Sazın anasını kim yandırdı? – Aşıq Ələsgərin heykəlini pisləyənlər bilməlidir ki...

Sazın anasını kim yandırdı? – Aşıq Ələsgərin heykəlini pisləyənlər bilməlidir ki...
14 oktyabr 2024
# 12:00

Kulis.az Nadir Yalçının “Yana-yana çaldı “Yanıq Kərəmi...” yazısını təqdim edir.

İndi toylarda elə ürəklə oynayırlar Kərəmin yanğısına... Heç Əsli ilə vüsal vədəsində Kərəm belə yanmamışdı. Bizim camaat sındıra-sındıra “Yanıq Kərəmi”yə oynayanda Kərəmi lap betər yandırırlar. Qara Keşişin ovsunladığı toy xalatı Kərəmi bir dəfə yandırmışdısa, biz, az qala, hər gün yandırırıq.

Camaat neyləsin? Görürlər, yaxşı ritmdi, adamın sümüyünə düşür, toydakı saz çalan da (oxu: aşıq yox, məhz saz çalan) cuşa gəlib sazı sinəsində, boynunun dalında, havada yandırır. Çalmır, məhz yandırır... Nəysə, bu barədə çox danışılıb, amma bir vacib məsələ var. Bizim indiki bəzi sazı, sözü, ruhu duymayan, haqdan gələn avazı eşitməyən saz çalanlarımız mənəviyyatımızı məhv etmək istəyən qüvvələrin yaratdığı “aşıq” obrazının varisləridir. Onlar özləri də bilmədən çoxdan satılıblar.

Sovet höküməti qurulandan sonra görülən işləri tərənnüm etmək üçün sənət öz təyinatından uzaqlaşdırılaraq alətə çevrildi. Bir az kobud və yazıya uyğun olmayan dillə desək, azərbaycanlılarla mırtlaşmaq, məzələnmək üçün sazı da bu sistemə xidmət vasitələri cərgəsinə qoşdular. Yaradıcı və ifaçı aşıqlarımız başladılar konyuktura ilə məşğul olmağa.

Sovet dövrü aşıq obrazını alçatmaqla məşğul idi. Hər tərəfə əyilə bilən, dondan dona girən aşıq görmək istəyirdilər, istəklərinə də nail olurdular. Mən o aşıqların adını çəkib ruhlarını narahat etmək istəmirəm. Həqiqətən də, çox istedadlı olsalar da, nə edək ki, müqəddəs sənət qarşısında günahkar idilər.

Sovet dövründə Səməd Vurğunun “Komsomol” pemasının motivləri əsasında ssenariləşdirilmiş “Yeddi oğul istərəm” filminin ən dəhşətli hissələrindən biri Gəray bəyin göstərişi ilə Kələntər dayının Cəlalı güllələdiyi epizoddur. Həmin hissəni xatırlayaq:

Gəray bəy:

– Hanı Aşıq Vəli?

Gəray bəy aşığı səsləyir, həmin an aşıq onun yanında olur.

Aşıq Vəli:

– Buyur, bəy.

Gəray:

– Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı?

– “Yanıq Kərəmi”, bəy.

– Ağa-bəy havasıdı, çal!

Aşıq Vəli obrazını canlandıran ustad sənətkar Aşıq Ədalət sazı sinəsinə sıxıb “Yanıq Kərəmi” çalır.

Gəray bəy qamçını yerə vuran kimi Kələntər dayı Cəlalın ayağına bir güllə vurur.

Aşıq dayanır. Gəray bəy deyir:

– Çal aşıq, çal!

Aşıq davam edir. Kələntər dayı bir güllə də vurur.

Aşıq dayanır. Gəray bəy deyir:

– Çal aşıq, çal! Komsomolun canı it canıymış!

Bir güllə də belə!

Cəlal:

– Kələntər dayı, ürəyimi nişan al, ağrıdır axı!

Kələntər dayı bir güllə də vurandan sonra Gəray bəy də atəş açır və son — Cəlal yıxılır, canını tapşırır.

Bu epizod Sovetin aşığı, sazı hansı ampluada səciyyələndirdiyini göstərir. Biz demişik saz müqəddəsdir, nahaq işdə yeri olmaz, qan yatızdırar. Aşığın səmti bir olar!

“Durna teli” boyunda Koroğlu aşıq libasında namərd məclisinə qədəm qoyur – Aslan paşanın qabağında saz çalıb söz deyir. Amma onun da bir niyyəti var idi: Paşanın dar ağacına çəkdiyi Eyvazı xilas etmək.

Bəs Şəkər bəyin ocağında – Cəlalın beşiyi başında “Yanıq Kərəmi” çalan Aşıq Vəlini nə vadar edirdi ki, tüfənglə Cəlalın nəfəsini kəsəndə sazını sinəsinə basıb “Yanıq Kərəmi” çalsın?! Özü də tükü də tərpənmir, cizgiləri də dəyişmir. Böyük mənada, Cəlalın ürəyinə gülləni Kələntər dayı vurmur, məhz Aşıq Vəli vurur.

Dədəm Qorqud sağ olsaydı, rejissoru da, ssenaristi də bərk danlayardı.

Film ekranda göstəriləndən sonra Qazax camaatı Aşıq Ədaləti məzəmmət edir. Deyirlər, ay qıvlasız, o boyda oğulu öldürürlər, nə təhər tükün dəbərmir, eləcə saz çalırsan?

Ədalət onlara cavab verir ki, Cəlal öləndən sonra mən sazı daşa çırpmışam, o epizodu çıxarıblar.

Buyurun, bu da Sovetin yaratdığı aşıq obrazı.

İndi Aşıq Ələsgərin Bakıda qoyulan heykəlini tənqid edirlər. Tənqidlər arasında tutarlı faktlarla çıxış edənlər var. Tənqid edənlər arasında Aşıq Ələsgəri, onun poeziyasını, saz sənətini duyanların öz fikirlərini səsləndirməyə haqqı çatır.

Amma toylarda “Yanıq Kərəmi”yə oynayanlar, sazın nə olduğunu başa düşməyənlər, Aşıq Ələsgərin fəlsəfəsindən, şeirinin aliliyindən, sözünün sehrindən bixəbər olanlar, Sovet dövründə yaşayıb alçaldılmış aşıq obrazına cınqırını çıxarmayanlar, efirlərdə sazı təhqir edən bəzi “manısların” performansına reaksiya verməyənlər, küyə gedib söz xatirinə söz deyənlərin Aşıq Ələsgərin heykəli ilə bağlı paylaşdıqları tənqidləri başa düşmürəm.

Hətta Aşıq Ədaləti “Yeddi oğul istərəm” filmindəki səhnəyə görə tənqid edən qazaxlıların bu heykəl barədə nəsə deməyə daha çox haqları çatır, nəinki psevdotəəssübkeşlərin. Çünki onlar sazı tanıyırlar. Hətta o qədər tanıyırlar ki, inandıqları Cəlala güllə dəyəndə sazın ifasını qəbul etmirlər. Aşığın saz çalmasını o nadürüst situasiyaya yaraşdırmırlar.

Əl-qərəz, Aşıq Ələsgər necə yazır?

Bu dünyanın sonu puçdu, Güləndam...

# 2727 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #