Əlləri qanlı yapışdı yaxamdan - Bircənin romanı

Əlləri qanlı yapışdı yaxamdan - Bircənin romanı
5 iyun 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Sonuncu toqquşmamızdan sonra Həmid gözümə görünmürdü. Qırışığım açılmış, nəfəsim genəlmişdi.

İşdən gec çıxdığım o günlərin birində idarəmizin yanında taksiyə oturduğum vaxt yenə hardansa peyda oldu. Ona yaxa tutdurmayıb özümü maşına dürtdüm.

- Niyə bu vaxt çıxırsan?

- İşimiz belə alındı.

- Maşını burax gəl aparım səni.

- Yox, tələsirəm, - deyib qapını çırpdım, - Sevil gəlib.

Mənzil başına çathaçatda taksini “Poseydon” mağazasının qarşısına sürdürdüm. Düzü, evdə hər tədarüküm vardı, eləcə bacımın xoşladığı tortdan, şirədən almaq istəyirdim. Marketə girəndə Həmidin irişə-irişə üstümə yeridiyini gördüm:

- Bəs deyirdin Sevil gəlib, xeyir ola özünü dükana verdin?

- Alacağım var.

- Evin yeyib-içməklə doludu, nə alacaqsan?

- Bacıma tort alacam.

- Bacın indi bütün rayonu daşıyıb sənə gətirib, get bax, bəlkə tort da var.

Havadan danışmırdı, Sevilin gəlişinə, əlinin bərəkətinə, bolluğuna bələd idi. İki balası yanımda qalırdı deyə yazıq qız dəmli aşdan tutmuş qovrulmuş soğanacan şəllənib gətirirdi.

- Ay adam, sənin nə borcuna bacım nə gətirib-nə gətirməyib, mən nə alıram-nə almıram, çıx get işinin dalınca.

Şirələri arabaya yığdım. Tort satılan bölmədə bir az ləngidim – burda işlədiyim vaxt müdirim olmuş xaşalqarın kişiylə rastlaşdım. Hal-əhval tutduq, niyə tez çıxdığımı soruşdu. Kişi məndən aralananda baxdım arabam ərzaqla dolub. Həmid indi də üzünə bir başqa maska taxıb mırıldanırdı:

- Mənim bacılarım burda doğulub böyüyüblər, heç onların səninki qədər kişi tanışları yoxdu, hara dönürsən biri qaçır qabağına.

- Taylan demiş, mən büyük (bu sözü türkcə tələffüz elədim) adamam, ona görə belədi.

Tortlardan bir qıvrağını seçdim. Doneş yenə toy toğlusu kimi özünü irəli dürtdü.

- Sən mama qəbri qoy Sevilə tortu mən alım.

- Niyə, özümə nə gəlib?

- Nolar, mən onu çox istəyirəm, o, Laləyə, sənə oxşamır.

Götürdüyüm tortu əlimdən alıb yerinə qoydu, soyuducudan bol kremli iri bir tort çıxardı.

- Ay adam, biz iki nəfərik, - dedim, - o boyda tortu kim yeyəcək?

- Mənimkilər də tort sevəndilər, qalanını verərsən onlara.

Belə yerdə nənəm deyərdi: “İt oturmamış pülüyünü salladı”. O seçdiyi tortu qaytarıb yerinə qoyub özüm bəyəndiyim bir ayrısını götürdüm.

- Niyə bazarlığını mənim arabama yığdın, - soruşdum, - başqa araba tapılmırdı?

- Sən narahat olma, hamısının pulunu özüm verəcəm.

- Lazım deyil, mənim puluma nə gəlib?

Həmid arabanı sürüb kassanın yanına apardı. Bizdən irəli üç nəfər vardı. Növbə çatdı, arabanı boşaltdım. Kassir qız hesablamağa başlayanda Həmid telefonu qulağına dirəyib kassadan xeyli aralandı. Aldıqlarımızı ayrı-ayrı torbalara yığıb topasını bir yerdə hesablatdım. Onun ayağında bahalı kolbasalar, sosislər, cürbəcür konservlər, şokolad, bir litr də rus arağı vardı. Çek kassa aparatından çıxanda əlimlə onu çağırdım, o da elə uzaqdan əlinin işarəsiylə gəlirəm dedi. Bir az da gözlədim, gördüm çox dayansam növbədəkilər səs-küy salacaqlar. Pulu ödəyib kolbasalardan iki kəsiyini öz torbama atdım – guya bu yolla mən də ondan qisas alırdım.

Torbalar əlimdə qapıdan çıxanda özünü yetirdi, nə yetirdi:

- Sən qəsdən məni bu qədər adamın içində alçaldırsan, hə?

Cin-şəyatin kimi üstümə neçə yandan yeridisə çaşıb qaldım, bilmədim onun hansı sifətindən qorunum.

- Bir araba ərzağın pulunu verib hamıya göstərirsən ki, mən bu kişini saymıram, hə?

Onun başıma atdığı hörümçək torundan yalnız indi duyuq düşdüm, ehmalca o toru üstümdən götürüb dedim:

- Nə çaqqal tozanağı qaldırırsan? Növbə çatanda telefonu qulağına dirəyib niyə çıxdın aradan?

- Gözləməliydin, canım çıxardı gəlib hamısını ödəyərdim.

- İndi səni yandıran nədi, pulu ödəməməyin?

- Bəli.

- Al bu da ödədiyim pulun çeki, ver pulumu.

Gördü dalana dirənib, başladı yalmanmağa:

- Bu dəfə elədin, bir də belə iş tutma, kənardan çox pis görünürsən.

- Ay adam, aradan nə keçib ki, çıxart ver pulumu.

- Gəl, gəl gedək, qızın gözü yoldadı, evdə hesablaşarıq.

- Sən hara? Bəri ver aldıqlarımı, çıx get evinə-eşiyinə.

- Sevillə görüşməsəm ayıb olar. Qorxma ləngiməyəcəm, evdə aclıqdı, oturub məni gözləyirlər...

***

Beləcə danışa-danışa yanıma düşüb evə qalxdı. Düşünürdüm əgər aldıqlarının pulunu versə kolbasaları qaytaracam özünə, mənim torbama səhvən düşdüyünü deyəcəm.

İçəri girən kimi əməliyyatdan sonra kökəlib yaxşılaşmış bacımın üzündən öpdü, dərhal tortu çıxarıb qoydu masanın üstünə:

- Ay Sevil bacı, bunu səninçün aldım, - dedi, - mən bir az böyüyünü, bahalısını götürmək istəyirdim, bacın qoymadı, getdi harda ucuzu var onu seçdi.

Kolbasaları soyuducuya atıb onun fətirtək qızarmış sifətinə zilləndim:

- Pişik kimi üz cırmaq kişi işi deyil. Sözündən belə çıxır mən bacıma qıymadım, hə?

- Nə bilim vallah, belə çıxır.

- Hıh, dinməyin, Şahsənəm oğlan doğub. Bəyəm tortu sən almısan?

- Sevil bacı, bax belə-belə söhbətlərlə mənim evimi yıxır də bu. O boyda marketdə məni biabır elədi.

Sevil mənə sarı çönmədən soruşdu:

- Boy, iraq olsun, niyə, ay qardaş?

- Hamı baxa-baxa kassaya pul ödəyir, məni adam yerinə qoymur.

Öz cəbbəxanamda Doneşə deyiləsi sözüm qalmamışdı, nənəmin boxçasını qurdalayıb onun batmış başına layiq bir donuz gülləsi axtarırdım ki, çaxım kəlləsinə. İki daşın arasında əlimə tutarlı bir şey keçmədisə də dedim:

- Olmaya fələyin belə işləri, dəvəni tülkü quyruğuna bağlayır.

Həmid dombalaq gözlərini döyüb yenə Sevildən kömək istədi:

- Bacı, bax belə danışanda da bunun nə dediyini anlaya bilmirəm. Bir xasiyyətindən də lap zəhləm gedir – tanıdığı-tanımadığı adamların hamısına qadan alım, qurban olum, başına dönüm deyir.

- Biz hamımız eləyik.

- Çox nahaq! O qədər ona-buna qadan alım deyirsiz, hamısının qadası canınıza tökülür, xəstəlik tapırsız.

Bacımı gülmək tutdu:

- Qadanalımla qada almaq olsaydı, o qədər qadasını almaq istədiklərim var ki, hamısının dərdini-bəlasını alardım.

Çöndü mənə sarı:

- Sən heç üzünü görmədiyin adama da qadan alım deyirsən.

- Bəs nə deyim, çor deyim?

Mətbəxə keçən Sevil deyişməmizi kəsmək üçün kənddən gətirdiyi iri tort qucağında qonaq otağına girdi:

- Ağzınızı şirin eləyin ki, sözləriniz də şirin olsun. Mənim bişirdiyim tort bir ay da qalsa xarab olmaz. İşdən gəlmisiz, oturun dincəlin.

Həmid özünü divana yıxanda dözmədim:

- Bayaqdan tələsirdin, deyirdin evdə aclıqdı, get də, niyə oturdun?

Doneşin ətli üzü pul kimi qızardı:

- Sevil bacı, mən küçük kimi bunun arxasınca sürünürəm, ayaqlarının dibində yatıram, gör bu məni necə qiymətləndirir.

Bacımla aramızda qalın bir pərdə vardı, boynunu yana əyib sakitcə dedi:

- Həmid mənə dəyməyə gəlib, işin yoxdu.

Doneş bundan ürəklənib dərhal başladı məndən qeybət qılmağa:

- Bacı, tərsdi, dediyindən dönməz, elədiyindən heç kim xəbər tutmaz, kimlə oturub-durduğunu bildirməz.

- Bircəni nənəm bizdən fərqli böyüdüb, ərköyün böyüdüb. O yandan da taleyi tərs döndü deyə kəsdiyi başın sorğu-sualını aparan olmadı. Əvvəl nişanı qayıtdı, sonra da el bərabəri cavan yoldaşı həlak oldu...

Bacımın dastan başladığını eşitcək özümü mətbəxdən otağa atdım. Ancaq artıq gec idi.

Həmidin gözləri xəzinə üstünə düşmüş oğru gözü kimi alışıb yanırdı, həmişəki adətiylə dırnaqlarını çeynəyirdi. Bacıma tərəf əyilib onu ürkütməmək üçün ehmalca soruşdu:

- Nişanı qayıdıb? Heç bunu deməyib axı.

Onun pardaqlanan sifətindən, işıldaquş kimi parlayan gözlərindən səhvə yol verdiyini anlayan bacım yanlışını düzəltməyə çalışdı:

- Nişanı Bircə özü qaytardı, yaxşı da elədi. Bəy Mahmudun gəlini, Emin kimi kişinin arvadı oldu. Siz Cavidə elə-belə baxmayın, Cavid elə bir nəsildən törəyib ki, o qan nə vaxtsa özünü göstərəcək.

- Caviddəki işığı görürəm, buna görə ailəmizin kraliçasını ona verməyə hazıram.

Bacım özü də bilmədən Doneşi düz alnının ortasından vurdu:

- Dayıları ona söz veriblər, kimi istəsə onu da alacaqlar.

- Mənim qızımı desə hər şeyimi ona verəcəm.

- Mənim oğlumun sevdiyi var, get qızına başqa yerdə müştəri axtar.

- Özünü belə aparsan heç kim sənin oğluna qız verməyəcək.

- Bax burda haqlısan, deyir dostunu göstər, bilim hansı yuvanın quşusan.

Həmid mandıxdı. Bilirdi daşı hara atıram, pişik kimi arxasını yerə vermədi:

- Hər yoldan ötəni evinə gətirirsən, cavan oğlanların qulluğunda durursan...

- Bunu danışmışıq, pedofil olduğumu da səndən öyrəndim.

- Bəs arvadlar? Əlimlə tutdum e burda onları. Bacı, deyim biləsiz, - Sevilə sarı çöndü, - bu işin sonrası pis olacaq. Hamıya xəbər verin, bacınız çox təhlükəli sektaya qoşulub. Vaxt eləyib Cavidə də yazacam.

Hikkəmdən gülməyə başladım. Sevilin gözləri böyüyüb Həmidin çıxmışları boyda olmuşdu.

- Nə yazacaqsan Cavidə?

- Yazacam ki, anan evə yad adamlar gətirir, qadağan olunmuş kitablar oxuyur.

Yenə güldüm. Həmid bir az fikrə getdi, elə bil başına Nyuton alması düşdü, qəfil yerindən sıçrayıb hüdüləməyə başladı:

- Bacı, mən havayı yerə özümə Lenin demirəm e, tapdım! Balon-balon mürəbbələri, bişirdiyi xörəkləri də elə ora daşıyırmış.

Bacım oturuqlu qurumuşdu, arabir üzümə baxıb məndən cavab gözləyirdi.

- Ay Sevil, bax belə işdən gəlirik, yol boyu yalvarıram gedək bizə, razı olmur. Deyirəm onda gedək restorana, birlikdə şam eləyək. Dirəşir ki, olmaz, başım ağrıyır, gedirəm yatam. Aradan yarım saat keçməmiş zəng vururam, zəng çatmır. Məlum olur ki, metrodadı.

- Sən hardan bilirsən mən o vaxtlar metroda oluram?

- Mən balaca Leninəm, bilirəm. Aradan bir az keçmiş zəng çatır, amma açmır. Mənim durmadan zəng vurduğumu görüb telefonu söndürür. Yatan adamın metroda nə işi var? Baxıram balkonunda bəlkə yüz banka mürəbbə var, nə vaxt gəlirsən bişirir. Bir də baxırsan heç biri də qalmayıb. Həmişə Şəfayla oturub fikirləşirik: adam tonlarla mürəbbəni nədən ötrü bişirir? Yaxşı, bəs bişirdiklərini neyləyir?

Adam elə bil xəzinə sandığının yerini bildirən xəritənin şifrəsini açmışdı, ağzı köpüklənə-köpüklənə danışır, qaraçı falçısı kimi özünü öyürdü. Sevil mürəbbə söhbətini eşidəndən sonra bir az toxtamışdı. Doneş danışdıqlarının vecimə olmadığını gördükcə dəhşətə gəlirdi.

- Mən deyəndə qan düşür – vallah rayonluları tora salmaq asandı. Bir batalyon adam gəlsə məni aldada bilər? Mənim arvadım yad qadını evə buraxmaz. Yağlı dillərini işə salıb bunu bədbəxt eləyiblər.

Daha səbrim tükəndi:

- Tuluğunu doldurdunsa dur get, o qədər zəvzədin beynim dağıldı.

Bacıma baxıb başını buladı:

- Nə qədər gec deyil danış, mənim hər yerə əlim çatır, səni qurtararam.

- Sənin köməyin təpənə dəysin, dur yeri cəhənnəminə, işim-gücüm var, kilsəyə getməliyəm.

Həmidin canına vicvicə düşdü:

- Sevil bacı, gəlirsiz mən deyənə? Vallah bir gün bunun üstü açılacaq.

- Açılsın da, kilsəyə getmək nə vaxtdan qadağan olunub?

Sevil ürkək-ürkək güldü:

- Bizi dolamaq üçün özünə böhtan deyirsən?

- Qəti dolayıb eləmirəm, getmişəm kilsəyə.

Həmid mənə cəhənnəmdən çıxmış xortdana baxan kimi baxırdı:

- Bir gecə səni yatdığın yerdən götürüb başını qırxsalar mənə zəng vurmayasan aa! Bax onda bütün respublikada biabır olacaqsan.

Əllərimi başıma çəkdim, elə bildim bir zaman saçlarımın qırxıldığını da kimsə bunun ovcuna qoyub.

- Məni polis aparsaydı canım səndən qurtarardı.

Həmidin ayağını sürüməyinin səbəbini bilirdim. Bacımın ona ayırdığı payı gətirib dəhlizə qoydum. Qutunu görəndə gözləri işıldadı:

- O nədi elə?

Mən dillənmədiyimə Sevil cavab verdi:

- Əməliyyat olunanda əziyyətimi çox çəkdiniz, sizə xırda kənd payı gətirmişəm.

Həmid hıqqana-hıqqana yeşiyi qucağına aldı. Bacım davalı tortu torbaya qoyub onun çeynənmiş barmağından asdı:

- Bunu da mənim adımdan Solmaza verin.

Sevilə acıqlandım:

- Xədicəyə verəcəkdim onu.

- Gətirdiyim iridi, ondan kəsib verərsən.

Həmid bildi ki, bir az da ləngisə tort əlindən çıxacaq, ütələk özünü bloka atdı. Evinə çatandan sonra zəng vurub kolbasaları soruşdu:

- İki parça bahalı kolbasa götürmüşdüm, heç biri torbada yoxdu.

- Nə almışdın hamısını yığmışam sənin torbana.

O iki parçadan başqa beş cür də bütöv kolbasa götürmüşdü – sponsoru yanındaydı axı, ürəkli tərpənmişdi.

- O parçalar bu bütövlərdən qat-qat dadlıydı. Bəlkə səhvən sənin aldıqlarına qarışıb?

Guya apardıqlarını bu özü almışdı.

- Arabaya nə qoymuşdun hamısını yığdım sənin torbalarına, - deyib onun üzünə şinədim.

Danışığı bitirəndən sonra özümdən utandım: mən kolbasa xoşlayan deyiləm, Sevil heç dilinə də vurmur. Bəs onda niyə oğurluq elədim? Vicdanım məni divara qısnayanda tort məsələsini, bütün bazarlığın xərcini özümün çəkdiyimi yada salıb yüngülləşdim. Bahalı, dadlı kolbasaları Sevilin ərinə göndərdim.

***

Qab-qacağı yuyub ortalığı yığdıq. Bacım gətirdiklərini yerbəyer elədik. Mənə söz deməyə çəkinsə də Sevil çox narahat idi, bayaq danışdıqlarımın açıqlamasını gözləyirdi. Deməsəydim səhhətinə zərər verəcəkdi.

Aramızdakı dərin uçurumu doldurub ordan yol salmaq istəyirdim. Hərəmizə bir çay süzdüm, sonra bacımın qorxuluğunu götürdüm:

- Gördüyün o kitabları bir həftə bundan irəli üç arvad gətirmişdi, qapı-qapı gəzib təriqətə adam yığırdılar.

- Onları evə niyə buraxırdın?

- Ay Sevil, gün təpələrinə döyə-döyə küçə-küçə gəzən adamlardı, sərin su istədilər, mən də içəri dəvət elədim. Sevindilər, elə bildilər məni qarmağa keçirəcəklər. Gördüm acdılar, yemək də verdim, danışmağa qoymadım. Yola salanda bu Həmədan ördəyi böyürdən çıxdı. O gündən əlini qanlayıb yapışıb yaxamdan.

- Bəs mürəbbə satdığını niyə demirsən ona?

- Deyim lağ eləsin mənə? Deməyəcəm, qoy özünü çatlatsın.

- Sənə elə gəlmir ki, onunla çox kobud davranırsan?

- Ay bacı, adam mənə şər deməkdən usanmır, Taylanı, Vüqarı, Elgünü mənə oynaş çağırır.

- Vay-vay! Belə olmaz axı, nənəm demiş, ya üz, ya düz. Sən qadınsan, bir az yumşaq ol, hər sözün başına kəndir salma, arada özünü karlığa-korluğa vur.

Bacımın üzünə baxıb içim dolu susdum. Araya atdığım körpü yalnız buracan dözüş gətirdi. Bundan belə aramızdakı xəndəyi sükut çayı yenə limhəlim doldurdu...

***

Sevil kəndə qayıdandan üç gün sonra qızları gəldilər. Onların ardınca Taylan gəldi, sonra Miniş gəldi. Evim yenə şenləndi.

Taylan bir yanını qaçaq qoyanda mən olanları qızlara danışdım. Firəngiz eşitdiklərinə inanmadı, Aydan kömbə dodaqlarını irəli uzadıb Taylanın təpəsinə qapaz saldı:

- Kül başına, sən elə Xədicənin tayıymışsan ki! Əfəl, qorxaq! O dedi, sən də inanıb xalamı tək qoydun, eləmi?

Taylanın yerinə mən dilləndim:

- Kaş görəydiniz bu qaçağı hardan tapıb gətirdim.

Doneşin onu qaralamağı Taylanı qızlara bir az da çox istətdi. Həmidin gözünün qabağında qazanın ən yaxşı tikələrini onun qabına qoyurdular, onu əzizləyib qayğısına qalırdılar, köynəklərini ütüləyirdilər. Doneş evdən çıxan kimi Firəngiz deyirdi:

- Özüm qəsdən sürtüşürəm, istəyirəm Həmidi dilləndirəm.

Aydan bacısına şitənirdi:

- Sən poxu iylətməyi xoşlayırsan axı.

Evdəkilərin heç birini yanına çəkə bilməyəndə, onlarla ittifaq yaradıb məndən qeybət qıla bilməyəndə Doneşin caynağı öz yaxasından asılıb qalırdı. Bacım qızları tez-tez onunla əl-ələ qalxıb mənim davranışlarımın adamlıq nişanəsi, onun elədiklərininsə insanlığın üz qarası olduğunu məntiqlə, elmlə, kitablardan, hədislərdən, əsərlərdən, dahilərdən misal gətirə-gətirə sübuta yetirirdilər. Xeyirxahlığın, mehribanlığın, qayğıkeşliyin, əlaçıqlığın kəndlə-şəhərlə heç bir əlaqəsi olmadığını ona qandırmağa çalışırdılar. Dəlil-sübutlarını acı dərman kimi onun qarşısına qoyub içməyini gözləyirdilər. Di gəl, adam boğazını kilidləyib şeytanın ətəyini bir dəm əlindən buraxmırdı, başını cəhənnəm alovunun içindən çıxarıb işıqlı dünyaya bir ləhzə göz atmırdı...

# 12563 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #