Məmməd Süleymanov: "Mən qeyri-peşəkaram" MÜSAHİBƏ

Məmməd Süleymanov: "Mən qeyri-peşəkaram" MÜSAHİBƏ
12 yanvar 2012
# 11:23

Məşhur solçu jurnalist Məmməd Süleymanovla “Köhnə tüfəng” layihəsi çərçivəsində söhbət etməli idik. Ancaq əlavə suallar da yarandı və söhbətimiz təkcə jurnalistika ilə yekunlaşmadı.




- Əvvəllər yazılarınıza imza qoymurdunuz, bu nə ilə bağlı idi?

- Mənə imza lazım deyildi. Sadəcə, yazılarımın oxunmağı maraqlı idi. “MS”, “VMS”, “Obyektiv adam” imzalarını qoyurdum, yaxud sadəcə, “7 gün” yazırdım, amma Məmməd Süleymanov imzası ilə yazmırdım.

- Deyilənə görə, bir dəfə redaksiyadan kompüterləri götürüb aparmısınız, bu hadisə necə olmuşdu?

- Bu, çox maraqlı bir hadisədir. O vaxt biz “Karvan” adlı bir qəzetdə yazırdıq. Qəzet bir ay idi ki, çıxırdı, ancaq ayın sonunda işçilərə maaş vermədilər. Orada işləyən adamlar mənə qoşulub gəlmişdilər. Bu adamlardan elələri vardı ki, haradasa işləyirdilər, onları “Karvan”da işləməyə mən dəvət etmişdim. Mən kompüterləri götürdüm, dostumun evinə apardım və elan da elədim ki, kompüterləri filan yerə aparıram. Dedim, uşaqların pulunu verin, ondan sonra kompüterlər sizindir. Sonra isə kompüterləri qaytardım, düz etdiyimə isə bu gün də əminəm.

- Bizə isə demişdilər ki, kompüterləri qaytarmamısınız?

- Kompüterlər mənim nəyimə lazımdır? Səhəri gün baş redaktorla zəngləşdik, razılaşdıq ki, uşaqların pulunu versin. Niyə siz fikirləşirsiniz ki, kompüterləri qaytarmamışam? Bu, dəhşətdir.

- Dedik, bəlkə kompüterləri satıb işçilərin maaşını vermisiniz?

- Yox, yox. Birincisi, mən çox pis biznesmenəm. İkincisi, bu ideya heç ağlıma da gəlməyib. Üçüncüsü, mən kompüterləri axşam götürdüm, səhər qaytardım.

- İşlədiyiniz qəzetlərdən hansı sizin üçün daha yaddaqalan olub?

- Təbii ki, “7 gün”. “7 gün” jurnalistikanın aqoniyası idi. Orada olduqca rəngarəng adamlar işləyirdi. İndi onlar arasında çinovniklər, deputatlar var. “7 gün” mini Azərbaycan idi. “Bir dəfə Amerikada” filmində adamdan soruşurlar ki, bacın indi haradadır? Adam deyir ki, indi Hollivudda məşhur aktrisadır. Soruşan da deyir ki, əvvəldən bilmək olardı, kimin axırı harada dayanacaq. “7 gün”də bunu proqnozlaşdırmaq olardı. Qırılan muncuqlar kimi hərə bir tərəfə getdi. “7 gün” mənim üçün həm də ona görə yaddaqalandır ki, jurnalistikada qalmağım buradan başladı. “7 gün”ə gələndən həvəskarlıq bitdi.

- O dövrün mətbuatı ilə müqayisədə hansı geriləmələr və yaxud irəliləmələr var?

- Deməzdim ki, o dövrdə əlahiddə üstünlüklər var idi. Bakı yəhudisinə deyirlər ki, niyə İsrailə getmirsən, cavab verir ki, niyə gedim, mənə elə burada da pisdir. Mənim yadıma gəlir, 1993-cü ildə hərbi senzura elan olundu, Zərdüşt Əlizadə bizi yığdı və dedi ki, qarşımızda iki yol var: ya müəyyən şeyləri yazmamaqla dişsiz qəzet çıxarmalıyıq, ya da dayanmalıyıq. Biz hamımız dayanmağın tərəfdarı olduğumuzu söylədik, Zərdüşt Əlizadə də dedi ki, mən də bunun tərəfdarıyam. O vaxt belə şeylər də vardı. Bəzən qəzetdə ağ zolaqlar çıxırdı. Amma o vaxt söz, söz idi və söz, sözdən daha böyük bir şey idi. Hətta ironik, arxasında böyük həqiqət gizlətməyən sözlər belə oxucu tərəfindən sanballı və ciddi qəbul olunurdu. Məsələn, Aqil Abbasın “Ədalət”ini birinci səhifəsinə görə alırdılar. Məsələn, bu qəzet birinci səhifəyə təxminən, belə bir sərlövhə verirdi: “Filankəs Filankəsov hələ də Xaçmazın icra başçısının maaşını alır”.

Öz icra başçılarından narazı olan insanlar da belə fikirləşirdilər ki, bu yazıdan sonra Xaçmazın icra başçısını mütləq işdən çıxaracaqlar. Yəni, qəzet bir ümid, bir təsəlli yeri idi. Ancaq heç kim demirdi ki, Aqil Abbas bunu yazanda hansı faktlara əsaslanıb. Və yaxud belə materialı yazmağa qəzetin haqqı çatır, ya yox? Bu haqda heç kim düşünmürdü. Oxucu müəllifdən daha çox şey gözləyirdi. Yadıma gəlir, biz yığışıb Tibb Universitetinin yataqxanasında İsrail Musayevin yazısını müzakirə edirdik. Qələmlər vardı. Şoloxova deyirlər ki, Stalinin dövründə şəxsiyyətə pərəstiş vardı. Şoloxov isə cavab verir, doğrudur, şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı. İndi o qələmlərin heç biri yoxdur. Məmməd Nazimoğlu, Adil Qaçayoğlu kimi simalar dünyasını dəyişib, Hikmət Sabiroğlu kimi imzalar isə demək olar ki, heç nə yazmırlar. Doğrudur, Hikmət hərdən yazır, amma həmin Hikmət deyil. Aydın Sadiq hər sözü yox, hər hecanı oynada bilirdi. İsrail Musayevin lap əvvəllərdə əla yazıları olurdu. Zərdüşt Əlizadə də əla yazırdı. Bu imzalar üçün darıxmışam.

Darıxdığım imzalardan biri də Səbuhi Məmmədlidir. Səbuhi indi də məhsuldardır, amma əvvəlki Səbuhi deyil. Həm də o vaxt ədəbi dil vardı. Ədəbi dil qəzetdə öldürüldü, sonra bu televiziyaya ötürüldü. İndi qəzetlərdə qalan azca ədəbi dili də televiziyalarda öldürüblər. Televiziyaları açanda adam elə bilir ki, avtovağzaldır. Televiziyalarda avtovağzaldakı kimi danışırlar. Jarqonlar ədəbi dili əvəzləyib. Bir də ki, o vaxt cəmiyyət özü söz, həqiqət acı idi. İndi o yoxdur. O vaxt Azərbaycan jurnalistikası üslub baxımından yenidən yaranırdı, əvvəlkilərdən heç nə götürməmişdik. Ancaq baxın, nə qədər üslublar var idi. Məsələn, Məmməd Nazimoğlunun çayçı Məhəmmədi tamam başqa üslub idi, Hikmət Sabiroğlunun yazdıqları tamam başqa. Amma indi o üslubların hamısı ölüb. O vaxt biz qeyri-peşəkar idik, səhvlərimiz də çox idi, amma fərqlilik vardı. Onu deyim ki, onda səhvlərə görə çox ciddi cəzalar verilirdi, ancaq indi səhvə görə cəzalandırmırlar. Bir hadisəni danışım: Mehparə adlı bir xanım vardı, belə bir informasiya verdi ki, MTN-nin təcridxanasında qiyam olub. Biz də manşetə verdik bu yazını. Namiq Abbasov zəng edib bizi MTN-ə dəvət elədi, mən də dedim ki, bu gün vaxtım yoxdur, sabah gələrəm. Sabah Mehparəni də götürdüm, getdim MTN-ə. Özü də qolsuz köynək və cins geyinmişdim. Bizə təcridxananı göstərdilər, izah etməyə çalışdılar ki, vəziyyət sizin yazdığınız kimi deyil, başqa cürdür. O vaxt mətbuata münasibət bu cür idi. Bizə təcridxananın göstərilməsi Namiq Abbasovun mətbuata xüsusi sevgisindən irəli gəlmirdi. O vaxtın aurası bu cür idi.

- Köhnə imzalardan danışdınız. Yeni imzalardan diqqətinizi çəkən yoxdurmu?

- Doğrusunu deyim ki, yox. Son 5-6 ildə elə bir imza yoxdur ki, diqqət çəksin. Söhbət təkcə siyasi yazılardan getmir. Bu, demək deyil ki, onlar pisdir, mən yaxşıyam. Ola bilsin ki, onlar yaxşıdır, mən pisəm və onları görə bilmirəm. Yaxud ola bilsin, mənim görmək istədiyim şərtlər çox böyükdür. Jurnalistikadan kənarda elə adamlar var ki, onlar virtuala yazırlar və baxıram ki, onların çox yaxşı qələmi var. Ancaq onlar jurnalistikaya heç bir vaxt gəlməyəcəklər.

- Azərbaycan dilli hansı saytları, qəzetləri oxuyursunuz?

- Saytlardan Kulis.az, azadliq.org və mediforum.az-a baxıram. “Azadlıq” qəzetini oxuyuram. Nə vaxtsa day.az-a baxırdım, amma indi baxmıram.

- Jurnalistikada qarşılaşdığınız maraqlı hadisələrlə bağlı kitab yazmaq fikriniz varmı?

- Var. 1988-ci ildən, Meydan Hərəkatı dövründən xatirələrimi yazırdım. O vaxtlar yataqxanada qalırdıq, sonra yataqxana zəbt olundu, kitablarla bərabər yazdıqlarım da it-bata düşdü. Sonra yenə yazmağa başladım və yenə itirdim. Kitab yazmaq haqqında isə düşünürəm. İlk növbədə oğlum üçün yazmaq istəyirəm. Ola bilsin ki, yazdıqlarım məni ona daha yaxşı tanıdacaq, nəinki hər gün ona dediklərim. Uşaq gördüyünə daha çox inanır, nəinki eşitdiyinə.

- Yazılarınızda Ahmet Kayadan sitatlar gətirirsiniz. Amma Türkiyədə, həm də Azərbaycanda ona birmənalı münasibət yoxdur. Ahmet Kaya sizin üçün kimdir?

- Ahmet Kaya mənim üçün ilk növbədə şairdir. İkincisi, müğənnidir. Üçüncüsü, devrimçidir. Bunların üçünü də bir yerdə cəmləmiş adamdır. Devrimi romantikləşdirən, devrimə romantika gətirən bir adamdır. Mən ondan sitat verəndə mənə yox, Ahmet Kayaya qıcıqlanırlar. Ünvanı səhv salırlar, Ahmet Kayaya veriləsi sualları mənə vermək istəyirlər. Onu da deyim ki, Azərbaycanda belə insan olsaydı, sitatı ondan gətirərdim, daha Türkiyəyə niyə müraciət edirdim ki?

- Bəs onun Abdulla Öcalana münasibəti sizi narahat etmir?

- Onun Abdulla Öcalana münasibəti necə olub, mən bilmirəm. Amma bu münasibət yaxşı olubsa belə, mən Ahmet Kayanı ilk növbədə bir şair kimi qəbul edirəm. Onun Abdulla Öcalana münasibətinin yaradıcılığa nə dəxli var ki? Aqustin Lui Koşi dahi riyaziyyatçı olub, bu adam iki böyük istedadı məhv eləyib. Amma o, yenə də dahidir. 1830-cu ildə Fransada monarxiya bərpa olunanda bütün akademiklər and içməli idilər ki, biz monarxı qəbul etməliyik. Bu, and içmir və mühacirətə gedir. Monarx ona məktub yazıb ki, and içməyin lazım deyil, qayıt gəl. Amma məsələyə sizin dediyiniz prizmadan yanaşsaq, gərək Koşinin adı tarixdə qalmayaydı. Ahmet Kayaya bu cür yanaşıram. Onun Apoya münasibəti isə mübahisəlidir. Şəxsən mənim PKK-ya münasibətim olduqca mənfidir. PKK-da marksizmdən bir şey yoxdur. Sadəcə, marksizm vaxtilə bir sipər idi. Amma bir məqam da var, deyirlər ki, pişiyi divara qısnayanda şirə çevrilir. Ahmet Kayanı çox sıxışdırblar. Adam öz ana dilində danışmaq istədiyinə görə məcbur elədilər ki, gedib qürbətdə ölsün. Bəs, bu, hansı məntiqə sığır?

- Bəs Yılmaz Güneyə münasibətiniz necədir?

- Yılmaz Güney Nazim Hikmətdən sonra Türkiyənin ən böyük simasıdır. Nazimlə Yılmazın həyatı da oxşardır. Eyni avantür həyat tərzi, həbsxana həyatı və s. Yılmaz Güneyə neçə ölüm hökmü çıxarılıb.

- Ümumiyyətlə, inqilabçıların məğlubiyyətini necə qarşılayırsınız?

- Bu, adi bir şeydir. Kimlərsə öz ideologiyasına görə sonradan səmimi şəkildə peşman olur. Başqa bir məqam da var: Deniz Gezmiş yaşasaydı, nə bilirdik indi necə olacaqdı? Necə ki, Vısotskinin 70 yaşı olanda mən yazmışdım, siz 70 yaşlı Vısotski təsəvvür eləyirsiniz? Mən təsəvvür edirəm, ancaq SSRİ-də. Yəni bu adam vaxtında getdi. Rejissor sayağı, vaxtında səhnəni tərk etmək lazımdır.

- Seymur Baycan sizin haqqınızda “evdar solçu” ifadəsini tez-tez işlədir. Bununla bağlı nə deyə bilərsiniz?

- Normal qarşılayıram. Daha doğrusu Seymur Baycan tərəfindən deyilməsini normal qarşılayıram. Ona qalsa, Marks evdar solçu idi. Həm də bizdə bir yanlış təsəvvür var, hamı elə bilir ki, sən küçədə çox, evdə isə az olmalısan. Evdə mənə yaxşıdırsa, küçədə isə pisdirsə, niyə mən küçədə daha çox olmalıyam? Yox, əgər söhbət barrikadalardan, küçə döyüşlərindən, inqilablardan gedirsə, mənim küçəyə çıxmağımla nə dəyişəcək?

- Bir az da ədəbiyyat haqqında danışaq. Azərbaycan yazıçı və şairləri sol ənənəni davam etdirə bilirlərmi?

- İndi Azərbaycanda solçular var, amma sol hərəkatı yoxdur. Halbuki vaxtilə çox ciddi sol hərəkatı olub. Məsələn, mazut konstitusiyası Rusiya imperiyasında ilk kollektiv müqavilə idi. Amma bu gün sol hərəkat yoxdur. Ümumiyyətlə, bizdə bütün ideologiyalar iflas vəziyyətindədir. Həm də biz elə ölkəyik ki, 3 nəfər birləşir və elan edir ki, partiya yaratdıq və hamı buna normal baxır. Bu prizmadan yanaşsaq, Azərbaycanda solçular var, amma normal siyasət müstəvisində götürəndə bu, piramida yanında qum dənəsi kimi bir şeydir. Onu da deyim ki, sovet ədəbiyyatında olan dil, üslub, keyfiyyət indi yoxdur. Deyirlər ki, o vaxt yazılan əsərlər ideoloji yönlü idi. Ancaq bu fikirləri bütün əsərlərə aid etmək olmaz axı...Məsələn, Həsəd Seyidbəylinin “Cəbhədən-cəbhəyə”, “Tərsanə” əsərlərində bir dənə də ideoloji məqam yoxdur. Əli Kərimin yazdıqlarında ideoloji məqam varmı? Əlbəttə ki yox.

- Səməd Vurğun haqqında nə demək olar?

- Səməd Vurğunda başqa şairlərdə duymadığım bir məqamı duymuşam. Həmişə mənə belə gəlib ki, bu adam qələmi götürür və birnəfəsə yazır, sonra heç oxumur da. Onda dəhşətli axıcılıq var. Bu, başqa heç kimdə yoxdur. Halbuki, Səməd Vurğun yazmazdan qabaq kostyum geyir, qalstuk taxırmış. Ayaqqabı geyinməyi də unutmurmuş. Bu forma mənim gözləntilərimdən fərqlənir. Amma başqa heç kimdə hiss eləmirsən ki, şeir bir nəfəsə yazılıb. Səməd Vurğunun unikallığı budur. O, öləndə anam uşaq idi. Amma onun ölümünü elə gözəl xatırlayırdı ki! Hiss edirsən ki, onun ölümü umumxalq itkisi imiş. Həm də o nəsil yazdıqlarına inanırdı. Onlar təkcə başqa nəsil deyildi, həm də başqa mentalitet idi. Onlar gözəl bir layihəyə inanırdılar. Süleyman Rüstəmin elə şeirləri var ki, bizə gülməli gəlir. Ancaq mən inanmıram ki, bu şeirlər Süleyman Rüstəmin müasirlərində gülüş doğururdu. Hər şeydə peşman olmuş pessimist nəsil kimi hər şeyin yaxşısını gözləyən əsassız nikbin nəsli başa düşmək çox çətindir. Biz istəyirik ki, onlara öz gözümüzlə baxaq və onları öz qəlbimizə yerləşdirək. Biz yalnız aşağıya gedirik, onlar isə ancaq yuxarıya gediblər. Bu səbəbdən onlara qarşı qəddar olmaq lazım deyil.

- Solçuluğa meyl edən gənclərə Azərbaycan ədəbiyyatında hansı nümunələri oxumağı məsləhət görərdiniz?

- Çox çətin sualdır. O mənada ki, indiyədək bu barədə düşünməmişəm. Hansı əsərin adını çəksəm, onda hansı isə kəsir görəcəksiniz. Mən məsləhət görərdim ki, ya tarixdən nəsə öyrənsinlər, ya da əcnəbi müəllifləri oxusunlar. Bu sırada Maksim Qorkinin, Cek Londonun, Nazım Hikmətin, Ruben Darvin, Markesin, Mayakovskinin, hətta əks-inqilabçı Borxesin adlarını çəkmək olar. Olduqca çoxdur, hamısını yada sala bilməyəcəyəm.

# 4266 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #