrə işləyə bilməmək...

- Nə qədər poetik səslənsə belə deyim: elə bil üzgüçülüyü öyrənib, dağa göndərilmişəm və öyrəndiklərimi heç cür tətbiq edə bilmirəm. Səhnədə oxuyan, rəqs edən, tullanıb-düşən adamın kompüter arxasında oturması zülmdür. Çox əsəb keçirirəm. Amma burda da dinc oturmuram, tez-tez hoqqa çıxardıram. Aktyor üçün hər yer teatrdır. Həm də ofisdə işləyə-işləyə 10-a yaxın müxtəlif videolar, lovestory-lər, sosial çarx çəkmişəm. Amma çox darıxıram.

- Bu yaxınlarda bir film rejissoru ilə müsahibə elədim. Müstəntiq işləyir, az büdcə ilə də olsa film çəkib. Başqa sahədə işləyib sənətlə məşğul olmağın çətinliyi və üstünlüyü var?

- Həm çətinliyi, həm üstünlüyü var. Çətinlik odur ki, sən bu sahənin əhatə dairəsindən kənarda olursan, kolleqalarınla görüşüb, söhbət eləyə bilmirsən, günün böyük hissəsini və enerjinin başqa işə həsr edirsən. Məsələn, mən günümün 9 saatını dublikat eləmək, hesab faktura yoxlamaq, müştərilərlə telefonla danışmağa sərf edirəm. Yaradıcılığa çox az vaxtım və enerjim qalır. Vaxt isə gözləmir. İşdən sonra ssenari yazıram, amma gücüm daha produktiv işləməyə çatmır. Üstünlük ondadır ki, bizdə qürbətdə olan insanın geri qayıtmaq arzusu var.

- Teatrda az işləsən də yeni tamaşalar, nömrələr qurmağa vaxt tapdın. Ən əsası da teatrda stimulverici bir qüvvə idin. Getməyə əsas səbəb nə idi? Teatr işindəki maddi imkansızlıq?

- Əlbəttə. Sırf bu. O vaxt əsgərlikdən qayıtmışdım, evdə tək mən işləyirdim və 162 manat 40 qəpik maaş alırdım. Bir il mübarizə apardım ki, çıxmayım. Hər dəfə evdə söz verirdim ki, məni reklama, seriala, filmə çəkəcəklər – hər şey düzələcək. Amma heç kəs çəkmədi. Həmin rejissorların hamısı yadımdadır. Kastinqlərindən keçmədiyim rejissorlar. Axırda məsuliyyət hissim sənət sevgimə qalib gəldi və teatrdan çıxıb, ofisdə işləməyə başladım. Fikirləşirdim ki, maksimum bir ilə geri qayıdacam, amma artıq 5 il keçib.

- Universitet nə verdi sənə? Olmasaydı nə dəyişəcəkdi?

- İlk növbədə bünövrə verdi. Aktyor sənətinin əsaslarını öyrəndim. Bəxtim onda gətirdi ki, bizim kursun bu sənətə çox böyük həvəsi var idi. Fərhad müəllim də bizi insafla öyrətdi və İncəsənət universitetində hər kurs belə olmur. Əgər olmasaydı məncə bünövrəsiz aktyor olacaqdım.

- Ofis işçiləri deyilən tamaşaçı kateqoriyası varmı? Ümumiyyətlə, insanları kateqoriyalara bölürsənmi?

- Məncə yox. Sırf ofis işçiləri kateqoriyası olmur. Çünki ofislərdə müxtəlif tipli insanlar işləyir. Amma insanlar istəsək də, istəməsək də kateqoriyalara bölünür. Hamı “Hamlet”ə baxıb, zövq ala bilməz. Həmçinin vayna da. Hər iki tərəfin radikalları var. Bəziləri çox aristokratdır. Bunlar ancaq Çarli Çaplin, Pyer Rişar, Çelentanoya gülüb, buna görə özləri ilə fəxr edir və başqa yumorist aktyorlara yuxarıdan aşağı baxırlar. Dünyanın yarısından çoxu həmin aktyorları qəbul edib, gülür. Burda özüylə fəxr olunası nə var ki? Ya da əks tərəf. Yumorda təhqir, söyüş və hər şey aydın olmasa gülə bilmirlər.

- Artıq neçənci video rolikin – vayn da demək olar - yayıldı. Yüksək də baxış sayı var. Bu ünsiyyət səni qane edirmi? Yoxsa bir başqa müstəvidə tamaşaçılarla görüşmək istəyirsən?

- Mən çəkdiklərim sırf vayn deyil. Vayn 6 saniyə olur. Həm də öz çəkdiyim bu tipli videolara ciddi baxmıram. Bu sadəcə zarafatdır, anekdot kimi. İstərdim baxanlar oynadığım tamaşalara canlı baxsınlar. Çəkdiyim və çəkildiyim filmləri onlara təqdim etmək istəyərəm. Amma heyf ki, insanlara məhz bu cür videolar daha çox maraqlıdır. Amma çalışacam daha çox sənətimə uyğun paylaşımlar edim. Əgər belə yaxşı zarafatlar da ağlıma gəlsə onları da edəcəm. Axır vaxtlar beynimə stənap eləmək düşüb, amma stəndapçı təcrübəm olmadığına görə qorxuram.

- Sənət anlayışını bilmək istəyirəm. Çəkdiklərin və çəkmədiklərinlə insanlara nə vermək istəyirsən?

- Həqiqəti demək. Olduğu kimi və mənim baxış bucağımdan. İnsanlar onsuz da özləri hər şeyi çox yaxşı bilir, amma zaman-zaman onlara bu həqiqətləri xatırlatmaq lazımdır. Məsələn, deyirsən ki, “sənə inananlara xəyanət eləmə, cavabını tezliklə verəcəksən”. Söz kimi ola bilər elə də təsiri olmasın. Amma Makbeti göstərib, bu fikri onların yaddaşında uzun müddət saxlaya bilərsən. Yəni məncə əsl kino, tamaşa və ya ədəbiyyatda iki şey mütləq olmalıdır: həqiqət və maraqlı əhvalat. Bu ikisi bir-birindən ayrı olanda sənət əsəri alınmır. Maraqlı əhvalatı olmadan həqiqəti çəkmək kino sayılmır. Bu sənədli film olacaq. Həmçinin kökündə həqiqət olmayan maraqlı əhvalat da. Kino fantastik, mistik, nə bilim hətta nağıl da ola bilər, əgər onun kökündə həqiqi fikir, arzu, mesaj durursa o əsl sənət əsəridir. Və əlbəttə ki, bütün bu yaradıcılıq həqiqi hisslərlə və peşəkarlıqla qurulmalıdır.

- Çəkdiklərin çox baxılır. Bu kütləvilik hardasa kriteriyalarından uzaqlaşdırmır ki, səni? Çoxluğun zövqünə işləmək kimi?

- Uzaqlaşdırır. Baxırsan ki, onlarla adam sənin videon haqda xoş sözlər yazır, səni tərifləyir, qaza gəlirsən. Kompliment də nikotin kimi asılılıq yaradır insanda. Və onda kütlənin zövqünə işləməyə başlayırsan. Mən də bir-iki belə video çəkdim, amma nə yaxşı ki, tez ayıldım. Məncə orta xətti tapmaq lazımdır, həm kütlənin xoşuna gəlsin, həm bayağı olmasın.

- Sosial şəbəkədə gender monitorinqi aparan bir qurum 8 martda qadınlara həsr etdiyin “Qadınlar olmasa” rolikində seksist (cinsi ayrı-seçkilik edən) məqamlar gördü. Belə məqam varmı?

- Məncə, elə məqam görənlər dardüşüncəlidirlər. O videoda nə mesaj verilir, onlar nə oxuyur?! Kimsə haqlı tənqid yazanda həmişə səhvimi boynuma alıram, boş tənqid yazanlara çalışıram fikir verməyim, təhqir yazanlara ya cavab yazıram, ya blok eləyirəm. İnsanların aqressiv olmağı mənə pis təsir eləyir.

- Reklam, kastinq, kino işində aktyorların vəziyyəti necədir? Absurd məqamlar varmi?

- Məsələn, ən az pulun elə aktyora ayrılması. Danışanda da, deyirlər teatrda bundan qat-qat az pul alırsan. Çox ucuza çəkildiyim bahalı reklamlar olub. Mənim ümumiyyətlə, kastinqlərdən acığım gəlir. Materialı əvvəlcədən oxumamış səndən xariqələr yaratmağını gözləyirlər. Məncə, bu düz deyil. Aktyor kastinqə artıq ssenarini oxuyub hazır gəlməlidir. Nəsə olanda da deyirlər ki, aktyorun knopkası olmalı, istədiyi vaxt rola girib-çıxmalıdır. Fərhad müəllim yaxşı deyirdi: “Mən lampoçka deyiləm, istədiyim vaxt knopkayla yanıb-sönüm.” Həm də kinoda işləyən başqa yaradıcı heyəti aktyor kimi kastinq eləmirlər. Təsəvvür elə, rejissoru kastinqə çağırıb, sinopsisi göstərib deyir: “Davay, təəccübləndir bizi. Bu kinonu necə çəkəcəksən?” Və ya bəstəkara. Çağırdıqları saat əhvalatı danışıb, deyirlər ki, tez bir şey zümzümə elə. Bəstəkar deyilsən, indi bəstələ də! Aktyorlara qarşı haqsızlıq eləyirlər məncə.

- Nə planların var?

- Planlarım başımdan böyükdür. Hələlik, bir qısa film ssenarisi yazmışam, onu çəkmək və orda çəkilmək istəyirəm. Festivallara göndərəcəm. Söz vermişəm Oskar alacam. O istiqamətdə çalışıram. Düzdür, inandırıcı səslənmir, amma niyə də yox?! Həyatda hər şey mümkündür. Planlarım, daha doğrusu arzularım çoxdur. Çalışacam arzu olaraq qalmasın. Gələcəkdə özümü daha çox rejissor kimi görmək istəyirəm. Aktyor kimi bəxtim gətirmədi (gülür). Elə ona görə də rejissorluq eləməyə başladım. Daha doğrusu acığa düşdüm. Siz məni çəkmirsiz, özüm-özümü çəkərəm. Həm də rejissorluq çox yaxındır mənə. Çünki deməyə çox sözüm var. İncəsənətdə bu əsas şərtlərdən biridir.

- Kino ucun, məsələn sənin filminə pul verməyə razılaşacaq adamı necə təsəvvür edirsən?

- İlk növbədə kinonu sevməlidir. Yaxşı kinobiliyə və zövqə sahib olmalıdır. Sonra pul ayırdığı rejissora inanmalıdır. Çəkilişə müdaxilə etməməlidir. Bir sözlə, daha çox xeyriyyəçi olmalıdır, nəinki biznesmen. Çünki yaxşı kinoların çoxu çox vaxt yaxşı pul gətirə bilmir.

# 1455 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #