“Yuxum”da gördüyüm oyun

“Yuxum”da gördüyüm oyun
22 may 2017
# 12:10

Çinarə Ömray

Əsa teatrının ilk tamaşalarına gedəcəkdim. Elə oldu ki, mayın ikisi doğum günümə və eyni zamanda iş günümə təsadüf etdi, gedə bilmədim. Buna çox heyfsilənirdim. Çünki hər zaman sosial şəbəkələrdə izlədiyim yazı tərzinə, düşüncələrinə, kiçik gözləri ilə böyük dünyaya iri baxışlarla baxmaq cəhdinə heyrətləndiyim bir dostumun aktyor yanını da görmək nəsib olmamışdı.

Yaxın günlərdə elə yenə bu başı batmamış sosial şəbəkədə bir elanla qarşılaşdım ki, "20 may "Aktyorlar evi"ndə Əsasın təqdim etdiyi "Yuxum" tamaşası yenidən səhnəyə qoyulacaq".

Hə, bu əla xəbər idi, amma yenə də iş gününə düşürdü. Hə onu da deyim ki, yuxarıda bəhs etdiyim dostumla yanaşı İpolita rolunun ifaçısı Aygün xanım da məni ora çəkən ikinci maraq idi. Paylaşılan fotolardan simasında möhtəşəm bir saflıq hiss etdiyim bu xanımı da görməyi çox istəyirdim.

18 may bilet axtarışları uğurla nəticələnir, hətta o qədər bəhs etmişdim ki, iş yoldaşlarım da mənimlə bərabər bilet almışdılar. Qalırdı bircə işdən icazə almaq. Düşünəndə ki, tamaşa axşam saatlarında bitir və mənim də yolum Sumqayıtadı demək evdən də icazə almaq lazımdır.

Nəysə ki, işdə halımın pisləşib bir-neçə saat tez çıxmaq lazım olduğunu, evdə də eyni səbəblə bir neçə saat gec gələcəyimi deyib bunu da yoluna qoydum və qalib ədasıyla da bir dərin nəfəs aldım.

İndi, yol bizim, sirr bizim deyib üz tutdum teatra. Yolda kimlərlə qarşılaşdım, kimlərlə. Yağış, şimşək, göy gurultusu, leysan hamısı əl ələ tutub gedirdi üzü "Aktyorlar evinə". Hələ tamaşanın başlamasına bir saat var, göy qəşş edib gedib gülməkdən, o qədər gülür ki, gözündən yaş leysan kimi tökülür. İstədim başımı qaldırıb altdan yuxarı baxam, deyəm "nolub ala, yekə kişisən, qoy bir başlasın sora gül də". Sonra fikirləşdim ki, "yəqin o daha hündürdə olduğu üçün məşq prosesin izləyib belə qəşş edib gedir. Deməli daha maraqlı olacaq tamaşa."

Düzünü desəm ünvanı da tam bilmirdim bircə dostum Orxan Əzimdən öyrənmişdim ki, Rus Dram Teatrının yaxınlığında "ponçik" satılan yerin düz yanındadı. Ponçik olmasa da ponçik satılan yeri tapmışdım və ünvana düz gəlmişdim. Foyeyə daxil olanda dostları da burda görüb anladım ki, məni bura çəkən qüvvələr tək məni çəkməyiblər. Zala daxil olub yerlərimizi tapıb əyləşirik. Yanımda oturan iki xanım çox ciddi şəkildə ayaqyalın bir oğlanın zalı iri bir süpürgəylə süpürməsini müzakirə edir. Xanımlardan biri:

- Yəqin xəstədi. Geyiminə də bax. Əyğı da yalındı.

- Az yaxşı, xəstəni bura niyə buraxırlar?

- Ağıllı adam əyğı yalın niyə süpürsün yeri? Özü də süpürgəsinə də bax, sən allah. Həm də heç adamları da saymır ee, eləcə öz kefində süpürür.

- Az həə. Biri gəlib dartıb aparmır ee bunu. İndi dəli ağılı camaatı qata qabağına əlindəki süpürgəylə.

- Əyğı da yalındıyee. Qarnı ağrıyajax onun.

“Hərə öz yerini alsın, tamaşa 3 dəqiqəyə başlayacaq” sözləri yanımdakı xanımları susdurdu.

Deyirəm ölürük də bildik-bilmədik mühakimə etməkçün. Qanımızdadı, mümkünü yoxdu.

Tamaşa gözəl bir fon musiqi ilə başlayır. Bayaqdan zalda süpürgə ilə gəzən oğlan elə eyni templə süpürə-süpürə səhnəyə çıxır və yorğun halda süpürgəsinə söykənib mürgüləyir.

Yanımdakı xanımın digərinə vurduğu dürtməyə mən dik atılıram:

- Az gördünnn, sənə demişdim aktyordu o?

- Aktyor demədin ee, xəstədi dedin.

- Xəstə nədi aktyor dedim. Sakit diyan ta başlıyır.

Süpürgəsinə söykənib mürgüləyən oğlanı yuxu pərisi qanadına alıb aparır taa yuxular aləminə. Və tək onu yox, onunla bərabər zalda olan hamını. Beləliklə tamaşa başlayır. Səhnədə kral rolunda bəhs etdiyim dostum Orxan Adgözəl görünür.

Yanımdakı xanımlardan biri:

- Allah ölləm də bunun üçün. Yaraşığdıyee yaraşığğ.

- Hə ərin də onu deyir.

Orxan isə öz ampluasındadı. Oynadığı rola bir az soyuqqanlılıq, bir az da xarizma qataraq aktyorluq yanını da tam olaraq ortaya qoya bilirdi. Arada etdiyi improvizələr tamaşaçıların diqqətindən yayınmırdı.

Arxa sırada əyləşən kimsə deyirdi:

- Orxan atdı yenə.

Və bunu elə içdən, ləzzətlə deyirdi, hiss olunurdu ki, Orxan atdığı hər nə idisə onun ürəyinə yağ kimi yayılırdı.

Mənim bir qulağım və gözüm tamaşada biri isə səhnədə idi. Ona görə hər ikisini də daha aydın müşahidə edə bilirdim. Qarşı sırada orta yaş qadınla gombul bir qız oturmuşdu. Ana-bala olduqları danışıqlarından bəlli olurdu.

Cavan xanım anasına əyilib onu məlumatlandırmaq üçün:

- Bu aktyorlar fiziki məhdudiyyətlidirlər.

- Kül təpaa, fiziki məhdudiyyətli sənsənee, onlar səndən aktivdirlər. Sən ye, yat.

- Mən nə dedim eee yenə.

Tamaşa əsasında Pərilər şahzadəsinə yatdığı yerdə sehirli bir bitki qoxladırlar. Və o oyanıb kimi görsə ona da aşiq olacaq. Nəticədə Pəri oyanıb bir eşşəklə qarşılaşır və ona aşiq olur. Bu an məndən arxada əyləşən kimsə deyir:

- Pəri kimi qızlar həmişə elə gedib eşşəklər aşiq olurlar.

Tamaşa öz tempi ilə davam edirdi, bir-birindən maraqlı səhnələr ard arada düzülürdü. Zaman su kimi axıb getdi.

Yenidən açılışdakı möhtəşəm fon musiqisinin müşayiəti ilə yuxular aləmindən süpürgəli oğlanın süpürgəsinə söykənib mürgülədiyi səhnəyə qayırdıq.

Və möhtəşəm sonluq: süpürgəsinə söykənən oğlan monoloqu ilə tamaşanı bitirir. Alqış səslərindən bircə bunu eşidirəm:

- Könlünüzə gələni dilinizə gətirməkdən qorxmayın!

Və hər kəs ayaqda alqışlayır. Bax budur tamaşanın uğuru, bütün zal dəqiqələrdən dayanmadan, sevgiylə, coşquyla ayaqda alqışlayır.

Amma yanımdakı xanımlar susmaq bilmirdi:

- Orxan görsəydim!

- Qucağında o qədər gül var üzü görsənir ki??

Artıq tamaşa bitdi, hamı salonu tərk edirdi. Çölə çıxdım, göy kirimişdi. Bu dəfə mən gülümsəyirdim. Tamaşanın bəxş etdiyi əla ovqatla addımlayıram. Havada gülümsəmə var. Hava elə xoşbəxt idi ki, adam bir anlıq qucaqlamaq istəyirdi havanı. Və mən bu tamaşadan, o aktyorların oyunundan sonra özlüyümdə bir daha əmin oldum ki, göz yaşı ilə rəsm çəkməzlər. Çünki göz yaşının rəngi olmur!

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #