Erməni fotoqraf: “Yaşasın Türkiyə”        

Erməni fotoqraf: “Yaşasın Türkiyə”        
27 aprel 2013
# 07:45

Ara Gülər fotoqrafiya ilə maraqlanan insanlara tanışdır. Nəinki, Türkiyədə, bütün dünyada məşhur fotoqrafdır. XX əsrin əfsanəvi simalarının (Salvador Dali, Sofi Loren, Pikasso, Bertran Rassel, Uinston Çörçill, İndira Qandi və s.) fotosunu çəkmiş insandır. “Magnum” foto agentliyinin üzvü olub. Hazırda 85 yaşı var. Kulis.az onun Türkiyə mətbuatına verdiyi müsahibənin ən maraqlı yerlərini təqdim edir.

- Ailəniz haqda danışardınız bir az.

- Anam da, atam da ermənidir. İntellektual bir ailə idi. Atam apteki olan imkanlı bir adamdı. Məndən daha məşhur idi. Aramız yaxşıydı onunla. Məni ən yaxşı məktəblərdə oxutdurdu. Fransız ailəsi necə yaşayırsa, ermənilər də burda elə yaşayardı zatən. Hər biri 2-3 dildə danışmağı bacarırdılar.

- Bəs siz?

- İngilis, fransız, erməni, türk dillərində danışa bilirəm.

- 3 il sinifdə qalmısınız.

- Sinifdə qalmayan oğlandan kişi olmaz. Sinifdə qalmayanlar qorxudan dərs oxuyanlardır.

- Dərs oxumaq pis şeydir bəyəm?

- Mən dərs oxumurdum, başqa işlər görürdüm.

- Avara olmayasınız deyə sizi bir kino şirkətinə veriblər.

- Böyük kino şirkətlərində atamın dostları var idi. Məni İpek Film şirkətinə apardılar. Boş-boş küçələrdə gəzib avaralıq etməyim deyə.

- Orda neylədiniz?

- Hər şey elədim. Kinonun içində yetişdim mən. Amma məndən başqa hamı kino adamı oldu.



- Niyə uzaqlaşdınız?

- Qəzetçiliklə məşğul olmağa başladım. Daha mühüm iş idi.



- İllər sonra bir film çəkmisiniz amma…

- “Qəhrəman Yavuz”… “Yavuz” bir alman gəmisi idi. Mən də bir alman qəzetinin Türkiyədəki müxbiri idim. Mənə dedilər ki, “Yavuz”u sökəcəklər, reportaj hazırla ordan. Fotolarını çəkərkən ağlıma gəldi: “Ulan, niyə bundan bir film çəkmirəm?” – dedim öz-özümə. 40 dəqiqəlik bir film idi, amma 12 ilə çəkdim qurtardım. Çünki “Yavuz” sökülmədi. 12 il ərzində hər ay gedirdik, bir az çəkirdik. Çox gözəl film oldu. Underground bir film.

- O vaxt “Yeni İstanbul” qəzetinin hekayə müsabiqəsinə “Ali İhsan Aygün” ləqəbi ilə qatılmısınız. Niyə görə?

- Erməni olduğuma görə işimə qəmiş qoyardılar.



- Erməni olduğunuza görə çətinliklər çəkdiniz?

- Yox. Mənim erməni olduğumu bilmirdilər.

- İllərlə Kann Film Festivalını izləmisiniz. Unutmadığınız an hansıdır?

- Kanna 10 il getmişəm, çox şeylər yaşamışam. Sofi Loreni tanıyırsınız? Onun liftə mindiyini görəndə mən də liftə minmişdim. Yuxarı çıxdıq birlikdə. Otel otağının ortasında da yataq var. Qadın yorğun idi. Ayaqqabılarını çıxartdı, yatağın üstündə oturdu. “Burda belə oturmuş vəziyyətdə fotonuzu çəkə bilərəmmi?”- dedim. “Çək”-dedi. Bir neçə fotosunu çəkib Türkiyəyə göndərdim. Burda da fotonu dərc edib üstünə yazıblar ki, müxbirimiz Ara Gülər Sofi Lorenin yataq otağında.

- Varşavada bir oteldə əsir qalmısınız…

- Futbol üzrə milli komandanın oyunu vardı. Fotoreportaj üçün məni göndərdilər. Qəzet arxamca pul göndərəcəkdi, göndərmədi. Pulum yox idi. Acından krantdan su içirdim. Nəhayət atam pul göndərdi, belə xilas oldum oteldən.

- Atanız həmişə belə dəstək oldumu sizə?

- Təbii… Mən varlı bir adamın uşağı idim. Kasıb adam belə şey edə bilərdimi?

- Dəlixanada da yatmısınız foto üçün…

- İordaniya kralı Talal xəstəxanada yatırdı. Arvadı şeytan kimiydi, ona görə də adam dəli olmuşdu. Mən də xəstəxanaya getdim. Özümü qəribə aparmağa başladım. “Xəstəyəm, yatacam” dedim. Məqsədim kişinin içəridə fotosunu çəkmək idi. Çəkə bilmədim amma. Məni götürüb otağa saldılar, qapını da bağladılar. “Bir də səni görsək, vurarıq” dedilər.

- Çarli Çaplinin qapısında da 3 gün dayanmısınız, amma fotosunu çəkə bilməmisiniz…

- 3 gün yox, bir həftə. Çaplin İsveçrədə bir dağ kəndində qalırdı. Qəsr kimi bir yer idi. 6 metr hündürlüyündə divarlar, dobermanlar, gözətçilər-filan vardı. Mən də bir məktub yazdım: “Siz Çarli Çaplinsiniz, mühüm şəxssiniz. İnsanlığın mülkiyyətisiniz”. Adam çox duyğusallaşmış. Buna baxmayaraq foto çəkə bilmədim. İflic olmuşdu həmin vaxtı. O vəziyyətdə şəkil çəkdirmək istəmirdi. Xahiş etdi, mən də çəkmədim.

- Sizdə Pikassonun orijinal əsəri varmı?

- Mən onunla görüşməyə çox cəhd elədim. Adam yanına heç kimi buraxmırdı. Guya onda çəkə bilmirdi. Bizim nəşriyyat onun kitabını buraxacaqdı. Müdirimizə dedim ki, məni aparmasan, səni danışdırmaram. Eləcə getdim. Pikasso da sevdi məni. “Sən mənim bu qədər fotomu çəkirsən, mən də sənin rəsmini çəkim” dedi. Türkiyədə Pikassonun cəmi bir orijinal əsəri var - mənim evimdə.

- Salvador Dalinin də fotolarını çəkmisiniz.

- Dalinin ətrafında dəlilər dəstəsi vardı. Çünki ətrafında avaraların olmasını istəyirdi Dali. Mənim bir sevgilim vardı. Sən demə Dali onun xaç atası imiş. Məni apardı onun yanına. Bir gün dedim ki, mən sənin bir yaxşı fotonu çəkmək istəyirəm. Dedi, yaxşı, sabah çəkərik. Səhəri çəkdim. Oteli bir-birinə vurduq. Ona dedim ki, sən matador ol. Oyun oynadıq rəsmən. Sonra çəkdiklərimdən bəzilərini ona verdim. “İmzalaya bilərsən?” dedim. Amma elə bir imza atdı ki, qurumurdu. Bir günə qurudu.



- Bu hərəkətli, qarmaqarışıq həyatınızda qadınların yeri hardaydı?

- Həyatımda çox qadın var mənim. Çox tez vurulan bir adam idim. İki dəfə evləndim. Bundan başqa evlənmədən birlikdə yaşadığım qadınlar da çox olub.

- Uşağınız olmasını istəmirdiniz?

- İngilis sevgilim hamilə qalmışdı bir dəfə. Onu da abort etdirdik.

- Peşman oldunuzmu?

- Oldum, əlbəttə. Bir uşağım olsaydı, yaxşı olardı.

- Türkiyədən məmnunsunuz?

- Mən həyatımdan məmnunam. Ölkəmdən də məmnunam. Ulan, mən Türkiyədən başqa yerdə yaşaya bilmərəm.

- Son sözünüz…

- Yaşasın Türkiyə Cümhuriyyəti.

# 4766 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #