Silahımızdakı son gülləni də... - Ulucay Akifdən müharibə şeirləri

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

9 noyabr 2021
# 17:00

Kulis.az Ulucay Akifin müharibə şeirlərini təqdim edir.

xarıbülbül


bir əsgər şəhid olub
ovcunda torpaq
yaxasında bayraq
cibində xarı-bülbül
ürəyində sevgisi

bir əsgər şəhid olub
ovcunda sıxdığı
torpaq onun öz torpağı
o torpağa sancılan
bayraq onun öz bayrağı

bir əsgər şəhid olub
amma heç kim bilməyib
o gül kimin üçünmüş
kimə imiş sevgisi?

alnında güllə izi...

2020-ci il, noyabr

***

mənim gözəl qardaşlarım
siz indi cəbhədə, səngərdə
siz indi bir dağın ətəyində, ya zirvəsində
səmaya baxırsız

mənim gözəl qardaşlarım
bu gecənin ortasında
ordakı hər daş parçası, hər ağac sizi tanıyır

mənim gözəl qardaşlarım
burda hamı yarımçıqdı yuxusundan
amma bilirik ki
sizi tanıyır o torpaqlar
atalarınızın qoxusundan

mənim gözəl qardaşlarım
siz indi təkcə o torpağı yox
baxdığınız səmanı da işğaldan azad edirsiz!


2020-ci il, oktyabr


günəşə atılan mərmilər

bir güllə dənizə
bir güllə buluda
bir güllə də günəşə atın
gücünüz çatırsa onları öldürün
insanları öldürməyə nə var ki?!

"cəbhə xəttində atəşkəs yenə pozulub
atışma nəticəsində bir əsgərimiz şəhid olub”
- deyir xəbərçi qız.

anam qulağını dartıb
taxtanı tıqqıldadır
mənə baxıb göyə qaldırır əllərini
qaz sobasında çaydan cızıldayır

hövsələsi çatmayanlar kanalı çevirir
başqa evdə isə bir şəhid anası
həmin o çaydanı devirir

çaydana da güllə dəyir elə bil:
qapağı bir tərəfdə
suyu döşəmədə

ayaqları yox, ürəyi yanır ananın
su buxarlanır, çaydan cızıldayır
qaz sobasında çaydan sızıldayır...


azadlıq nəğməsi

dostlar, sizinlə çiyin-çiyinə verib
çox vuruşacağıq hələ, çox!
hələ çox qələbələr görəcəyik
bəlkə məğlubiyyətlər də
eybi yox!

eybi yox, dostlar, eybi yox!
çünki biz yalın əllərimizlə də olsa
öldürəcəyik üç meymunun üçünü də
bəlkə bu, bəlkə gələn yaz

- İlahi, nağılımızçün
cənnət almasından üçünü dər
üçünü də bu məmləkətin payına yaz!

dostlar, əlbət bir gün
bu məmləkətin dənizi dəniz, ağacları ağac
dağları da dağ kimi dayanacaq arxamızda
heç kim qalib gələ bilməyəcək bizə

əlbət bir gün
ən gözəl atların belində
qayıdacağıq evimizə!

əlbət bir gün savaşa gedən atalarımız kimi
istifadə edəcəyik neftdən
yandıracağıq günəşin qarşısını kəsmək istəyən hər kəsi
heç kim dura bilməyəcək qarşımızda

mən də bir ağac olacam
bir ağac olacam sizə
amma nə kölgəm
nə meyvəm olacaq

elə ağac olacam ki
məndən asacaqsınız
üç meymunun üçünü də.

çərpələng


müharibədə öldürülən uşaqlara ithaf

uşaqlar ölmür, bilirəm
uşaqlar oynamağa daha gözəl yer tapır
orada uşaqlar daha xoşbəxt, daha dəcəl
səmasında təyyarələr yox
çərpələnglər uçar sadəcə
sən də ora getdin, bilirəm

musiqisi quşların səsi
sözləri uşaqların gülüşü olan
mahnı bəstələmədik
ona görə küsdün
ona görə getdin bizdən

Zəhra, sənə bir sualım var
- bağışlamaq nədir, bilirsənmi ki
bizləri bağışlamayasan?!


Leyla

torpaq bütün sevdiklərimizi yedi, dostum
körpələrin qanını içdi amansızca
və bu yaz
neçə bənövşə asfaltın altından çıxa bilməyib
intihar etdi torpaq altında
ana bətnində öldürülən körpələr kimi

üz döndərdi bizdən günəş
üz döndərdi bu ağaclar
bu buludlar, bu dəniz

yəni bu yaz hər şey bir başqa oldu
gözləmədiyimiz qədər başqa
və pis

torpaq bütün sevdiklərimizi yedi, dostum
və dünən
sülh üçün əlimizdən gələni edirik - deyən lider
bu gün son model silahlarını təqdim etdi bizə.


bu silah dünyanı iki dəfə məhv edə bilər –
dedi gülümsəyərək
qamaşan dişlərini göstərdi bizə
yəni bu gün daha böyük yük düşdü üstümüzə

Tanrım
bütün doğmalarını müharibədə itirən
suriyalı Əhmədin fəryadı
fon musiqisi kimi getdi xəbərlərdə
bir gün sonra aclıqdan öləcək Leylanın
göz yaşlarını da iki saniyə göstərdilər
yəni bu gün bizi bir az da məhv etdilər

hə, dost
dənizdən sonuncu balığı
oğurlayan qağayı da öldü aclıqdan
ölərkən ona baxan ac qağayılar
keçdi gözünün qarşısından

sevgi marşı

indi əllərimiz qana bata-bata
ölkələrin arasından tikanlı məftilləri
evlərin arasından hasarları sökməliyik
indi dünyanı daha gözəl etməliyik

doyunca içməliyik
soyuq qış gecələrində isti çaxırı
doğru adamlarla sevişməliyik
isti yay gecələrində hər günün axırı

günəş uşaqlığımızdakı rənginə qayıtmalı
dənizlər həmişəkindən daha mavi olmalı
silahımızdakı son gülləni də
dostumuzun toyunda havaya sıxmalıyıq.


# 3119 dəfə oxunub

Oxşar xəbərlər

# # #