Ona yox, həyat yoldaşına Xalq artisti adı verdilər – Aktyorun sonuncu arzusu nə idi?

Təvəkkül Əliyev, Böyükxanım Əliyeva

Təvəkkül Əliyev, Böyükxanım Əliyeva

23 avqust 2022
# 15:00

Kulis.az yazıçı, teatrşünas Ağaddin Babayevin “Bir sənətkar vardı” yazısını təqdim edir.

Xatirələrdə yaşayanlar…

Avqustun 21-i Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Təvəkkül Əliyevin xatirə günü idi. Yaşasaydı 71 yaşını qeyd edəcəkdi...

Onlar 13 nəfər idilər – Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinin 13 məzunu. Azərbaycanın görkəmli teatr-kino rejissoru, aktyoru-pedaqoqu Adil İsgəndərovun kursunu bitirən kimi onların hamısını təyinatla Lənkərana teatr açmağa, daha dəqiq desək, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş Dövlət Dram Teatrının işini bərpa etməyə göndərmişdilər. İki-üç ildən sonra Lənkərana teatr açmağa gələnlərin əksəriyyəti əyalət şəhərinin çətinliklərinə dözməyərək paytaxt Bakıya qayıtdı. Onlardan cəmi 3 nəfər – sədaqətli ömür-gün yoldaşları olan respublikanın Xalq artisti, Prezident mükafatçısı Böyükxanım Əliyeva ilə Əməkdar artist, “Tərəqqi” medallı Təvəkkül Əliyev və bir də uzun müddət bu sənət ocağına rəhbərlik edən Əməkdar artist Elşad Zeynalov həmişəlik öz talelərini Lənkəranla bağladılar. Onlar istər həyat yollarında, istərsə də sənətdə əldə etdikləri nailiyyətləri məhz Lənkəranda qazandılar. Buradaca ailə qurub, ev-eşik və ad-san sahibi oldular. Elşad Zeynalov 2006-cı il, yanvarın 5-i 55 yaşında haqq dünyasına qovuşdu. On bir il sonra, 2017-ci ilin 23 yanvarında isə Təvəkkül Əliyev də bu dünyanı tərk edərək əbədiyyata qovuşdu...

Təvəkkül Əliyevin xatirəsi anılıb

Təvəkkülü Lənkəranda hamı tanıyır və sevirdi. O, da qarşılıqlı olaraq bu diyara qəlbən bağlanmış, özünə çoxlu dost qazanmışdı. Söhbət düşəndə bəzən zarafatyana dağları da göstərib: “Odur ey, oralıyam – Barzavuluyam”, – deyərdi.

Onu teatrda aktyor kimi işə başladığı dövrdən tanıyırdım. İndiki kimi yadımdadır. 1973-cü ilin dekabrın 6-da yenicə fəaliyyətə başlayan Lənkəran Dövlət Dram Teatrının tamaşa zalına iynə atsaydın yerə düşməzdi. Tamaşaçılar kəndli-şəhərli hamı teatrın ilk tamaşasına baxmağa gəlmişdi. Onların arasında Bakıdan dəvət olunan tanınmış sənətçilər, ziyalılar, şair və yazıçılar, o cümlədən, “Yaxşı adam” əsərinin müəllifi rəhmətlik Mirzə İbrahimovla onun ailə üzvləri də vardı. Gənc aktyor Təvəkkül Əliyev teatrın pərdəsini açaraq titrək addımlarla səhnənin qarşısına çıxdı və özünəməxsus gur səslə Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdi. Daha sonra sürəkli alqışlar altında tamaşa başlandı. Həmin gün gənc aktyorların hamısı rollarının öhdəsindən layiqincə gələ bildilər. Təvəkkül Əliyev isə Azər rolunun ifası ilə teatra parlaq fərdi xüsusiyyətlərə malik olan qeyri-adi bir aktyorun gəldiyini nümayiş etdirdi. İllər ötdükcə aktyor xaraktercə bir-birindən fərqli rollarda çıxış etdi, tamaşaçılarını gah güldürdü, gah düşündürdü, gah da göz yaşları axıtmağa sövq etdi. Tamaşadan-tamaşaya özü də inkişaf etdi, püxtələşdi, müdrikləşdi.

Əməkdar artist Təvəkkül Əliyevin xatirəsi anılıb

İş elə gətirdi ki, günlərin bir günü Lənkəran teatrında çalışmalı oldum və bundan belə, Təvəkkül Əliyevin yaradıcılığını daha yaxından izləmək imkanı əldə etməklə yanaşı, həm də onun iç dünyasını tanımağa başladım. Son 5-6 ildə isə bizi onunla mehriban dostluq telləri bağlamışdı.

Təvəkkül məsuliyyətli aktyor idi. Rolunun üzərində az qala əsirdi. O, istənilən obrazı sadəcə səhnədə ifa etməklə işini bitmiş hesab etmirdi. Hələ məşq prosesində rolun məxsus olduğu tarixi şəraiti, mühiti, mənsubiyyətini öyrənib mənimsəyirdi.

Söhbət düşəndə deyirdi ki, məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub: “Bəzən Böyükxanımla (aktyorun ömür-gün yoldaşı, Azərbaycanın Xalq artisti Böyükxanım Əliyeva – A.B) bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tələbkar tamaşaçılarımız üçün darıxdığımızdan müddətdən əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz Lənkəran teatrının səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə oynadığımız rolların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?”

Əməkdar artist Təvəkkül Əliyev vəfat edib | 1news.az | Xəbərlər

Doğrudan da o, ömrünün sonuna kimi əhdinə sadiq qaldı, Lənkəranı tərk edib heç bir yerə getmədi. Teatrın səhnəsində isə 100-dən artıq rolda çıxış etdi. Onları sadalamaqla qurtaran deyil: Aydın (C. Cabbarlı “Aydın”), İldırım Bəyazid (H. Cavid "Topal Teymur"), Anton Antonovıç (N. Qoqol "Müfəttiş"), Aleksey (Bs. Vişnevski ("Nikbin faciə"), Ezop (Fiqereydo "Ezop”), Nəcəf bəy (Ə. Haqverdiyev "Dağılan tifaq"), Şeyx Nəsrullah (C.Məmmədquluzadə "Ölülər"), Əmir Teymur (T. Zülfüqarov "Kəklikli qəfəs"), Azər (M. İbrahimov "Yaxşı adam"), Zaur (Anar "Təhminə və Zaur") Mahmud (Elçin "Mahmud və Məryəm"), Polya Luici (“Dəmir sinif”, A.Nikolai)...

Əlbəttə ki, bu obrazların hər biri ayrılıqda bir tədqiqat materialı səviyyəsindədir və biz onların hamısının təhlilini vermək fikrindən uzağıq. Amma bununla belə, aktyorun yaratdığı bir neçə rol üzərində dayanmağı məqsədəuyğun hesab edirik.

T.Əliyevin Xalq şairi Nəbi Xəzrinin “Sən yanmasan” tamaşasında ifa etdiyi Eldar obrazı barədə Lənkəranın yaşlı tamaşaçıları bu gün də xoş xatirələrlə söz açırlar. Onlardan filologiya elmləri namizədi, Prezident təqaüdçüsü, qocaman pedaqoq Hacı Mirhaşım Talışlı hesab edir ki, Təvəkkül Əliyev Eldar obrazının daxili aləmini özünəməxsus cizgilərlə açaraq, onun təkcə müsbət xarakterini deyil, eyni zamanda həm də mənfi xüsusiyyətlərini göstərməyi bacarırdı. Aktyor Eldarın simasında daxilən çürük, zahirən təmiz olan, buqələmun kimi rəngdən-rəngə, dondan-dona girən tiplərin ümumiləşdirilmiş obrazını yaratmışdı.

Yazıçı Məmmədhüseyn Əliyevin “Ana fəryadı” tamaşası da Lənkəran teatrının tarixində xüsusi yer tutur. İkinci dünya müharibəsinin xalqımızın həyatından izsiz ötüşmədiyini və minlərlə ailəyə bədbəxtlik gətirdiyini əks etdirən bu səhnə əsərində “qara kağız”ı gəlmiş İlyasın (Təvəkkül Əliyevin) on beş ildən sonra doğma yurda qəfil qayıdışı onun doğmalarının həyat tərzini tamam alt-üst edir. Belə ki, İlyasın arvadı onun anası Bəyimin təhriki ilə artıq xalası oğluna ərə gedib. Mövcud vəziyyətdən hamı çaş-baş qalıb. Bütün ailə İlyasın yanında özünü günahkar saydığından onun gözündən qaçır. Belə məqamda İlyas üzünü görmədiyi doğma qızı Mirvari ilə söhbətləşib dərdləşir. Daha sonra İlyas (T.Əliyev) tənhalığa qapılır, fonoqramma ilə səhnədən onun daxili monoloqu ucalır. Belədə, aktyor sözün həqiqi mənasında bu monoloqu yaşantılarla ifa edir. Onun sifətindəki cizgilər qəhrəmanının müharibədə necə böyük əzab-əziyyətlərdən keçdiyini, göz yaşları isə İlyasın acı taleyi üçün daxilən vay-şivən qopardığını göstərir. Bu obrazı ilə T.Əliyev özünü həm də sözsüz səhnələrin mahir ifaçısı kimi sübuta yetirir.

Aktyor məhz belə müsbət keyfiyyətləri ilə C.Cabbarlının “Aydın” tamaşasında böyük arzularla yaşayan, lakin əli heç bir yerə çatmayan Aydını, H.Cavidin “Topal Teymur”unda başı eyş-işrətə qarışmış, xalqın vəziyyəti ilə maraqlanmayan hökmdar Yıldırım Bəyazidi, Anarın “Şəhərin yay günləri”ndə hər şeyi pulla həll etməyə çalışan Ağarəfini, S.Vurğunun “Fərhad və Şirin” dramında öz sevgisi uğrunda Xosrovla baş-başa gələn, bunun üçün hətta dağları parçalayan Fərhadı və onlarla bu kimi müxtəlif xarakterli obrazları yaratmaqla tamaşaçıların rəğbətini qazanmışdı.

Təvəkkülün son ifası isə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasında Midiya hökmdarı Astiaq obrazı oldu. Aktyor qanı-canı bahasına bu obrazı yaratmışdı. İstedadının bütün coşğunluğu ilə Astiaqın ziddiyyətlərlə dolu həyatını açıb göstərməyi bacara bilmişdi. Ölümündən cəmi üç gün əvvəl də bu obrazda səhnəyə çıxmışdı. Yanvarın 23-də isə o, bir daha 43 ildən bəri canından da çox sevdiyi səhnəyə qayıdası oldu. Amma bu dəfəki – sonuncu tamaşanın müəllifi də, ifaçısı da özü idi. Yenə də qədirbilən dostları, pərəstişkarları onun yanında idilər, onu alqışlayırdılar. Amma bu alqışlar göz yaşlarına qarışmışdı. Tamaşaçılar sevimli aktyorlarını son mənzilə yola salırdılar...

Təvəkkül Əliyev (aktyor) — Vikipediya

Təvəkkül Əliyev Əməkdar artist fəxri ada layiq görülmüşdü, “Tərəqqi” medalı ilə təltif olunmuşdu. Xalq artisti adını almasa da, xalqın artisti idi. O, bu adı qazanmışdı və buna mənəvi haqqı da var idi. Bu barədə söz düşəndə deyirdi: “Postsovet dövrünün bəzi naqis xüsusiyyətləri öz diktəsini etməkdədir. O vaxt belə bir qayda vardı: ərlə arvad, yaxud da ata ilə uşaqları bir idarədə, bir müəssisədə işləyə bilməzdilər. “Qohumbazlıq” deyilən bir məfhum yaranmışdı. Bizim işimiz də buna oxşayır. Söz düşəndə deyirlər ki, Böyükxanımla siz ər-arvadsınız, ikinizə də eyni bərabərlikdə yerimək olmaz. Əslində, gərək belə şeylər yaradıcı insanlara şamil edilməsin. Mənimlə Böyükxanımın bir-birindən fərqli dəst-xəttimiz var. Amma bunun fərqinə varmırlar. Belə çıxır ki, Böyükxanım Xalq artisti olduğundan bu şərəfə mən layiq görülə bilmərəm. Əslində, bunun mənim üçün elə bir əhəmiyyəti də yoxdur. Əməkdar artist olsam da, Xalq artisti səviyyəsində çalışıram”.

Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq Təvəkkülün qismətimə düşmüşdü. Ürəyində bir arzusu da var idi: Kral Liri oynamaq. Amma ömür ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi.

Son illər o, həm də kino aktyoru kimi tanınmışdı. Bir sıra bədii filmlərdə, teleseriallarda maraqlı rollarda çəkilmişdi. Ümumilikdə isə, Təvəkkül 15 filmdə müxtəlif səpkili rolları ifa edib. Onun kinoda axırıncı işi “Əli və Nino” filmində olub. Burada aktyor məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb. Daha bir neçə filmə də dəvət almışdı...

Qeyd edək ki, Təvəkkül Əliyev özünü həm də rejissura sahəsində sınayıb. Əsasən də, uşaqlar üçün tamaşalar hazırlayardı. İş elə gətirmişdi ki, Təvəkkül mənim də üç əsərimə quruluş vermişdi. İş prosesində onun necə tələbkar sənətçi olmasının bir daha şahidi oldum. “Mən hər şeydən əvvəl aktyoram, həm də peşəkar aktyoram, – deyirdi. – Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm. Ötən onilliklər ərzində çoxlu rejissorla işləmişəm, hərəsinin dəst-xəttindən müəyyən qədər bəhrələnmişəm”.

T.Əliyev həmçinin gənc aktyorların hamisi idi. Biliyini, təcrübəsini heç kimdən əsirgəmirdi. Onun gözünün qabağında onlarla aktyorun püxtələşməsinə, sənətin sirlərini əxz etməsinə uşaq kimi sevinərdi.

Məni iri planda çəkmə (2017) - Təvəkkül Əliyev - YouTube

Ömrünün müdrik çağında da məhsuldar fəaliyyətini davam etdirən Təvəkkül Əliyev sübut etmək istəyirdi ki, hələ ürəyində kifayət qədər deyilməmiş sözü vardır. 65 illik ömrünün 43 ilini səhnə sənətinə həsr edən Təvəkkül Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, mehriban ata və baba idi. O, nəvələrini özünün ən böyük var-dövləti hesab edirdi.

Heyf ki, ölüm onu aramızdan tez apardı. Lənkəran tamaşaçısı düz beş ildir ki, onsuz qalıb. Amma əziz xatirəsi unudulmur və illər, qərinələr keçsə belə, yenə unudulmayacaq. Təvəkkül Əliyev bir-birindən gözəl, rəngarəng səhnə obrazları, kinofilimlərdəki rolları ilə əbədi yaşayacaq.

Məzarın cənnətməkan olsun, əziz dost!

# 6106 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #