Qəhqəhə - Əli Zərbəlinin hekayəsi

Qəhqəhə - Əli Zərbəlinin hekayəsi
4 aprel 2023
# 09:30

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Əli Zərbəlinin "Qəhqəhə" adlı hekayəsini təqdim edir.

Sənubər can sıxıntısının çarəsini məşğuliyyətdə gördüyü axşamların birində, xalçanın üstündə bardaş qurub tikiş tikərkən qonşu otaqdan Abbasın hırıltısını eşitdi.

***

Z. kimi hərkəsin bir-birini tanıdığı balaca kəndlərdə qəribə hadisələr ya çox nadir hallarda baş verir, ya da heç baş vermir. Usandırıcı yavaşlığın hökm sürdüyü vaxtlarda heyrətamiz olaylar yekrənglikdən və bezginlikdən çatlayan ürəklərə məlhəm olur, misgin həyatlara rəng qatır, sıxıntıdan köks ötürən fağırların dadına çatır. Bu gözlənilməz, sirli vaqiələrin kədərli, yaxud ürəkaçan olması o qədər də əhəmiyyətli deyil, əsas odur, bu hadisə rəvayətlər, fərziyyələr doğsun, gözləri təəccübdən bərəltsin, barmaqları ağızlarda qoysun. Elə Abbasın başına gələnlər kimi…

Yeknəsəq, bürkülü yay axşamlarından biri idi. Qaş çoxdan qaralmışdı. Kişilər ya naxırdan evə qayıdıb televizorun qabağında həvəssiz-həvəssiz uzanıb dincəlir, ya çayxanada nərd taxtası arxasında qızğın siyasət söhbətlərinin içində itib-batır, ya da boğanaq axşamdan meh umaraq həyətlərinin həndəvərində veyillənirdilər. Gəlinlər yavaş-yavaş uşaqları yatmağa hazırlaşdırır, növbəti gün üçün biş-düş edir, ya da xiffətli qəlblərini türk serialları ilə sərinlədir, xam xəyallara dalırdılar.

Sənubər isə içini çəkib səssiz-səsiz ağlayır, gözyaşları yanaqlarından sel kimi axırdı. Gözlərini silə-silə otaqdan çıxdı, gəlib dəhlizin girişindəki diskli telefon aparatının böyründə oturdu. Hönkürtü ilə ağlamamaq, Nihadı yuxudan oyadıb qorxutmamaq üçün özünü zorla sıxıb saxlamışdı. Dəstəyi götürüb nömrəni yığdı. Telefonu anası götürdü:

– Alo

– Mama… – Sənubər burnunu çəkə-çəkə, boğazında tıxılan boğuq səslə dedi.

– Nolub ay qız?

Sənubər dinib danışmadı. Sonra birdən hönkür-hönkür ağlamağa başladı.

– Nolub ay qız? Niyə ağlayırsan? Nəsə hoqqa çıxarıb o oğraş?

Sənubər əlini ağzına tutub özünü birtəhər sakitləşdirməyə çalışır, dərin-dərin nəfəs alırdı.

– Ay qız nolub, niyə ağlayırsan? Danış görək, ürəyim çəkildi burda mənim.

– Abbasa nəsə oldu.

– Nə? Necə yəni nəsə oldu?

– Abbas öldü.

Sənubər sözünü bitirən kimi çiynini ata-ata hıçqırmağa başlamışdı.

Anası Şəfiqə də telefonun o başında vay-şüvən qopardı.

– Ay qız, nə danışırsan sən?! Ay Allah, evimiz yıxıldı!

Sonra səslər bir-birinə qarışdı. Sənubər telefon qulağında ağlayırdı. Telefonun o biri ucunda Hafiz kişinin yuxulu səsini eşitdi.

Bir az keçmədi ki, dəstəyi atası Hafiz kişi götürdü, təmkin və soyuqqanlılıqla danışmağa başlasa da, danışdıqca özünü itirdi, dalbadal suallar verməyə başladı.

– Nə vaxt ? Necə oldu? Nihad hanı? Kimsə var orda?

– Təkəm.

– Nə vaxt?

– Elə indicə.

– Necə oldu? Nədən oldu?

– Gülməkdən.

– Nə? Necə yəni?

– Gülməkdən öldü.

– Əstəğfrullah. Nə danışırsan Sənubər? Gülməkdən adam ölür?

– Öldü də, öldü. Ağappaq ağarıb, nə nəfəsi gəlib gedir, nə də nəbzi vurur.

– Yaxşı, Sənubər, gəlirik ora, onca dəqiqəyə ordayıq.

– Fətəliyev doxtura zəng vur, papa – Sənubər dərindən içini çəkə-çəkə çarəsizcə yalvardı.

Dəstəyi asan kimi dərhal yerindən sıçradı, əlini ağzına tutub həyətə qaçdı.

Hafiz kişi qonşu kənddəki həkim Fətəliyevə əli əsə-əsə bir neçə dəfə zəng etsə də, zəngləri cavabsız qalanda son variant kimi şəhərə – ambulansa zəng vurdu. Sonra üzünü əlini dizinə döyüb ah-vay edən Şəfiqəyə tutub dedi:

– Deyir, gülməkdən ölüb.

– Nədən?

– Gülməkdən.

– Nə danışırsan, ay kişi, sən allah belə şeylə də zarafat edərlər?! Bəsdir, onsuz da ürəyim partlayır.

– Sənubər belə dedi. Mən də baş açmadım. Deyir gülməkdən ölüb.

– Ay Allah, bu nə bəla idi göndərdin bizə. Nihadım yetim qaldı, ay Allah.

– Qızın başına hava gəlib deyəsən.

– Gələr də, gələr…Ay Allah!

– Geyin çıxaq daha!

– Çıxaq, çıxaq. Ay Allah bu nə qara gündü!

Şəfiqə stulun başındakı kəlağayasını qamarlayıb başına ört-örtə qapıya tələsdi. Hafiz kişi də yay-qış geyindiyi nimdaş pencəyinini asılqandan götürüb çiyninə atdı. Darısqal koridorda bir-birilərinin əl-ayağına dolaşa-dolaşa evdən çıxdılar. Sənubərgilə beş-on dəqiqəlik yolları vardı. Təngnəfəs özlərini çatdıranda darvazanı açıq gördülər. Zil qaranlıq gecədə mətbəxdən düşən işıq açıq darvazadan süzülüb küçəni işıqlandırırdı.

Sənubər həyətlərində nar ağacının altında oturub, çiyinlərini qucaqlayaraq xısın-xısın ağlayırdı. Şəfiqə qızını görcək qaçıb özünü onun qabağına atdı. Hafiz kişi də yüyürərək evə girdi.

Hafiz kişi bu həyatda nələr görmüşdi, nələr! Həyatın hər üzündən, fələyin hər oyunundan çox erkən agah olmuşdu. Gənc yaşından yetim qalmışdı, qara torpağa nə qədər dost, hələ iki il əvvəl bir qardaş da basdırmışdı. Uzun sözün qısası, çox ölü görmüşdü, amma beləsini heç vaxt. Abbası görəndə dolandığını nəhayət anlayan adamın üzündə yaranan və qəzəbdən yüngül əlamətlər daşıyan gic gülümsəmə qonmuşdu dodaqlarına. Ancaq çox keçmədən Sənubərin sayıqlama kimi səslənən sözlərini birdən xatırlamış, qarşısındakı mənzərə ilə uzlaşdırıb anlamışdı ki, yox, bu nə gic zarafatdır, nə də onu kimsə dolayıb. Biraz əvvəl eşitdiyi və indi gördüyü məhz həqiqətdir, həqiqət də odur ki, Abbas gülməkdən ölüb.

Ancaq mərhum qəti ölüyə bənzəmirdi; O elə bil, yuxuda nəsə məzəli, əyləncəli bir şey görürdü və buna gülürdü. Deyərdin ki, indicə yuxudan oyanacaq, dodaqlarındakı gülüş solub yox olmamış gördüklərini göz-qaşını oynada-oynada həvəslə nağıl edib təzədən şaqqanaq çəkəcəkdi.

O, sol əli köksündə xalçanın üstündə kürəyiüstə uzanmışdı. Yumulu gözləri qıyılmış, yanaqları dartılmış, gözünün kənarından şaxələnən qırışlar dərinləşmişdi. Arıq qarabuğdayı üzündəki almacıq sümükləri daha da qabarmış, ucuşiş hülqumu nazik dərisini elə qaldırmışdı, sanki bu saniyə dərisini dəlib çıxacaq. O həqiqətən ölüyə bənzəmirdi. Simasında nə ölülərin solğun üzündəki vahimə, nə də yoluxucu fanilik hissi vardı, əksinə, o sanki ətrafına şən əhval-ruhiyyə, xoşbəxtlik saçırdı. Hafiz ilk dəfə idi, gülən ölü görürdü.

Hafiz kişi bir neçə dəqiqə sonra suyu süzülə-süzülə qapıda göründü. Şəfiqəyə və onun sinəsinə qısılıb ağlayan Sənubərə yazıq bir baxış atıb dərindən ah çəkdi.

Şəfiqə köksünə möhkəm-möhkəm sıxdığı qızını asta-asta özündən ayırdı, onun ağlamaqdan qan çanağı olmuş gözlərinə zilləndi.

– Nihad hanı?

– Otağında. Yatıb.

– Bədbəxt balam. Bu yaşda atasız qaldı.

Sənubərlə anası səs-səsə verib ağlayır, Hafiz kişi də darvazanın qabağında durub siqareti siqaretə calayırdı.

Aysız gecədə beynindən min fikir keçmişdi. O, ləng addımlarla həyətə qayıdıb üzünü anasının dizinə sıxıb ağlayan Sənubərə yaxınlaşdı və astadan dedi:

– İçəri keçirəm mən.

Şəfiqə və Sənubər də onun arxasıyca içəri girdi.

Onlar üçü də indi Abbasın ayaq tərəfində durub elektrik lampasının zəif sarımtıl işığının parıldatdığı bu cansız lakin xoşnud sima qarşısında tilsimlənmişdilər. Şəfiqəyə də hər şey məhz indi, bu dartılmış solğun dodaqlara matdım-matdım baxanda agah olmuşdu. Bir istədi soruşsun ki, mərhum nəyə gülürmüş, nə imiş bu qədər gülməli olan şey ki, səsinə əcəl gəlib başının üstdə durub. Maraq içini yesə də soruşmadı, ağlını özünə də sirr olmayan məntiqdənkənar, gülünc bir fikir qurcaladı; düşündü ki, Abbastək top kimi cavan oğlanın xirtdəyinə amansız bir gülüş ilişdirən bu səbəb hər nədirsə, hər addımbaşı nəfəsi kəsilən, öskürəndə gözləri hədəqəsindən çıxan bu qocanın da şəkk-şübhəsiz sonunu gətirər.

Hafiz kişi qızını bərk-bərk qucaqladı və dedi:

– Qızım bəri bax…Haqqın rəhmətinə hər nə səbəbdən qovuşubsa qovuşub… çox da fərqi yoxdur. Olan olub, keçən keçib… Ölüm haqqdır. Allah o biri dünyasını versin. Ancaq gəl bu bildiyimiz elə evimizin içində qalsın. Bilirsən də, bu camaatı, eşidərlər bilərlər rəhmətliyin ölüm səbəbini, sonra gəl bunların dilindən qurtul, məsxərəyə qoyarlar bizi, dillərdən düşmərik, üzdə olmasa da gizlində ələ salınarıq. Sən də istəməzsən ki, Nihadı atasına görə dolasınlar, ərin camaatın yadında belə qalsın. Deyərik ki, qəfil ürəyi tutub, ya nə bilim… Yatıb durmayıb.

Sözünü bitirib əzik siqaret qutusundan bir siqaret çıxardı. Bu vaxt Nihad qonşu otaqdan təkrar-təkrar “mama” qışqırmağa başladı. Hafiz kişi siqaret damağında gedib Nihadın otağına girdi.

– Nolub ay yaramaz – deyib nəvəsinin yumşaq yanaqlarından öpdü və qucağına alıb evdən çıxdı.

Darvazanın qabağında duruxdu, alışqan üçün ciblərini eşələyəndə ambulansın yanıb-sönən işıqları qatı qaranlığı yarıb onun pərişan çöhrəsində və qucağındakı Nihadın yuxulu gözlərində sayrışmağa başladı.

***

Abbasın dəfnindən qayıdanda Sənubər həmin məşum axşam olub keçənləri ata-anasına anlatdı.

Sənubər radioya qulas asa-asa Nihadın diz-dirsəyi yırtılıb-yıpranmış köhnə şalvar-köynəklərinə yamaq vurur, tikiş tikirmiş. Nihad da şuluqluq edib əldən düşmüş, mışıl-mışıl yatırmış. Abbas tappatup giribmiş içəri, Sənubər diksinibmiş.

– A kişi, yavaş, uşaq yatır.

Sənubərin gözünə biraz içkili dəyibmiş, ancaq Abbas and-aman edibmiş ki, vallah atamın qəbrinə and olsun, içməmişəm. Əlqərəz, yataq otağına keçib uzanıbmış. Sonra ordan Sənubərə səslənibmiş:

– Ay qız, dur bir çay süz görək.

Sənubər əlindəki işi yarımçıq qoyub peyda olubmuş onun qabağında, əli belində, şəhadət barmağı da dodağında, tərs-tərs baxıbmış ona.

– Ədə, nə qışqırırsan? Nolub sənə? İmkan ver yatsın da uşaq.

– Çay süz.

– Hə, elə papuqay kimi təkrarla. Görmürsən uşağın paltarların tikirəm? Neçə dənə əlim var mənim?

Uzun sözün qısası, çayı süzüb, qoyub Abbasın qabağına, sonra da qayıdıb oturub odun peçinin qənşərində, alıb iynə-sapı əlinə. Biraz keçməmiş qonşu otaqdan Abbasın hırıltısını eşidib. Fikir verməyib, başını bulayıb, ağzının içində deyinə-deyinə tikişə davam edib. Ancaq necə fikir verməyəsən, Abbas dayanmaq bilməyib, hırılda ki hırıldayasan. Səsi getdikcə gurlaşıb, daha da bərkdən gülüb. Sənubər iynəni batırıb balışa, əsəbi-əsəbi qalxıb ayağa. Gedib fısıldaya-fısıldaya kəsdirib Abbasın başının üstünü.

– Ədə, nolub, nə gic gic gülürsən?

Abbas ona məhəl qoyar? Gülməkdən sifəti qıpqırmızı qızarıbmış, gözləri sulanıbmış. Bircə an durmadan o ki var şaqqanaq çəkib gülübmüş. Sənubər yapışıbmış yaxasından Abbasın.

– Ədə, dəli olmusan, nəyə gülürsən, bəsdir ta, dayan görək!

Ancaq kimə deyirsən, Abbas otağın bir başından o biri başına tullana-tullana vurnuxub, başını atıb arxaya qəşş edib gülüb. Gah toyuq kimi qaqqıldayıb, gah vulkan kimi pıqqıldayıb. Səsə Nihad yuxudan oyanıb, gəlib durub otağın kandarında, gözlərini ovuşdura-ovuşdura keçi kimi tullana-tullana şaqqanaq çəkib gülən atasını çaş-baş seyr edib. Sənubər istəməyib ki, uşaq atasını bu vəziyyətdə görsün. Nihadı tez aparıb uzadıb yerinə, dizini yerə atıb bir-iki dəqiqə uşağın başını tumarlayıb. Nihadı yuxuya verən kimi qapını möhkəm bağlayıb qayıdıb Abbasın yanına. Qayıdanda yenə eyni şeyi görüb. Abbasın sinəsindən qopan qəhqəhə bir saniyə də dayanmaq bilməyib. Sənubər bir yerdə durmayan Abbası qollarından var gücü ilə tutub sakitləşdimək istəyib, ancaq çi fayda?

– A kişi, nəyə gülürsən, ta bəsdi, özünə gəl!

Abbasın alnının, boynunun qalın damarları pırtlayıb, gözləri bərəlib. Yavaş-yavaş qaqqıltısında xırıltı sezilib. Güldükcə az qala döş qəfəsi ikiyə aralanıb, nəfəsi kəsilib. Taqətdən düşüb tir-tap dəyib yerə. Yerdə də çapalaya-çapalaya bir müddət gülüb, sonra üz-gözü əyilib, nəfəsi gedib gəlməyib. Gülüşü birdən çıraq kimi sönüb. Gözləri qapalı, dodaqları dartılmış, heykəl kimi donub qalıb.

***

Çeşməyə su dalınca getdiyi günlərin birində qonşuluqdakı gəlinlər havadan sudan danışa-danışa Sənubərdən necə söz çəkmişdilərsə, heç ruhu da inciməmişdi. Danışmışdı olub keçəni. İş işdən keçmiş, Sənubər evdə başına döymüş, bir-iki günün içində artıq bütün kənd həqiqətdən agah olmuşdu. Həqiqət də o idi ki, Abbas gülməkdən ölüb. Bəs nəyə gülürmüş Abbas?

Sonra hərə səmimi-qəlbdən inandığı bir fərziyyə uydurmuşdu.

Bəziləri deyirdi ki, guya həmin gün axşamüstü xırmandan qayıdanda qonşusu Saleh ona bir anekdot danışıb, Abbas da sınıq-salxaq zilin kuzasında saman tayasının üstündə uğuna-uğuna hoppanıb düşübmüş. Belə bir ehtimal var ki, kuzada ürəkdən gülə bilməyən Abbas yatmağa hazırlaşanda qəfil həmin anekdot düşüb yadına, başlayıb öz-özünə şaqqanaq çəkib gülməyə. Gül ki güləsən. Sonrası da bəlli.

Abbasın ölümündən bir həftə sonra Saleh yuxudan durub eşiyə əl-üzünü yumağa çıxanda gördü ki, kəndin yarsı həyətindədir. Tələb edirdilər ki, anekdotu danış. Saleh çaş-baş qaldı, ona zillənmiş maraq dolu, narahat baxışlar onu ürkütdü. Yuxunun dumanı hələ çəkilməmiş beynini tez işə salıb düşünməyə başlasa da, ağlına heçnə gəlmədi, sonra canını qurtarmaq üçün təklif etdi ki, o bu anekdotu danışmazdan əvvəl hərkəs Abbasın yaşadığı bədbəxt taleyi nəzərə alsa yaxşı olar. Ancaq adamlar onun xəbərdarlıqlarına, təkliflərinə məhəl qoymadılar, anekdot tələb etdilər. Saleh yaddaşının dəhlizlərində o ki var var-gəl etdikdən sonra nəhayət təsadüfi bir əhvalat xatırladı, sevincək əhvalatı onlara nəql etdi. Anekdotu bitirən kimi adamların üzündə bir yerdə durmayan, baxışları ilə gülüş axtarsa da, bəzi üzlərdə ya məyusluq gördü ya da ifadəsizlik. Heçkimin cınqırı da çıxmamışdı. Adamlar pərişan dağılışdılar ev-eşiklərinə və təzədən hamının içini maraq yeməyə başladı. Axı Abbas nəyə gülürmüş?

Bəziləri deyirdi ki, guya Abbas gecə yatmazdan əvvəl darvazanın qabağında dayanıb siqaret çəkə-çəkə pivə qurtumlayırmış, birdən biraz irəlidə qaranlıqda illərdir ədavəti olan Qasımın azmış eşşəyini görübmüş. Sənin burda nə itin azıb deyib və əlindəki alışqanın fanarını eşşəyin gözünə tutubmuş (qonşu Familin balaca oğlu pəncərədən hər şeyi görübmüş). Sonra qonşunun hasarına dırmanıb ağacından üç-dörd əncir dərib eşşəyin ağzına dürtübmüş. Eşşəyə əncir yedizdirmək kefini yaman kökəldibmiş, hırtıldamağa başlayıbmış, eşşək yedikcə Abbas daha da keflənibmiş. Dürt ki dürtəsən ənciri eşşəyin ağzına. Eşşək ənciri gövşədikcə Abbas da qəşş edib gülübmüş. Sonrası da bəlli.

Bəziləri deyirdi ki, Abbas həmin gecə bikarçılıqdan keçən ilin haqq-hesab dəftərinə göz gəzdirirmiş. Bu dəftərdə hər qəpiyi harda, nəyə, nə vaxt xərclədiyini qeyd edirmiş. Keçən ilin xərcləri ilə bu ilkiləri tututşduranda onu gic gülmək tutubmuş. Keçən ildən buyana olan qiymət artımları ona o qədər ağlasığımaz görünüb, ya hirsdən, ya da nəsə izaholunmaz bir səbəbdən gülməyə başlayıbmış. Dəftərdəki, iri, xırda, üstündən xətt çəkilmiş, haşiyəyə alınmış rəqəm xarabalığına baxdıqca gülübmüş. O qədər gülübmüş ki, axırda bu gülüş idarəolunmaz, isterik bir qəhqəhəyə çevrilibmiş. Sonrası da bəlli.

Qonşu kəndin başbiləni, həkim Fətəliyev deyirdi ki, burda qəribə heçnə yoxdur, belə ölümlər çox nadir olsa da, mövcuddur, tibbi baxımdan da əsaslandırılıb. Çox güman ki, Abbasın beynində anevrizma olub. Həkimə deyirdilər, ay doxtur, başına dönüm bizim qandığımız dildə danış, o nə mənə şeydi elə? Həkim deyirdi, yəni ola bilsin Abbasın beynindəki arteriya damarlarında şişkinlik varıymış, damarlar hər an partlamağa hazır vəziyyətdə olubmuş, bu vaxta kimi Abbas da bundan xəbərsiz yaşayıbmış. Ancaq qəfil gələn fasiləsiz qəhqəhə kəllədaxili təzyiqi artırıbmış və anevrizmalı damar yırtılıbmış.

Ancaq kəndlilər bu qəliz izahlardan bir şey anlamayanda, həkimin dediklərində maraqlı bir şey görməyəndə tez də unutdular onun mühazirəsini. Bir-birilərini qonaq çağırdıqları axşam süfrələrində, çayxanalarda zər atanda dillərində yalnız bir sual vardı. Görəsən Abbas nəyə gülürmüş?

Xəbər bütün ətraf kəndlərə kimi gedib çıxmışdı. Biraz keçməmişdi ki, telekanalların birindən gəldilər kəndə. Ancaq Sənubər razı olmadı, müxbirlərlə kəlmə də kəsmədi, dinib-danışmadı.

Müxbirlər kor-peşman darvazadan çıxanda Sənubərgilin qonşusu Familin təzə doğulmuş ikibaşlı buzovun gördülər, Familə bu haqda xəbər hazırlamaq istədiklərini deyəndə ikiəlli razı olmuş, müxbirlər də əliboş qayıtmadıqlarına sevinmişdilər.

Vaxt keçdikcə Abbasın nəyə güldüyü haqda fərziyyələr, gümanlar, rəvayətlər səngisə də qırx məclisində təzədən aktuallaşdı. Ərinin gülməkdən ölməsi Sənubər üçün bu ölümü həzm etməyi ikiqat çətinləşdirmişdi. O indi nəinki dul qalmaqla, başsız qalan uşağın öhdəsindən təkbaşına gəlməklə hesablaşmalı idi, üstəlik ərinin “anormal” ölüm səbəbinin törətdiyi masqaralara, istehzalara dözməli idi. Abbasın qırxında, mağarın qabağında altdan-altdan irişən yeniyetmələrdən birinin digərinə zarafatla “Ə yavaş gül, ölərsən” deyib hırıldadığına istəmədən qulaq şahidi olmuşdu. Bir istəmişdi ki, ağzından çıxanı desin bu qurumsaqlara, ancaq abır-həya eləmişdi, gedib anasının çiyninə sığınıb xısın-xısın ağlamışdı.

Bu anlaşılmaz, qəribə olay bəzi kənd adamlarının sıxıntıdan, hadisəsizlikdən qovrulan qəlbinə su səpsə də, bir neçə ay sonra yaddan çıxıb getdi. Hər şey unudulduğu kimi, bu söz-söhbət də öz canlılığını itirib unudulmuş, bir vaxtlar yaratdığı hay-küydən əsər-əlamət qalmamışdı. Bir də Abbasın il məclisində yenə köhnə rəvayətlər, qeybətlər dirçəlmişdi. Yenə hərənin ağzından bir avaz gəlirdi. Hamı da özünə daha maraqlı, daha heyrətamiz gələn versiyasından məmnun və zənnindən qəti idi.

***

İllər keçmiş, qara torpaq Abbası da, onun qəribə ölümünü də qara bağrında unutdurmuşdu. Sənubərin bu qəddar dünyadakı yeganə təsəllisi – hər söhbət düşəndə “kopya atasıdır!” deyib qürrələndiyi Nihad da böyüyüb yekə oğlan olmuşdu. Hər keçən gün atasına daha çox oxşayırdı. Atası kimi yeriyir, atası kimi danışırdı. Bircə qəşş edib güləndə, Sənubərin ürəyi düşürdü.

# 2731 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #