Noyabr ayında o dəhşətli hadisənin 34 ili tamam olur. 1980-ci ildə Bakıda baş vermiş ailə faciəsi bü gün də eşidənləri şoka salır. Bu haqda bəlkə də çoxları heç nə bilmir...
Modern.az saytı hadisə barədə ətraflı material hazırlayıb. Həmin yazını təqdim edirik:
Bakıdakı mənzillərində vəhşi heyvanlar - şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Lakin 1980-ci il noyabrın 24-də baş verən faciə vəhşi heyvanlarla bir yerdə yaşamağın nə qədər təhlükəli olduğunu göstərdi.
Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı Zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir. Heyvanlara xüsusi sevgisi olan Lev Lvoviç xanımının sözünü yerə salmır və Zoopark işçilərinin icazəsi ilə şir balasını mənzillərinə gətirir. Tezliklə bütün ailənin sevimlisinə çevrilən şirə Kinq yəni Kral adı verilir.
Kinq sakit təbiəti ilə seçilirdi və heç bir halda ətrafa aqressiya nümayiş etdirmirdi. Hər gün göz önünüdə böyüyən Kinq artıq 1 ildən sonra iri cüssəli məğrur şirə çevrilir. Bu zaman artıq o südlə deyil, ətlə qidalanmağa başlayır. Qeyd etmək lazımdır ki, 24 saat nəzarət altında olan Kinq Bərbərovların mənzildə saxladıqları yeganə heyvan deyildi. Evin digər sakinlərini sonralar Nina Bərbərova belə xatırlayacadı.
"Mənim ərim Lev Lvoviç hər cür heyvanı xoşlayırdı. Ona görə də 100 kvadrat metrlik evimizdə mən və övladlarımdan başqa, çoxlu heyvan və quşlar da var idi. Şir balası da evimizdə təsadüfən peyda olmadı. Bir dəfə qızımla Bakı Zooparkını gəzərkən Yeva qəfəslərdən birində balaca, zəifləmiş və pis vəziyyətdə olan şir balasını gördü. “Ana, ora bax, orda it ölmək üzrədi” deyə qızım mənə onu göstərdi. Mənsə, ona dedim ki, “qızım, bu it deyil, bu heyvanların şahı olan şirin balasıdı. Yəqin o xəstələnib”. Sonra Zoopark müdirindən xahiş etdim ki, o xəstə şir balasını bizə versin.
Bizim tanış veterinar həkimimiz var idi - Mixail Smirnov. O bizə şirə qayğı göstərməkdə yardım etdi. Onu təbii ki, heyvanlar şahı olduğu üçün Kinq adlandırdıq. Fikirləşirdik ki, o, böyüyüb güclənəndən sonra yenidən Zooparka qaytaraq. Lakin Kinqi Zooparka qaytaranda yolda o özündən çıxdı, az qaldı ki, maşını da aşırsın. Bizə dedilər ki, o daha nə Zooparkda, nə də ki, vəhşi təbiətdə yaşaya bilər. Məcbur oluv onu mənzilimizdə saxlamalı olduq”.
Evlərində şir saxlayan Bərbərovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhurluq qazandı. Bərbərovlar ailəsi haqda bir neçə sənədli film çəkildi. Sovet alimləri isə ailənin şirlə yaşayışını elmi təcrübə kimi müşahidə edirdilər. Müəyyən mənada “ev şirinə” çevrilən Kinq ətrfadakı insanlara təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başladı.
Kinq tezliklə “Şir evdən getdi”, “Oğlan, qız və şir” və bu filmlər arasında ən məşhuru olan “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”ndə çəkilir. Lev Bərbərov isə öz memarlıq sənətini tərk edir və sırf Kinqin kino prodüseri kimi kinostudiyalarla danışıqlar aparmağa başlayır.
Nina Bərbərova: “Kinq ərimə heyran idi. Qadın olduğumu anladığı üçün mənə qarşı da mehriban idi. Bilmirəm bu onda erkək qısqanclığı idi, yoxsa başqa səbəb var idi, amma yetkinlik yaşına çatdıqdan sonra Kinq bizim çarpayıda, ərimlə mənim aramda yatırdı. Bir də gecə yarısı güclü səsdən ayılıb görürüdüm ki, ərim döşəməyə yıxılıb”.
Kinq öz sahibini çarpayıdan itələyərək bir növ 3-cü şəxsin yataqda artıq olduğnu bildirmək istəyirdi. Mərhum Lev Lvoviç Kinqin bu şıltaqlığına görə çox əziyyət çəkmişdi.
Bərbərovların ailəvi dostu olan fotoqraf Vladimir Alekseyev də Kinqi “ev pişiyi” kimi xarakterizə edir:
“Onlar Kinqi daim isti şəraitdə saxlayırdılar. İlk vaxtlar onun qabaq pəncləri hərəkət edə bilmirdi. Günlərlə edilən massajlardan Kinq qabaq pənclərini hərəkət gətirə bilsə də, pəncələrdəki qüsur ona ömrü boyu qaldı. Əgər “İtalyanların qeyri-adi sərgüzəştləri” filminə baxsanız, orda küçədə qaçan Kinqin ön pənclərindəki qüsuru müşahidə edə bilərsiniz. Kinq çox gözəl və mehriban şirə çevrilmişdi. O özünü əsl ev pişiyi kimi aparırdı. Bir problem var idi ki, o, qonaqları yekə dili ilə yalayırdı. Amma Kinq adamı çox bezdirəndə onu qovmaq, üstünə qışqırmaq olurdu. Belə olanda o sakitcə uzaqlaşır və mənzildə öz yerinə çəkilirdi.
Kinqin artistik qabiliyyətləri erkən yaşlarından, o hələ oyuncaq dostu Bonifatsi ilə müxtəlif oyunlar oynayan zaman sezilirdi. Bunu hiss edən azərbaycanlı kinomatoqrafçılar onu 2 filmdə - “Qız, oğlan və şir” və “Şir evdən getdi” çəkmişdilər”.
Vladimir Alekseyev deyir ki, Bərbərovların qonşuları şirlə qonşu olaqdan heç də xoşhal deyildilər. Bakının mərkəzində yaşayan ailənin 2-ci mərtəbədəki mənzillərindən ətrafa pis qoxu yayılırmış. Bundan başqa, Kinq müxtəlif saatlarda heyvanların şahı olduğunu xatırlayaraq, dəıhşətli nərə çəkirmiş. Qonşuluqda yaşayan ailələr isə bundan qorxuya düşürmüşlər. Bərbərovlar Kinqi səhər tezdən küçədə gəzdirir və çox vaxt evlərinə qayıdarkən binanın dəhlizində qonçuları ilə üzləşirdilər. 200 kiloqramlıq şirlə üz-üzə gələn qonşular daim həyacan və qorxu içində yaşayırdılar.
Nina Bərbərova: “Bizim evin balkonundan binanın damına çıxış var idi. Biz oranı torla bağladıq ki, Kinq küçəyə çıxa bilməsin və həmişə gözümüzün önündə olsun. Elə olurdu ki, bizim yataq otağımıza daxil olub, məni, yaxud Levi çarpayıdan qovurdu və beli üstə uzanaraq möhkəm yuxuya gedirdi. Səhər hamı ilə bir yuxudan durur, nahar edir və uşaqlarla oynayırdı. Uşaqlar onun bığlarını dartır, onun belinə çıxaraq at kimi sürüdülər. Kinqlə hər şey etmək olardı, o heç zaman incimirdi.
Kinq evdəki bütün heyvanlarla yola gedirdi. Xüsusi ilə çəkisi 4 kiloqramdan az olan “Çap” ləqəbli qara it özünü “ded”, Kinqi isə “dux” hesab edirdi. Kinq nəsə dəcəllik edəndə “Çap” hürə-hürə onun arxasınca düşürdü. Günahkar Kinq isə stolun altına girərək quyruğunu bulayırdı. Yatanda da bir yerdə yatırdılar. Əvvəlcə Kinq, arxasınca isə “Çap” onun iri pəncələrinin arasında uzanırdı. Yeməyi də bir qabdan yeyirdilər. Öncə “Çap” yeməyin dadına baxır, sonra Kinqi çağırırdı. İt çox az yemək yeyib geri çəkilirdi, amma şirə bütöv ərzaqla dolu soyuducu da bəs etmirdi. Gündə ona kilolarla ət, yumurta və balıq piyi lazım olurdu. Maaşlarımız böyük olmadığı üçün Kinqi yemləməkdə çətinlik çəkirdik. Məcbur olduq onun filmlərdə çəkilməsinə razı olaq. “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” onun ən məşhur və sonuncu filmi idi”.
“İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı müvəqqəti yaşayış evi olaraq Bərbərovları məktəb binasına yerləşdirirlər. Leninqrad polisi hər səhər səsgücləndiricilər vasitəsilə ətraf binaların sakinlərini xəbərdar edirdi ki, məktəbdə şir yaşadığı üçün əraziyə yaxınlaşmasınlar. Lakin bəzi insalar bu xəbərdarlığa məhəl qoymurdular.
Nina Bərbərova: “Həmin gün assistentimiz Saşa Kinqlə məktəbin idman zalında futbol oynayırdı. Məhz həmin zalın böyük pəncərələri küçəyə tərəf açılırdı. Saşa Kinqi bir neçə dəqiqəlik qoyub, özünə çay içməyə gedib. Elə bu vaxt Markov (heç zaman onun soyadını unutmaram) pəncərə önündə peyda olub. Kinq tanımadığı adamı görüb pəncərəyə yaxınlaşıb. Şahidlərin dediklərinə görə, Markov şirin qabağında arxaya-qabağa tullanmaqla onu qıcıqlandırmağa başlayıb. Bu, Kinq üçün oyun oynamağa dəvət idi, çünki bizim assistentimiz ona “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filmindəki səhnəyə görə insanı izləyib yerə yıxmağı öyrətmişdi. Arxa pəncələri üzərində dayanan Kinq qəfil pəncərəni sındıraraq Markovun üzərinə atılır və onu yerə yıxır. Markovu məktəbin yanında gözləyən qız isə “kömək edin, şir insanı parçalyır” deyə qışqırmağa başlayıb. Elə bu an atəş səsi eşitdik. Sonradan öyrəndik ki, günorta yeməyindən qayıdan milis leytenantı Qurov səs-küy gələn tərəfə qaçıb. Məktəb divarının yaxınlığında vəziyyəti aydınlaşdırmamış Kinqə atəş açıb. Şir həmən anda oğlandan aralanaraq sınmış pəncərəyə doğru geri çəkilib. Lakin görünür leytenant Qurov həvəsə gəlib və daraqdakı bütün güllələrini Kinqin üzərinə boşaldıb. Tələbə Valentin Markov isə yalınz yüngül sıyrıqlar almışdı”.
Beləcə kino ulduzunun həyatı başa çatır. Hamı çox təəssüflənir, ağlayırdı. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır. Amma ölümündən sonra.
Yeva Bərbərova: “Atam pəncərədən tullandı və Kinqə sarı getdi. Kinq geniş açıq gözlərlə məktəbin divarında yaxın yerdə uzanmışdı. Nə baş verdiyini anlamayan atam onu qucaqlasa da Kinq nəfəs almırdı. Bu an anam da gəldi. Məktəbin divarı boyu toplaşan kütlənin içindən bir səs gəldi: “Sizin şir insan parçalayıb”. Növbəti gün üstü açıq yük maşınında gedirdik. Kinq hansısa matəm örtüsünə bürünmüşdü və qarşı tərəfdən əsən külək ölü şiri sanki tərpədirdi. Biz tez-tez qonaq getdiyimz yazıçı Yakovlevin mülkünə getdik. Kinqi orda dəfn etməyə qərar vermişdik. Yadımdadı ki, filmdə bizlə birlikdə çalışan sirk ustası Yura ağlaya-ağlaya Kinqi çiyinlərinə aldı və gənc palıd ağacının yanına qoydu.
Lakin hamıdan çox “Çap” əziyyət çəkirdi. Bakıya döndükdən sonra dəhlizdə Kinqin əşyaları olan qutu qoymuşduq. “Çap” əvvəlcə qaça-qaça Kinqi axtarır, sonra isə qutunun içinə girərək orada nəfəs alırdı. Həkim “Çap”ı yoxladı və infark vəziyyətinə düşdüyünü deyərək çox yaşamayacağını söylədi. Doğurdan da, növbəti gün o öldü”.
Şirin ölümü bütün ailəyə ağır psixoloji zərbə vurur. Gecələr ailənin uşaqları Yeva və Roma yuxuda “Kika, Kika! Getmə, evə gəl!” deyə yuxuda çığırırdılar. Uşaqlarını xilas etmək üçün Bərbərovlar ailəyə ikinci şir balasını gətirirlər. İlk şirin xatirəsinə ona Kinq II adı verilir.
“Mən ikinci şirin əleyhinə idim, lakin ərim öz sözündə israrlı idi” deyə Nina Bərbərova xatırlayır.
“Moskva intellegentiyası da bizi dəstəklədi. Sergey Obraztsov, Yuri Yakovlev, Vladimir Vısotski, Marina Vladi pul toplayaraqŞ bütün SSRİ boyu bizə yeni şir axtarmağa başladılar. Onu Kazan Zooparkında tapdılar. Moskvadakı 1 aylıq karantindən sonra təntənəli şəkildə şiri bizə təqdim etdilər. İkinci şir birinciyə oxşamırdı: Kinqi biz ölüm ayağında olarkən xilas etmişdik və o buna görə bizə minnətdar idi, xoş münasibət göstərirdi. Lakin ikinci isə özünə hörmət olunmasını bizdən tələb edirdi”.
1975-ci ildə Bərbərovlar ailəsinin həyatından olan real faktlar əsasında rejissor Konstantin Bromberq və ssenarist Yuri Yakovlev “Mənim şirim var” filimin çəkir. Baş rolları Kinq II, ailənin övladları Roma və Yeva Bərbərova oynayırlar. Kinq II ən çox Romanı sevirdi. Uşağa çox bağlanmışdı və onun bütün tələblərini dərhal yerinə yetirirdi. Roma onun belinə çıxıb at kimi sürüdü. Romanın etdikləri hərəkətlər çəkiliş qrupunun digər üzvləri üçün qadağan idi. Kinq itaəti sevmirdi. Rejjiosr Bromberqin Kinq II-ni soyuq çaya tullanmağa vadar etmək istəyi faciə ilə bitir. Belə ki, Kinq onun ayağıın dişləyir. Onun dişləri rejissorun baldırında 8 santimetrlik dərin yaraya səbəb olur.
Digər bir halda isə Kinq II-nin ağzına rulet vermək istəyən operator assisteni ilə baş verir. O, həmin vaxt qəfil hərəkət etdiyi üçün şir operator assisteninin barmağının yarısın qoparır.
Nəhayət film hazır olur və onu həm uşaqlar, həm də böyüklər izləyir. Bərbərovlar M.Qorki adına kinostudiya ilə danışıqlar aparmağa başlayırlar. Lakin tale bu kinolayihələrə mane olur. Kinq II-nin həyatı da öz sələfininki kimi faciəvi sonluqla bitir.
Bu vaxtlar ailədə böyük mehribançılıq və xoşbəxtlik hökm sürüdü. Ümumittifaq məşhurluğu olan Bərbərovlar heyvanla insan münasibətlərinə yeni baxış gətirmək üzrə idilər. O zamanlar Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi Heydər Əliyev Bərbərovlara hər cür köməkliyin göstərilməsini tapşırmışdı. Dövlət şir üçün ət ayırırdı. Hətta Kinq II üçün mikroavtobus da ayrılmışdı. Bu o vaxtlar üçün ağlasığmaz hadisə idi. Lakin birdən hər şey məhv oldu. Faciə faciə arxasınca gəldi.
1978-ci ildə ailə başçısı Lev Lvoviç infarktdan vəfat etdikdən sonra ailə şiri saxlamaqda çətinlik çəkməyə başlayır və buna görə onu Berlin Zooparkına hədiyyə etməyi düşünür. Lakin bu, baş vermir.
Nina Bərbərova: “Kinq II Lev Lvoviçi rəhbər hesab edirdi, lakin 1978-ci ildə ərim vəfat etdikdən sonra mən iki uşaq, şir və digər heyvanlarla dolu evdə təkbaşına qaldım. Kinq öz sahibini axtarırdı və ona məxsus əşyalar tapdıqda onlara iyləyir, üztünə baş qoyaraq yatırdı. Düzdür, o mənə də tabe idi və ona görə heç kim təhlükə barədə düşünmürdü”.
1980-ci il noyabrın 24-də Kinq II Nina Bərbərovaya ağır xəsarətlər yetirir, oğlu 14 ayşlı Romanı isə öldürür. Hadisə yerinə gələn milislər isə şiri və pumanı güllələyib öldürürlər.
Nina Bərbərova: “Həmin gün mənim üçün kabusa çevrildi. Səhər nəşriyyata yollandım. Evimizdə böyütdüyümüz bütün heyvanlardan bəhs edən kitab çapa hazırlanırdı. Sonra evə tələsdim ki, uşaqlar və heyvanlara yemək verim. Mənzilə daxil olanda tüstü iyi hiss elədim. Kinq özünü qəribə aparırdı və balkondakı tora doğru qaçdı. Lyalya adlı pumamız isə divanda uzandı. Balkona yaxınlaşanda gördüm ki, alkoqolik qonşumuz plastmas yandıraraq şirin üstünə atır. Mən əsəbləşdim, “siz nə edirsiz. Mən bu saat milis çağıracam” dedim. Bu vaxt oğlum Roma məktəbdən evə gəldi. Əvvəl ona yemək verdim, sonra isə Kinqə yaxınlşadım. Əti doğrayıb qabda onun qabağına qoydum. Bu zaman o mebelin üzərinə çıxaraq, beli üstə ordan yerə düşdü. Sonra isə üstümə atıldı. Başımı dişlədi və arxası üstə yerə yıxdı”.
Anasının səsinə qaçan 14 yaşlı Roma şirin boğazından tutub dartır. Lakin qan iyindən başını itirmiş Kinq II anasının gözləri önünüdə oğlunu parçalayıb öldürür. Onun başını dişləyir və onurğa sümüyün qırır.
Nina Bərbərova: “Mən huşumu itirmişdim. Atəş səsləri açılanda özümə gəldim. Qonşular tərəfindən çağırılan milislər dama qalxaraq mənzilə atəş açırdılar. Qapını sındırdıqları an Kinqi öldürə bildilər. Səsdən qoxuya düşən puma küçəyə qaçmaq istəyən anda ürəyindən güllə yarası aldı. Halbuki, o heç kəsə hücum etmək istəmirdi, sadəcə qorxmuşdu”.
Hadisə 34 il əvvəl baş verib. Nina Petrovnadan oğluunun ölüm xəbərini uzun müddət gizlədiblər. O yalnız xəstəxanadan çıxdığı gün bunu öyrənir və yenidən 3 ay xəstəxanada müalicə alır. O yaşamaq istəməsə də, Kazım adlı bir azərbaycanlı ona həyata inamı qaytarır. O, Kazımla evlənir və yenə uşaqları olur. Bu, indi Azərbaycanın tanınmış aktyoru Kazım Abdullayevdir.
“Həkimlər möcüzə nəticəsində məni xilas etdilər. Dəlicəsinə sevidiyim oğlumu isə itirdim. Baş verənlətdən sonra intihar barədə fikirləşirdim. Mənə qızım və dostum Kazım (Əməkdar artist Kazım Abdullayev hazırda Azərbaycan Dövlət Dram Teatrının akytorudur) baxırdı.
Kazımla evləndim və daha iki uşaq – Fərhad və Rahilı dünyaya gəldi. Evdə vəhşi heyvan daha saxlamırıq, yalnız itlər, pişiklər və tutuquşular var.
Kinq II-yə qarşı kin bəsləmirəm. Axı o heyvandı, insan deyil və nə etdiyin anlamayıb. Yeganə olaraq özümü bağışlaya bilmirəm ki, ilk övladıəm Romanı qoruya bilmədim”.
Hazırda Nina Petrovna Bərbərovanın evində çoxlu pişik və heyvanlar olsa da, o daha şir saxlamır. Yalnız evin görməli güşəsində Kinq I və Kinq II-nin fotoşəkilləri asılıb. Onlardan birində Kinq II-ni bərk qucaqlamış Romanın da təsviri var.
Bu, o zaman Bərbərovların yaşadığı ikiqat faciə idi - oğlanları və şir öldü. Halbuki, onlar bir-birin çox sevirdilər.