Qadın paltarlı aktyorlar davası

Qadın paltarlı aktyorlar davası
13 dekabr 2012
# 08:15

Kulis “TərsBucaq” layihəsi.

Bu layihədə iki yazar iştirak edir: Ramilə Qurbanlı və Mirmehdi Ağaoğlu.

Yazarlar eyni mövzu haqda qütb mövqeləri ifadə edən yazılar qələmə alacaqlar.

Layihənin üçüncü mövzusu aktyorun qadın qiyafəsinə girib qadın rolu oynaması ilə bağlıdır.

İndi kim öz qiyafəsindədir ki...

Ramilə QURBANLI

Elə bil bu gün heç bir dərd-sərimiz yoxdur. Nə yağış yağanda küçələrimiz Venesiyanı xatırladır, nə camaat dayanacaqlarda avtobusu sevgilisinin həsrətini çəkirmiş kimi gözləyir. İntiharların baş alıb getməsi, qətl hadisələrinin gündəlik həyat tərzimizə çevrilməsi də problem deyil. Bütöv bir nəslin – övladları gənc yaşlarına artıq çatmış 90-cı il gənclərinin səksən faizinin hələ də yataqxanalarda, yaxud kirayələrdə yaşaması ümumiyyətlə gözə görünmür. Doğma vətənimizdə yarı yaşa çatmışıq, başımızın üstündə özümüzə məxsus tavan yoxdur, bu, millət vəkilini zərrə qədər düşündürməz, çünki özünün o tavandan nə qədər desən varıdır, altı da boş. Nə torpaqlarımız işğal altındadır, nə qadınlarımız əsirlikdə. Bir sözlə, çəmənlərimizdə qurd quzuyla otlayır. Yüksək təhsilimiz və nümunəvi səhiyyəmiz var.

Qalıb bircə bu aktyorların nə geyinib, necə oynamaqları məsələsi, hansı reklam rolikinə çəkilmələri. Bir sözlə problemimiz yalnız aktyorlarla bağlıdır, özü də heç bir təhsil görmədən sənətlə məşğul olmağa cəsarət edib düşük-düşük oyun çıxartmaları ilə zövq korlayan aktyorcığazlar deyil ha problem. İşdən çıxarılan İlqar Cahangirovun da aktyor taleyi bizi maraqlandırmır, onun oynadığı Ezop roluna indi aktyor tapılmadığından tamaşanın təxirə salınması da mədəniyyətimizin problemi deyil.

Noolsun ki, Hüseyn Cavid əsərlərinin səhnə həlli üçün teatr mədəniyyətimiz aktyor və rejissor sarıdan qıtlıq çəkir. Təzad da ondadır ki, teatrlarımızda aktyorlar var ki, kəşf olunmadan batıb gedirlər, bu da problem deyil. Arif Məlikovun “Məhəbbət əfsanəsi” bütün dünya opera səhnələrində qoyulub, bizim tamaşaçı bu əsəri hələ də görməyib. Noolsun? Heç soruşsan, məktəblilər Arif Məlikovu tanımırlar. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Məmmədrza Şeyxzamanovla Yusif Vəliyevi səhv salırlar. Klassiklərimizi yeni prizmadan görə bilib səhnəyə gətirəcək rejissor da tapılmır. Minlərlə pul tökülüb xaricdən gətirdiyimiz rejissorlar bizim klassikadan bir şey anlamadan tamaşa hazırlayıb, yola verib valyutamızı qoyub cibinə gedir.

Bütün bunlar qalıb bir tərəfdə ötən əsrdən yaşadığımız problemlə yaşayırıq ki, əcəba niyə Ərəblinski, Ağdamski qadın paltarı geyinir, yaxud Rafaellə Coşqun? Nə dəyişib ki, əgər Ərəblinskidən, Ağdamskidən bəri bu günə qədər eyni problemi yaşayırıqsa, eyni məsələni problem kimi görürüksə, kül bizim başımıza. Düzdür, o vaxt aktrisa yox idi, bu gün məvacib azlığından hansısa pullu vicdansızın cibindən asılı qalan onlarla aktrisa var ki, həmin reklam çarxına çəkilməklə həm də maddi durumunu düzəldə bilər. Üstəlik qadın roluna da elə qadın çəkilmiş olar, amma millət, bunu bu qədər şişirdib ümummilli məsələ eləməkdə nə məqsəd var?

Qadın paltarı kişinin kişiliyini əlindən almaq gücünə qadir olsa, qadınlar ondan qisas məqsədi ilə şəksiz istifadə edərdilər, çünki çox qadınların çox kişilərdə qisası var.

Yaxud guya Rafaellə Coşqunu qadın qiyafəsində görən gənclərin psixologiyası dəyişəcək, baho... bu lap absurddur. Efirdən reklam edib gözümüzə soxuşdurulan qaqaşlar gənclərin psixologiyasına təsir etmir, konkret kişi olan iki kişinin qadın paltarında rola girməsi psixologiyaya ağır zərbədir? Niyə millət vəkili şəhər merinə gecə barlarda, Bakı küçələrində tüğyan edən özbaşınalıqla bağlı, Bakının sadaladıqca sadalaya biləcəyimiz problemləri ilə bağlı müraciət etmir, bu qədər bəsit, mənasız bir şeyə görə Hacıbala müəllimi narahat edir? Yoxsa millət vəkilinin missiyası əsas məsələlərdən diqqət yayındırmaq imiş?

Bu gün hər hansı bir aktyor səhnədə istədiyi rolu oynayacaq, istədiyi paltarı geyinəcək, hətta soyunacaq qədər azaddır. Üstəlik o iki aktyor - Rafael İsgəndərovla Coşqun Rəhimov Hüseynağa Atakişiyev kimi bir ustadın yetirmələridir, Dövlət Gənclər teatrında çalışıblar. Maddi çətinlik ucbatından, zamanın tələbi ilə “Bu şəhərdə”ni yaratdılar, dişləri, dırnaqları ilə qurdular. İndi günah onlarda deyil ki, böyük şirkətlərin də böyük problemləri var, işləmirlər. İşləsəydilər bilərdilər ki, bu gün Azərbaycanda gəlin, qaynana oynaya biləcək çox aktrisalarımız var, kişilərə qadın paltarı geyindirməyə də məcbur olmazdılar. Günah onlarda deyil ki, bu ölkədə çoxları öz yerlərində deyil, ona görə də hamı öz qiyafəsindən çıxıb başqa qiyafələrə girməli olur.

Qadın rolu oynayırsansa qaşını da aldır!

Mirmehdi AĞAOĞLU

Əvvəlcədən şərti şumda kəsək.

Mən kişi görkəmi ilə bağlı qəlib təfəkkürə sahib adamlardan deyiləm.

Bir kişi sırğa taxırsa...

Çənəsində saqqal saxlayırsa...

Saçını uzadırsa...

Dırnağını uzadırsa...

Dar şalvar geyirsə...

Qaşını alırsa...

Yəni xarici görkəmini nə hala salırsa salsın, belə şeyləri dərd edən adam deyiləm. Mənim üçün kişilik xarici görkəmlə ölçülmür.

Bunu ona görə dedim biləsiniz ki, qadın paltarı geyən kişilərə qarşı bəd niyyətli davrananlardan deyiləm.

***

Bilmirəm Qərbdə, dünyanın başqa yerlərində aktyorların qadın paltarında səhnəyə çıxması hansı zərurətdən doğub, amma bizdə səbəb çox sadə idi. Ötən əsrdə qadın rollarını oynamağa aktrisa yox idi. Və aktyorların da bığlarını parça ilə gizlədib qadın rolları oynaması böyük fədakarlıqdı. Nə qədər təhqir olunsalar da, söyülsələr də, incəsənət xətrinə rola girirdilər.

Zaman keçdi.

Artıq kişi aktyorların qadın paltarında səhnədə görünməsi estetik məziyyət qazandı.

Heç kəs kişi aktyorların qadın paltarı geyinməsinin maraq doğurduğunu inkar etməz.

Düzdür, sanki əvvəl-əvvəl qadın paltarı geyən aktyorlara qarşı nəsə gizli bir qınaq vardı. Sonralar bu qınaq da itdi. Çünki onlar öz rollarını çox məharətlə oynayırdılar. Həqiqətən.

Amma nə qədər bu vasitədən istifadə etmək olar? Lap tutalım Rəfaellə Coşqunu başa düşdük. Bu artıq onların üslubudur. Tamaşaçı da bunu artıq qəbul edib.

Bəs yeni parodiya aktyorları niyə səhnəyə çıxan kimi qadın paltarına bürünürlər? Axı, qadın paltarı geyinməklə nə demək istəyirlər? Cəsarətlidirlər? Yersiz cəsarətdi. Qadın rollarını məharətlə oynadıqlarını göstərmək istəyirlər? Qadınlar bu rolları onlardan daha yaxşı oynayırlar. Ajiotaj yaratmaq istəyirlər? XX əsrin əvvəllərində yaşamırıq.

Bunun bir adı var-ucuz gülüş yaratmaq... Hamımız bilirik qadın paltarı geyib səhnəyə çıxmaqla tamaşaçını çox rahat şəkildə güldürmək mümkündü. Gənc aktyorlar, parodistlər bundan elə geninə-boluna yararlanırlar, sanki qadın paltarı geyib rola girmək böyük məharət tələb edir.

Elə şeylər var ki, zamanla köhnəlir, öz aktuallığını itirir.

Kimsə ağ-qara ekranlı “Rekord” televiziyası istehsal etsə...

Kimsə “Zim” maşını…

Başqa biri qəzəl yazsa…

O biri David heykəlini yenidən düzəltsə…

Bunların heç biri maraq oyatmayacaq. Çünki burda yeniliyə doğru addım yoxdu.

Aktyorun qadın paltarı geyinməsi də bu qəbildəndi. Bu qədər bəsitlik nəyə lazımdı? Onunla kimi aldadırsan? Qadın rolu oynamaq istəyirsən?

Buyur. Onda qaşını aldır, qolunu və ayaqlarını epilyasiya etdir, dırnaqlarını uzat və boya bundan sonra çıx səhnəyə. Ona cəsarətin çatmayacaqsa, o zaman elə kişi rolunu oyna.

# 3174 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #