Sənət dostları Səyavuş Aslan haqqında FOTOLENT

Sənət dostları Səyavuş Aslan haqqında FOTOLENT
27 iyun 2013
# 15:54

Deyildiyi kimi sonuncu nəhəngin-Səyavuş Aslanın adı ilə onlarla obraz, replika xatırlana bilər. Elə onun xəbərinin ardınca xatırlanan onlarla replikalar kimi...

Akademik Mili Dram Teatrında böyük AKTYORla son görüş keçirildi. “Son” ağır kəlmədi. Tamaşaçılar bu son kəlməsi ilə həm də keçmişlə vidalaşdıqlarının fərqinə varırlar-o filmlər, o gülüşlər keçmişdir....

Vida mərasimlərinin özəlliyi var, kədərli musiqi və xatirələrini, kədərlərini bölüşən insanlar. Dostlarından, yaxınlarından, sənət dostlarından onun haqqında bir söz, bir cümlə uman əli mikrofonlu, diktofonlu jurnalistlər... Sanki bu itkinin boşluğunu bu sözlərlə doldurmaq olar. Olarmı? Bunu onlardan soruşduq.

Zərnigar Atakişiyev:

“Bu həm sənət yoldaşları, həm də ümumiyyətlə Azərbaycan xalqı üçün ağır itkidir. Ömrünü-gününü, teatra kinoya həsr edən böyük aktyor haqqında indi nə deyə bilərəm ki? Hər birimizin qəlbində kədər var. Biz o sözləri işlədirik, amma qəlbimiz hələ də onun dünyadan getməyini qəbul etməyib. Xalqın sevimlisi, milyonlarla tamaşaçını ovunduran, ovsunlayan, qəlbləri sevinclə dolduran Səyavuş Aslan bu gün sıralarımızda yoxdu. Ruhu şad olsun”

Azərpaşa Nemət:

“Yaşar, Səyavuş Aslan... Nəhəng aktyor nəslinin son nümayəndələri. Nəsil dəyişir. Biz bunu şüurla dərk edirik. Allahın işidi, amma qəlbən bu dərdlə barışmaq çətindir”.

Nurəddin Mehdixanlı:

“Azərbaycan teatrında nəsil dəyişkənliyi baş verir. Səyavuş Aslan həm Sovet dönəmində, həm də sonra sevilib, çünki o səmimi idi. İnsan kimi də maraqlı idi, xoşuna gələn adama canını da verərdi, xoşuna gəlməyənə qılını da verməzdi. Kömək etməyi bacarırdı. Komediya nəhəngini itirdik. Yaşar Nuri, Səyavuş Aslan... Onlar yeri doldurulmayacaq sənətkarlardır. Səyavuş Aslanın Akademik Mili Dram Teatrının səhnəsində yaratdığı obrazlar onun yaradıcılığında xüsusi bir mərhələdir. Buradakı rolları ilə sübut etdi ki, o, yalnız komediya ustası deyil, ümumiyyətlə nəhəng aktyordur. Komediya və dram arasında bir addımlıq yol var. Həyatın qanunudur, bir gün gələn bir gün də gedəcək. Amma nə qədər teatr var, kino var, sənəti sevən, sənətkara dəyər verən insanlar var, Səyavuş Aslan unudulmayacaq. ”...

İsrafil İsrafilov:

“Səyavuş Aslanın Akademik Milli Dram Teatrındakı son rolu “Kaş araba aşmayaydı” tamaşasındakı baş qəhrəman idi. “Səhnədə daha çox, daha böyük rollar oynayardı” fikri ilə razı deyiləm. Səyavuş Aslan səhhəti imkan verənədək oynadı. Xəstəhal adama səhnəyə çıxarmaq olmaz. Televiziyada böyük aktyorları-Yaşar Nurini, Səyavuş Aslanı xəstə vəziyyətdə göstərirdilər. Amma tamaşaçı sevimli aktyorunu belə görməməlidir. Aktyor tamaşaçıya həmişə sağlam, həyatsevər, ehtiraslı, coşğun görünməlidir. Bəzən mətbuatda Səyavuşa laqeydlikdən yazdılar, guya yanına gedən yoxdur və sairə. Tamamən yanlışdır. Ona həmişə diqqət vardı, hətta hər həftə iki-üç aktyor onu yoluxurdu. Ona ümid verirdilər ki, yenidən işləyəcəyik. Həqiqətən də onunla işləmək hər bir rejissor üçün böyük yaradıcılıq həzzi idi. Lirika xətrinə deyirlər ki, o daha nələr yarada bilərdi və ya yaşasa idi daha böyük işlər görərdi. İnanmayın. Cəfər Cabbarlı 35 il yaşadı və o, Allahın verdiyi 35 ildə 80 il yaşayan adamın yazdıqlarını yazdı. Qaldı onun yaradıcılıq amplitudasına, Səyavuş Aslan üçün oynaya bilməyəcəyi rol yox idi. O “Hamlet”də Polonini də oynadı, “Böyük Romul”da Böyük Romulu da... Bu mənada Səyavuş Aslan xoşbəxt sənətkar idi. Sənətkar kimi o özünü dünya dramaturgiyasında, klassik dramaturgiyada sınağa çəkdi, özünü realizə edə bildi. Belə olmasaydı, sevilə bilməzdi. Onun sevilməyinin sirri ondadır ki, heç kəs onu zəif rolda görməyib. 70 yaşında da eyni şövqlə səhnəyə çıxırdı, oynayırdı. Onun fəxri adları, ordenləri dövlətin ona verdiyi qiymətdir, amma xalqın, tamaşaçıların sevgisi onun ən böyük mükafatıdır. Onun ölümü sözün həqiqi mənasında, böyük itkidir. Belə ifadə var, onun yeri uzun müddət boş qalacaq. Heç kim, heç kimin yerini doldura bilməz. Sadəcə bu tipli aktyorlar yetişdirməliyik”.

İlham Rəhimli:

“Səyavuş Aslan yaradıcılığı dövründə 10-20 aktyorun görə bilmədiyi işi görüb. Bununla belə Səyavuşun daxili imkanları, ifadə zənginliyi o qədər tükənməz idi. Mənə elə gəlir ki, o qadir olduğu sənətin yarısından çoxunu özü ilə apardı. Səyavuşun rol almadığına görə teatrdan incikliyi olurdu, klassik əsərlərdə oynamaqdan narahat olurdu. Vaxtilə “Kral Lir”də Liri oynamaq istəyirdi alınmamışdı. Mən bilmirəm Lir onda necə alınardı, amma onu bilirəm ki, Səyavuş dünya miqyasında məşhur əsərlərdə ləyaqətlə oynamağa tam hazır bir sənətkar idi. Səyavuş Aslan hansısa Avropa ölkəsində olsaydı, yüz dəfə bundan artıq dünya şöhrəti qazanmışdı. Biz həm Səyavuşun hörmətini uca tutduq, həm də onun bütün imkanlarını büruzə verməsinə imkan vetmədik.

Bu məni həmişə yandırır. Buna bir az Səyavuşun özünün cığallığı mane oldu. Həm də rejissorlar onun komediyadakı uğurlarını görüb faciə rolları verməyə cəsarət etmədilər. Bir neçə tamaşada verdilər – “Hamlet”də Polonini oynadı, İoselianinin “Kaş Araba aşmayaydı” əsərindəki rolu dramatik idi. Səyavuş çox dramatik aktyor idi, içində faciə olan aktyor idi. Təəssüf ki, içində olan faciəni səhnədə tam aça bilmədi. Bunda özünün də, rejissorların da, teatr rəhbərliyinin də günahı vardı. Səyavuş adı gələndə hamı onu komik aktyor kimi görürdü. Mən Səyavuşla 1972-ci ildən tanışam, Səyavuş hər mən görəndə deyirdi: “Mən Dram Teatrına istəyirəm, “Muzkomediya” mənim yerim deyil”. Onu bu teatrda gec gətirdilər. Buna təəssüf edirəm”

Hacı İsmayılov:

“Bu Azərbaycan kinosunun, televiziyasının, teatrının böyük itkisidir. Uzun illər sənətdə bir yerdə çalışmışıq. Mən tələbə olanda o artıq tanınmış aktyor idi, “Ulduz” filmində Şubay roluna çəkilirdi. İllər keçdi, onunla bu teatrın səhnəsində bir çox tamaşalarda – “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim” tamaşalarında tərəf-müqabil olduq. Xarici səfərlərdə olduq. Sevinirəm ki onunla bir yerdə filmlərdə də oynamışam - “Bəyin oğurlanması”, “Yol əhvalatı”, teletamaşalarda “Yaşıl eynəkli adam, “Qaynana əməliyyatı” və s. Onunla birgə işləmək fəxr idi, ruhlanmaq idi...bütün teatrsevərlərə, kinosevərlərə bu münasibətlə başsağlığı diləyirəm”.

# 5293 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #