Şən ev – Vüqar Vanın yeni hekayəsi

Vüqar Van, yazar

Vüqar Van, yazar

22 iyun 2023
# 11:09

Kulis.az "Hekayə günü" layihəsində Vüqar Vanın “Şən ev” adlı yeni hekayəsini təqdim edir.

O, külək olduğu üçün başını zibil qabına soxub, nədənsə qisas alacaqmış kimi var-gücü ilə tüpürdü. Dikəlib cibindən çıxardığı dəsmalla burnunu sildi, dayandı, dayandı, soruşdu:

– Heç kimin yoxdur buralarda?

– Yox – yaşı qırxdan çox olan, sifətdən ata oxşayan, kök, bığlı taksi sürücüsü başa düşə bilmirdi nə üçün, hansı səbəbdən durub bura gəlmişəm, – bəlkə, tanış olar, kirayə üçün... – deyib, ona baxdım. Hava yavaş-yavaş qaralırdı. Gərək qalmağa yer tapaydım. Mənim kim olmağımdan, niyə ev axtarmağımdan baş açmayan kişi xeyli dayanıb fikirləşdi. Elə bildim, qabağımda duran atdır, dayanıb fikirləşir. Bir az düşünəndən sonra, deyəsən, yumşalıb dedi:

– Bir adam var, onun evinə gedib baxaq. Olmasa, bir şey fikirləşərik.

– Yaxşı – deyib, onun başıyla göstərdiyi tərəfə doğru addımladım. Məndən bir-iki addım qabaqda gedə-gedə, maşının açarı üçün ciblərini yoxladı. Onun ciblərində eşələndiyini görən digər taksi sürücüləri söz atdılar:

– Yenə harda açarını itirmisən? – Güldülər.

– Gedin vızqırdın burdan – deyib, əsəbi şəkildə maşına oturdu. Çantalarımı arxaya qoyub, qabaqda əyləşdim. Açar maşının üstündə idi. Sarı “Jiquli” işə düşdü, pəncərəni açıb, əlimi çölə çıxardım. Küçədə heç kim yox idi. Gödəkcəmin üstündən pulqabımı yoxladım. Dərhal yuyunub, yatmaq istəyirdim. Ayaqlarım tərləmişdi.

– Yəqin, istirahətə gəlmisən? – Maşının qapısını açıb, möhkəm çırpdı. Örtülmədi.

– Yox, həmişəlik. Daha burda yaşayacağam.

– Niyə? – Sağ əli ilə qapını bir də çırpdı.

– Nə bilim, şəhərdən bezdim. İstəyirəm, başım bir az sakit olsun.

– Əslin hardandır? Bu yolları da düzəltmədilər. Hər sahədə yeyinti var. Demirik ki, yemə. Ye, amma yolları da düzəlt.

– Bakıdan. Orda doğulub-böyümüşəm.

– Ailəlisən? – Qabağımızdan keçən maşına əli ilə salam verdi.

– Yox.

– Nə işlə məşğulsan? Mən iyirmi ildir taksi sürürəm.

– Piano müəllimiyəm.

– Bura gəlmisən heç? Yayda bura cənnət olur.

– Yox, birinci dəfədir.

– Bəs nə yeyəcəksən? – Əlini çölə çıxarıb güzgünü tarazladı.

– Bilmirəm.

– Neçə yaşın var?

– İyirmi yeddi – dedim.

– Mənə neçə yaş verərsən?

– Qırx olar, yəqin – Sifətinə baxdım.

– Qırx – güldü. Bilmədim, düz dedim, ya yox.

Bundan sonra bir müddət heç kim danışmadı.

– İndi gedirik bir qadının evinə. Yaşlı arvaddır. Tək qalır. Əri çoxdan ölüb, bir qızı var, o da ərdədir. Ali təhsilli, ziyalı qadındır. Əvvəllər məhkəmədə işləyib, indi pensiyaya çıxıb. Hörmətli, sayılıb-seçilən qadındır. Altmış ildən çoxdur burda qalır, heç kim artıq hərəkətini görməyib. Evinin bir otağını bölüb, kirayə verir. Belə baxıram, sən də mərifətli oğlana oxşayırsan. Əgər razılaşsa, köçərsən onun evinə. Amma bax ha. Elə-belə arvad deyil, kişi kimidir. Məni sonradan peşman eləmə onun yanında.

Başımı yelləyə-yelləyə “narahat olmayın” dedim. Beş-on dəqiqəyə qadının evinə çatdıq.

Cırıldayan dəmir qapı iplə mismara keçirilmişdi. Kişi ipi çıxarıb, qapını açdı. Həyətə girdik. Bir mərtəbəli, amma uzun həyət evi idi. Baxanda bilmək olurdu ki, evdə xeyli otaq var. O balaca pilləkənə çıxıb, qapını döyəndə, birdən duruxub çevrildi:

– Sənin adın nədir?

– Kamal.

– Mənimki də Nazim.

Qapını döyüb, gözləməyə başladı. Yaşlı bir qadın açdı. Boyu elə də hündür deyildi. Saçları tünd qara, üzünün dərisi sallaq, göz çuxurları dərin, üst-başı səliqəli idi. Qapını açan kimi gözüm qeyri-ixtiyari olaraq içəridəki dəmir vedrəyə sataşdı.

– Salam, müəllimə. Necəsiz?

– Salam, salam, Nazim. Necəsən? – qadın dedi.

– Məllimə, bir qonağım var. Beş dəqiqə içəridə söhbət edək də. Olar?

– Hə, o nə sözdür, gəl, gəl. Keçin içəri.

Biz ayaqqabılarımızı çıxarıb, içəri keçərkən, qadın çəkələk gətirdi. Geyinib qonaq otağına girdik.

– Gözlə, bir dənə çay qoyub, gəlirəm.

– Əziyyət çəkmə, ay məllimə.

– Nə əziyyət, Nazim? Yekə oğlansan.

Ev geniş idi. Elə də bər-bəzəkli, gözəl olmasa da, otaqlar sadə və səliqəliydi. Divardan yekə güzgü asılmışdı. Güzgünün yanında köhnə kitablarla dolu rəf və balaca televizor vardı.

Stolun üstündəki üçmərtəbəli şüşə qabın içinə qoz-fındıq yığılmışdı.

Az sonra əlində “xrustal” stəkanlarla qadın qayıtdı. Çayları qabağımıza qoyub, Nazimə dedi:

– Ay Nazim, televizorun antenası xarab olub. Kanallar göstərmir. Sən Allah, Zauru görsən, deyərsən, gəlib bir dəfə baxsın, bunu düzəltsin. Arada başımı qatıram.

– Yəqin, külək eləyib. Bizdə də elə olmuşdu, uşaq internetdən baxıb düzəltdi. İndikilər bəladır.

– Hə, mənim başım çıxmır da, o internetdən. Sənin balaların necədir?

– Yaxşıdılar, şükür, müəllimə. Böyüyü instituta hazırlaşır. Görək də.

– Həə, düş üstünə. Qıza nə var ki. Qız böyüdükcə evə girir, oğlan böyüdükcə evdən qaçır. Qoyma avaralanmağa.

Hər kəs öz çayından bir qurtum aldı. Biz ikimiz divanda, qadın isə stul qoyub, qabağımızda əyləşmişdi.

– Müəllimə, bu cavan oğlan, kirayə ev axtarır. Bakıdandır. Özü piano müəllimidir. Bu gün gəlib rayona. Heç kimi yoxdur burda qalmağa. Mən də götürdüm gətirdim sizə. Neyniyək bunun işini?

– Nə yaxşı? Nə üçün gəlib ki?

– Mırta gəlmişəm, müəllimə. İstəyirəm bir az başım dincəlsin.

– Lap yaxşı eləmisən, mənim balam. Nə var e, şəhərdə? Ən salamatı rayondur.

– Elədir, – Nazim çayından yekə bir qurtum alıb, stəkanı nəlbəkiyə qoydu, – hə, müəllimə, cavan oğlan deyir uzun müddət burda qalmaq istəyir. Mən də fikirləşdim ki, ən yaxşısı sizin yanınıza gətirim. Siz nə desəz, elə edək.

– Mənim üçün problem deyil, ay Nazim. Onsuz da, təkəm. Bir adam olsa, yaxşı olar. Həm də əgər sən məsləhət bilib, gətirmisənsə, gözüm üstə yeri var.

– Çox sağ olun – Nazim dedi.

– Onda gəl gedək otağı göstərim əvvəlcə. Bəlkə, heç uşaq razı olmayacaq – qadın güldü. Nazim də güldü.

Ayağa qalxıb, onun arxasınca düşdük. Eyvanın sağında taxta qapını itələyib açdı. Ağ və qızılı rəngli divar kağızı vurulmuş otaq xeyli böyük idi. Tavanı hündür idi və yola baxan iki böyük pəncərəsi vardı. Otağın bir küncündə “ceyran peç”i qoyulmuşdu. Bir çarpayı və bir yazı masasından başqa, bu otaqda da yekə bir güzgü asılmışdı. Güzgünün qabağından keçəndə bir anlıq gözüm özümə sataşdı. Mənim də göz çuxurlarım dərinləşmiş, gözlərimin içi yuxusuzluqdan qan çanağına dönmüşdü. Otaq xoşuma gəldi. Mənə zillənən gözlərə başımla razılıq əlaməti verib, bəyəndiyimi dedim. Çıxanda eyvanın ortasında dayandıq. Qadın üzünü mənə tutub:

– Oğlum, bu evdə çox adam qalıb, hamısı ilə də gedəndən sonra ana-bala kimi olmuşuq. Bu otaq sənin yataq otağındır. Amma bundan sonra ev də oldu sənin. Sən də mənim bir balam. Tualet, hamam ümumidir. Yeməyi nə bişirsəm, bir yerdə yeyərik.

Nazimin maşınından çantamı götürdüm. Çöldə evin qiymətini soruşdum, o dedi ki, “evin qiyməti əlli manatdır. Əlli də şey-şüy alarsan, hər ay, biş-düşünü özü edəcək”.

– Yaxşı – deyib əlimi ona uzatdım, – çox sağ ol. Sənə borcum nə qədərdir?

– Əşi, nə borc? Nə verərsən, verərsən.

On manat verib at Nazimi ötürdüm. Həyətdə dayanıb ətrafa baxa-baxa bir siqaret yandırdım. Üzü biz tərəfə baxan evlərin işıqları yanır, çəkilmiş pərdələrin arxasından televizorların ekranı az-maz görünürdü. Rayonun lap yuxarısında ard-arda düzülmüş küçə işıqları sayrışırdı. O tərəflərdən başqa hər yer qaranlığa bürünmüşdü. Qalacağım evin həyəti də geniş idi. Çöldə taxtadan tikilmiş və pis gündə olan yekə bir tikili, onun yanında isə hamam-tualet vardı. Həyət qapısının yanında bir xeyli ərazidə göy-göyərti, soğan, turp-zad əkilmişdi. Siqaretimi çəkib içəri keçəndə, qadın məni lüt qarşıladı.

# 6972 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #