Məni sevənlərin hamısı öldü - Həmid Herisçinin şeirləri...

Məni sevənlərin hamısı öldü - Həmid Herisçinin şeirləri...
30 aprel 2023
# 15:00

Bu gün çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından olan Həmid Herisçinin doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

***

Şəms Təbrizinin şeiri

Ağlamağa gəlincə…

birinci həmişə insan ağlayır,

sonra yağışlar, bulaqlar…

ağlamağa gəlincə,

birinci həmişə insan ağlayır,

sonra bütün yerdə qalanlar…..

Sonra, ancaq sonra

bütün yağışlar

İldırım xətkeşiylə

göylərin ölçüsünü hesablayar…

yediyimiz çörəklər necə də dadsızdı…

onların dadını ancaq

zindana göndərilən çörəklərin içindəki

gizli məktublar artırar….

orda şikəstə xəttiylə

mənim hikmətlərim yazılar…

göy üzü də yer üzüdü,

ancaq orda torpaq yoxdu,

bu cahanda nə varsa

o həm var, həm də yoxdu…

bütün sevgilər bitir,

ancaq sevgilərin sonunda

nöqtə yoxdu,

uşaqlar ağlarsa, ağlasın

onların gözündə su var,

göz yaşı hələ ki yoxdu….

Ölüm, bizim sözləri tələffüz etsə,

onların tərkibindən

bir sait, samit səs düşəcək,

İnsan da bax belə öləcək,

fəqət, uşaqların göyə buraxdığı çərpələng

öz ipini qırmasa,

gerçək çərpələng ola bilməyəcək…

Cəlaləddin, bu işi görən külək

qəm tərəzisinin çəki daşlarını da

yerindən tərpədəcək.

Hər nə var idi,

o sənə yar idi,

qapı da divar idi,

Xaneyi – hikmətə

Şəmsin nuru gəlməyincə….

Cəlaləddin, mən sevgilimi yox,

sevgini sevirəm,

siz gedirsiz, mən yol gedirəm,

Pəncərələri eynək tək taxmış evlərdə

cahanın kor olduğunu sezirəm….

Mən,

Mən,

Mən….

***

Mehdi Hüseynzadənin sonu

Bu yaz...

bu yaz mən heç kimi

sevmədim...

heç kimi...

hətta 1 milyon reyxsmarkalıq

öz kəlləmi,

mənə qəhbə gətirmiş bu xoş gecəmi,

"mersedes"imin yan güzgüsündən gördüklərimi,

neynim, daha sevmədim,

Ancelikamı da Triyestin çirkab sularına

itələdim...

Müxalifət qəzetlərinin

manqal yelpiyinə çevrildiyini,

silahdaşlarımın xəyanətə meyilləndiyini,

Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an

güllələndiyini

görüb

azcana gülümsədim...

bu yaz mən heç kimi,

hətta yaralarımı sarmış qoca həkimi,

Ancelikaya soxuşdurduğum yalançı

həyat hekayətimi

sevmədim...

Üzərində "Axtarışdadır!"yazılmış

öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə

axır ki, tam bənzədim...

Kimsəni daha sevmədim...

Cəhənnəmə aid

qanlı meyid-canlı meyid,

dilçilərin aşkarlamadığı

qalın samit,

incə sait

səslər,

yad nəfəslər,

işkəncə otağına gedən

uzun dəhlizlər,

yordu məni...

100 minlik ordu məni

axtarır, tapa bilmir...

Dünyanı partladıram,

restoranlar, kinoteatrlar silkələnir...

Ancaq axırda gəlib dirənir,

bu işlər bircə cümləyə -

- bu yaz mən heç kimi sevmədim...

həə... demək, indi mən gərək

lap dərindən fikirləşim,

Vasilislə, Ancelikayla çopur qayalara

söykənim...

ləpələrin tərcüməsində,

kölgələrin cütləşməsində,

qara çəkmələrimin şər sifətində

indi hekayətimi eşidin...

hə, məndə birləşmişdi

Həm İmam Mehdi, həm də İmam Hüseyn...

demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,

ancaq mən kimsəni sevməmişdim bu yaz...

demək, nə qədər hoqqabaz, kəndirbaz

olsam da, öz qara əlcəyini atmışdı mənə

həyatın özü...

Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,

göyə qalxmağı bacarmır...

SS-çilərin mersedesi yolunu azır,

bir an

şəhərin ən oğraş mənzərələrini işıqlandırır...

Axırda məni tapır...

gözlərim bir cümlə yazır-

- "bu yaz mən heç kimi sevmədim, inan!"...

Gülləbaran başlanır bundan sonra, Ancelika,

gülləbaran...

***

Kor Ərəbin Son Nəğməsi ...

Ciblərimiz pul üçün deyil,

əllərimiz üçündü...

Gör bir nəyi unutmuşuq...

Nişan üzüklərinin təkərləri üstə

insan sevgiləri hara gedir, hara?

Ümid qalıb Allaha,

“baş” adlandırdığımız

bədən çardağında

aləm bir-birinə dəyib...

Uşaqlar da dünya təmizliyinə inanmayaraq,

öz dərsliklərinə iki qat üz çəkib...

Bütün bu eyni söhbətlər,

gözlərimizdə eynəklərin yaratdığı

yalançı şüşəbəndlər,

necə də mənasızdı,

atasızdı, anasızdı...

öz aramızdı

hansı vətənə, hansı iyidliyə inanaq?

“FM” dalğalarını nə qədər qurdalasaq,

hər yerdə eyni eybəcər səslər...

Gecədən səhərə qədər...

Mən burda özümə

iynəylə də gor qazardım...

Uzanıb Rahatlanardım...

Bu şeir mənim Bayıl zindanında ölümə

məhkum olunmuş Əhədlə vidalaşmağımdı

Qalın müqəddəs kitabları açsaq

onlar düz ortasından açılacaq,

onların ilahi düzgünlüyü ilk dəfə

bax burda üzə çıxacaq,

şairin yediyi dilotunun

hansı çöllərdə bitdiyi də

bu kitablardan anlaşılacaq,

tabut adlanan dördbucaq

bu kitabların hikmətiylə yox olacaq…

biz işdən maaş da almasaq

bizi elə o hikmətlər dolandıracaq…

Əhəd, özün bilirsən,

səni güllələyəcəklər,

hələ meyidinin şəklini çəkib

onu cinayət işinə tikəcəklər,

səni bəlkə şimalın zəhərli mədənlərində

İşlədəcəklər….

ancaq, insan gerçək mənada diri olsaydı

o heç vaxt ölməzdi,

bu mənasız aləmin tarlalarında bitən

faniliyin tərəvəzi

ona güc gələ bilməzdi….

Papaqlar bizi göy üzündən,

çəkmələr bizi yer üzündən qorumalıydı,

güllələr səni də, məni də

yerə yıxmamalıydı,

bizim könül dükanlarımızdan

sevgilərin cehizi alınmalıydı,

Əhəd, mən anlayıram, bəlkə ölüm də

bir az həyata oxşamalıydı…

Əhəd,bu şəhərin içində bir- iki ölü şəhər var…

biri Qobustandı, ən qədimi,

o qum altında qaldı,

Səbayıl su altında….

Bayır şəhər, İçəri şəhər, Günəşli….

…. Onlar da göy altında basdırılıb…

Əhəd, Əhəd,

səninlə günəş də vidalaşıb…

***

Sehirli xalat

Mənə heç nə mane olmur,

gözümə düşən saçımdan başqa

Qorxunu çoxdan qırxmışam üzümdən

Yapışaram ikiəlli qoca ağacların

şah budaqlarından,

Bədənimi - kəfənimi! - özümdən də

yuxarılara qaldıraram!

Sonra qoşa təpik ataram

bütün "BP"lərin, "Azpetrollar"ın sinəsinə,

Gedin deyin

meyitlərinizin gələcək cangüdənlərinə

indidən gedib özlərinə təzə iş yeri

axtarsınlar...

İtilin gözümdən,

Əksinqilabçılar!

Bu gecə mən

divara düşən kölgəmlə

lap az,

ölkəmlə

lap çox birləşmək istərdim.

Ən çətin gündə bircə arzum var -

- Leninin mavzoleyinə söykənim!

Güllələyim

Rəhbərin gözü qarşısında

Təhsil nazirimizi,

"Azərsu" səhmdar cəmiyyətinin rəisini,

Məni, səni - hər ikimizi!

Boynuma alıram -

bütün məsuliyyətsizliyimi!

Bəsdir, yetər

qara diktofonlarınızı

cıqqılı tabutunuz kimi

əlinizdə, cibinizdə

gəzdirdyiniz,

Ölsəz də

onlardan haqq səsini eşitməyəcəksiniz!

Bezdirib məni

bütün siyasi şərhləriniz.

İndidən görürəm:

Necə ermənilər Bakıya ayaq basır,

İndidən görürəm:

necə bir erməni zabiti sinəsinə xaç vurub,

erməni pulunu

Təzəpirin nəzir qutusuna atır!

Leninin oxuyun, Lenini!

Artırın təkərlərinizin

heçə enmiş təzyiqini,

Çağırın iclaslarınıza

göydəki ulduzların

bütün siyasi rəhbərliyini,

Qoltuğumuzun altında keçirək

bütün toy məclislərini!

Qurtarın bu hind filmini...

Kommunizmin əbədi məşəlindən

siqaret yandırmağın

vaxtı çatdı...

neçə saatdı

küçədəki qırmızı taksi bizi gözləyir,

içindəki gözəl qızın isti nəfəsi

pəncərələrimizi tərlədir.

İstərsən, qoşulma bizə,

O qadınlar çoxdan

bizimlədir!

Mənə heç nə mane olmur,

gözümə düşən saçımdan başqa.

Lenindir, Lenindir

çiynində sehrli xalat

hamıdan yuxarıda...

***

Ey mənə bənzər insan
Mən daim səni axtarıram...

Bu aləm ağı qaranı özündə birləşdirən

qorxunc ağcaqayın idi,

bu çoxdan aydın idi,

göydəki ulduzları quru meyvə kimi

suya salmaq lazım idi,

bu çoxdan aydın idi…

Ey, mənə bənzər insan, sən hardasan?

hardasa yaxındasan

pərdənin arxasındasan,

ürəyin darıxır,

əlində kibrit qutusunu

oynatmaqdasan…

bu ucuz şorbaların buğundan tərləmiş

güzgülərin üstündə

mən barmağımla hansı sevgimin adını yazım?

bilmirəm ölüm,

yoxsa qalım.

bəlkə gedim, o mənə bənzər insanı

axtarım tapım,

bir əsgər kimi bel kəmərinin toqqasını

silib parıldadım,

onun qabağına çıxım?

Ağ ev, Qızıl meydan sözlərindəki

rənglərə olan qədim inamlara,

bəlkə də yalanlara,

məndə bir inam

qalmayıb,

zaman bizə verdiyi

maaşları azaldıb,

bilirəm, mənə bənzər o insan

gəlib buralarda məni

axtarıb…

ancaq tapmayıb…

burdakı yazı mizlərinin üstünə

fahişələrin telefon nömrələri yazılıb,

kim gəlib, bildiyi başqa nömrələri də

ora artırıb,

mizlərin üstündə boş yer qalmayıb!

bütün bunlar

mənim varlığımı sarsıdır,

ey, mənə bənzər insan, indi, bu gün

bizim görüşümüzün vaxtıdır !!!

***

Sabir Əhmədlinin xatirəsinə

Yandır Bakını, tazə gülüstan tələb eylə!

***

Məni sevənlərin hamısı öldü...

son işıqları,

son siqaret kimi sümürdü,

sonra öz namusunu yerə tüpürdü

ətrafımdakı əclaflar...

Ağrım cəhənnəmi gedib

gördü,

buludların döş cibindən gizlicə

ildırım tapançasını

götürdü,

bir "sovetski cayılına" ötürdü...

Tutaq ki, bir polis tulası

bunu lap gördü,

tüfənglər məni nəzarətə

götürdü,

tutaq ki, talem tərs üzünə çöndü...

Şeytan tez gəlib

qəbristanlığa bir "KAMAZ"

daş-çınqıl tökdü...

Tutaq ki,

səni sevənlərin ən axırıncısı da

öldü...

Qorxma,

Yandır Bakını, tazə gülüstan tələb eylə!

Fitva məndən, güllələ bu milləti,

son nəfərinədək güllələ...

***

Rəhmət oxu bəstəkar-prokuror

Ələkbər Tağıyevin ölüsünə!

Öz qurbanlarına "sən gəlməz oldun" mahnısını

bəstələyənə...

Onun son hönkürtüsünə,

Bayatı - İsfahanın son pərdəsinə

"məni sevənlərin hamısı öldü!"

nidasını da qat...

Qoy yüz dəfə təkrarlansın bu nəğarat...

Yandır Bakını, tazə gülüstan tələb eylə!

***

Neçə illərdir, minlərlə adam

telefon nömrəsini səhv yığıb,

bir "Nərminə xala"nı bizim evdə

axtarır,

telefon dəstəyinə öz nəfsini,

nəfəsini fısıldayır...

Atam öldü, anam getdi...

Sabir Əhmədli dünyanı tərk etdi...

Nərminə xalanı isə

hələ də soruşurlar,

bəlkə də bu cür o xalanı

həyatda yaşadırlar?...

bəlkə o, canlı meyiddi?

bəlkə bu Nərminə ağır seyiddi? -

- o hələ sağdı,

Səhhəti cağbacağdı...

"Nərminə xanımı olar?", vallah, bu...

Bu, şeytanı çağırmaqdı!!!

Arzularımın ən sonuncusunu

itələyib, damdan yıxıtmaqdı,

bu, lap axırda qışqırmaqdı:

"Yandır Bakını, tazə gülüstan tələb eylə!"...

Tüpür bu Nərminə xalaların

yağlı sifətinə...

Yandır Bakını, tazə gülüstan tələb eylə!

***

Bakı başlayır

Bibi-Heybətin qara nəzir qutusundan,

"Bakı-Ağstafa" qatarında yatanların

səfeh bir yuxusundan,

Həyatın axmaq bir xətasından,

Küləyin Balaxanı zibilliyində

özünə pay axtarmasından,

öz qismətini orda tapmasından,

sonra bu qismətini bulvarda

unutmasından...

Nə vaxt bir şüşə "çubuş"dan

nağılların divi çıxır,

sənin isə əlinə bədəninin

kifi çıxır,

bir də görürsən: arxa qapıdan

kifir bir bibi çıxır,

küçə itlərindən birinə

tez sahib çıxır...

bir də görürsən onlar

Baksovetə gəlib çıxır...

Məni sevənlərin ən sonuncusu,

bunu görüb bərk karıxdı...

yerə yıxıldı,

torpağı cırmaqladı...

Mən isə gedirəm,

çəkmələrimi geyirəm,

mən isə deyirəm:

"Yandır Bakını, tazə gülüstan tələb eylə!"

Salam olsun,

məscid gümbəzinə qonmuş

ağappaq,

pak

İmam Hüseyn göyərçinlərinə!

Məni sevmiş son nəfərə!

# 3169 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #