Vaqif Əsədov: “İlan da yemişəm, it də”

Vaqif Əsədov: “İlan da yemişəm, it də”
27 yanvar 2014
# 09:00

Bundan sonra Milli Konservatoriyanın sağ tərəfində, Mirzəğa Əliyev küçəsində yerləşən "Karvan" restoranında söhbətləşdiyimiz tanınmış şəxslərin yeməklə bağlı söhbətlərini sizlərə çatdıracağıq.

Budəfəki qonağımızı daha çox reydlərdə görürük. Amma bu dəfə həmin şəxsi tam başqa ampluada görəcəksiz.

“Karvan”dakı “Yeməli söhbət”in qonağı Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi polis polkovnik leytenantı Vaqif Əsədovdur.

Vaqif Əsədov söhbətə başlamazdan əvvəl bizə xidmət edən gülərüz ofisianta çay sifariş etdi. Biz çay içə-içə başladıq. Siz də çayınızı yanınıza qoyub müsahibəni oxumağa başlayın. Darıxmayın, yemək də olacaq.

- Hansı yeməkləri sevirsiz?

- Ümumiyyətlə Azərbaycan mətbəxində olan bütün dadlı yeməklər mənim üçün əzizdir. Mütəmadi olaraq milli mətbəximizin yeməklərindən yeyirəm. Məsələn, Gəncənin xaşını, Şəkinin pitisini, Ordubadın qayğanağını, maş şorbasını-xüsusilə təndirdə bişən quru lavaşla və qovrulmuş ətlə-, Lənkəranın toyuq, yaxud balıq ləvəngisini sevirəm. Ordubadda yay aylarında qoyun kəsilir, sonra qablara qoyularaq qışa qədər saxlanılır. Maş şorbasını hazırlamaq üçün dediyim qovurulmuş ət məhz elə həmin ətdən olmalıdır.

- Özünüz hansı yeməkləri bişirə bilirsiz?

- Sadə və tez bişən yeməklər hazırlayıram. Ət yeməklərini bişirməyi sevmirəm. Hərdən kabablara üstünlük verirəm. Közdə bişirilən, xüsusilə də quyruğu bol olan lülə kabab isə mənim üçün çox maraqlıdır. Kabab bişirməyə həvəsim çox olmasa da lülə kababı xüsusi qaydada bişirə bilirəm. Ümumiyyətlə lülə kababı bişirmək üçün əti daşda döyüb, xüsusi ədviyyatlar vurandan sonra bir müddət saxlayıb və daha sonra şişə çəkmək lazımdır. Əsl lülə kabab döymə ətdən hazırlanmalıdır.

- Vaqif müəllim, tələbə vaxtı nə yeyirdiz?

- Tələbəlik illərindən danışanda xüsusi nostalji hisslər yaranır. Ümumiyyətlə hər bir tələbə oxuduğu müddətdə müəyyən maddi problemlərlə üzləşir. Bu, hamımızın başına gələn bir haldır. Mənim tələbə vaxtı ən çox yediyim kofe ilə sosiska olub. Tələbə vaxtı əsasən indiki Texniki Universitetin yanında olan “Ceyran” kafesində yemək yeyirdim.

O dövrdə iki sosiska və bir stəkan kofenin qiyməti istənilən ayaqüstü kafelərdə 50 qəpik idi. Yataqxana şəraitində yaşadığımızdan kartof qızartması və yarımfabrikat şorbalar yeyirdik. Bütün bunlara baxmayaraq, o dövrdə yediyim bütün yeməklərin dadı yadımdadı.

- Xarici ölkələrə səfər zamanı orda nə yeyirsiz?

- Çində, Türkiyədə, Gürcüstanda və digər ölkələrdə olarkən onların mətbəxlərində olan yeməklərin əksəriyyətini dadmışam. Məsələn, Çində dəniz məhsullarını, Türkiyədə acı yeməkləri, Gürcüstanda qurut xəngəlini, xaçapuri və şorbaları acı formada yemişəm. Ümumiyyətlə yeməyi acı formada xoşlayıram. Orqanizmimdə problem olmadığına görə, heç bir yemək mənə pis təsir etmir. Son vaxtlar həftədə bir dəfə Pakistan mətbəxində bişirilən, müxtəlif ədviyyatlar vurulan plov yeyirəm.

- Ümumiyyətlə, sizi təəccübləndirən yemək olub?

- Mən hərbi xidməti Rusiyada-Korelyada keçmişəm. Hərbi xidmət zamanı istixanada işləyirdik. Mən komandir idim. Həmin vaxt istixanaya baxış keçirərkən ərazidən bişmiş ət iyi gəldi. Əsgərlərə bunun nə olduğunu soruşdum. Onlar mənə dovşan bişirdiklərini dedilər və bişirdikləri ətdən mənə verdilər. Yeməyin dadı çox xoşuma gəldi. Yeyəndən sonra əsgərlər mənə dedi ki, komandir hirslənməyin, amma yediyiniz it əti idi. Demək bunlar iti vurub, sonra dərisini soyub, istixanadakı peçlərdə şişə taxıb bişiriblər. Onlar hətta mənə itin dərisini də göstərdilər. Çox çalışdım ki, yediyimi qaytaram, amma alınmadı. Mən sonra oxudum ki, Çin mətbəxində it ətindən hazırlanan yeməklər var. Çində olanda ilan ətinin də dadına baxdım. Orda adamın gözünün qabağında ilanı kəsirlər, qanın içib, özünü də bişirirlər.

- Azərbaycanın regionlarına sırf yemək yeməyə görə getmisiz?

- Xaş yeməkdən ötrü Gəncəyə getmişəm. Gəncənin özünəməxsus xaşı var. Yəqin orada bişən xaşa qarın qatıldığından o qədər dadlı olur. Bu gün paytaxtda bütün bölgələrin mətbəxini tam qaydasında bişirən kafelər var və maraqlısı odur ki, elə həmin kafelər həmin regionun adını daşıdığı üçün onları tapmaq problem yaratmır.

- Ananızın bişirdiyi yeməklərin dadı...

- Anamı 12 ildir itirmişəm. Anamın bişirdiyi yeməkləri indi bacım Elza bişirir. Mən elə fürsətdən istifadə edib onu salamlayıram. Amma bacımın bişirdiyi yeməklər anamın bişirdiyi yeməklərdən az da olsa fərqlənir. Ümumiyyətlə anamın bişirdiyi yeməklərin həsrətindəyəm. Anam bişirdiyi yeməklərin dadını özü ilə apardı.

- Dietaya ilə aranız necədir?

- Dietanı bütün hallarda alqışlayıram. Mən özüm də bəzən dieta saxlayıram. Həftədə bir gün ümumiyyətlə yemək yemirəm. Bəzən elə olur ki, həftə ərzində müəyyən ardıcıllıqla , ilk iki gün ləpə yeyir, üçüncü-dördüncü gün ancaq su içir, beşinci, altıncı gün heç nə yemirəm. Bazar günü isə meyvə şirəsi içirəm. Bu formada özüm özümü müalicə edir və çox gözəl nəticələr qazanıram.

- Spirtli içki içirsiniz?

- Toydan-toya spirtli içkidən istifadə edirəm. Aludəçi deyiləm, Çox istərdim ki, spirtli içkilərə meylli olanlar qaraciyərini düşünsünlər. Siz özünüz də bilirsiz ki, bu gün avtonəqliyyat vasitələrini içkili halda idarə etmətin cəzası çox ağırdır. Ciyərlərini düşünməyən şəxslər, heç olmasa bunu düşünsünlər. Mənim evdə spirtli içkilərdən ibarət böyük kolleksiyam var. Kolleksiyamda bir çox ölkələrdən gətirilən konyaklar, şərablar, viskilər yer alır.

- Fast-foodla aranız necədir?

- Ümumiyyətlə heç bir qida ilə bağlı problemim yoxdur. Bəzən iş həddən artıq çox olanda dönər və digər ayaqüstü yeməklər yeyirəm. Çalışıram ki, ət yeməklərindən az yeyim. Adətən quş əti yeyirəm.

- Vaqif müəllim, bizim millət çox yemək yeyəndir?

- Mən millətimi, xalqımı sevən adamam. Amma yeməklə bağlı bizdə çox çatışmazlıq var. Yol hərəkətində mədəniyyət səviyyəmiz aşağı olduğu kimi, yemək mədəniyyətimiz də aşağıdır. Məsələn, toylarda israfçılığın əleyhinəyəm. Fikirləşirəm ki, bununla bağlı nəsə bir tədbir görmək lazımdır. Məsələn, bişirilən yemək xüsusi qabda ortalığa qoyulsun və kim nə qədər istəyir yesin, qalan yeməkləri də şadlıq evləri körpələr evinə, kimsəsiz ailələrə versin. Şadlıq evlərində dəbdəbəni qəbul etmirəm. Mən həmişə israfçılığa qarşı olmuşam və bunu öz evimdə tətbiq edirəm. Evin bütün otaqlarına sensorlu işıqlar quraşdırmışam və otaqdan çıxan kimi işıq avtomatik sönür. Bu qənaətin əyani sübutunu ailə büdcəmin hesabına baxanda görürəm.

- Bu gün gənclərin qidalanması sizi qane edir?

- Mən sizə bir fakt deyim. Biz gənclik illərimizdə qoyun quyruğu ilə, nehrə yağı ilə qidalanırdıq. Amma indiki gənclər mənşəyi bilinməyən yağlarla böyüyüb. Bu da öz nəticəsini verir.

- Qoyun quyruğunu çiy yeyə bilirsiz?

- Həm bişmiş, həm də çiy formada yeyirəm. Qoyun quyruğunu əsasən qoyunu kəsəndə isti-isti yemək lazımdır. Badımcan kababının içində çox rahat yeyirəm. Amma nəzərə alaq ki, bu yeməkdə kalori həddən artıq çoxdur. Quyruq yeyəndən sonra bir neçə saat gəzirəm ki, kalori tam getsin.

Çay artıq ikimizi də əldən salmışdı. Bizə xidmət edən ofisiantı sifariş vermək üçün çağırdıq. Vaqif müəllim birinci yarım pors borş sifariş verib, ikinci yeməyi seçməyi mənim öhdəmə buraxdı və xüsusilə qeyd etdi ki, borş smetanlı olsun. Bir xeyli fikirləşəndən sonra iki pors lülə kabab sifariş verdim. Vaqif müəllim, bizə gətirilən çoban salatının çox olduğunu bildirsə də, qabda olan salatın hamısını israfçılıq olmasın deyə yedi.

- Qoyun kəsməyi bacarırsız?

- Heç vaxt qoyun, toyuq kəsməmişəm.

- Ova gedirsiz?

- Ova tez-tez gedirəm. Amma heç vaxt uçan quşa güllə atmamışam. Tez-tez dostlarla ova gedirik. Onlar ov ovlayır, mən butulka qoyub ona güllə atıram. Çöl şəraitində yemək yeməyi sevirəm. Adətən dostların ovladığı ovu elə getdiyimiz yerdə yeyirik. Ov əti dünyanın ən gözəl yeməklərindən biridir. Balıq tutmağı da sevirəm. Əsəblərimi qaydaya salmaq üçün tez-tez balıq ovuna gedirəm, amma telefonu söndürmək şərti ilə.

- Sizin kimi sağlam olmaq üçün neyləmək lazımdır?

- Ən azı mənim anadan olduğum ilə qayıtmaq lazımdır, amma bu mümkünsüzdür. Bu gün yediklərimizin böyük əksəriyyəti süni yolla hazırlanan yeməklərdir. Yəni bu cür yeməklərlə hansı sağlamlıqdan danışmaq olar?! Mən əsl quyruq, torpaq yemişəm, otun üstündə yatmışam, ona görə sağlamam. Heç vaxt tənbəllik etməmişəm, işdən qorxmamışam.

Son günlər müvafiq qurumlar qida məsələləri ilə bağlı tədbirlər keçirir. Əslində biz hansı heyvanın ətini yediyimizi bilmirik. Bu gün bəzi hallarda ölmüş heyvan ətləri də satılır. Bu da insan orqanizmi üçün çox təhlükəlidir. Vaxt var idi üzümü talvarda corablara salıb saxlayırdıq. Qar yağanda o üzümü yeyirdik. Amma indi hardadır o cür üzüm.

- Bildiyimizə görə rəsm əsərləri çəkirsiz...

- Son iki ilə qədər çəkirdim. Amma indi vaxtım olmadığına görə, az çəkirəm. Yağlı boya ilə, ağ-qara karandaşla çəkirəm və yorğunluğum çıxır. Rəsm əsərləri çəkməyim mənə xeyli uğur qazandırıb. Hərbi xidmət zamanı ərazidə balaca uşaq gördüm. Bu uşağın portretini yarım saata çəkdim. Sonra bildim ki, bu uşaq hərbi hissə komandirinin nəvəsi imiş. Bu rəsm komandirin xoşuna gəldi və məni Moskvaya rəsm məktəbində oxumağa göndərdi. Hərbi hissədə rəssamlıqla bağlı nə iş var idi hamısını mən görürdüm.

Mən “Leytenant Şmit” adına zavodda çilingər və həmin zavodun mədəniyyət sarayında gözətçi işləyirdim. Mədəniyyət sarayında göstəriləcək filmlərin afişasını hazırlayırdım. İndiki Təbriz küçəsində həmin sarayın 13 reklam şiti var idi və bütün şitlərə həmin afişaları gündüz yapışdırırdım. Zeynəb Xanlarova sarayda konsert vermişdi və konsertin afişasını da mən yazmışdım. Hətta Zeynəb xanımın bir val üzərində olan şəklini afişaya köçürmüşdüm.

- Sevdiyiniz şair kimdir?

- Ən çox sevdiyim Səməd Vurğun poeziyası olub. Bəxtiyar Vahabzadə, Şəhriyar, Ramiz Rövşən, Rüstəm Behrudinin şeirlərini də sevirəm. İndi işin çoxluğu ilə əlaqədar olaraq mütaliə edə bilmirəm. Amma əslində biz çox mütaliə etməliyik.

# 6963 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
#
#
# # #