Namus - Qafar Rüstəmovun hekayəsi

Namus - Qafar Rüstəmovun hekayəsi
25 noyabr 2023
# 12:00

Kulis.az Qafar Rüstəmovun "Namus" adlı hekayəsini təqdim edir.

2070-ci il.

Bezdirici səssizliyi lopa bığlı, üzündən zəhirmar yağan hakim pozdu.

- Danış görək arvadını öldürməyə səni nə vadar elədi?

Aslan sinəsini qabağa verib qəddini düzəltdi. Məhkəmə zalındakı hamının ona heyranlıqla baxdığından əmin idi. Bu cinayət baş verməli idi, bütün ölkə, bütün cəmiyyət bunu gözləyirdi. Başqa cür mümkün deyildi. Boğazını arıtlayıb tox səslə danışdı.

- Cənab hakim, o gün evə bir az gec gəlmişdim. Dostlarımla yüngülcə yeyib içmişdim. Kefim kök, damağım çağ idi.

- Mətləbə gəl.

- Arvadım həmişə tez yatırdı. O, oyanmasın deyə sakitcə qapını açıb içəri keçdim. Fikirləşirdim ki, hər yerdə qulaq batıran səssizlik olar. Amma nə görsəm yaxşıdır?

Məhkəmə salonunda qəribə bir uğultu qopdu. Elə bil müttəhimin indi deyəcəyi söz bomba olub partlayacaqdı.

- Gördüm evdən səslər gəlir. İnliti səsləri, həzzdən ehtirasla qıvrılan qadının naləsi hər yeri bürüyüb. Yer ayağımın altından oynadı.

Məhkəmə salonunda səslər yüksəlməyə başladı. Hərə bir ağızdan yüksək səslə danışırdı.

- Sakit! - deyə hakim qəzəblə qışqırdı. Onun sir-sifəti qızarmışdı. Elə bil boynundakı qalstuk yox, onu dar ağacından sallandıran kəndir idi. Gicgahından yanağına tərəf tər damcıları süzülürdü.

- İçəridə nə gördün?

- Arvadım yataqda lüt uzanmışdı və... Masturbasiya edirdi.

Məhkəmə salonundan səslər yüksəldi.

- Lənətə gələsən!

- Namussuz!

- Həyasız!

- Sakit! – deyə hakim əsəbi halda yumruğunu masaya vurdu.

- Hakim bəy, bu namussuzluqdur. Bu həyasızlıqdır. Dözə bilmədim. Əlimə taburet keçdi. Başını necə parçaladığımı bilmədim. Sonra da polisləri çağırıb onlara təslim oldum

- Əhsən!

- Var ol!

- Hamı sakit olsun.- deyə hakim yüngülcə qımışdı. Köks ötürüb boğazını arıtladı.- Sənin əməlində heç bir cinayət tərkibi yoxdur. Cəmiyyətimizin qədimdən qalan namus- qeyrət kimi vacib adət-ənənələri qorunub saxlanılmalıdır. Bəzi kəc fikirli adamlar artıq namusa ehtiyac qalmadığını düşünür. Bu qəbul edilməzdir. Qoy bu qərarım başqa məhkəmələrə də nümunə olsun.

- Əhsən!

- Var ol!

Bütün qəzetlər bu xəbərdən yazırdı. Bütün xəbər saytlarını Aslının fotoları bəzəyirdi. Uzun müddətdir davam edən qızğın müzakirələrə cəsarətli hakim nöqtə qoymuşdu. Namus qorunub saxlanmalıydı.

**

2050-ci il.

Aslan o vaxtlar dünyadan xəbərsiz gündəlik işlərlə məşğul idi. Heç vaxt bilməzdi ki, nə vaxtsa qəhrəman olacaq. Bütün dünayda adı dillər əzbəri olacaq.

Xəbər saytlarında keçən adi bir xəbər işıq sürəti ilə ciddi bir məsələyə çevrildi. Naməlum virus xəstəliyi sürətlə pandemiya oldu. Səhiyyənin yüksək səviyyədə inkişaf etdiyi zamanda virus hamını ələ salırmış kimi dayanmadan yayılırdı.

Aslan konspiroloji yazıları çox sevirdi. 2020-ci ildə baş verən tarixi hadisələri oxuyarkən qabağına maraqlı fakt çıxmışdı. Hələ o vaxtlar şaiyələr yayılmışdı ki, Covid dünyanı idarə edən insanlar tərəfindən icad olunub. İnsanların sayını azaltmaq və qalanları idarə etmək üçün pandemiyanı bəhanə edəcəklər. Hamıya çip yerləşdirilib hökmüranlıq altına alınacaq. İnsan əsl robota çeviləcək.

Covid qoruxusu bütün dövlətləri səhiyyənin inkişafına sərmayə qoymağa vadar etmişdi. Bəşəriyyət müharibəni bir kənara atıb uzun ömürlülüyün, hətta ölümsüzlüyün çarəsini tapmağa çalışırdı. Çəkilən külli miqdar xərcə görə tez bir zamanda tibb sektorunda inkişaf etmişdi. Artıq insanların bir çox hissəsini bionik parçalarla dəyişmək olurdu. İnsan ömrünün ortalamsı yüz otuzu keçmişdi.

Aslan yayılan virusun tez bir zamanda nəzarət altına alınacağından əmin idi. Amma bu o qədər də asan başa gəlmirdi. Yenə qocalar tut kimi qırılırdı. Heç bir tədbir bunun qarşısını ala bilmirdi. Hamı bu sualın cavabını tapmaq istəyirdi. Bəs bu qədər inkişafın nətcəsi yoxdurmu?

Bu dəfə dünya səhiyyəsi xəstəliyə qısa zamanda çarə tapdı. Hamıya çip taxılmalıydı. Ağılllı çip lazımı qədər virus əleyhinə maddə ifraz edir və eyni zamanda nəticəni sinxiron formada kompüter sisteminə ötürürdü.

Aslan tarixi məqalələrdən oxuduğu Covid xəstəliyini xatırladı. Çip həmin çip ola bilərdimi? İnsanları idarə etmək, azadlıqlarını əllərindən almaq. Böyük korperasiyalar buna təşnə idi. Ancaq başqa çarə yox idi. Texnologiya öz sözünü deyirdi. Çip taxılandan sonra xəstəlik ilim-ilim itmişdi. Elə bil dünya üzərini çulğayan qara bulud çəkilib yerini aydın, günəşli günlərə vermişdi.

Günlər keçdikcə Aslan özündə dəyişiklilər hiss edirdi. Elə bil qadınlara qarşı heç bir hissiyyatı qalmamışdı. Nə illah edirdisə ereksiya olmurdu. Vaxt keçdikcə cinsi istəyi tamamilə soyuyurdu. Bunun üçün həkimə getməyi fikirləşmirdi. Onsuz da arvadı ilə ürəyi istəyən kimi cinsi əlaqədə ola bilmirdi. İkisi də bir-birinə qarşı soyumuşdular. Bəlkə də sevgi yox olub gedib, ona görə qadınlara marağım ölüb deyə düşünürdü. Ancaq bütün dünyadan pis xəbərlər gəlməyə başlamışdı. Bütün kişilər impotent olmuşdu. Heç bir kişi ereksiya olmurdu. Kişlərin qadınlara qarşı marağı yox olmuşdu. Pandemiya əleyhinə dəri altına yerləşdirilən çiplər kişlərin cinsi istəklərini, qadına olan həvəslərini yox etmişdi.

Heç kim evlənmək istəmirdi. Alilər dağılmasın deyə dövlət cütlüklərə psixoloji dəstək verirdi. Cavanları evliliyə həvəsləndirmək üçün şirnikləşdirici kompaniyalar keçirilirdi. Yüksək məbləğ, ev təklif olunurdu.

Eyni tavan altında yabançı kimi yaşayan cütlüklər xoşbəxt deyildi. Cinsi əlaqə olmurdu deyə bəzən heç eyni evdə belə yaşamırdılar. Dövlətlər ailə qurluşu qoruyub saxlamağa çalışırdı. Ailə insitutu dağılsa dövlətlər dağıla bilərdi.

Bəzi yenilikçi adamlar cinsiyyət, əxlaq, ailə kimi mövzuları müzakirəyə çıxarmışdı. Namus məsələsi debatların, icimai sorğuların ən vacib mövzusu idi. Əgər kişilərin qadınalara qarşı heç bir marağı yox idisə, onda namus nəyə lazım idi. Qadınlar cəmiyyətdə niyə kişilər kimi hərəkət etməsinlər? Konservativlər isə bunun əksini iddia edirdi. Namus sadəcə seks məsələsi deyildi. Namus iki insanın bir-birinə bağlılığı, sevgi, hörmət, nəticədə tənhalıqdan qurtulmaq idi. Namus olmasa ailə instutu yaşamazdı. Onda süni yolla dünyaya gələn uşaqlara kim baxacaqdı. Məsuliyyətli valideyin olmayan adam nəticədə başıpozuq, tüfeyli olardı.

Kişilərin başına həmin fəlakət gələndən sonra qadınlar elə bil azadlığıa çıxmışdı. Artıq kişilərə itaət etmək istəmirdilər. Onlara nə işdə, nə də küçədə söz atan, qısnama edən yox idi. Cinayətlər, dava-dalaşlar xeyli azalmışdı. Elə bil dünya planetinə qəribə bir səssilik çökmüşdü. Bəşəriyyət sustalmışdı.

Qadın-kişi münasibətinin dəyişməyi Aslanda psixi sarsıntıya səbəb olmuşdu. Əgər kişilər qadınlar üçün önəmli olmayacaqdısa bu necə kişilik idi. Həyat yoldaşının sərbəst hərəkətləri onu dəli edirdi. Bir bəhanəylə onu nüfuzu altına almaq, ona öz güc-qüvvətini hiss etdirmək istəyirdi. Lakin başa düşürdü ki, qadını üçün hər şeydən əvvəl seks partneri kimi dəyərli idi.

Kişilər yeni dünya nizamına qarşı ittifaqlar əmələ gətirmişdi. Tez-tez yürüyüşlər edib, şüarlar səsləndirirdilər. Aslan dostları ilə yazdıqları şüarları həvəslə havaya qaldıdırb avazının çıxdığı qədər qışqırırdı. “Qadınlar kişilərin, kişilər də qadınlarındır”, “Namussuz cəmiyyət dağılacaqdır”, “Namusuma toxunma” küçələri lərzəyə gətirirdi.

Kişilərin öz aralarındakı söhbətlər dəyişmişdi. Artıq heç kim filan qadının yançaqlarını göstərib hırıldamırdı, gecələr hansısa qadınla nə hoqqalar çıxardığını danışa bilmirdi. Hamı bunun ağ yalan olduğunu bildiyi üçün buna cürət etmirdi. Ona görə də kişilər evə qapanıb tənhalığa məhkum olmuşdular. İntiharlar, özünə qəsdlər hər keçən gün artırıdı.

Kişilər özlərini kişi kimi hiss etsinlər deyə bəzi mütəxəssislər məsləhət görürdüklər ki, qadınlar partnerləri üçün imitasiya etsin. Kişilər onu oxşayanda orqazım olurmuş kimi səslər çıxarsın. “Al məni qollarına, kişim, igidim” kimi sözlər işlətsin. Belə olsa kişilər özünü dəyərli hiss edər, ailələr davam edə bilərdi. Amma qadınlar bununla razılaşmırdı. Onlar yeni dünya ilə çoxdan barışmışdılar. Süni yolla uşağa sahib olur, ona qayğı göstərirdilər. Seks şoplardan aldıqları süni penislər, vibratorlar onların həyatındakı kişi boşluğunu çoxdan doldurmuşdu. Dava-dalaş salmayan, deyinməyən oyuncaqlar qadınların həyatının vaz keçilməz əşyasına çevrilmişdilər.

Konservativ düşüncəli adamlar kişilərə məsləhət görürdükü oyuncağın yerində onlar iştirak etsin. Özləri zövq almasa da arvadlarının zövq almağında “aktiv” iştirak etsinlər. Qadınların orqazım olduğunu görmək kişini qürrələndirə bilər və öz cinsiyyətinin verdiyi imtiyaz hissini yenidən yaşaya bilərdilər. Lakin bu fikirlə kişilərin çoxu razı deyildi. Belə bir şey kişi üçün təhqir ola bilərdi. Robot kimi hissiz kişinin qabağında zövq alan qadın kişiyə deyilmiş ən pis söyüşlərdən betər idi. Belə nəticəyə gəlinmişdi ki, kişilər zövq almırsa qadınlar da alamalıydı. Uşaq dünyaya gətirmək üçün cinsi əlaqəyə ehtiyac yox idisə, bəs onda qadın niyə həzz almalıdır? Bu eynən köhnə vaxtlarda olduğu kimi xəyanət sayılmalı idi. Kişisindən xəbərsiz zövq almaq ərini arxadan vurmaq kimi bir şey idi. Ona görə də namus anlayışı yenə davam etməli idi. Namus bir qadın üçün yenə əsas səciyyəvi xüsusuiyyətlərdən sayılmalıydı.

Təəssübkeş insanlar bu gərdişə dur deyəcək qəhrəman axtarırdı. Yox olub gedən namus, qeyrət, kişilik, ailə kimi nəcib dəyərləri yenidən cəmiyyətin gözündə ali səviyyəyə çıxaracaq bir mərd insan çıxmalı idi.

Belə bir vaxtda həmin fenomenal cinayət hadisəsi baş verdi. Aslan arvadını öldümüşdü, həm də namus üstündə. Unudulub getməkdə olan bu adət elə bir nostalgiya yaşatmışdı ki, hamı məhkəmə binasının önünə yığışmışdı. Belə zamanədə namus cinayəti törətmək üçün gərək insan aslan ürəkli olaydı. Aslan bunu başarmışdı, artıq dünya tarixinə namuslu kişi kimi düşmüşdü.

# 5683 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #