Seymur Baycanın nadürüstlüyü - Bu əlli yaşlı uşaq bizdən nə istəyir?

Seymur Baycanın nadürüstlüyü - Bu əlli yaşlı uşaq bizdən nə istəyir?
11 mart 2024
# 15:00

Kulis.az Rəvan Cavidin "Erməni budaq cümləsi" adlı yeni yazısını təqdim edir.

Hər dəfə “Seymur Baycanın yeni yazısı” başlığını görəndə özümə də, o yazını yayınlayan sayta da sual verirəm ki, məgər Seymur Baycan on beş ildi yeni nəsə yazır?

Onun timsalında böyüyə bilməyən, banal, lokal, estrada müğənniləri səviyyəsində bir Azərbaycan ədəbiyyatı görürəm.

Sonuncu “yeni yazısında” Mirmehdi Ağaoğlunun Xocalıdan reportajının timsalında guya müasir Azərbaycan ədəbiyyatının dil qüsurlarını, Anadolu türkcəsinin dilimizə vurduğu ziyanları yazıb. Əvvəlcə onu qeyd etmək mütləqdir ki, M.Ağaoğlunun məlum reportajı Seymur Baycanın ədəbiyyatımızda on iki vərəqli dəftər qədər yer tutan yaradıcılığından böyükdür. Həqiqətən, Seymurun orijinal mətni yox səviyyəsindədir. Belə bir müəllifin Şərif Ağayarda, Zamin Hacıda səhv tutması nadürüstlükdür.

İkinci mütləq qeyd də ondan ibarətdir ki, Seymur yüz ildi böyüyə bilmir. İyirmi bir yaşında onu narahat edən problemlər hələ də ağlındadır. Hələ də marjinal olmağa çalışır. Hələ də nə yazdığını, niyə yazdığını bilmir. Hələ də mütaliə edə bilmir. Seymur hələ də uşaqdır. Əlli yaşı var, amma özünü seksdən kamını almayan on səkkiz yaşlı travmalı uşaq kimi aparır. Görən, bu əlli yaşlı uşaq bizdən nə istəyir?

Bir yazıçı heçmi dəyişməz? Heç oxumazmı? İl olub 2024, dillərin qətli başlayalı olub on il, Qərbin mədəniyyət qazanları Seymur kimi yazıçıların mətnlərini əridib onlardan konyuktura düzəldəli də olub otuz il, bizim Tiflisə – Qafqazda Qərbə sözün yaxşı mənasında iki əlli təslim olan yeganə şəhərinə sığınan yazıçımız Türkiyə türkcəsindən təsirlənmə haqqında irad bildirir. Yazmısan da bu mövzuda qırx dənə köşə. Nə gərək var, Seymur müəllim? Niyə özünü biabır etməkdən həzz alırsan?

Guya sən Akop Martayan (Aqop Dilaçar) tanıyırsan? Əl boyda yazıda on üç dəfə Akopun adını çəkməklə deyil ki. Martayanı tanısan, Allah haqqı, utanıb bu yazını yazmazdın. Kaş sən də o erməni qədər dilimizə xidmət edəydin. Kaş sənin də başın o erməni deyib, eyham vurduğun alim qədər işləyərdi. Kaş sən də onun kimi modern olmağı bacaraydın. Və ən əsası, kaş sən də Akop Martayan qədər böyüyə biləydin.

Azərbaycan ədəbiyyatını səviyyəsizliklə ittiham edən birisi yazıda qəsdən on üç dəfə Akop Martayan adı çəkməz. “Türkiyə türkcəsini erməni yazıb” sərsəmliyini ortaya atmaz. Əslində, təəccüblənməməliyəm. Adam bilmədiyi şey haqqında danışanda ağzına gələni deyir.

Əziz Seymur Baycan və onun mal-qara tövləsinin oxucuları, beş dəqiqənizi ayırıb Akop Martayanı araşdırın. Sonra da Mirmehdi Ağaoğlunun Xocalıdan reportajını oxuyun. Vaxtınız qalsa, Zamin Hacının üçcə cümləlik Seymura cavabını da oxuyun. Görün kim erməni budaq cümləsində danışır. Həm də hansısa alimə erməni olduğu üçün “Türklərin dilini erməni yazıb” eyhamını vurmaq hazırkı dövrdə ən böyük düşüklükdür. Erməni türkcənin qrammatikasını yaza bilməz? Seymur Baycana dillər, dil tarixi, yazı tarixi, dillərin qrammatikası haqqında kitablar tövsiyə edə bilərəm.

Dəyərli Seymur Baycan, ərəb dilinin qrammatikasını farslar, alman dilinin lüğətini ingilislər, sanskrit və ivrid dillərinin ilk araşdırmalarını da yunanlar yazıb. Yetmiş ildi Lermontov oxuduğuna, bir az da irad bildirdiyin mövzuları araşdır.

Mən qırx səkkiz yaşında bir yazıçıya belə qeyri-ciddi şeylər yazıb dolanışığını qarşılamağı arzulamıram. Reputasiyasını, tanınmışlığını bu cür yazılarla qorumağını da istəmirəm. Neyləmək olar ki, coğrafiya qədərdi və hamımız o yaşda köşə yazıları yazmaqla dolanacağıq. Lakin bildirmək istəyirəm ki, hörmətli Seymur Baycan, ciddi bir yazıya da eyni qonorarı yazırlar. Və bilirəm ki, sən bəzən bu tip yazılarının qonorarı üçün başqaları kimi redaksiyaların qapısını döymürsən. Bəs nədəndir səndə bu səviyyəsizlik etmək yanğısı? Həqiqətən, o boyda həngamə reportajı oxuyandan sonra ağlında qalan bir-iki Anadolu türkcəsindəki söz oldu?

Yadımdadır, iki il qabaq Seymur Baycan haqqında başqa bir yazı yazmışdım. Elə həmin yazıdan sonra Mirmehdi Ağaoğlu mənə səmimi olaraq irad bildirmişdi ki, Seymur dəyərdi, onun haqqında belə yazı yazmaq insafsızlıqdır. Mən Mirmehdi abimin iradını qəbul etmişdim. İndi də razılaşıram. Ki, Seymur Baycan dəyərdi. Amma o vaxt Mirmehdi Ağaoğluna dediyim şeyi indi də deyirəm. Ki, Seymur Baycan heç vaxt özünü aşa bilmədi və bu, türklər demiş, “taşra kafasıyla” da heç vaxt aşa bilməyəcək.

Seymur Baycanın məlum yazısında adlarını çəkdiyi dostlarıma mən də səslənirəm:

Dəyərli Rəşad Səfər, Vüqar Van, Orxan Həsəni, Orxan Saffari, Əli Zərbəli və Təvəkkül Boysunar, Seymur abinizin sözlərinə fikir verməyin. Yaşlandıqca adam belə mənasız şeylər sayıqlaya bilir. Adamı böyük edən, xarakterini böyük qılan verdiyi, onu məşğul edən suallardır. Yazıçı dərdi boyda böyükdür. Ədəbiyyat cavabları çəmkirmək sənəti deyil, yeni suallar vermək sənətidir. Çalışın sizi düşündürən, məşğul edən suallar “Azərbaycanlılar niyə türkcə danışır?”, “Ermənilər niyə dolma yeyir?”, “Gəncə dovğası niyə noxudludur?” olmasın. Dünya haradadır, həyatımız necə dəyişir, ədəbiyyatı, fəlsəfəni hansı suallar düşündürür, bunlar haqqında oxuyub yazılar yazın. Mən Azərbaycan ədəbiyyatına altı nəfər yeni Seymur Baycan arzulaya bilmərəm.

# 3310 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #