Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Vüqar Vanın “Şən ev” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Aqşin Yenisey
Vüqar Vanın bu mətni də içindəki ağbirçək kimi lüt çıxıb oxucunun qarşısına. Mopassan novellalarını xatırladır. Hekayə təsadüfi adamların kombinasiyası üzərində qurulub. Bu cür münasibətlərdə sonluğun bu qədər tez-bazar və bu şəkildə baş verməsi inandırıcı görünmür. Əlbəttə ki, sənət yalandır, amma ağ yalan deyil. Vüqar performans sənətinin izləyiciyə ötürdüyü ağlasığmazlıq duyğusunü ötürmək istəyib, bəlkə də. Amma hekayənin altı boşdur, heç bir sosial, əxlaqi, bəşəri söykənəcək yoxdur. Bəlkə də, sadəcə, bizi ciddi-ciddi danışdırıb məzələnmək üçün yazıb.
Orxan Həsəni
Hekayəni bəyəndim. Həyatın çox kiçik, bəlkə, tamamiylə əhəmiyyətsiz epizodu böyüyüb mətnə can verir. Müəllif obraz haqqında, situasiya haqqında, çox az şey deyir. O, az vasitə ilə böyük bədii təsir yarada bilir. Hərdən qarşılaşırıq, bəzi müəlliflər bu bədii təsiri yaratmaq obrazlar, vəziyyətlər haqqında geniş-geniş yazırlar, lakin onu yaratmaqdan aciz qalırlar. Vüqarın hekayəsindəki sadəlikdə, ütüsüzlükdə isə olduqca ciddi bədii rəng vardır. Bu, Vüqar Vandan oxuduğum ən gözəl hekayədir.
Rəvan Cavid
Keret havasında bir hekayə. Əla idi. Hadisələrin canı bəzən onun təfərrüatlarında olur. Bir deyim var: "Daşı qırmaq üçün 39 dəfə vurursan, 40-ıncıda qırılır. Biz 40-ıncını vurana qəhrəman kimi baxırıq həmişə". Vüqar hekayəni yavaş-yavaş döyəcləyib, sonra o axırıncı cümləni yazıb. Nakaut.
Təvəkkül Boysunar
Vüqarı təbrik edirəm. Bundan əvvəl qətiyyən hekayəyə oxşamayan, hətta bərbadlığı səbəbindən müəllifinə yalnız “sən yazma” tövsiyəsini eşitdirəcək qədər zəif olan hekayələrdən sonra indi bu cür yaxşı hekayə yazmağı, həqiqətən də, təbrikə layiqdir. Müəllifi həvəsdən salmamaq üçün əvvəlki hekayələri haqqında açıq və sərt fikir bildirməmişdim. Amma indi bu hekayənin yaxşı olması səbəbindən hasil olacaq təsəlli və motivasiyaya güvənib o məqamı qeyd etdim. Hekayə ona görə yaxşıdır ki, müəllif özünə əzab verə-verə, ilhamsız-filansız yazmayıb bu mətni. Əksinə, ilhamının axıcılığı mətni də axıcı edib, maraqlı edib. Yoruculuq yoxdur. Cümlələr rahatdır, boş deyil, yüksüz və enerjisiz deyil. Dialoqlar təbiidir, gözəldir, inandırıcıdır. Qadının sualına “mırta” deyərək cavab verən baş qəhrəman həm də yazıçı Vüqar Vanın dili ilə, kədəri, depressiyası və bezginliyi ilə danışır. Mətnin sonundakı sürpriz də pis deyildi. Əsas qəhrəmanın şəhərdən baş götürüb getməsinə səbəb olan ruh halını mətndə hiss etdirib mətni bu cür də bitirmək olardı. Amma onun üçün daha artıq müəllif ağrısı lazımdır və mətnini son anda uğursuzluğa qurban verməkdən qorxmayıb hekayəni tezbazar bitirməyə tələsməmək də içi mən qarışıq hər yazıçının işi deyil.
Əsəd Qaraqaplan
Onu deyim ki, hekayənin dili yaxşıdır. Ancaq mənə bir az qısa gəldi. Ya da belə olmalıdır, kim bilir. Amma natamamlıq təkcə bunda deyil. Bir-iki yerdəki ironik yanaşma - "At Nazim", "mırta gəlmişəm" söhbətləri hekayənin ümumi ruhuna çox da uyğun gəlmir. Sanki hiss olunur, bəzi sözlər ora sadəcə ironiya xətrinə salınıb. Düzü, mən Vüqardan daha fərqli bir şey gözləyirdim, həm struktur, həm estetik həm də başqa tərəflərdən. Lakin bu hekayə o tərəfdən heç də məni açmadı. Son sözə qədər elə də fərqli və insanı özünə çəkə biləcək nəsə görmədim. Hekayə gözlənilməz sonluqla bitir, düzdür, amma nə əvvəldə, nə də ortada-filan buna xırda da olsa, bir işarə yoxdur. Adam istər-istəməz düşünür: "Hə, nolsun?". Düşünürəm ki, Vüqar daha gözəl mətnlər yaza bilər. Hətta bu hekayənin ardını da. Məncə, hekayə bu hekayənin bitdiyi yerdə başlayır...
Mirmehdi Ağaoğlu
Vanın hekayəsi mənə Roald Dahlın bir neçə gün əvvəl oxuyub bitirdiyim hekayələrini xatırlatdı. Dahlın da hekayələri bu cür novellavari sonluqlarla bitir. Hətta “Pansiyonatçı qadın” hekayəsi ilə “Şən ev” arasında xeyli oxşar məqamlar var, sadəcə həmin hekayənin sonunda ev yiyəsi kirayənişin qabağında soyunmur, onu öldürüb müqəvvasını düzəldir. Vüqar həmin hekayəni oxuyubmu, bilmirəm.
Bu cür qəfil sonluqlarla bitən və hadisəni belə deyək, “qazanın dibi”ində saxlayan hekayələr gərək asta-asta, detallarla yazılsın, təsvirlər bol olsun ki, oxucunu “aldatsın”. Axırda nəsə böyük bir hadisənin baş verəcəyi ilə bağlı yalançı anons versin. Əks halda bu cür novellalar məşhur “Hə nolsun?” sualının verilməsini labüd edir.
Zənnimcə, hekayənin əvvəli gərəksiz uzadılıb, onun yerinə qadının təsviri, davranışı bir qədər də çoxaldılmalı idi ki, sonluqdakı təzad daha təsirli olsun.
Qaldı ki, hekayəyə, adı kimi də şəndir, ovqat yarada bilir, güldürür. Vana dost tövsiyəm, bunu “Şən ev”lə yekunlaşdırmasın, bu silsilədən hekayələr yazmağa davam etsin. Yaxşı şeylər çıxacaq ortaya.
İlham Əziz
Mən mətni onda hekayə sayıram ki, obrazlarla danışa bilirəm, onlarla gülə, onlarla ağlaya, onlarla mübahisə edə bilirəm. Yazıçının ustalığı ondadır ki, bizi yaratdığı boşluğa sala bilir, gəzmədiyimiz, görmədiyimiz yerlərə aparır, və hər şeyin böyük bir heçlik olduğuna inandıra bilir. Vüqarın bu hekayəsi ekzistensial çimdikləmədir. Mən əsl hekayələrdə yazıçının iztirabını ruhumda hiss edirəm. Bizə zarafat, məzə gələn cümlələr yazıçının canından, qanından çıxır.
Yay da bu günlərdə gəldi, heç nə dəyişmədi, ay Vüqar…
Sevinc Elsevər
Vallah, bilmədim nə deyim. Qadına mat qaldım. Novella sevimli janrımdır. Xoşuma gəldi. Güldüm də xeyli…