Aytəkin Alxaslı: "Azərbaycanlı olduğum üçün məni sıxışdırırdılar" MÜSAHİBƏ

Aytəkin Alxaslı: "Azərbaycanlı olduğum üçün məni sıxışdırırdılar" MÜSAHİBƏ
3 iyun 2013
# 08:00

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı ANS telekanalının Qusar bürosunun əməkdaşı Aytəkin Alxaslıdır.

- ANS-dən başqa hansı media qurumlarında çalışmısınız?

- 4-cü sinifdə oxuyanda artıq jurnalistikaya həvəsim yaranmışdı. Mən Şəkinin Kiçik Dəhnə kəndində anadan olmuşam. O vaxt kəndimizdə baramaçılıq və tütünçülüklə məşğul olurdular, tinglər əkilmişdi. İlk yazım da məhz mövzunu əhatə edirdi. 1974-cü ildə “Azərbaycan pioneri” qəzetində “Körpə tinglər” adlı yazım çap olundu. Yaşadığımız kənd rayon mərkəzindən 30 kilometr uzaqda olduğu üçün həmin yazını redaksiyaya zərflə yollamışdım. 1976-cı ildə orta məktəbi bitirəndən sonra Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna sənədlərimi verdim. Qardaşım da bu institutda təhsil aldığı üçün onun məsləhəti ilə sənədlərimi ora vermişdim. Ədəbiyyat İnstitutuna imtahandan kəsildim. Bununla belə israrla jurnalistika təhsili almaq istəyirdim. 1977-ci ildən 1981-ci ilə qədər jurnalistika fakültəsinə sənəd vermişəm. Nəhayət 1982-ci ildə qəbul oldum. O zaman hər şey tamam başqa cür idi, indi balı çatmır düşür jurnalistikaya. Mən altı il universitetin jurnalistika fakültəsinə ayaq döymüşəm. Təhsil aldığım müddətdə “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərinə yazırdım. Arxivləri qaldırıb baxsanız, imzamı tapa bilərsiniz.

- Niyə məhz Qusar bürosunda çalışmağa üstünlük verdiniz?

- 1987-ci ildə universiteti bitirən vaxt üç yerə - Balakən, Kəlbəcər və Qusara təyinat var idi. Bakıda işləmək üçün isə şəhər qeydiyyatı lazım idi, qeydiyyatım olmadığı üçün bu üç rayondan birini seçməli idim. Məsləhət belə oldu ki, Bakıya yaxın olduğu üçün Qusarı seçim və elə həmin ildən etibarən Qusarda yaşayıram, həm də çalışıram. Çoxları elə bilir ki, mən qusarlıyam. Hətta Laçından olduğumu düşünənlər də az deyil. Çünki Laçında Alxaslı kəndi var. Soyadım Alxasova idi, dəyişdirib Alxaslı etmişəm. 1998-ci ildə qrup yoldaşım Mirşahin Ağayev zəng edib dedi ki, şimal bölgəsində ANS-in müxbiri kimi çalışa bilərsənmi? Düşünmədən, qəbul etdim və o gündən bu yana ANS televiziyasının şimal bölgəsinin müxbiriyəm.

- Çalışdığınız müddətdə çətinliklərlə üzləşmisiniz?

- 1992-93-cü illər Azərbaycanda, o cümlədən Qusarda vəziyyət gərgin idi, ürəkaçan deyildi. Həmin vaxt “Qızıl Qusar” qəzetində çalışırdım. Etiraf edim ki, azərbaycanlı olduğum üçün məni sıxışdırırdılar. Təbii ki, Qusarın sadə, təmizürəkli insanları tərəfindən heç bir təzyiq olmadı. Onu da deməliyəm ki, Qusarda yaşaya-yaşaya ləzgi dilini mükəmməl öyrəndim. Ləzgi dilində bir çox ləzgilərdən yaxşı danışıram. Bir dəfə 2001-ci ildə futbol üzrə Azərbaycan milli çempionatının oyunu zamanı Qusarın “Şahdağ” və Bakının “MOİK” klublarının oyunundan sonra azarkeşlər avtobusun şüşələrini sındırmışdılar. Biz də avtobusun vəziyyətini lentə almışdıq. Qusar rayon polis şöbəsinin rəis müavini həmin kadrları məndən istəyirdi. Təbii ki, onun istəyinə cavabım yox oldu. Ümumiyyətlə, bu cür təzyiqlər çox olub.

- Şirnikləşdirici təkliflər necə, olubmu?

- Əlbəttə belə təkliflər də çox olub. Telekommunikasiyanın rəisi qrilyaj şokolad, bir də ətir göndərmişdi. Bölgədə ilk özəl televiziya olmuşuq. Təbii ki, əvvəl çox insanlara məsələlərə fəal müdaxiləmiz çatmırdı. Biz tamaşaçının görmədiyi xəbərləri göstərib, eşitmədiyi məlumatları təqdim edirdik.

- İndi regionda sizə qarşı münasibət necədir?

- Təbii ki, hamının münasibəti müsbət ola bilməz. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları ilə daimi olaraq əməkdaşlıq edirəm. Hazırda ancaq Xızı rayon icra hakimiyyətinin başçısı dəyişdiyi üçün münasibətlər tam oturuşmayıb. Yəqin ki, düzələr. Digər tərəfdən indi məmurlar bilir ki, mənim onlardan istədiyim informasiyadan başqa bir şey deyil.

- Səhv etmirəmsə, şimal bölgəsində yanğın hadisəsi olmuşdu. Efirdən sizinlə əlaqə yaradan Natiq Qədimov bildirdi ki, siz əraziyə yanğınsöndürənlərdən tez çatmısınız. Mənbələriniz çoxdur?

- Qubada qətl hadisəsi olmuşdu, inanın hadisə yerinə prokurordan tez çatmışdım. Elə olub ki, polisləri də qabaqlamağa imkan tapmışam. Srağagün Xaçmazda kişi qadının başını kəsmişdi. Polis faktı mənə xəbər verəndə artıq Xaçmazda, hadisə yerində idim. Mən sadə insanlara daha çox arxalanıram, nəinki rəsmi qurumlara. Həm də operativ olmaq lazımdır. Bizim işimiz məhz bunu tələb edir. O ki, qaldı mənbələrə, mənə məlumat verən sadiq tamaşaçılarım, nyusmeykerlərim var. Onların adlarını açıqlamamışam, heç açıqlamaq niyyətim də yoxdur.

- Dövlət Sərhəd Xidmətinin Qusardakı sərhəd zastavasının açılışında skuterin üzərində çıxış edərkən nəzarəti itirib, yerə yıxıldınız. Necə düşünürsünüz, jurnalist bu məsələlərdə ehtiyat olmalı deyilmi?

- Düşünürəm ki, lazımdır. Digər tərəfdən sərhədlə bağlı materiallar hazırlamağı sevirəm. Qusarda işləyəndən sərhədyanı ərazilərə həmişə marağım olub. 2011-ci ilin dekabrın 2-si idi. Yollar qarlı olduğu üçün tez getmişdim. Skuterin üstündə stəndap etmək istəyirdim, işlək olmadığı üçün ləzzət etmədi. Tədbir qurtardı, otaqları gəzdik, sərhədçilərdən xahiş etdim ki, olarmı skuterə əyləşim? Əyləşdim, mikrofonu da bir təhər yerləşdirdim. Ömrümdə heç velosiped sürməmişdim, qaldı ki, skuter sürüm. Təbii ki, bu istəyimə ətrafda etiraz edənlər də oldu. Dikə çıxdım, sonra aşdım. Demək olar ki, möcüzə nəticəsində sağ qaldım. Qarın içinə yıxılmışdım, əvvəl eynəyim, sonra telefonum qara düşdü. Sərhədçilərdən biri gərginliyi azaltmaq üçün zarafat etdi ki, eybi yox telefonunu yayda taparsan (gülür). Düz iki saat özümə gələ bilmədim. Buna baxmayaraq sonradan işimi davam etdirdim. Düzdür, başımda bir həftə uğultu oldu.

- Bir müddət xəstə yatdınız və sonra yenidən işinizin başına qayıtdınız. Bu duruma ailəniz narazılıq etmir?

- Anamın narahatçılığı təbiidir. Həmişə deyir ki, özün ana olsan məni daha rahat başa düşərdin ki, ana övlad üçün nə çəkir. Anam haqlı olaraq özümü qorumağı məsləhət görür. Məlum hadisədən əvvəl qrip olsam da, əhəmiyyət verməyib işlədim. Martın 28, 29-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin Quba-Xaçmaz bölgəsinə səfərini işıqlandırdım. Sualıma cavab aldım. Daha sonra martın 30-da Dövlət Neft Şirkətinin prezidenti Rövnəq müəllim Siyəzəndə iki yanacaq doldurma məntəqəsinin açılışında iştirak edirdi, ora da getdim. Martın 31-də isə soyqırımı günü Quba məzarlığından material hazırlayıb vaxtında təhvil verdim. Qusarda yaşaya-yaşaya Quba şəhər icra hakimiyyəti işçilərindən tez gəlmişdim. Hadisədən bir gün əvvəl Qubada və Xaçmazda həkimə getmişdim. Həkimlər də demişdi ki, səndə xəstəlik yoxdur. Aprelin 2-də evdə yıxıldım. Xoşbəxtlikdən telefon əlimdə oldu. Yaddaşım güclü olduğu üçün telefon nömrələri yadımda qalır. Tez baş həkimə zəng etdim ki, Mübariz, yıxıldım. Dərhal təcili tibbi yardım məni xəstəxanaya yerləşdirdi. Reanimasiyada yatdım.

Müdafiə Nazirliyinin hospitalında müalicə olundum. Müalicəm hələ də davam edir. Xəstələnməyim də özümə baxmamağımdan qaynaqlanır. Başqa daxili xəstəliyim yoxdur. Gündə bir dəfə yemək yeyirdim. İndi rejimə ciddi əməl edirəm. Xəstəliyə görə özümü günahlandırırdım. Çünki işdən ötrü darıxırdım. Xaçmaz telekanalından müsahibə verəndə zarafatla dedim ki, insanlar hadisə törətməsin, işə çıxmağımı gözləsinlər (gülür). ANS-çilər yoluxmaq üçün mənə zəng vururdular. Təsəvvür edin ki, işə çıxmamağıma görə utanırdım. Halbuki onlar sadəcə hal-əhval tutmaq üçün mənimlə əlaqə saxlayırdılar. Özümü günahkar sayırdım, amma adam xəstəliyə görə özünü günahkar saymaz. Həyatda qorxaq deyiləm, ancaq xəstəlikdən çox qorxuram. Qusarın reanimasiya şöbəsinə, baş həkim Mübariz Zeynalova, Əliyar həkimə, Müdafiə nazirliyinin hospitalındakı həkimlərə minnətdaram ki, mənə kömək etdilər. İynə-dərmandan savayı həkim sözü də faydalı olur.

- ANS bağlanan zaman kanalı tərk etməyi düşündünüz?

- Operatorlar fikirləşirdilər ki, gedib hardasa toy çəkəcəklər. Ancaq mən başqa yerə getmək barədə heç düşünmürdüm. Düşünürdüm ki, haqq-ədalət öz yerini tapacaq, məsələ müsbət həll olunacaq. Elə də oldu, ANS yenidən efirə qayıtdı. Ancaq ANS bağlı olanda işləməyimizə imkan vermirdilər. Xaçmazda bir intihar hadisəsi var idi, adını çəkmək istəmirəm, həmin müstəntiq dünyasını dəyişib, saytımız üçün məlumat almaq istəyirdim bu barədə, o, isə bu haqda heç nə demədi.

- Başqa televiziyalardan təkliflər alırsınız?

- Günümə bir qızıl versələr də ANS-i dəyişmərəm. Bu səviyyə qalxmağımda Vahid müəllimin, Seyfulla müəllimin, Mirşahin müəllimin böyük əməyi olub. Onlara minnətdaram. ANS-dən aldığım maaşla dolanıram. ANS bağlananda kimin kim olduğunu bildim. ANS məndən imtina edər, bu başqa məsələ, amma mənim ANS-i tərk etmək niyyətim yoxdur.

- Region müxbirləri arasında ən populyarı sizsiniz...

- Bakıya gələndə populyar olduğumu hiss edirəm. Mən özüm bilə-bilə, qəsdən populyar olmamışam. Populyarlıq özü adamı tapır. Bəzi bölgə müxbirləri var ki, mənə həsəd aparır. Həmişə bir məqsədim olub ki, xəbəri vaxtında çatdırım, işimdə məsuliyyətli olum, köhnəlmiş xəbər verməyim.

- Evlənməmisiniz. Ailəni işinizə qurban verməyə dəyərdimi?

- Heç peşman da deyiləm. Bu suala həvəslə cavab verirəm ki, qurban verməyə dəyərdi. Yenə belə seçim olsa, yenə də jurnalistikanı seçərdim.

- Tək yaşamağın çətinlikləri var. Heç olmasa üstünlükləri də varmı?

- Tənhalığa artıq öyrəşmişəm. İş-güc adamın başını qatır. Amma mən özümü tənha saymıram, tənhalığın da öz ləzzəti var. Tək olanda daha sərbəst düşünürəm. Düzdü, evdə adam olanda darıxıram ki, bunlar nə vaxt gedəcəklər. Evinə gedib-gəldiyim yaxşı ləzgi dostlarım var. Qusarda Arif müəllim adlı dostum var, reanimasiyada hər gün başımın üstündə durdu. Ancaq hörmət etdiyim insanlar da oldu ki, məni heç axtarmadılar.

# 8185 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #