SSRİ-nin dağılması ərəfəsində imperiyanın əsarəti altında əzilən xalqların istiqlal savaşı başlamışdı. SSRİ-nin süqutu və “QKÇP” qiyamından sonra əksər xalqlar azadlığa qovuşsalar da, bu, çeçenlərə qismət olmadı. Çeçenlərin yeganə çıxış yolu savaşmaq idi. Çeçenistanın müstəqillik məsələsini ruslar nağıl kimi qəbul edirdilər.
SSRİ-nin sütunları laxlayanda Estoniyada xidmət edən general-mayor Cövhər Dudayevin ürəyi xalqı ilə birgə döyünürdü. Dudayev çeçen xalqının içərisindən çıxmış yeganə və tək general idi. Rəhbərlik Dudayevə Estoniyada “azadlıq” bağıran insanları sərt şəkildə cəzalandırmağı əmr etmişdi.
Verilən əmr olduqca çətin idi. Dudayev “vətəni üçün savaşan insanlara güllə ata bilmərəm” deyib əmri yerinə yetirməkdən boyun qaçırır. Estoniyada qəhrəman elan edilən çeçen general Moskvanın qəzəbinə tuş gəlir. General qara siyahıya salınır və cəzalandırılır. “Yaramaz general” damğası vurulan Dudayevin cəzası vətəni Çeçenistana göndərilmək olur.
O, verilən cəzanı özü üçün böyük şərəf hesab edirdi. Doğma vətəninə xidmət etməkdən böyük nə ola bilərdi axı?! Vətəni uğrunda sıravi əsgər kimi döyüşən Dudayev çiyinlərində daşıdığı general rütbəsinə əhəmiyyət vermirdi. Ona verilən “Neçə generalınız var?” sualına verdiyi cavab da özünə məxsus olmuşdu: “Mənim üçün hər çeçen generaldır. Mən sadəcə milyon birinciyəm...”
Vətənə qayıdan kimi Rusiya ordusundan istefa verən Cövhər Dudayev Çeçenistanın müstəqilliyi ilə bərabər digər Şimali Qafqaz xalqlarının da azad olmasını labüd hesab edirdi. Hətta 1992-ci ildə yaxın silahdaşı Şamil Basayevin rəhbərliyi altındakı əsgərləri gürcülərə qarşı savaşmaq üçün Abxaziyaya yollamışdı.
Dudayev Çeçenistana qayıdan kimi dövlət quruculuğunda yaxından iştirak edir. 1991-ci ildə prezident və parlament seçkiləri keçirilir. Bu seçkilərə 23 ölkədən müşahidəçi gəlmişdi. Xalqın 85 faizi öz səsini Dudayevə verir və general Cövhər Dudayev Çeçenistanın prezidenti seçilir. Təşkil olunan möhtəşəm andiçmə mərasimində o, xalqı qarşısında and içərək son damla qanına qədər vətəni və milləti uğrunda savaşacağını bəyan edir. Prezident seçildikdən dərhal sonra Çeçenistanın müstəqilliyini elan edir. Çeçenistanda bayram əhval-ruhiyyəsi hökm sürur. Dudayev çeçenlərin qəlbində özünə yer tapır.
Dudayevin müstəqilliyi elan etməsindən sonra Rusiya prezidenti Boris Yeltsin Çeçenistana ordu göndərmək qərarı verir. Dudayevin əsgərləri Qroznı hava limanında ordu ilə döyüşə girir. Çeçen general istəyinə addım-addım yaxınlaşaraq ilk mərhələdə ruslara gücünü göstərə bilmişdi.
Özü də dediyi kimi müharibənin deyil, masa arxasında sülh danışıqlarının tərəfdarı idi. Yeltsinlə əlaqə yaratmaq istəyən Duadayevin cəhdləri baş tutmurdu. SSRİ-ni dağıdıb, Mixail Qorbaçovu devirən Boris Nikolayeviç adi bir generalla danışmağı özünə sığışdırmırdı.
Yeltsin müharibəni yeganə çıxış yolu hesab edirdi. Xəzər dənizindən çıxan neftin daşındığı yeganə boru Çeçenistandan keçirdi və neft kəmərinin təhlükəsizlik məsələsi gündəmdə idi. O cümlədən Azərbaycan neftinin də çeçen faktoruna görə Rusiyadan deyil, Türkiyə üzərindən Avropaya çıxarılması Yeltsinin vəziyyətini gərginləşdirirdi. Yeltsin “Yaramaz general”ı cəzalandırmaq fikrindən bir an belə vaz keçmirdi.
Müharibə variantından əvvəl Dudayevə qarşı hazırlanmış “müxalifət” planı da fiaskoya uğramışdı. Bütün bunlar nəzərə alınaraq 1994-cü ilin dekabrında Rusiya Təhlükəsizlik Şurasının qərarı ilə rus qoşunlarının Çeçenistana daxil olması haqda qərar verilir.
Böyük Rusiyaya qarşı müharibədə Dudayev necə hərəkət etməli olduğunu yaxşı bilirdi. Rus ordusunda xidmət etmiş general kimi onlara dərindən bələd idi.
Çeçenlər Rusiyadan qorxmadıqlarını nümayiş etdirib, “Allahu əkbər” hayqıraraq Dudayevin ətrafında sıx birləşmişdilər. General Dudayev cihad elən edərək üzünü xalqına tutub, deyirdi: “Geydiyim mundirim kəfənim olsun. Şəhid olmağa hazıram. Axırıncı çeçen ölməyənə qədər ruslar Çeçenistanı işğal edə bilməzlər”.
O zaman Rusiyanın müdafiə naziri Pavel Qraçov isə “bir polkla iki saata Qroznını nəzarətə götürərəm” açıqlamasını vermişdi. General Dudayev ruslara unuda bilməyəcəkləri zərbə endirməyə hazırlaşırdı. Yaxşı təşkilatlanmış çeçen qoşunları rusları çaşqın vəziyyətə saldılar. Daş qayaya rast gəlmişdi. Dağınıq halda olan rus qoşunları gözlənilənlərin əksinə olaraq acınacaqlı vəziyyətə düşmüşdülər.
Ruslar çeçen döyüşçülərdən savayı mülki əhaliyə qarşı da qurudan və havadan zərbələr endirirdi. Dudayevin yaxın silahdaşı Salman Raduyev məhkəmədəki son sözündə belə deyirdi: “Biz rusları çağırmamışdıq, onlar özləri gəlmişdilər. Sizin mənim haqqımda çıxaracağınız hökm mənim üçün cəza yox, mükafatdır. Mən komandirim Dudayevin sadiq əsgəriyəm”.
Dudayev Rusiyanın “təslim ol” ultimatumlarını qulaqardına vururdu. “İldırım surətli” plandan çeçenlərə qarşı istifadə edən Qraçovun qoşunları Çeçenistana üç istiqamətdən hücuma keçmişdi.
Qroznı şəhərindəki birləşmələrə Zəlimxan Yandarbiyev, prezident iqamətgahına isə Aslan Məshədov nəzarət edirdi. Dudayev isə ölkənin qərb cəbhəsini müdafiə edirdi.
1995-ci il yanvar 1-də rus qoşunları darmadağın edildi. Bu məğlubiyyət yanvarın 1-də ad günü olan Qraçova ad günü, Boris Yeltsinə isə yeni il bayramı hədiyyəsi oldu.
Şiddətli döyüşlərdə 22 min rus əsgəri öldürülmüşdü, 300-ə yaxın tank məhv edilmişdi. Rusiyanın məşhur “Maykop briqada”sı da məhv edilmişdi. Rüsvayçı məğlubiyyət Yeltsini depressiyaya salmışdı. Yaxınlarının dediyinə görə prezident iki gün araq içərək dayanmadan ağlayırmış.
Yeltsin onu ağladan generalı düşünmədən öldürmək qərarı verdi. Nəyin bahasına olursa-olsun Dudayev məhv edilməli idi. Dudayev “Öləcək qədər qoca, vuruşacaq qədər gəncəm” deyib, ona qarşı hazırlanmış sui-qəsdlərdən məharətlə xilas olurdu. Təcrübəli generalı öldürmək üçün rus kəşfiyyatı iki cangüdəni onun yaxınlığına sala bilmişdi. Hətta generalın şəxsi fotoqrafı da ruslara işləyən casus idi. Ancaq hiyləgər general tələyə düşmürdü.
1996-cı il aprelin 21-də Dudayevə raketlə hücum olundu. Raket zərbəsindən sonra Dudayev ağır yaralandı və dünyasını dəyişdi. Öldürülən adamın Dudayev olmadığı bildirilsə də ekspertlər əksini söylədilər. Dudayevin öldüyü rəsmən təsdiqləndi.
Deyilənlərə görə Dudayevi istifadə etdiyi telefon vasitəsilə kosmosdan göndərilən siqnalla öldürüblər. General öldürülən vaxt Rusiya Dumasının deputatı ilə danışırmış. C. Dudayevin istifadə etdiyi telefonu ona Nəcməddin Ərbakanın hədiyyə etdiyini söyləyənlər də var. Telefonun imei kodunu ələ keçirən Milli İstihbarat Təşkilatı məlumatları CİA-ya ötürürmüş. MİT-də çalışan rusiyapərəst qüvvələr kodu KQB-yə yollayırlar. Bundan sonra Dudayevin telefon danışıqlarına nəzarət edən rus kəşfiyyatı yüz metr məsafədən onun yerini müəyyən edir.
Rusiyanın “Pravda” qəzeti isə iki casusun fikirlərini çap etmişdi. Casusların sözlərinə görə Dudayev telefonla 7 dəqiqə danışdıqdan sonra yeri müəyyən olunmalı imiş. Ancaq general 5 dəqiqədən artıq danışmırmış. Bu yaxınlarda isə generalı öldürən raketin qətl zamanı çəkdiyi şəkil də yayımlandı.
Cövhər Dudayev öldürülsə də, Rusiya Çeçenistanla sülh müqaviləsi imzalamağa məcbur oldu. Yeltsin Dudayevdən sonra prezident seçilən Aslan Məshədovun əlini sığmağa məcbur oldu. Dudayevin yaxın silahdaşları Şamil Basayev, Aslan Məshədov, Zəlimxan Yandarbiyev, Əhməd Zakayev, Ruslan Qelayev ölənə kimi silahlarını yerə qoymadılar.
Cövhər Dudayev Rusiya Federal Təhqiqatlar Xidmətinin dosyesində bir nömrəli düşmən, çeçenlər üçün isə unudulmaz əfsanə idi...
Rusların bir nömrəli düşməni, çeçenlərin əfsanəsi
20 sentyabr 2012
11:00
5570 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024