Akif Nağı: “Dilqəm gərək kabab çəkməyəydi”

Akif Nağı: “Dilqəm gərək kabab çəkməyəydi”
26 iyul 2014
# 08:00

Akif Nağı: Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı Qarabağ Azadlıq təşkilatının sədri Akif Nağıdır. Akif müəllimlə Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşdük. Akif müəllim oruc tutduğuna görə, mən yalnız su sifariş verib müsahibəyə başladım.

- Hansı yeməkləri xoşlayırsız ?

- Yaxşı yeməklərin hamısını xoşlayıram. Amma ən çox aşı sevirəm. Aşı da çox yemək olmur, adamı ağırlaşdırır. Kababı da sevirəm. Ümumiyyətlə çörəkdən başqa adam heç bir şey mütəmadi yeyə bilmir.

Xəmir yeməklərini sevmirəm. Evdə mən xəmir yeməklərini sevmədiyimə görə, ailə üzvlərim də bu yeməkləri az-az bişirir.

- Özünüz hansı yeməkləri bişirə bilirsiniz?

- Təbii ki, indi bişirmirəm. Amma tələbəlik illərində yemək bişirmişəm. Mən Moskvada tələbə olanda yataqxanada qalırdım. Otaqda üç nəfər qalırdıq. Yemək növbətçilik əsasında bişirilirdi. Mən çox yaxşı “qulyaj” bişirirdim və elə bilirdim ki, bu macar yeməyidir. Sonra mən bir verilişə baxdım və məlum oldu ki, bu əsl Osmanlı yeməyidir və qul aşı sözündən əmələ gəlib.

Osmanlılar Avropanı fəth edəndə bu yeməkdən yeyib.

- Kababla aranız necədi?

- Mən toyuq və cavan quzu kababını sevirəm. Dostlarla bir yerə yığışanda kababı həmişə mən çəkirəm. Balıq kababını çox yaxşı bişirirəm.

- Bəs xaşla...?

- Heç vaxt xaşı xoşlamamışam. Səhər tezdən dostlar, ya qohumlar xaşa dəvət edir. Dəvət edən insanın xətrinə dəyməmək üçün xaş məclislərinə gedirəm. Xaşı yeyəndə bütün günü özümü pis hiss edirəm. Ruslarda “xolodes” adında yemək var. Xaşla eynidir, amma onlar o yeməyi soyuducuya qoyur və o xaşdan fərqli olaraq adamı ağırlaşdırmır.

- Müsahibə üçün sizə müraciət edəndə dediniz ki, orucam. Ac qalmaq çətin deyil?

- Yemək heç yadıma düşmür. Amma axşam susuzlayıram. Obaşdan yemək yeməyəndə axşama kimi bədənim çox rahat olur.

- Sizin tələbəlik illərinizin müəyyən dövrü Moskvada olub. Oranın yeməkləri ilə aranız necə idi?

- Bizim mətbəxlə rus mətbəxinin arasında fərq olsa da təbii olaraq öyrəşirsən. Mənim üçün yeməklə bağlı kompleks yoxdur. Sadəcə yemək təzə və keyfiyyətli olsun.

Rusların mətbəxi demək olar ki, yoxdur. Rus mətbəxi digər mətbəxlərdən oğurluqla formalaşıb. Mən Rusiyada kirayədə yaşayanda qonşum çox imkanlı bir adam idi. Həmin adamla arada yeyib-içirdik. Onların soyuducusunda həmişə soyutma kartof olurdu.

- Akif müəllim, siz bir müddət həbsdə olmusuz. Orda yemək necə idi?

- 3 ay Bayıl həbsxanasında qaldıq. Azərbaycan psixologiyasında bir şey var ki, qısa müddətli həbsdə olanda qohumlar, dostlar, qonşular imkan vermir həbsxanada olan yeməyi yeməyə. Amma bəzən həbsxanada bişən yeməyi də yeyirdik. Orda bizə kartofla ət, qarabaşaq üstündə ət və digər yeməklər verirdilər.

- Siz Ağdamda anadan olmusuz. Ağdam mətbəxinin özəlliyi nədir?

- Ağdam mətbəxi çox zəngindir. Qarabağın çox fərqli plovları , dolmaları var. Mən balaca dolmanı Bakıda gördüm. Naxçıvanda dolma, ya əti xırda-xırda, Ağdamda isə əti döyüb dolma bişirilər. Ağdamın dolması həm də böyük olur.

Ümumiyyətlə əti ət maşından keçirəndən sonra dadı olmur.

Mənim anam çox yaxşı kotlet bişirir. O dadı təkrar heç yerdə tapa bilmirəm.

- Dieta ilə aranız necədi?

- Mən o mövzuda özümə fikir verirəm. İnsanın ən böyük problemi yeməklə bağlı olur. Nə qədər az yesən o qədər yaxşıdır.

Məhəmməd peyğəmbərin bir hədisi var ki, süfrədən ac durmaq lazımdır.

Mən imsakda da, iftar açanda da az yeyirəm. Çünki mədəni yormaq olmaz.

- Gündəlik qida rasionunuz nədən ibarətdir?

Hər səhər acı çayla bal, ya da yağ-pendir yeyirəm. Günorta yeməyim də cüzidir. Mənim kafedə, yeməkxanada oturub yemək yeməkdən xoşum gəlmir.

Axşam da az yeyirəm.

- Evdə yemək bişirirsiz?

- Evin mətbəxinin öz ağası var. Mənə mətbəxdə işləməyə icazə vermirlər. Amma yemək bişirən kişilərə pis baxmıram. “Yeni Müsavat” qəzetində “Siyasilər mətbəxdə” adlı rubrika var idi. Həmin rubrikada Hikmət Hacızadə demişdi ki, mən evə girən kimi önlüyü taxıb keçirəm mətbəxə, yemək bişirməyə. Hacı İlqar İbrahimoğlu isə demişdi ki, mən evdə adam olmayanda belə özümə çay süzmürəm. Məncə hər ikisi ifrat haldır. Mən o rubrikada demişdim ki, ehtiyac olsa yemək bişirərəm. Amma məni mətbəxə buraxmayanda da incimirəm, özüm də evə girən kimi birbaşa mətbəxə getmirəm.

- Ovla aranız necədi?

- Mən ovdan uzaq adamam. İndi Azərbaycanda ova getmək dəbdədir. Amma mən o insanları baş düşmürəm. Bəlkə də mən səhv edirəm.

Mənim fikrimcə ova sərf elədiyin vaxta gedib təbiətin qoynunda gəzmək olar.

Bəzən bir adam mənə deyir ki, gedib restoranda bir saat oturub yemək yeyək. Mən belə şeylə razılaşmıram. Çünki yemək yeməyə sərf edilən vaxtı itirilmiş vaxt hesab edirəm. Mən yeməyi maksimum 15 dəqiqəyə yeyib qurtarıram.

- Tələbə vaxt hansı kafedə yeyib-içirdiz?

- Mən Bakı Dövlət Universitetində oxumuşam. Bizim universitetimizin yanında “Cəfərin lüləxanası” adlı bir yer var idi. Bu günə qədər yadımdadır ki, biz pəncərədən qışqırırdıq ki, Cəfər bir lülə. O da ordan qışqırırdı ki, oldu.

Sonra, indiki Heydər Əliyev adına Sarayın yanında bir cızbızxana var idi.

Bizim tələbəlik vaxtımızın ən yaxşı hadisələrindən biri kiminsə bizə “Karvansara” da qonaqlıq verməyi olurdu. Tələbəlik illərində 3-4 dəfə o cür məclislərdə iştirak etmişəm.

- Kəlbəcərdə Azərbaycan vətəndaşları saxlanılıb. Həmin görüntülərə baxanda orda onların kabab çəkdiyini gördük. Sizcə bu nə dərəcədə doğrudur?

- Mən Dilqəm Əsgərovu çox yaxşı tanıyıram. Dilqəm tez-tez Kəlbəcərə gedirdi. Onda Kəlbəcərə getmək nostaljisi var idi. Dilqəm gedib orda əzizlərinin məzarını ziyarət edirdi, video çəkilişlər aparırdı. Dilqəm ora hər dəfə gedəndə tək gedirdi. Amma bu dəfə yanında adam çox olub. Adamda çox olanda müəyyən ideyalar ortalığa çıxır. Məsələn, “burda kabab çəkək” kimi ideyalar. Yemək yemək olar, amma sən ora gizli yolla getmisən və orada rahat kabab çəkmək, qonaqlıq etmək mənim fikrimcə ifrata varmağın əlamətidir.

Mən bəzən də fikirləşirəm ki, yaxşı ediblər. Öz torpaqlarıdır.

Elçin Hüseynbəylinin əsərində belə bir süjet var ki, bir məcburi köçkün ölümcül xəstə olur və öz kəndində ölmək istəyir, gedib o kənddə ölür. Mən Elçin bəyə bunu irad tutmuşdum ki, insanları öz torpaqlarına ölmək üçün göndərmək ideyası yanlış ideyadır. İnsan öz torpağına intiqam almaq üçün getməlidir. Yəni intiqam uğrunda ölməlidir.

Mənim bəzən ziyalılarla bu mövzuda mübahisəm düşür. Mübahisə ondan ibarət olur ki, onlar deyir ki, Şuşaya, Ağdama Kəlbəcərə getmək istəyirəm mən isə deyirəm ki, hamı ora getmək istəyir, amma sən düşmənin ayağına getmiş olursa axı.

Mənim də anadan olduğum kənd işğal altındadır. Mən özümdə getmək istəyirəm. İstəyirəm gedib darvazamızdan içəri girib böyüdüyüm evə, həyətə baxım. Amma sonra fikirləşirəm ki, düşmənin ayağına getmək olmaz.

- Xarici ölkə mətbəxi ilə bizim mətbəxin arasında fərq nədir?

- Fərq çoxdur. Məsələn İran mətbəxində düyü çox olur, türk , gürcü mətbəxində isə acılı qidalar çoxluq təşkil edir. Rus mətbəxində isə çox qəribsəmə hiss etmirik.

Xarici mətbəxin yeməklərindən Azərbaycan mətbəxi ilə dadı oxşar olan yeməkləri sevirəm.

- Toylarla aranız necədi?

- Toylardan hamı kimi, mən də narazıyam. Bu gün yeməyə ən böyük hörmətsizlik bizim toylarda və yaslarda olur. Mən hesab edirəm ki, bizim millətin andında olan çörək haqqını unutmaq olmaz. Amma bu gün o and unudulur.

Qədim Roma imperatoru Avqustun vaxtında toylarda indiki kimi israfçılıq çox idi. İmperator israfçılığın qarşısını almaq üçün fərman imzalasa da, bunun öhdəsindən gələ bilmədi. Yəni bunun qarşısını almaq çox çətin prosesdir.

- Spirtli içkilərlə aranız necədi?

- Cavan vaxtı içmişəm. Amma indi namaz qılıb, oruc tutduğuma görə, spirtli içkilərdən qəti istifadə etmirəm. Buna görə özümü çox rahat hiss edirəm və gənclərə məsləhətə görürəm ki, bu cür vərdişlərdən uzaq olsunlar.

Bu yaxınlarda rus telekanallarının birində maraqlı bir araşdırmaya baxdım. Araşdırmada Moskvada ən bahalı Seylon çayının tərkibini yoxladılar və məlum oldu ki, çayın keyfiyyəti çox aşağıdır. Sonra araşdırmanı edən jurnalist çayın istehsal olunduğu Şri-Lankaya getdi və zavodda istehsal olunan çayı ekspertizadan keçirtdi. Hər iki ekspertizanın nəticəsi zamanı məlum oldu ki, bu çayların heç biri standartlara uyğun deyil.

Əgər çay belədirsə, spirtin keyfiyyətindən necə söhbət gedə bilər axı?

- Spirtli içkini ilk dəfə nə vaxt içmisiz?

- Lap uşaq vaxtı, 9 yaşımda içmişəm. Qohumlarımdan biri mənə konyak verdi. Bir azca içmişəm.

- Sizcə hansı içki məsləhətlidir?

- Birincisi içməsinlər. Əgər içirlərsə, məncə konyak yaxşıdır. Çünki konyakı çox içmək olmur.

- İlk dəfə sərxoş olduğunuz yadınıza gəlir?

- Mən çox nadir hallarda sərxoş olurdum. Mən içki içən vaxtlarımda məclis zamanı çox sakit olurdum.

Moskvada bir dəfə kefləndiyim yadıma gəlir. Tələbə idim, əmim oğlu hərbiçi idi və Macarıstandan həyat yoldaşı ilə Moskvaya gəlmişdi. Mən onu yola salmağa gedəndə Moskvada “Budapeşt” restoranında onun dostları ilə oturduq.

Orda xeyli araq içdim. Metroya girməyim yadımda idi, amma evə getməyim yadımdan çıxmışdı.

Əmim oğlunun həyat yoldaşını dostu rəqsə dəvət elədi və mən onunla savaşdım ki, sən kimsən mənim qohumumu rəqsə dəvət edirsən?( gülür)

- Neçə gün ac qalmısız?

- 1999-cu il Qarabağ Azadlıq Təşkilatı aclıq aksiyası keçirtdi. Bir aylıq aksiya etdik və mən onda 7 gün ac qaldım və ac qaldığım müddətlərdə yalnız su içdim. Elə bir ciddi fəsad olmadı. Yalnız ayaq sümüklərim ağrıyırdı. Rəhmətlik Elçibəy bizi ziyarətə gələn də ona dedim ki, mənim ayaq sümüklərim ağrıyır. Bəy dedi ki, səndə ağrı sümüklərə verib.

Fotoların müəllifi: Tofiq Babayev

# 7767 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #