Kar və kor dahi

Kar və kor dahi
29 noyabr 2012
# 08:30

Almaniyanın Eyzenax şəhərindəki Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisus Bax və Mariya Elizabeta Lammerhirtin 21 mart 1685-ci ildə yeddinci uşaqları dünyaya gəlir. Üç nəsildir musiqi ilə məşğul olan bu ailənin sonuncu beşiyinə İohann Sebastyan adı verilir. Atası hələ balaca vaxtlarından İohanna skripka və klavesində ifa etməyi öyrədir.

Yeddi yaşında məktəbə gedir, əlifbanı, latın dilini öyrənir. 10 yaşında yetim qalır; əvvəlcə anası rəhmətə gedir, 7 ay sonra isə atası... Özündən 14 yaş böyük qardaşı İohann Kristof onu himayəsinə götürərək orqan çalmağı öyrədir. Yaxşı soprano səsə və duyuma malik olan Sebastyan on beş yaşında Lüneberq musiqi məktəbinə daxil olur. Üç il təhsil aldıqdan sonra Veymardakı bir orkestrdə skripka və orqan çalmağa başlayır.

“Musiqi alətində ifa etmək asandır; lazımi simə lazımi vaxtda toxunmağınız kifayətdir ki, alət öz-özünə ifa etsin”

İstedadı və intizamı ilə diqqəti cəlb edən musiqiçi bir müddət sonra Arnstadda Müqəddəs Bonifes kilsəsinə orqan çalmağa dəvət olunur. Tezliklə Baxın Arnstadı özbaşına tərk edərək ustadı Ditrix Buxtehuda və onun Lübekdəki məktəbinə baş çəkməsi kilsə rəhbərliyində narazılıq oyadır.

“Mənim müəllimlərim musiqiyə marağı və həvəsi az olan yad insanlardır”

Bax yaşadığı şəhəri və işini ataraq şimal şəhərlərindən birinə - Mülhauzenə Müqəddəs Blasuis kilsəsində işləməyə gedir. Dörd aydan sonra əmisi qızı Mariya Barbara ilə evlənir. Bir müddət sonra yeni iş təklifi alaraq yenidən Veymara qayıdır. Veymar hersoqunun sarayındakı 22 musiqiçidən ibarət orkestrdə skripka və orqan çalmağa başlayır. 1714-cü ildə orkestrin rəhbəri olur. O, artıq Almaniyanın ən qabaqcıl orqan ifaçısı kimi qəbul edilirdi.

Bax istedadsızlıq və həyasızlığa dözümsüz idi. Bir dəfə başından çıxartdığı pariki musiqiçilərdən birinə tullayaraq: “Sən pinəçi olmalıydın, gəlib musiqiçi olmusan!”,- deyə qışqırıb. Mükəmməlliyə can atırdı. Keyfiyyətsiz işə və tələskənliyə qarşı idi.

“Mən notları yazıldığı kimi çalıram, musiqini isə Tanrı yaradır”

Bax Veymarda fərqli alətlər üçün sonetlər (üç və ya daha çox hissəli bəstələr) bəstələyir, konsertlər verirdi. Ancaq Veymar hersoqu ilə qardaşı arasında yaranan narazılıq orkestr işçilərinin də işini çətinə salır və Bax 1717-ci ildə Kötenin gənc şahzadəsi Leopoldun kapelmesyter təklifini qəbul etməyə məcbur olur.

“Təcrübə və əziyyətlə nail olduğum hər şeyi istedadı və bacarığı olan hər kəs əldə edə bilər”

7 iyul 1720-ci ildə Bax şahzadə Leopoldla xarici səfərdə olanda həyat yoldaşı Mariya Barbara qəflətən vəfat edir. Növbəti il Bax Köten sarayının istedadlı sopranosu, özündən 17 yaş kiçik olan Anna Maqdalena Vilklə tanış olur və 3 dekabr 1721-ci ildə evlənir. Baxın 13 uşağı olur, lakin bunlardan yalnız 6-sı sağ qalır. Əvvəlki evliliyindən doğulan yeddi uşaqdan isə cəmi dördü yetkinlik yaşına çata bilmişdi.

Birinci həyat yoldaşından dünyaya gələn Vilhelm Frideman Bax və Karl Filip Emanuel Bax, həmçinin Annadan olan Gotrfid Heynrix, İohann Kristof Fridrix və İohann Kristian sonralar məşhur musiqiçilər olur.

“Baxın musiqisində hər şeyi tapmaq olar” – Yohans Brams

Şahzadə Leopoldun evlənməyi və yeni şahzadənin musiqiyə laqeydliyi Baxı yeni iş axtarmağa məcbur edir. Bu axtarışlar Leypsikdəki Müqəddəs Tomas kilsəsinə orqan ifaçısı və müəllim kimi işə qəbul olunmaqla yekunlaşır. O elə qalan ömrünü Leypsikdə keçirir.

Müəllimlik Bax üçün elə də asan iş deyildi. Çünki musiqi bəstələməyə ayırdığı vaxtı musiqidən anlayışı olmayan birini öyrətməyə sərf etmək istəmirdi. Bu haqda hətta “rəsmi şikayətlər”i də var. Tələbələrindən birinə xəncər çəkdiyi barədə şayiələr də az deyildi. Deyilənə görə, Bax tələbəsinin ifasını dişi keçinin anqırtısına oxşatmağı ilə aralarında mübahisə yaranıb və o, tələbəsinin hücumunu qılıncı ilə dəf edib. Yaxşı ki tələbəsi canını vaxtında qurtara bilib.

“Baxda musiqinin həyati parçaları dünyanın Tanrıda birləşdiyi kimi birləşib” – Qustav Maler

Qocaldıqca həmyerlisi Ludviq van Bethoven kimi Baxın da səhhəti pisləşir; görmə qabiliyyəti çox zəifləyir. Bir ingilis cərrahın apardığı uğursuz göz əməliyyatı nəticəsində Bax sağalmaq əvəzinə, kor olur və 1750-ci ildə 65 yaşında dünyasını dəyişir.

Kilsə musiqiçisi və müəllim kimi tanınan Bax ölümündən yarım əsr sonra, Mosart, Bethoven, Şopen kimi məşhur musiqiçilər onun haqda ictimaiyyətə danışandan sonra məşhurlaşıb. Hətta Bethoven onu “Harmoniyanın atası” da adlandırıb.

Hazırladı: Rena Nevzat

# 2542 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #