Kütləvi, laqeyd, emosiyasız... - Səmimiyyətlə oyunbazlığı necə ayıraq?

Deyv Eqqers, Amerikalı yazıçı

Deyv Eqqers, Amerikalı yazıçı

15 sentyabr 2023
# 17:00

Kulis.az Qismətin tərcüməsində Veronika Serbinskayanın "Metamodernist ədəbiyyat yolunda" adlı yazısını təqdim edir.

Metamodernizm: problemin təyin edilməsi

XXI əsr cəmiyyətin və mədəniyyətin inkişafında yeni epoxaya qədəm qoyur ki, bu da mövcud konsepsiyaların yenidən qiymətləndirilməsinə, yeni baxışların formalaşdırılmasına gətirib çıxarır. Yeni doğulan bu dünyagörüşü, ovqat artıq “post-postmodernizm”, “altermodernizm”, “digital-modernizm” kimi adlar almışdı. “Metamodernizm” anlayışı öz universal və hərtərəfli təbiətinə görə, müasir incəsənət, siyasət məsələləri, ekologiya, sosiologiya, keçmişin təcrübələri və rəqəmsal gələcəyimizə nəzər yetirməsiylə bütün adlardan daha çox irəli çıxdı.

“Metamodernizm” terminini ilk dəfə 1970-ci illərdə elm adamı Məsud Zavarzad ədəbiyyata tərif verərkən, xüsusilə də metaprozadan və dokumental prozadan bəhs edərkən, “yazıçılar insan vəziyyətini hərtərəfli fərdi metafizika içində şərh edən modernist romanın sərhədlərini aşmalı, interpretasiyanın sıfır dərəcəsində olduğu metamodernist nəqletməyə keçməlidir” deyərkən istifadə edib.

Bu termin XX əsrin 70-ci illərində ortaya çıxsa da, onun oturuşması holland filosoflar Timoteus VermyulenRobin van den Akkerin 2010-cü ildə çap etdirdikləri “Metamodernizm haqqında qeydlər” adlı essedən sonra baş tutdu; bu termin cəmiyyətdəki, mədəniyyətdəki, 1990-cı illərdən bugünəqədərki incəsənətdə baş verən dəyişiklikləri ifadə edir. Onların açıqlamasına görə, “meta” prefiksi (Platonun “metaxis” terminindən gəlir) – iki qütb arasındakı yırğalanmanı və bəzi zaman dilimlərində onun düz ortada, mərkəzdə qərar tutmasını ifadə edir.

T. Vermyulen və R.van den Akker əminliklə bəyan edirlər: metamodernizm fəlsəfə, hərəkat, hansısa proqram və ya incəsənət termini deyil. Metamodernizmin ifadə etdiyi əsas anlayışlardan biri “hissin strukturu”dur – bu, “strukturlaşdıran qavrayışdır” (B. Kranfild) Filosofların sözlərinə görə, bunu hələlik vahid bir konsepsiyaya salmaq olmaz. Xatırlayaq, postmodernizm də fəlsəfə və ya proqram deyildi, o daha çox “cəmiyyətdəki, sənətdəki tendensiyalar…”, yaxud “ovqat” kimi təsvir edilirdi. Müvafiq şəkildə “hissin strukturu” da özündə fikirləri, ideyaları, istiqamətləri cəmləşdirir ki, bu da metamodernizmin dünyagörüşünü təşkil edir.

Metamodernizm postmodernizmə qarşı. Fərqləri müəyyənləşdirmək

Postmodernist dəyərlərin əksinə – hansı ki, faktiki olaraq özündə dəyərlərdən imtinanı, qəddar ironiyanı, bəzən birbaşa sarkazmı, sinizmi və dekonstruksiyanı birləşdirirdi – metamodernist sənət rekonstruksiyaya, diskursların bərpasına, meta-narrativlərin dirçəldilməsinə (məsələn, mifləri diriltmək), transsendent/immanent dini konsepsiyaların təkrar müzakirəsinə can atır, ekoloji katastroflardan, üsyanlardan, səthilikdən və istehlakçılıqdan yorulmuş müasir dünyada dərinlik, mənəviyyat axtarışına çağırır. Müvafiq şəkildə, biz kitçdən, kollajdan, abstraksionizmdən, sürrealizmdən neo-romantizmə və magik realizmə keçirik.

Məlum oldu ki, “dekonstruksiya” (fikirlər, subyekt) çərçivələrdən azad etmir, tarixin sonu deyil, əksinə, yeni epoxa açır (“post”dan “proto”ya, M.Epşteyni xatırlayaq, “c’est de’but de siecle”). Bu baxımdan metamodernizm postmodernizmin davamıdır, lakin bəzi ziddiyətli, ümidsiz ideyaların (məsələn, nihilizm, istehlakçılıq, totalitarizm) yenidən düzəldilməsi, saf-çürük edilməsi şərtiylə.

İnsan şəxsiyyətinin devalvasiyası, emosiyaların yoxluğu, kütləviliyin nəticəsi kimi laqeydlik – postmodernizmdən qalan nə varsa, metamodernizmi yeni mənəviyyat axtarışına sövq etdi. Ola bilər ki, bu dönüşün səbəbi texnogen gələcək qarşısındakı qorxudur, insanın yeni vəziyyətə keçidi, təbiətdən aralı düşməsi (bu eko-futurizmi doğurdu – təbiətin və texnikanın harmonik tarazlıqda olduğu bir məkan yaratmaq arzusu); alternativ gerçəkliyin dünyasına keçmək qorxusu – virtual obraza və mütləq illüziorluğa. Buradan isə başlanğıcını postmodernizmin simulyakrından götürən reallığın/irrealığın təyin edilməsi problem ortaya çıxır. İnsan şüuruna təzəlikcə, ötən əsrin ortalarında yerləşmiş rəqəmsal texnologiyalar və sürətli kommunikasiya, nüvə silahları və kosmos bəlkə də gələcək rəqəmsal eranın rüşeymləridir. Beləliklə, postmodernizmlə metamodernizm ayrılmazdır və daha böyük nəyinsə hissələridir.

Ümumiyyətlə, XX əsrin 90-cı illərdən sonrakı dönəm dünyagörüşündə bəzi dəyişiklərlə xarakterizə olunur. Postmodernizm insandan kənarda mövcud idi (insanın mərkəzsizləşdirilməsi), XXI əsr texnoetika, insanın və təbiətin birgəliyi, həmçinin, insana (subyektə) ehtimal edilən dönüş haqqında düşünmək vaxtıdır. Məsələn, postmodernizmin transendental təcrübəsi dünyadan təcrid edilmiş və şəxsiyyətsizləşdirilmiş təcrübənin özünə tuşlanmışdı. 1961-ci ildə hipnoz ideyalarından, müxtəlif dalğaların insan beyninə təsirindən ilhamlanan B. Qaysin, V. Berrouz və İ. Sommervil insan şüurunun çərçivələrini aşmaq, mistik təcrübə əldə etmək üçün “yuxu maşını” icad etdilər. “Maşın” vizual hallüsinasiyalar doğuran və bu hallüsinasiyaların necə yarandığını, beynin neyropsixiatrik pozuntularla bağlı neyron aktivliyini terapevtik müdaxilələrin mümkünlüyünü öyrənməyə kömək edən mexanizm kimi maraq doğururdu (elmi maraq).

Metamodernizmdə transendental təcrübə fərdi təbəddülat və özünü dəyişdirmək imkanı çərçivəsində (sərhədləri dağıtmaq kimi yox, elm kimi yox) vacibdir. Rəssam D.Tarrel təsəvvürün dəyişməsinə, hətta ayıqlıqda yuxu görməyə imkan yaradan işıqlı instalyasiyalar yaradır – bu, “yuxu maşını”na bənzəyir, amma üslubu tamam fərqlidir. Kris Enqman obyektlər yaratmaq üçün güzgülərdən, fotolardan, sadə materiallardan istifadə edir ki, onlar müstəvini dəyişdirirlər, postmodernizmdəki kimi qəsdən dağıtmırlar. Onun əsərləri təbiiliyi, təbii istiqaməti və sadəliyi, aydınlığı ilə fərqlənir. Həmçinin, bunlar işıqdan, güzgülərdən, buxardan və sudan istifadə edən, monumentallığıyla təəccübləndirən işıqlı və təbii instaliyasiyalar yaradan, bir tərəfdən təbii və süni olanı ahəngdar şəkildə birləşdirən, digər tərəfdən isə Maarifçilik və İntibah epoxasının ruhuna uyğun interyerlərdən istifadə edən O.Eliassonun işlərində də görünür. Üslub dissonanslarıyla üzləşən insan yeni təcrübələr əldə edə bilər – irreal, aydın, anlaşılmaz və mifik təcrübə.

Müasir ədəbiyyatda metamodernizmin ştrixləri

Postmodernizm klassiklərinin əksəriyyətinin əsərləri bu gün inkişafın yollarını anlamaq, dəyərləndirmək və yaratmaq istəyənlərin yaranmasından çox-çox əvvəl yazılıblar. Postmodernizmin dəyərləri və dünyagörüşü indiki dövrümüzə daha az uyğun gəlir. Bu dəyişikliklər metamodernizmi salamlayan ədəbiyyatda da öz əksini tapıb. Bəzi yazıçılar özləri özlərini postmodernizmin içində görmürlər:

Bu kitaba (…) müxtəlif yarlıqlar yapışdırırlar: “post” burdadır, “meta” ordadır… Qulaq asın, mən postmodernizm dövründə yaşamıram. Mən nəyinsə modernizm adlandırıldığı dövrdə də yaşamamışam, yəni ki, mənim üçün modernizm deyilən şey yoxdur deyə, onun davamı postmodernizm də yoxdur. Mənim indi qərar tutduğum yer Yenidir. Dünya hər gün Yenidir. (Deyv Eqqers)

Rəsmi şəkildə “postmodern ədəbiyyata” aid olmayan cərəyanlar onun obrazını formalaşdırdı (Bitniklər, magik realizm). Postmodern ədəbiyyat – kanonlardan imtina, mətnin əhatə etdiyi mövzuların maksimum (bəzən heyrətamiz) açıqlığı, intertekstuallıqdır. Ceyms Coys çoxsaylı göndərmələr və xüsusi strukturu olan nəqletməsiylə, Virciniya Vulf “şüur axını” ilə, Keruak “spontan proza” metoduyla, Berrouz və Qaysin isə “qayçılama” fəndləri ilə postmodernizmin yolunu açdı. Metamodernizmin yolunu açan yazıçılardan bəziləri isə Devid Foster VollesMark Danielevskidir.

Dünyada gedən dəyişikliklərə əsaslanan qavrayış fərqləri keçmiş təcrübələrin və konsepsiyaların yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Məsələn, postmodernizmə dilin hakimiyyəti, mənanın sözdən asılılığını bəyan edən linqvistik determinizm xas idi, metamodernizm isə dilin situasiyadan asılı olaraq istifadəsinə, təhkiyəçiyə və onun öz şəxsiyyətini nitq vasitəsilə formalaşdırmağa can atır. (Narrativ psixologiya ilə əlaqə) Yəni ki, artıq sözlərin heç bir mənası olmadığını, ədəbiyyatın özünü tükətdiyini və müəllifin “öldü”yünü isbat etmək cəhdləri yoxdur. Müəllif ölməyib, müəlliflik qalır, artıq fərdiyyətin tənqidi yoxdur, “şizoanaliz” getdi. Yaratmaq üçün dəli olmaq kifayət deyil.

Metamodernist ədəbi tənqidin nəzəriyyəçiləri individuallığı sıxışdıran və şəxsi həyəcanı gözdən salan postmodernizmdən fərqli olaraq, yeni ədəbiyyatı fərdin xarakterini və təcrübəsini nəzərə alaraq analiz etməyə çalışırlar. Ədəbiyyat və ədəbi tənqid insana qayıdışla xarakterizə edilir – bu, subyektin özünəməxsus mərkəzləşdirilməsidir. Nümunə kimi, “bədii əsərlər hər şeydən əvvəl insan təcrübəsinə fokuslanır” deyən L.Taysonu misal gətirmək olar, buna görə də ədəbi şərhin müvafiq subyektivlik nəzəriyyəsini formalaşdırmaq lazımdır. Metamodernizmin digər nəzəriyyəçisi D.Byut “insan haqqında suallara qayıtmağa” imkan yaradan “fenomenoloji kritisizm”dən faydalanmağı təklif edir. Yazıçı ustalığının birbaşa təyinatı olan həqiqi hekayələr danışmağa (nəqletməyə) qayıdış baş verir. Ədəbi tənqidçi D.Vudun sözləriylə desək: “romançının əsas vəzifəsi “insanın varlığı”, onun necə düşünməsi, hiss etməsi və davranması haqqında yazmaqdır.”

Həmçinin, metamodernist ədəbiyyat üçün xarakterik məsələlərdən biri də psixologizmə marağın dirilməsidir. Devid Foster Volles və Devid Eggers kimi yazıçılar şəxsiyyət problemini, daha dəqiq desək, mümkün emosiyalar spektrinin içindən sənin həqiqətən hansını hiss etdiyini təyin etməyi, təhkiyə yolu ilə insanın “özünü”, həqiqi təcrübəsini və əsl mahiyyətini ötürməyi nəzərdən keçirirlər. N.Timmer bu yerdə Hel İnkadenzanı – “Sonsuz zarafat” romanının qəhrəmanını – misal göstərir, o, boşluq, dərinlik və emosional çatışmazlığı hiss edir, amma “özünəqapalı” adam da deyil. “Sonsuz zarafat”ın qəhrəmanı Hel və “Yarpaqlar evi”nin qəhrəmanı Conni hisslərini təsvir edə bilmir, özlərini dünyadan ayrılmış, daxildən qapanmış hiss edirlər. Onlara müəyyən dərəcədə subyektiv idealizmin xas olduğunu demək olar, hətta burada solipsizm təhlükəsi də peyda olur. Qətiyyətsizlik (bu romanların qəhrəmanlarına xas hiss) informasiya artıqlığından, polisemiyadan, dekonstruksiya, daha sonra xaos və sərhədsizlik nəticəsində formalaşmış, dünyanın müxtəlifliyi və çoxölçülülüyündən meydana çıxmış keyfiyyət kimi özünü göstərir. Hər şey mümkün olanda “heç nə”yi seçmək variantı da mümkün olur. Hel necə hərəkət edəcəyini bilməmək problemi ilə qarşılaşır. O, yaxşı imkanlara malikdir, lakin heç nə etməməyə üstünlük verir. Burada nəzərdə tutulan sual belədir: seçməyi necə öyrənmək olar? Conni əlyazma üzərində işə başlayanadək özünü itmiş hiss edir, bu isə onda özünü çözmək istəyi oyadır. Postmodernizmlə müqayisə etsək, onda Keruakın “Yolda” romanının protaqonistini də qətiyyətli adlandırmaq olmaz, lakin onun qətiyyətsizliyi (roman nisbətən avtobioqrafik olduğu üçün elə Keruakın da) 50-ci illərin dəyərlərinə qarşı məyusluq, yeni yol axtarışı, dünyaya əminliyin olmaması nəticəsində formalaşır.

Mark Danielevski

Əgər əsərlərin strukturundan danışsaq, onda mozaiklik və çoxölçülülük ideyalarının təsirini qeyd etmək olar, lakin pastiş, kollajlar, intertekstuallıq, metaproza – bunların hamısı yeni ədəbiyyatın xarakterik cəhətləri deyil.

Mark DanilevskiConatan Safran Foyer postmodernizmin kollaj və dekonstruksiya ideyalarını yenidən dərk edir, bunu həmin metodları dəyişdirərək (hətta demək olar ki, rekonstruksiya edərək) – şriftlərlə, sətirlərin formaları ilə, səhifələrdəki “pəncərələrlə” oynayaraq həyata keçirirlər. Bununla belə Danilevskinin “Yarpaqlar evi” əsərində sətirlərin formasının dəyişdirilməsi məna yükü daşıyır. Məsələn, qəhrəmanın dəliliyini ötürmək üçün şrift dəyişir, sətirlər qarışır, bir-birinin üstünə çıxır. Süjet “parça-parça” olması ilə fərqlənmir, əksinə, klassik triller süjetini xatırladır – qəhrəman qəribə dəyişikliklərin başladığı köhnə evə köçür. Və bütün bunlar çap mətnində – o hər səhifədə hadisələrə paralel olaraq dəyişir, vizual qavrayışa toxunur, başqa hisslər keçirməyə vadar edir.

Tipik postmodernist əsərə misal olaraq, Uilyam Berrouzun “Partlayan bileti”ni göstərmək olar. O, strukturun pozulması və gözlənilməz nəticə əldə edilməsi məqsədilə yüksək dərəcədə mozaik, təhtəlşüur səviyyəsində fəsillərə “dilimlənmiş” əsərdir. D.F. Vollesin “Sonsuz zarafat”ında personajların əhvalatları hissə-hissə növbələşir, mozaika kimi yığılır, təhkiyənin qeyri-xəttiliyi, “parça-parça” olması (postmodernizmin təsiri), çoxölçülülüyü və təsvirlərin ətraflı olması (əlavə intertekstuallıq olmadan T.Pinçonun təsiri) ilə fərqlənir. A.Polyarinov qeyd edir ki, “Sonsuz zarafat” kitabının adı Hamletin Yorikin kəlləsinə baxaraq dediyi sitatdır. Beləliklə, əgər T.Pinçon (“V” romanındakı kimi) postmodernist “əminlik olmayan dünya”da hələ də nəsə axtarırsa, D.F.Uolles “Sonsuz zarafat”ı “postmodernizmin quru kəlləsinə baxaraq” yazır.

A.Polyarinov öz resenziyasında D.F.Uollesdən də sitat gətirir:

“(bu kitab)… bizi vadar edir ki, özümüzdən soruşaq: niyə biz öz incəsənətimizdən dərin inamlara qarşı ironik məsafə və ya aşırı suallar tələb edirik, buna görə də müasir yazıçılar məcburdur ki, belə şeylərlə yalnız məzələnsin, yaxud formal tryuklar göstərsin, guya intertekstual əlaqələr qursun, yuxd dəxlisiz müqayisələr etsin, real əhəmiyyəti olan həqiqətləri ulduzla işarələsin, onları ətək qeydi kimi versin, hansısa multivalent hoqqalar çıxartsın və bu cür başqa zir-zibillə əlləşsin.”

Beləliklə, D.F. Volles səmimiyyətə çağırır (post-ironiyalar) – bu, açıq-aşkar postmodernizmə yad anlayışdır. Postmodernistlərin üstündə işlədikləri ironiya insana xasdır, lakin bu əndazəni aşanda, həyat absurd teatra çevrilir, cəfəngiyyat olur. Bu cür “teatr” D.F. Vollesin “Mənim yaranışım” povestində göstərilib, orda belə bir sual qoyulur: necə müəyyən edək ki, səmimiyyətlə oyunbazlığın sərhəddi hardadır? Hadisələr dünyadan, problemlərdən və ciddiyətdən müdafiə olunmaq üçün ironiya və maskalardan istifadə olunan televiziya şousunun ətrafında – postmodernizmin ruhuna uyğun məkanda – və içində baş verir. Əlbəttə ki, D.Eggers, D.F.Volles (“Mənim yaranışım”da) və M.Danielevski – onlar postmodernizmin kütləvi mədəniyyətinə elə postmodernizmin öz ruhunda istehza edirlər. D.Eggers “Çənbər” adlı anti-utopik əsərində Zamyatin, Oruel ənənəsi davam etdirərək kütləvi informasiya vasitələri, virtuallıq və ünsiyyətin dəyərdən düşməsindən yazır.

Metamodernizmin müasir ədəbiyyatda post-ironiya, insana və onun fərdi təcrübəsinə qayıdış, psixologizm kimi xüsusiyyətləri bütöv siyahı deyil və hələ xeyli dəqiqləşdirməyə, siyahını genişləndirməyə ehtiyac var. Tomas Pinçonun postmodern detektiv kimi təqdim edilən sonuncu romanı “Qanlı sıçrayış” (2016) belə suallar qoyur: “Reallıq hardadır?”, “Necə insan olmaq olar?” – bu postmodernist qavrayışa qəti oxşamır. Müasir sənət əsərləri virtuallığı və həyatı XX əsrin sürrealizm xarabalığında və çoxluğunda təsvir edirlər, onlar səmimiyyət və etibar, hisslərin və təəssüratların mahiyyəti, bəşəriyyətin bu gün qarşılaşdığı ictimai problemlər və çağırışlar haqqında suallar verirlər. Onlar simulyakrlardan sonra insanlara həyatla və insanlığın dirçəlişiylə bağlı ümid verməyə çalışırlar.

# 1703 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
#
#
# # #