Universitetin dördüncü mərtəbəsindəki it – Yeni hekayə

Təvəkgül Boysunar, yazar

Təvəkgül Boysunar, yazar

28 sentyabr 2021
# 09:01

Kulis.az “Hekayə günü” Təvəkgül Boysunarın “Payızda gedən qonaq” hekayəsini təqdim edir.

İş otağımız universitetin dördüncü mərtəbəsindəydi, yəni yerdən bir xeyli yuxarıda idi və aylardan da avqust ayı idi, yəni hər kəs məzuniyyətdəydi və o otağa məndən başqa girib-çıxan olmurdu, ona görə də hərgünkü kimi açarı qapının kilidinə salıb halsız-halsız, yuxulu-yuxulu içəri girəndə, içəri girib otağın bir küncündə yatan qara rəngli iti görəndə, istər-istəməz möhkəm qorxdum.

Onun dördüncü mərtəbəyə qalxan yorucu pillələrdən keçib otağa qapıdan girməyi mənə inandırıcı görünmədiyinə görə ağlıma gəldi ki, içəriyə elə pəncərədən girib. Çünki pəncərə açıq idi və külək yarıyacan endirilmiş jalüzü tərpədirdi.

Amma hündürlüyü nəzərə alanda itin içəriyə pəncərədən daxil olması da ağlabatan deyildi.

Sarı rəngli taxta döşəmənin üstündə burulub uzanmışdı. Çənəsini ön pəncələrinə yaxın qoyub əyri-üyrü şəkildə yatırdı. Otaqdan çıxıb qapını kilidlədim və komendantın otağına yollandım ki, onu vəziyyətdən xəbərdar edim və itdən tez bir zamanda yaxam qurtarsın. Bomboş və sükutlu pilləkənlərdən aşağı düşdüm. Komendantın otağı bağlı idi, ardından həyətə çıxdım, həmişə ağacların yan-yörəsində dolaşan bağbanları axtardım, onlardan da əsər-əlamət yox idi və ilana bənzəyən yaşıl bir şlanq, ağacın haçasından asılıb bağçanı təkbaşına suvarırdı.

İtin bayaqkı görkəmi gözlərimin önündən getmirdi. Və sanki hansısa qüvvə məni təzədən otağa çəkirdi.

Ətrafa bir az da göz gəzdirəndən sonra qayıtdım. Qapını açıb içəri girdim. O, ayaq üstə idi, təəccüblə və çaşmış halda mənə baxdı. Sonra qorxusundanmı, yoxsa qəzəbindənmi hürməyə başladı. Otağı ağzına alan səs qapıdan çıxıb boş dəhliz boyunca yayıldı. Qorxumdan mən də səslə bir yerdə çölə çıxıb qapını bağladım. Səs kəsildi. Bir az dayanıb gözlədim. Təzədən qapını azca açıb içəri nəzər saldım. İt qapının arasından nazik bir dilim kimi görünən bədənimə bayaqkı baxışla baxdı. Nə edəcəyimi bilməyib bir müddət bu cür qaldım. O, arabir başını başqa tərəflərə döndərib maraqla baxır və kiçik addımlar ata-ata, həmişə oturduğum iş masama yaxınlaşırdı.

Bir müddət sonra baxmaqdan yoruldum və özümdə cəsarət tapıb içəri girdim. İt yenə diqqətlə mənə baxdı. Bu dəfə hürmədi. Asta-asta masama tərəf getməyə çalışdım və qapının yanındakı stullardan birini qabağıma tutdum ki, üstümə cumsa, özümü qoruya bilim. Addımlarımı atıb mənzilbaşına yaxınlaşdıqca it mənim hərəkətimi izləyirdi və onun görünüşü getdikcə daha qorxusuz görünürdü. Hətta masama iki addım qalmış, o, təzədən bayaqkı yerinə qayıtdı, yerdə uzanıb sanki qəmgin, heysiz adamlar kimi baxa-baxa çənəsini döşəməyə söykədi.

Mən çantamı stolun üstünə qoydum. Ağlımdan keçdi ki, yenə komendantı çağırmaq üçün aşağı düşüm. Düşdüm də, amma heç kəsi tapa bilməyib təzədən otağa qayıtdım. İçəri girəndə it yenə yatmışdı.

Telefonuma gələn zəng, tərcümə etdiyim mətni sifarişçiyə göndərməli olduğumu xartırlatdı. Tez kompüteri açıb mətni bir də gözdən keçirdim və göndərmək istədiyim faylı elektron ünvanıma yerləşdirdikdən sonra tünd göy rəngli “göndər” xanasına üçgünc oxla toxunub mətni yollayanda təzədən it yadıma düşdü. Başımı döndərib baxdım. Oyanmışdı və çənəsini söykədiyi döşəməyə fikirli-fikirli baxırdı. Bəlkə də xəstə idi.

Təxminən otuz dəqiqə ərzində onu otaqdan çıxarmaq üçün təkbaşına mübarizə apardım. Əvvəlcə stullardan birini əlimə götürüb özümə sipər etdim, sonra həmin stulun ayağıyla onu dümsükləyib otaqdan çıxarmağa cəhd göstərdim. O isə yerindən ayağa durmaq belə istəmirdi. Onu çətinliklə ayağa qaldırdıqdan sonra bir neçə addım atıb uzaqlaşdı və bir az aralıda təzədən döçəməyə uzanıb mənə baxdı. Özünü zorla yuxudan oyandırılan və fürsət tapdığı andaca yatağına qayıdıb yatmağa çalışan tənbəl uşaqlar kimi aparırdı. Zərərsiz olduğuna artıq daha çox inanmağa başlayırdım, buna görə də onu açıq qapıdan dəhlizə çıxarmaq üçün növbəti uğursuz cəhdlərimi də etdikdən sonra hər şeydən vaz keçib masamın arxasında oturdum və fləşkartımı kompüterə taxıb işimə başladım.

Təxminən bir saata yaxın ayağa durmadan gərgin çalışdım. İt uzandığı yerdən arabir mənə baxır, gah da mürgülü adamlar kimi yerində qurcalanırdı.

İşim yaxşı alınırdı, sürətlə irəliləyib mətnin axırlarına yaxınlaşırdım, ona görə də fasilə verib komendantı çağırmaq üçün aşağı düşmək istəmirdim.

Növbəti bir saatı da uğurla işlədim.

Arabir otaqda gəzişirdim. İt yerində uzanıb mənə baxır, laqeyd-laqeyd hərəkətimi izləyirdi. Bir azdan ayağa qalxıb kitab şkaflarına tərəf getdi, tənbəl-tənbəl addımlayıb şkafların böyür-başını iylədi.

Artıq acmağa başlamışdım. Evdən gətirdiyim yeməkləri çantamdan çıxarıb masamın üstünə düzdüm. Yeməyi pəncərənin yanındakı elektrik pilətəsində qızdırdım və yerimə oturub yeməyə başlamaq istəyirdim ki, it yavaş-yavaş mənə tərəf gəldi. Oturduğum stulun ayağında dayandı, mənə baxdı. Ac olduğunu başa düşdüm və ürəkdən verməsəm də, qarabaşağın üstündəki iki ət tikəsindən birini döşəməyə atdım. Başını döndərib ətə yaxınlaşdırdı. Yedi. Doymadığı üçün bir az sonra qatığa batırdığım çörək parçasını da ona atdım. Onu da yedi və aralanıb printer qoyulmuş masanın ayağında uzandı, çənəsini döşəməyə söykədi.

Yeməkdən sonra gəzişmək üçün həyətə çıxdım. Dalbadal bir neçə isti gündən sonra havalar sərinləmişdi. Gəzə-gəzə həyəti də tərk edib, maşın yolunun qırağıyla yol işığına qədər getdim. Sağa dönüb üzüyuxarı qalxdım. Piyada keçidinə yaxınlaşıb dayananda gözlərinə eynək taxmış sürücü, sürətini azaldıb başıyla “keç” deyə işarə elədi, amma mən təşəkkür edib keçmək niyyətində olmadığımı bildirdim.

Bir neçə dəqiqə sonra universitetə qayıtdım. İt həyətə çıxmışdı. Xeyli sevindim. Onun çıxa biləcəyini zənn edib otağın qapısını açıq qoymaqla ağıllı iş görmüşdüm. Binaya yaxınlaşarkən ona tamaşa elədim. Günün altında asta-asta gəzir, arabir başını aşağı əyib isti daş döşəməni iyləyirdi.

İki saat sonra ayaqyoluna getmək üçün birinci mərtəbəyə düşəndə pəncərədən onu axtardım. Ağacların birinin kölgəsində uzanmışdı. Səhər həyəti təkbaşına suvaran ilanabənzər şlanq yerə düşmüş, suyu kəsilmişdi.

Saat altıya yaxın işdən çıxdım. Çıxanda pəncərələri diqqətlə örtdüm, işıqları söndürdüm, kompüterimi tokdan çəkdim və qapını diqqətlə kilidlədikdən sonra həyətə endim. İt artıq otağa heç cür girə bilməzdi.

Növbəti gün işə gələndə it yenə otaqda idi. Dünənki kimi uzansa da yatmamışdı.

Məni görcək yerində qurcalandı.

Həmin gün də günorta yeməyimdən bir azını ona verdim. Nahar fasiləsində yenə aşağı düşmüşdü.

Axşam işdən çıxanda bu dəfə də hər yanı diqqətlə yoxladım, qapını pəncərəni möhkəm-möhkəm bağladım. Amma xeyri olmadı, sabahkı gün səhər-səhər qapını açanda o, yenə otaqda idi.

Növbəti iki gün nahar yeməyinə onun üçün də pay gətirdim.

Digər həftədə hər şey eynilə təkrarlandı və mən vəziyyətdən çox da şikayətçi olmadığım üçün arabir dəhlizdə gördüyüm və salamlaşdığım komendanta bu barədə heç nə demədim.

Avqustun ortalarına yaxın bütün sifarişləri bitirdim və bir müddət heç bir sifariş gəlmədi. Hər gün iş otağına gəlib, bir az internetdəki xəbərlərə nəzər saldım, bir az telefonumda şahmat oynadım, bir az da kitab oxudum və bütün bu vaxt ərzində it otaqda mənimlə birgə oldu: gah yatdı, gah durdu, gah kitab şkaflarının yan-yörəsində dolandı və hərgünkü kimi günorta fasiləsindən sonra otaqdan yoxa çıxıb, bir də növbəti günün səhəri peyda oldu.

Avqustun axırlarına yaxın ilk dəfə ona əlimlə toxunub sığalladım. Hiss elədim ki, xoşuna gəlir.

Bəzən elə oldu ki, dəhlizə birlikdə çıxdıq, pilləkənlərdən birgə düşdük.

Avqustun son həftəsində arabir universitetin dəhlizində müxtəlif şöbələrin məzuniyyətdən qayıdan tək-tük işçiləri gözə dəydi. Bir dəfə günorta fasiləsindən sonra universitetin qapısından içəriyə itlə birlikdə girdim. Ödəniş aparatının qarşısındakı iki qızın yanından keçib getdik. Xoşbəxtlikdən onlar itə görə heç bir narahatlıq keçirmədilər.

Sonra sentyabr gəldi.

Dəhlizlər və otaqlar tələbələrlə dolub daşdı.

Sonra havalar soyumağa başladı.

Sentyabrın ilk yağışları elə yağdı ki, elə bil payız, getməkdə olan yayın arxasınca su atırdı.

Sonra göylər ard-arda bir neçə gün də yağış tökdü.

Hər səhər hamıdan əvvəl işə gələndə iti yenə də otağımda görməyə, hal-əhval tutmağa, onu sığallamağa davam edirdim. Amma o da hər şeyi başa düşürdü, otaqda çox qalmır, digər işçilərə görünmədən aşağı düşüb binadan çıxırdı.

Və bir səhər, yarpaqların tökülməyə başladığı sərin günlərin sərin bir səhərində işə gələndə həyətdəki ağaclardan birinin yan-yörəsində çoxlu adam gördüm. Çoxlu tələbələr, işçilər, müəllimlər vardı.

İtin cansız bədəni ağacın altında qalmışdı. Üstünə və yan yörəsinə bir neçə sarı yarpaq tökülmüşdü. Deyəsən, qabağa qaçıb iti ayıltmağa çalışdım. Onu silkələdim. Ətrafda tanış tələbələr, tanış müəllimlər var idi, hadisəyə şahid olan bəzi adamların sonradan dediyinə görə onu silkələyə-silkələyə bir az da ağlayırmışam.

Halbuki, hər səhər otağıma soxulan o çağırılmamış qonaqdan yana ağlayacağımı heç vaxt təsəvvür eləməzdim.

...Yarpaqlar elə o cür də tökülə-tökülə bir müddət sonra ağacları tamam çılpaq qoydular.

# 5151 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #