Şeir həsr etdiyi adamın ölümünü ondan gizlətdilər - İllərin mahnısı

Nigar Rəfibəyli, Rəsul Rza, Emin Sabitoğlu, Akif İslamzadə

Nigar Rəfibəyli, Rəsul Rza, Emin Sabitoğlu, Akif İslamzadə

17 iyun 2022
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Neyləyim?” mahnısı haqda faktları təqdim edir.

Bu gün sizə təqdim edəcəyimiz mahnı “Neyləyim?” və ya bir çox mənbələrdə yanlışlıqla “Ala gözlüm” kimi məşhur olan mahnıdır.

***

Mahnının yaranma tarixi ilə bağlı müxtəlif versiyalar və bəzi tarixi faktlar var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəssüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan "ala gözlüm" də məhz Rəsul Rzadır.

***

Rəsul Rza ilə Nigar Rəfibəylinin sevgiləri, onların yaradıcılıqları kimi məşhur idi. Onların həyatını bu cür təqdim etmək olar: qeyri-adi, sürprizlərlə dolu, nağıla bənzəyən. Hətta ölümlərində belə bir-birindən ayrılmamışdılar. Nə Nigar Rəfibəyli Rəsul Rzanın ölümündən xəbər tutmuşdu, nə də Rəsul Rza həyat yoldaşının xərçənglə mübarizəsindən... Onları bir-birindən fiziki mənada 100 gün ayırır. Və bu mahnı da həmin 100 günün içində yazılır.

Nigar Rəfibəyli Sovet vaxtı xalq düşməninin qızı sayılırdı. Babası Ələkbər bəy Gəncədə tanınmış xeyriyyəçi, atası Xudadat bəy Rəfibəyli isə Avropada oxumuş ziyalılardan biri idi. O, ilk ali təhsilli azərbaycanlı cərrah sayılırdı. Azərbaycan Xalq Cümhuriyyətində ilk Səhiyyə nazirimiz olub. Lakin Xudadat bəy Sovet vaxtı repressiya olunaraq güllələnir. Nigar Rəfibəyli bəy qızı olduğu üçün repressiya illərində min bir əzaba düçar olur.

***

Nigar Rəfibəyli ilə Rəsul Rza bir ədəbi gecədə tanış olurlar. Bir neçə il kinostudiyada birgə işləyiblər. 1934-cü ildə nişanlanıb, 1937-ci ildə isə evləniblər. Təzə-təzə evli olan cütlük müharibənin ortaya çıxması səbəbi ilə bir-birindən müvəqqəti ayrılmalı olurlar. Rəsul Rza ön cəbhəyə yollanır, Nigar Rəfibəyli isə onun yolunu gözləyə-gözləyə ağ vərəqlə baş-başa qalır. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır. Cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır. Nigar xanım bu uzun həsrət günlərində “Neyləyim” mahnısının təməlini atır.

***

Şeir 1950-ci ildə “Azərbaycan” jurnalında çap olunur. O zamanlar gənc olan Emin Sabitoğlu sevdiyi, bəyəndiyi şeirləri kitabxanada oxuyub qeyd dəftərcəsinə yazırmış. “Neyləyim” şeiri də həmin dəftərcəyə düşən şeirlərdən biri olur. Lakin uzun illər bu şeirə mahnı bəstələmək bəstəkarın yadından çıxır. Yazıçı Anar və Emin Sabitoğlu dost olduğundan, bəstəkar Anarın evinə tez-tez gəlir və Nigar Rəfibəyli bəzi şeirlərinə mahnı bəstələməsini Emindən xahiş edir. Belə şeirlər arasında Nigar Rəfibəylinin yenə də sırf Rəsul Rzaya həsr etdiyi "Əsən yellər" və "Aman ayrılıq" mahnısı da yer tutur. Aradan bir neçə il keçir, Rəsul Rza yüksək təzyiqlə Mərdəkənadakı xəstəxanaya yerləşdirilir. Həkimlər onun xəstəliyinin riskli olduğunu bildirib həyəcandan uzaq durmasını tələb edirlər.

Rəsul Rza 1981-ci ildə dünyasını dəyişir. Nigar Rəfibəylidən onun ölümünü gizlədirlər. Və bu ərəfələrdə Moskvada müayinə olunarkən Nigar xanıma xərçəng diaqonuzu qoyulur. Elə həmin vaxtlar Nigar Rəfibəylinin Moskvada rusca kitabı nəşr olunur. Üstəgəl, tanınmış italyan bəstəkarı Franko Manino "Məhəbbət kantatası" işıq üzü görür. Və həmin kantatada Nigar Rəfibəylinin lirikasından da istifadə olunmuşdu. Bütün bunlar Nigar xanımı sevindirirdi, ancaq qəlbinin dərinliyində Rəsulun “vəfasızlığından” gileylənirdi. Övladları bu vəziyyəti düzəltmək üçün hətta Nigar Rəfibəylinin ad günündə maraqlı bir addım atırlar: ona Rəsul Rzanın adından böyük bir gül buketi göndərirlər. Nigar Rəfibəyli artıq həyatda olmayan Rəsul Rzanın “göndərdiyi” gül buketini qucaqlayıb nisbətən sakitləşir.

***

Nigar Rəfibəyli Rəsul Rzanın ölümündən xəbərsiz dünyadan köçür. Emin Sabitoğlu bəhs etdiyimiz mahnını 1981-ci ildə Rəsul Rzanın ölümündən dərhal sonra, Nigar xanımın bu ölümdən xəbərsiz olmasından təsirlənərək bəstələyir.

***

Mahnın ən məşhur ifaçısı, xalq artisti Akif İslamzadə bu mahnının daha əvvəl başqa melodiyada, yenə də Emin Sabitoğlu tərəfindən bəstələndiyini öz çıxışlarından birində qeyd edir və bildirir ki, bu mahnını ilk dəfə Gülağa Məmmədov ifa edir. Hətda əlavə edir ki, bəstəkar mahnının melodiyasını unutduğuna görə yeni versiyası ərsəyə gəlir. Akif İslamzadənin dediyinə görə özü bu mahnını ilk dəfə oxuyanda Gülağa Məmmədov bu sözlərə mahnı oxuduğunu ona bildirir və arxivdən həqiqətən də şeirə bəstələnmiş mahnının notları tapılır. Lakin Emin Sabitoğlu Anarı və Akif İslamzadəni evinə dəvət edir və mahnı bir neçə yeni versiyada ifa olunur. Nəhayət hazırda dinlənilən versiya son seçim olur.

Mahnın ilk lent yazısı, Rəsul Rzanın ildönümü üçün hazırlanan film üçündür. İlk lent yazısında Akif İslamzadəni Emin Sabitoğlu royalda müşayiət edir. Divarda isə Rəsul və Nigarın portretləri əks olunur. Çəkiliş bitdikdən sonra Şövkət Ələkbərova yenidən çəkilməsini tələb edir. Buna səbəb isə Şövkət Ələkbərovanın mahnıdan təsirlənərək ağlamasının kadrlara açıq şəkildə yansıması olur. İkinci çəkilişdə Şövkət Ələkbərova yenə özünü saxlaya bilmir və kövrəlir. Üçüncü kadr isə çəkilmir. Mahnının sədaları altında Şövkət Ələkbərovanın kövrəlməsi lentə alınır.

***

Lent yazısı xəstəxanaya, Nigarın yanına gətirilir. Bacısı Fidan Anardan xahiş edir ki, bu mahnının lent yazısını xəstəxanadan aparsın. Çünki Nigar hələ də Rəsulun ölümündən xəbərsizdir və xəstəxanaya gəlmədiyi üçün Rəsuldan incidiyini deyir. Akif İslamzadə deyir ki, Nigar xanım bu mahnını dinləyəndə Rəsul Rzanı itirdiyini anlayır.

Akif İslamzadə: “O qədər xanımlar mənə eşq elan edirdi ki…” – MÜSAHİBƏ |  Gənc Ailə

Maraqlı faktlardan biri odur ki, Akif İslamzadə bu mahnını toylarda oxumurmuş:

“Məndən bu mahnını istəyəndə deyirdim ki, bu, toy mahnısı deyil”.

***

Sonralar mahnı, Zeynəb Xanlarova, Müşərrəf Akay, Elçin Cəlilov, Nəzakət Teymurova, Sinan Özən, Samir Cəfərov, Aygün Bəylər kimi bir çox məşhur sənətçilər tərəfindən ifa olunub. Rəmiş, Əlixan Səmədov, Humay Qədimova kimi bir çox sənətçilər isə mahnının instrumental versiyalarını işləyib hazırlayıblar.


# 6118 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #