"Elə bilirlər ifritəyəm" SORĞU

"Elə bilirlər ifritəyəm" SORĞU
2 dekabr 2013
# 16:23

Kulis.Az tənqidçilər və rejissorlar arasında keçirilən “Tənqidə münasibətiniz necədir?” sorğusunun cavablarını təqdim edir.

Aydın Dadaşov (kinoşünas): “Mən müəllifi yox, materialı tənqid etmişəm. Bu etikanı gözləmək lazımdı. Trüffo deyirdi ki, birgə kofe içdiyin adamın filmini tənqid edə bilərsən, özünü isə yox. Bir də mən daha çox kino nəzəriyyəsi ilə məşğul olmuşam”.

Bəxtiyar Xanızadə (Azərbaycan Dövlət Pantomim teatrının baş rejissoru): “Tənqidə münasibətim çox yaxşıdır. Amma tənqidçi peşəkar, yəni savadlıdırsa. Mənə ilk olaraq tamaşaçıların tənqidləri maraqlıdır. Çünki, tamaşaları ilk növbədə onlar üçün hazırlayıram. Amma Aydın Talıbzadə kimi fikrini gözlədiyim dostlarım da var”.

Aydın Talıbzadə (teatrşünas): “Tənqidçi o zaman əsl tənqidçi olur ki, yaradıcının, resipiyentin və özünün baxış bucağını bir konsepsiya müstəvisində fokuslaşdıra bilir. Hər bir tənqid seçimdir. Seçim yaradıcı, dialektik başlanğıcdır. Seçim inkişafdır. Seçim həm də inkardır. İnkar isə yenə inkişaf ünvanlıdır. Yalnız diri olan nəsnə tənqid olunur. Ölünü heç kəs tənqid eləmir. İnsanların hamısı tənqiddən qorxur və hamı sənin onu tənqid elədiyini həyatının son gününədək yadda saxlayır. Tənqidi və tənqidçini heç kəs sevmir. Sən düzünü deyəndə dostlar belə səndən inciyir. Vaqif İbrahimoğlunun özünün yox ha, tələbəsinin hazırladığı tamaşası haqqında tənqidi fikir söyləyəndə-halbuki o özü məcbur eləyirdi adamı danışmağa-əhvalı həməncə çönürdü, əlüstü məni sancmağa çalışırdı, əlüstü məndən küsürdü. Hətta onun tamaşaları barəsində müsbət fikir yazanda belə həmin yazıların sətiraltı mənalarında tənqid görürdü. Bir üç il bundan öncə Əli Əmirlinin dramaturgiyası barəsində "Azərbaycanlıların müstəqillik sərgüzəştləri" adlı iri bir analitik məqalə yazdım. O, bu məqaləni oxuyub bir xeyli müddət susdu. Bildim ki, nələrdənsə inciyib. Halbuki məqaləni bütöv şəkildə pozitivə kökləmişdim. Rəhmətlik Vaqif İbrahimoğlu mənim dostum idi bir zamanlar. Əli müəllim isə sənətdə özümə yaxın bildiyim adamlardandır. Lakin görürsənmi, hətta dostlar, tanışlar da səndən tənqid eşidəndə rəncidə olurlar, mən hələ başqalarını demirəm. Mən tənqiddə yalnız bir mövqeni düzgün mövqe hesab edirəm. Əvvəl başa düş, anla, sonra tənqid elə. Mənim soldafon (kobud, qaba, tərbiyəsiz - red), coğabaz, repressiv tənqiddən acığım gəlir.

Bu gün, yəni heç kim heç kimin kitabını oxumadığı bir dünyada tənqid hər hansı bir janra nisbətən daha çox oxunur. Amma məsələ bu ki, tənqidi oxuyanda da ondan ləzzət almalısan. "Filankəsi, filan tamaşanı, filan filmi tənqid eləmək kimə nə verdi ki" düşüncəsi produktiv deyil. Tənqid, nə qədər pafoslu səslənsə də, millətin, xalqın zövqü üçün çalışır və bu zaman mütləq kimlərinsə ayağını tapdalayır, kiminsə əngəlinə, probleminə çevrilir. Cəmiyyət isə çoxsaylı zəncirlər həlqəsidir. Bir həlqə tərpənəndə digər həlqələrdə də xəfif bir titrəyiş duyulur. Fikrim aydındır məncə, gerisini xırdalamaq istəmirəm. Bir də bizim azərbaycanlılarda belə bir tendensiya var, heç kim ağıllı adamı yanında görmək istəmir. Adını çəkməyəcəm, bir teatra məni dönə-dönə dəvət eləyirdilər. Tamaşadan sonra isə qalıb seyrçilərlə birlikdə gördüyümüzün müzakirəsinə qatılırdıq. Bir neçə dəfə müzakirələrdə mənim çıxışlarım, tənqidi fikirlərim tanımadığım adamlar tərəfindən bir xeyli alqışlandı... Daha sonra məni o teatra dəvət eləmədilər. Və hamı səni tənqidçi görüb deyir məni təriflə. Ancaq təriflə, özü də hamı "analoqu görünməmiş" tərif istəyir. Belə şəraitdə tənqid söylə görüm, necə söyləyirsən? Daha heç kim demir ki, tənqid də yaradıcılıqdır. Mən tənqid eləmək üçün yaradıcı motiv tapmıramsa, tənqid eləmirəm”

Ramiz Əzizbəyli (kinorejissor): “Bəzən tənqidçilərin özünü tənqid etmək lazımdır. Onlara görə, mənim “Bəxt üzüyü” filmim heç də yaxşı deyilmiş. Amma ağıllı tənqidə münasibətim yaxşıdır. Tənqid müəllifi cilalayır. Düzgün məsləhətə əməl də edirəm. Bir də hər kəsin bir yanaşması olur. Heç kimi qınamıram, nə də incimirəm”.

Aygün Aslanova (kinoşünas): “Bir neçə dəfə haqqında resenziya yazdığım filmlərin rejissorları narazılıqlarını bildiriblər, məni qərəzli olmaqda günahlandırıblar, onların düşmənlərinin təsiri altına düşdüyümü bildiriblər. Bir dəfə də "Kino+" işləyəndə rejissor Fikrət Əliyev "Yuxu" filmi haqında yazdığım resenziyaya görə birbaşa redaksiyaya gəlmişdi. Qəhrəmanını "ekzistensial xarakterli" adlandırmağım xətrinə dəymişdi. Bizim müəlliflərin tənqidə münasibətindən razı deyiləm. Həmişə altında bir qərəz, şəxsi düşmənçilik axtarırlar, qıcıqlanırlar. Ümumiyyətlə, tənqidi obyektiv qəbul eləmək, ləyaqətlə yanaşmaq hər kişinin işi deyil”.

Əli İsa Cabbarov (kinorejissor, prodüser, “Fokus” analitik kino jurnalının baş redaktoru): “Tənqiddə mütləq qayda dözümlü olmaqdır. Bir dəfə sənədli bir film çəkmişdim və həmin filmə sifarişli tənqid yazdırmışdılar. Sifarişi verən insan filmin ssenari müəllifi kimi başqa adamı görürdü. İndi, yəni təcrübə toplayandan sonra düşünürəm ki, sifarişli və qərəzli tənqiddə heç bir problem yoxdur. Sadəcə olaraq obyektiv tənqid sənətşünaslıq faktıdır, sifarişli tənqid isə biznes faktıdır. Kimsə kiminsə bazarını dağıtmaq istəyirsə sifarişli, qərəzli tənqid yaranır. Sadəcə olaraq təhqirə yol vermək olmaz. Sifarişli tənqid də, analitik, obyektiv tənqid də, hər ikisi normal bir şeydir. Əgər sifarişli tənqid faktların təhrifinə və təhqirə yol vermirsə, bu normal haldır. Əlbəttə, sənətşünas tənqidi daha arzuolunandır.

Bir jurnal naşiri kimi belə hallarla rastlaşmışam. Nəşrdən öncə zəng edib deyiblər ki, jurnalımızı rəfiqi kimi görmək istəyirlər. Amma təbii ki, bizim jurnalımız belə şeylərin fövqündədir və obyektiv bir nəşr kimi qəbul olunur.

Özüm də hərdən rəy yazıram, Rusiya kino tənqidçilərinin yazılarını izləyirəm. Bizdə onlar qədər məni yüzdəyüz razı salan tənqidçilər yoxdur. Teymur Daiminin fikirləri də mənim üçün yüksəkdir. Sadə oxucu kimi Qismətin (şair – red) fəaliyyətini yüksək qiymətləndirirəm. O, erudikliyi, orijinallığı, qərəzsizliyi, zəhməti ilə barmaqla göstəriləcək adamlardandır ki, sənətə xidmət edir”.

Vidadi Qafarov (teatrşünas): “Tənqid həyatın, o cümlədən ədəbiyyat və incəsənətin inkişafı üçün ən vacib amillərdən biridir. Tənqidin təfəkkürsüz inkişafı yoxdur, o hər şeyə yeni gözlə baxmağın yeganə yoludur, amma bircə şərtlə ki, nihilizmə yuvarlanmaya. Tənqidə görə bəzi qanqaralıqları yaşamışam, amma çox olmayıb və mən bunu təbii qarşılamışam. Çünki insanlar başqaları haqqında tənqidi xoşlayırlar, özləri tənqid olunanda isə...”

Sevda Sultanova (tənqidçi): “525-də (“525-ci qəzet” - red) işləyəndə teletənqidlərimlə bağlı problemlərim olub. Qəzetin baş redaktoru Rəşad Məcidə məndən şikayət edirdilər. Rəşad müəllim də deyirdi ki, yumşaq yaz. Mən də ha istəyirdim yumşaq yazım, alınmırdı. Hələ indi-indi bir az yumşaq yazmağı öyrənmişəm. Ümumiyyətlə, teletənqidlərimlə bağlı televiziya işçilərində mənim küpəgirən qarı, ifritəyə obrazım yaranıb. Əslində, həyatda çox pozitivəm. Amma bu deyilən obrazlar da xoşuma gəlir, koloritlidir. Kino tənqidi ilə bağlı isə "Çölçü" filminin rejissoru Şamil Əliyev incimişdi. Amma indi münasibətlərimiz yaxşıdır. Facebookda onunla dost olmaq üçün bir ay mücadilə etdim. Axırda qəbul etdi dostluğumu (gülür). Azərbaycanda kino sahəsində kimisə tənqid etməkdən ləzzət almıram. Çünki onsuz da hər şey bərbaddır. Bu, əksinə mənfi enerji verir”.

Şamil Əliyev (kinorejissor): “Tənqidə münasibətim normaldır. Fikrini xüsusilə gözlədiyim tənqidçi isə yoxdur”.

İlham Rəhimli (teatrşünas): “Təbii ki, tənqidi heç kəs xoşlamır. Mən özümü sırf tənqidçi saymıram. Çünki teatrşünas olmağa cəhd göstərən bir teatrsevər kimi tənqidi məqalə, tənqidi resenziya da yazmışam. Nəzəri əsərlərim də olub. Əsasən tədqiqatla məşğulam. Digər tərəfdən, təəssüf ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən teatr sənətində tənqidi yazıya, əsasən, qərəzli münasibət bəslənilir. Mənim yazdıqlarım da ehkam deyil. Lakin, onun əksinə olan fikirləri, düşüncələri yazan kəsin arqumentləri də inandırıcı və səmimi olmalıdır. Kimin haqq, kimin nahaq olduğunu isə zaman göstərir. Sizə bir misal çəkim. Pis musiqi əsərini tənqid edən sənətşünasa irad tutan bəstəkar deyir: “Məni tənqid edirsən. Belə hünərlisənsə sən də bir musiqi əsəri yaz”. Tənqidçinin də cavab belə olub: “Mən ömrümdə yumurtlamamışam, lakin qayğanağın dadını toyuqdan yaxşı bilirəm...”

# 3127 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #