Mürdəşirlik etmiş azərbaycanlı nazir – ARAŞDIRMA

Mürdəşirlik etmiş azərbaycanlı nazir  – ARAŞDIRMA
13 dekabr 2014
# 16:48

“21 Azər” Hərəkatının 69-cu ildönümünə...

Azərbaycan Demokrat Firqəsinin aldadılmış naziri…

Əsir düşərgəsində məhbus həyatının bitmədiyini görən, hər cüzi səbəbə görə haqqında yeni qərarlar çıxarılan Məhəmməd Biriya 1954-cü ildə Sovet İttifaqının baş naziri Malenkova göndərdiyi məktubda yazırdı:

“...Bakuda olduğum zaman Pişəvərinin etdiyi səhvlər haqqında da tənqidə başlayıb, demokratların qaçarkən xalqın malını çapıb gətirdiklərini, Astara vəziyyətini və Qız Körpüsünün partladılmasının lüzumsuz olduğunu söylədim. Pişəvəri Kirovabada gedərkən maşını daşa dəyib, Pişəvəri öləndən sonra, yeni təşkil tapan komitə məni Pişəvərinin yerinə təyin etmək fikri ilə Demokrat Azərbaycan qəzetəsinin və radio dəstgahının ixtiyarını mənə verdi. Lakin Pişəvəri hadisəsi mənim ruhumda böyük təsir buraxmışdı. O tarixdən mən maşına belə minmək istəmirdim.

Dəvət olunan yerlərə piyada və ya tramvay vasitəsi ilə gedirdim. Pişəvərini Kirovabada aparan şofer Karnik bu hadisədən bir neçə gün əvvəl Qulam Yəhyanın vurduğu teleqraf üzrə İrəvandan gəlmişdi. Onun atası Mələkiyan Təbriz Maliyyə İdarəsinin müfəttişi idi. Qardaşı Natsaqan Nəfte Cənubda ingilislərin şirkətində işləyirdi. Nə isə, Pişəvəri hadisəsindən sonra hələ də o şoferin Bakıda azad gəzdiyini görüb, gələcəkdə belə bir hadisənin mənə də üz verməsindən ehtiyat edib, siyasi fəaliyyətimdən əl çəkib İrana qayıtmaq istədim. Bu fikri yaxın yoldaşlarıma izhar etdim. Onlar məni məzəmmət etdilər. Biləxərə mən dekabrın 27-də 1947-ci ildə Bakıdakı İran general konsulu Behnama müraciətlə pasport istədim. Konsul mənə pasportun sabah hazır olacağını deyib, ərizə və şəkillərimi qəbul etdi. Mən konsulxanadan evə getdim. Həmin gün daxili işlər vəziri general Teymur Yağubov, Dövlət Təhlükəsizlik vəzirinin müavini General Səlim Atakişiyev, Polkovnik Məhəmməd Saveçallinski, Mərkəzi Komitənin katibi Həsən Həsənov, Sovet Azərbaycanı baş vəzirinin müavini, yazıçı İbrahim Mirzə mənim evimə gəldilər. İran konsulu Behnama verdiyim ərizəni geri almağı mənə təklif etdilər. Mən razı olmadım. Mən dedim, gedirəm vətənimə. Onlar dedi, qoymarıq. Mən dedim, İran konsulu məni aparar. Onlar dedi, konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Amma səni tutub deyərik bu casusdur. Dedikləri kimi də etdilər. Dekabr ayının 28-də 1947-ci ildə səhər tezdən kəşfiyyət idarəsi rəisi Əyyub Qasımov məni İrana göndərmək bəhanəsi ilə evdən alıb, şəhərin kənarında olan bağa gətirdi. Axşam bağdan aparıb, daxili işlər vəzirliyinin həbsxanasına saldı. Sonra da danışdıraraq, nahaq yerə məni 10 ilə məhkum edib, lagerə göndərdilər.”

Məktubdan götürdüyüm bu kiçik parça Biriyanın başına gələn faciələrin çox cüzi bir hissəsidir.

Alovlu inqilabçı, vətənpərvər və milli şair

Məhəmməd Bağırzadə Nuhi (Biriya) 1914-cü ildə Təbriz şəhərində anadan olsa da, ilk təhsilini Bakıda alıb. 1929-cu ildə anası vəfat etdikdən sonra yenidən atası ilə birlikdə Təbrizə qayıdıb. 12 avqust 1948-ci ildə Biriyanın istintaq zamanı müstəntiq Padarova verdiyi cavablarda özü və ailəsi haqqında kifayət qədər məlumat var:

“İlk dəfə Sovet İttifaqına uşaqkən atam, anam və hazırda Təbrizdə yaşayan qardaşım Mehdi ilə 1920-ci ildə gəlmişəm. Bir il sonra ailəliklə Xorasana (İrana) qayıtdıq və 1923-cü ilədək orada qaldıq. Sonra anamın xəstəliyi ilə əlaqədar ailəmiz yenidən 1923-cü ildə Bakıya qayıtdı və burada məskunlaşdı. 1929-cu ildə mən Bakıdakı 37 nömrəli 7 illik məktəbi bitirdim. İl yarım neft-maşınqayırma texnikumunda oxudum. 1931-ci ildə anamın vəfatı və ailə vəziyyətimizin çətinləşməsi ilə əlaqədar Təbrizə qayıtdıq… Təbrizdə mən təhsilimi davam etdirirdim, eyni zamanda, atama kömək edirdim. İki ildən sonra təhsilimi başa vurub Təbrizdə nəşr olunan “Şahin” qəzeti redaksiyasında korrektor kimi işə götürüldüm.”

1941-ci ilin oktyabrında Şimali Azərbaycandan Sovet ordusu sıralarında Təbrizə gedən ziyalılar “Vətən yolunda” qəzetini nəşr etməyə başlayırlar. Biriyanın şeirləri də həmin qəzetdə mütəmadi olaraq çap olunurdu. Həmin illərdə o, əsərlərini həm də Tehranda çıxan “Mərdom”, “Zəfər”, “Dəmavənd”, “Şöləvər”, Rəştdə çap olunan “Səpidrud”, Təbrizdə nəşrə başlayan “Azərbaycan” və “Xavəre-no” qəzetlərində də çap etdirirdi. Biriya 40-cı illərdə İranda genişlənməkdə olan Azərbaycan milli azadlıq hərəkatına qoşulmuşdu, azadlığı və milli birliyi təbliğ edən şeirləri küçə və meydanlarda geniş kütlələr tərəfindən nəğmə kimi oxunurdu. 1941-ci ilin axırlarında Sovet hökumətinin dəvəti ilə bir qrup güneyli ziyalıyla Bakıya gələn və 15 gün Bakıda olan Biriya İrana qayıdandan sonra təqiblərə məruz qalır və özünün yazdığı kimi, Azərbaycan SSR daxili işlər nazirinin müavini Atakişiyevin yardımı ilə Bakıya qaçmağa müvəffəq olur. O, 1943-cü ilin yanvarına qədər Bakıda yaşayır, bu müddətdə Azərbaycan Yazıçılar İttifaqında və Azərbaycan Radio Komitəsində işləyir. Siyasi sığınacaq istəyilə Bakıya gələn Biriya 1943-cü ilin yanvarında Təbrizə qayıdır .

Deputatlıqdan nazirliyə…

Biriya Təbrizə qayıtdıqdan sonra Güney Azərbaycanda antiimperialist hərəkatının rəhbərlərindən birinə çevrilir, 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərən “Ədəbiyyat səhifəsi” adlı qəzet çıxarır. Həmin illərdə “Çətirbazlar”, “Ruznamə idarəsində”, “Stalinqrad”, “Ərbab və əkinçi” kimi kiçik pyesləri tamaşaya qoyulur. Biriya 1943-cü ildə İran Azərbaycanı Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilir və 1945-ci ildə Parisdə keçirilmiş Ümumdünya Həmkarlar İttifaqı konqresində nümayəndə kimi iştirak edir. O, 1945-ci ilin oktyabrında keçirilən Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında MK-nın plenumu və bürosunun üzvü seçilir. 1945-ci ilin dekabrında Azərbaycan Milli Məclisinin Təbriz seçki dairəsi üzrə deputatı seçilən Biriya Milli Hökumət dövründə baş nazir Pişəvərinin təklifi ilə Cənubi Azərbaycanın maarif naziri kimi hökumətin tərkibinə daxil edilir. 1946-cı ilin dekabrında Milli hökumətin süqutundan sonra Pişəvəri və demokratik partiyanın bir çox rəhbərləri SSRİ-yə, Şimali Azərbaycana köçür, Biriya isə MK bürosunun qərarı ilə Azərbaycan Demokrat Partiyasının I katibi kimi Təbrizdə qalıb fəaliyyətini davam etdirir. 1947-ci ilin martında demokratik hərəkatın dağılmasından sonra Təbrizdə qalıb gizli şəkildə fəaliyyət göstərən bir çox silahdaşları kimi Biriya da SSRİ konsulluğu əməkdaşlarının köməyilə Bakıya qaçırılır. 1947-ci ildə Bakıda firqənin Mərkəzi Komitəsi bərpa olunur və MK-nın üzvü və təbliğat şöbəsinin müdiri təyin olunur. 1947-ci ilin axırlarında təzədən İran pasportu almaq, Təbrizə, ailəsinin yanına qayıtmaq qərarına gəlir. Bu barədə yazımızın əvvəlində (Biriyanın məktubundan verdiyimiz parçada) ətraflı bəhs olunub.

Şairin həbsi

Biriya Təbrizə qayıtmaq istəyi ilə bağlı MK-nın iki üzvünə - Padeqana və Qulam Yəhyaya fikrini bildirir. Onlar onu fikrindən daşındırmaq istəyir, lakin Biriyanın fikrindən dönməyəcəyini qət etdikdən sonra bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verirlər. Bir neçə günlük izləmədən sonra o zamanlar Azərbaycan SSR KP MK-nin birinci katibi vəzifəsində çalışan M.C.Bağırovun göstərişi ilə dekabrın 28-də M.Biriya gizlicə həbs edilir. Ona cinayət işi açılır və 27 noyabr 1948-ci ildə Cinayət Məcəlləsinin 61-1 və 156-cı maddələriylə təqsirkar hesab olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilir, cəzasını çəkmək üçün SSRİ DİN-in xüsusi düşərgəsinə göndərilir. 9 il Rusiyanın buzlu-şaxtalı həbs düşərgələrində saxlandıqdan sonra 30 avqust 1956-cı ildə Biriya bəraət alır və onun haqqında belə bir qərar qəbul edilir:

“Bağırzadə - Biriya Məhəmməd Qulam oğlu barədə SSRİ DİN yanında xüsusi yığıncağın 27 noyabr 1948-ci il qərarı ləğv edilsin, tərkibində cinayət tərkibi olmadığına görə işə xitam verilsin və dustaq azad edilsin.”

Yenə həbs … və acı son

1956-cı ildə Biriya Bakıya qayıdır. Hökumət əleyhinə təbliğat bəhanəsi ilə yenidən həbs olunur və ömrünün 10 ilini müxtəlif şəhərlərin həbsxanalarında keçirir. On il sonra Bakıya qayıdan Biriya Təbrizə - yeganə oğlu Faiqin və həyat yoldaşı Həmidə xanımın yanına getmək istəyir. Bakıda viza almaq mümkün olmadığı üçün viza almaq ümidilə Moskvaya yollanır və burada “sovet milisini təhqir etdiyinə görə” 2 il müddətinə azadlıqdan məhrum olunaraq Tambov vilayətinə göndərilir. Təhlükəsizlik orqanları həbs müddəti bitdikdən sonra Azərbaycana qayıdan Biriyanın Bakıda yaşamağına icazə vermir və o, Şamaxıya sürgün edilir. 3 ildən sonra Bakıya qayıtmağa müvəffəq olan şair Bakı qəbiristanlıqlarında mollalıq etməklə, mürdəşirliklə (islam qaydaları ilə ölü yuyan şəxs – C.C.) məşğul olur.

Biriya heç zaman yaxınlarının və onu tanıyanların yardımını qəbul etmir və Təbrizə qayıtmaq üçün çalışır. 33 illik ağır əzabdan sonra 1980-cı il sentyabrın 29-da Təbrizə qayıda bilir, lakin həsrətində olduğu həyat yoldaşı və yeganə oğlu ilə görüşmək ona qismət olmur. O, həyatdan əli üzülmüş halda tamamilə sarsılır, Sovetlər İttifaqında üzləşdikləri azmış kimi, vətənində bunlardan da betərilə üzləşməli olur. Hökumət əleyhinə şeirlər yazdığını bəhanə edərək şairi həbs edirlər və 1985-ci ildə onun sağalmaz xəstəliyə tutulduğunu öyrəndikdən sonra, kimsəsizlər evinə göndərirlər. Vətən sevgisiylə çırpınan, vətən yolunda ailəsini belə itirən şair 1985-ci ilin fevralında kimsəsizlər evində dünyasını dəyişir.

Qeyd: Yazıda Biriyanın SSRİ-nin baş naziri Malenkova yazdığı məktubdakı faktlardan istifadə edilmişdir.

# 2884 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #