Qızının əlindən ölümlə-xərçənglə yapışırdı... - Tut ağacı üçün elegiya

Qızının əlindən ölümlə-xərçənglə yapışırdı... - Tut ağacı üçün elegiya
7 yanvar 2024
# 20:00



Kulis.az Mir Şahin Ağayevin Aygün Bəylər haqqında məqaləsini təqdim edir.


Tut ağacı üçün elegiya...

…Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür.

… Amma istisnalar var!

Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm.

Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı birlikdə daşıyan İNSAN var.

Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir…birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür…
birlikdə…
birlikdə…
birlikdə…
Ömür-ölüm tandemi ilə bir yerdə “Salam!”laşır, bir yerdə “Sağ ol!”laşırıq.
Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə “gördüyün” o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır…hasilləşir!

… Aygün Bəylər özündə iki aləm daşıyırdı...

Bəylər vəfat edəndən sonra onun adını özünə soyad götürmüşdü…

Aygün ömür, Bəylər ölüm hissəsi kimi Tək Vücudda yaşayırdı.

Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi.

Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı…

Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu.

Müsahibə verəndə ölümlə-xərçənglə verirdi…

Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli Səs, hələ O nə Dəsmal idi, İlahi!??! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi ( MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı ya başqa bir səbəbdən - hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi.

Aygün Bəylər mənim məsuliyyətlə: “Dahi!” - deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm!

Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün “Tut Ağacı!” deyə bütün insanlığa, canlıllğa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı…

“Neçə körpə budağını mən əzmişəm…!?!” Bu, hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır…

Qəribədir…
Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni “Şiş harasında idi?” kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə, şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…!? Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik…

Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bileti hardan tapa bilərəm!?

# 5534 dəfə oxunub

Oxşar xəbərlər

Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

09:00 23 iyul 2024
Mikayıl Mirzənin oğlu:  "Atam sağ olsaydı, mən səfir idim..." - Müsahibə

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..." - Müsahibə

09:00 22 iyul 2024
Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

11:57 21 iyul 2024
Qustav Floberin novellası - dilimizdə ilk dəfə

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

09:00 19 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi

09:00 13 iyul 2024
#
#
# # #