"Onlar bilmir, sən ki bilirsən..." - Ulucay Akifə məktub

"Onlar bilmir, sən ki bilirsən..." - Ulucay Akifə məktub
16 avqust 2024
# 13:19

Kulis.az Mətanət Vahidin "Mənə bənzəyən şeirlərin müəllifinə məktub" adlı yeni məqaləsini təqdim edir.

Şeirdən yazmağı sevmirəm. Çətin-filan deyil yazmaq, sadəcə, sevmirəm. Çünki şeir bir ritual formasıdır, mənə görə. Və necə ki onu dünyanın ən gözəl səsindən belə dinləmək bu sehri dağıdır nəzərimdə (bircə istisnam, əlbət, vardır), onun haqqında yazanda da elə bilirəm, öz sirlərimi açıram hamıya. Bəzən dostlar “niyə görünmürsən?” soruşanda “bütün yazdıqlarımda həm də mən varam” deyirəm. Ən çox şeirdən yazanda mən oluram sətirlərdə, o üzdən bir parkda oturub gəlib-gedənə özümü anlatmaq kimi gəlir mənə şeirdən yazmaq...

İşdə növbəti ədəbi müzakirədən sonra (16 may) yorulub saytlara göz gəzdirərkən iki gün öncə Ulucayın (qəsdən soyadını qeyd etmirəm, başqa Ulucay var bəyəm?!) doğum günü münasibətilə yayımlanmış şeirlərini oxuyuram. Bir az sonra başqa səhifələrə keçid edəndə yaddaşıma ilişib qalan misraları qovmağa çalışıram:

"Şərtini şumda kəsmədiyimiz
ömrün xırmanındayıq.
Bundan sonra günəş çıxmasa da olar,
yağış yağsa da..."

İş gününün sonunda evə qayıdıram. Qulaqlığımda Roy Orbison yüksək səslə “Pretty woman, give me yore smile to me” oxuduqca mən də yerimir, uçuram, təbəssümümü dünyaya səpə-səpə. Gülümsəyirəm, dərindən köks ötürüb ruhumu uçururam, “həyat hər şeyə rəğmən gözəldir – qayğılara, ayrılıqlara, yaralara...” düşünüb, “istəmədən bu realiti oyuna atılmışıqsa, oyunun haqqını verək gərək” qərarına gəlirəm, kim bilir, neçə yüzüncü dəfə. Gözümün önündən isə hərflər notlar kimi şaquli və üfüqi düzənsizliklə bir-birini itələyə-itələyə düzülür:

"Mən elə bilirdim hamının
Allahı var bu yer üzündə,
daha Allah heç kimin olmasa da olar,
hamının olsa da..."

Yenə qovuram misraları beynimdən, “məni yaz, məni yaz” deyə zəhlətökən diqtəsindən... Saatlar keçir... Gecənin bir aləmi yuxudan oyanıb sürahidən su kimi beynimə süzülən fikirləri qovmağa çalışıram. Şairlər şeirləri yazıb səpələyirlər dünyaya, hansı məqamda kimin yarasını xəfiflədən pambıq olar, kimin yarasına duz basar, nə işlərinə?! Eyvana çıxıram, səmada çoxdandır gizlənən ulduzlarla söhbət edirəm, qayıdıb “yazmayacam” deyə hikkə ilə qərar verirəm. Bir də görürəm notbukun qarşısındayam, yazıram ki, “şeirdən yazmağı sevmirəm”...

Bu vaxta qədər, demək olar, heç vaxt ruhumda yer etməyən şeir haqqında yazmamışam. Günlərlə beynimdə gəzib-dolanmasa, şeirdən aldığım duyğunu sözə çevirməyə tələsmərəm. Nə olur olsun, şeirdən yazmaq mənimçün ovqat məsələsidir – lap gətirib hər şeyi nəzəriyyəyə çıxaranda belə, mənimçün şeirdən yazmaq təəssüratlarımı yazmaqdır.

"İndi ömrümün iyirmi yeddi
rəfində hamı yerbəyerdi
bundan sonra dost itirməsəm də olar,
düşmən qazansam da..."

İndi ömrümün qırx yeddi rəfində hamının yerbəyer olduğu, dünyanın ən sonuncu insanıymışam kimi öz İtakamda yaşadığım dönəmdə, çoxluq içində təmtək olmağı seçib bütün yaxşı və pis situasiyalarda “bu da keçər” hüzuruna yetdiyim vaxt mənə bənzəyən bu şeirləri oxumağım, beynimdə val kimi dolandırmağım da əbəs deyil, hər halda:

"eeyyy... sən!
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də
şəhəri də, ölkəni də

tanıyıram səni isidən Günəşi də
səni üşüdən küləyi də
tanıyıram səmanda uçan quşları
tanıyıram bütün səndə unudulmuşları..."

Ulucayın şeirləri mənə hər şeyin fərqində olan, fərqində olduqları ilə barışıq, üsyansız, heç nəyi itirməyin dərdini çəkməyən, itirdiklərinin ağrısını tezcə ovuda bilənin misralarını xatırladır. Elə buna görə də bu qədər doğmalıqla yer edir beynimdə, ürəyimdə...

***

Təxminən iki ay öncə “ürəyimi boşaltmaq üçün” yazdığım bu sətirləri indi tamamlamağımın səbəbi bu günlərdə Ulucayın facebook səhifəsində şeirlə bağlı yazdıqlarıdır:

“bilmirəm, bəlkə də, mən yanılıram, amma fikir verirəm, artıq şeir gücünü itirib insanlar üçün, artıq heç kim şeirdən güc almır, kimsə sevgisini şeirlə bildirmir sevdiyinə. Ona görə də artıq gözəl şeirlər də çox az yazılır, şairlər öz qınına çəkilib elə bil, uzun illər şeirlə nəfəs almışam, içim-çölüm şeir olub daim, dünyaya daha fərqli baxmışam, daha fərqli görmüşəm hər zaman təvazökarlıqdan uzaq olsa da, çox gözəl şeirlər yazdığımı da düşünürəm, hansısa məclisdə, tədbirdə, ya sevdiyim bir adama, dosta, rahatca deyə biləcəyim əsl şeirlər amma indi... indi beynimdəki misraları elə ordaca boğuram, heç birinin dalına düşmürəm, hamısı it-bata düşür beynimin bir küncündə düşünürəm ki, kimin nəyinə lazımdı şeir? təxminən, dünyaya uşaq gətirmək kimi... düşünürəm ki, neyləyəcək bu çirkaba batmış dünyada o şeirlər, o uşaqlar?”

Bu ümidsiz düşüncələrini mən illərdir hər gün beynimdə dolandırıram – ümumən ədəbiyyatla bağlı. Mən içində yaşadığının fövqündəki bambaşqa, alternativ dünya olan ədəbiyyatın\sənətin yetişdirib formalaşdırdığı insanam və mənim kimi neçələri də bu qəbildən. Sevgim də onadır, asiliyim də - bəzən “qapısını çırpıb” çıxıram özlüyümdə ədəbiyyatdan getməyə qərar verərək, aylarca susaraq. Hər dəfə də bir gerçək məni geri döndərir: nə qədər ki ədəbiyyat məni tərk etməyib, mən onu tərk edə bilməyəcəyəm. Söz eşqi ilk və əbədi sevdadır. Çox istəyirəm ki, ədəbiyyat gedəcək yerimiz olmadığı üçün qaldığımız məkan olmasın, bütün pisliklərdən sığındığımız künc-qalamız olsun. Elə müəlliflər var, onların daha şeir yazmadığını bilmək adamı sevindirir, rahatlıqla köks ötürürsən “şükür” deyə. Yaxşı şeir yazmaq isə “darıxma, düzəlməyəcək” (S.S.) ümidsizliyinə rəğmən özündə işığı daşımaq, kor qaranlıqların bir qığılcıma məğlub olacağına inamdır. Bu qədər qarışıq, ziddiyyətlidir sənət, çünki reallığın acılarıyla yaşamağa, mövcud olmağa məhkumdur. Bu məhkumluqda belə, mübarizədir. Həbsxanaya quş rəsmi keçirməyin yasaq olduğu o məlum-məşhur hekayəni xatırlayırsanmı? Bir ağacın budaqlarında gizlənmiş çoxluca quş rəsmi çəkən və onu atası üçün həbsxanaya gətirən balaca qızcığazın əl işinə bənzədirəm bütün yaxşı əsərləri, sənət vasitəsilə olan mücadilələri. Şairlər\sənətkarlar bu dünyaya Yaradanla şərikdirlər. “Bu qədər qüdrətlidirsə, niyə daha gözəl bir dünya yaratmayıb?” deyir ateistlər. Sənət adamları isə kimisi içindəki üsyandan, kimisi itaətdən bir “ucundan tutmağa” çalışır dünyanın – gözəlliyini, işığını artırmağa...

Kimsə sevgisini daha şeirlə bildirmir, deyirsən. Çünki insanlar mətnlərdə o alternativ dünyanın yalanına aldanmağı deyil, bu reallığın acı gerçəklərini aramağı seçir – “inanmıram”, “yalandır” deyə misraları ağıl süzgəcində saxlayır, fəhmi, duyumu itələyir kənara. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”ı əldə ölçü vahidi kimi saxlayanlar şair sözünə aldanmağın eyforik səadətini nə bilər?!

Mən ömür boyu “şair sözü”nə aldanan oxucu oldum, ona görə müəllifin real kimliyi heç zaman mənimçün önəm daşımadı, müəllif kimliyini sətirlər tanıtdı mənə. Əksər oxucu isə misralarda məntiqi dəqiqlik arayır. Deyək ki, Seyid Əzimin bir təsəvvüfi şeirini təhlil edirik; amma bu mətnin bir konfessiyanın nizamnaməsi yox, bədii mətn olduğunu unuduruq. Oxucu mətni duymağa yox, anlamağa köklənibsə, ona necə aldansın, necə həzz duysun?!

“...düşünürəm ki, kimin nəyinə lazımdı şeir? təxminən, dünyaya uşaq gətirmək kimi... düşünürəm ki, neyləyəcək bu çirkaba batmış dünyada o şeirlər, o uşaqlar?” – Bu sözlərin səndən cəmi bir neçə bayram kiçik olan oğlumun dünya\həyat haqqındakı ümidsiz fikirləri ilə həmahəngdir. Ona da deyirəm, biz bu dünyanı gözəlləşdirmək üçün gəlmişik. Niyə biz? Bu ağır missiyanı daşıyan ona görə bizlərik ki, Yaradan nurunu özü kimi yaratmaq qabiliyyəti verdiklərinə bəxş edib – yaratdığın mətn olsun, mahnı, rəsm tablosu, heykəl, ya nə isə... Məncə, heç Yaradan da özbaşına seçməyib öz yolunu. Səncə, yaradıcılıq qabiliyyəti olan hər istedadlı kəsin özünü “balaca Budda” kimi hiss etməsi səbəbsizdir? Bütün gözəl yaradan şairlərin mətnləri kimi sənin də şeirlərin bu dünyanın işığını artırmaq üçün doğulur – onun gücünə inanmamaq Tanrının öz yaratdığı dünyadan şikayətlənməsi kimi bir acizlikdir.

Ədəbiyyat, əsl sənət insana gerçəkləri çılpaqlığı ilə nümayiş etdirmək üçün deyil, bu dünyadan xəyalən bircə müddətlik belə olsa qopub səmaya qalxmağa kömək etmək üçün qanadlandıra bilməkdən ötrüdür. Sənətdən ictimai aktuallıq kimi cəfəngiyyat gözləyənlər deyil, misralara qanadlana bilənlərdir sənin oxucuların. “Onlar bilmir, sən ki bilirsən...” Sən ki “ümid edənlərin şeiri”ni yazansan:

"Elm yanılır,
ya da ki, məsafələr...
İsidə bilirsə əgər
deməli
o qədər də uzaqda deyil Günəş!
deməli
o qədər də güclü deyil uzaqlar,
deməli
kimsə uzaqlardan qayıda bilər!.."

# 2950 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #