İtirilmiş uşaqlıq – Qrem Qrinin essesi

İtirilmiş uşaqlıq – Qrem Qrinin essesi
31 iyul 2022
# 10:00

Kulis.az Ağaddin Babayevin tərcüməsində Qrem Qrinin “İtirilmiş uşaqlıq” essesini təqdim edir.


Qrem Qrin 1904-cü ildə İngiltərənin Berkhamsted şəhərində məktəb ditektoru ailəsində anadan olmuşdur. Hələ uşaqlığından utancaq təbiətə malik olmuş, idmana əsla həvəs göstərməmiş, əsasən macəra romanlarla maraqlanmışdır. Oksvord universitetində təhsil alarkən siyasətə həvəs göstərmiş, tələbə jurnalında çalışdığı müddətdə ədəbi ustalığını təkmilləşdirmişdir.
Qrem Qrinin adı ədəbiyyat tarixinə ingilis əhvalat və roman yazıçısı kimi daxil olmuşdur. Onun əsərlərinin əksəriyyəti müasir dünyanın mürəkkəb əxlaqi və siyasi problemlərindən bəhs edir. 1935-ci ildə yazdığı “England Made Meadlı” romanından başqa, onun digər əsərlərində əsasən katolik mövzular yer almışdır.
Ömrünün böyük hissəsini səyahətdə keçirən yazıçı Afrika və Avropa ölkələrini qarış-qarış gəzib dolaşmış, müşahidə etdiyi hadisələr barədə bir neçə yol qeydləri kitabını qələmə almışdır.
İkinci dünya müharibəsi dövründə Qərbi Afrikada ingilis kəşfiyyatçısı kimi çalışan Q.Qrin beynəlxalq siyasət və casusluq fəaliyyəti haqqında da bir neçə roman yazmışdır. Bunlar arasında ən əhəmiyyətliləri Our Man in Havana ("Havanadakı adamımız"), Haitidəki Duvalye diktatorluğundan bəhs edən The Comedians ("Məzhəkəçilər"), The Honorary Consul ("Fəxri konsul") və The Human Factor ("İnsan amili") əsərləridir.
Qrem Qrin bir neçə orden və medalla, həmçinin ədəbi mükafatlarla təltif olunmuşdur. Dəfələrlə Nobel mükafatına təqdim olunmasına baxmayaraq tənqidçilərin narazılıqları səbəbindən bu yüksək mükafatı almaq ona nəsib olmamışdır.
Bununla belə, Qrem Qrin geniş oxucu kütləsinin sevdiyi yazıçılardandır. İctimai-siyasi baxışlarını bir neçə dəfə dəyişsə də, ömrü boyu nasizm, diktatura və faşizm rejiminə nifrət bəsləmişdir.
Yazıçı 1991-ci ildə 86 yaşında İsveçrənin Vevey şəhərində vəfat etmişdir.

İtirilmiş uşaqlıq

Bəlkə də yalnız uşaqlıq dövründə kitablar bu qədər bizə böyük təsir göstərə bilirlər. Yaşa dolduqdan sonra biz əylənir, nəyəsə heyran qalır, hətta hansısa müəllifin təsiri ilə artıq formalaşmış baxışlarımızı dəyişdirə bilir, bununla belə kitabların əksər hissəsində əvvəllər bir neçə dəfə haqqında düşündüyümüz fikirlərin yalnız təsdiqini tapırıq. Sevgi əlaqələrində olduğu kimi, biz sevgilimizin sifət cizgilərini deyil, özümüzün fərdi, zinətləndirilmiş cizgilərini görürük.
Uşaqlıqda bütün kitablar bizə gələcəkdən xəbər verən peyğəmbərlərə bənzəyir. Onlar sanki falçı kimi kartlarda bizim gələcək taleyimizi, uzun illik əzablı yollardan sonra səadətə yetişmək şansımızı, ya da suda, quruda ölümümüzi görüb, ona təsir göstərirlər. Çox güman ki, kitablar da uşaqlıqda məhz beləcə bizi həyəcanlandırıblar. İndiki zamanla 14 yaşında olduğumuz vaxtları müqayisə etdikdə yerlə göy arasında fərqin olduğunu görürük. Uşaq ikən biz hər hansı bir kitabı əlimizdə tutub oxuduqda nə qədər hiss-həyacan keçirdiyimizi sözlə ifadə etmək çətindir. Bu gün şəxsən mənim üçün yazda E.M.Forsterin yeni romanının çapdan çıxacağı barədə xəbər heç bir mahiyyət kəsb etmir. Halbuki uşaq yaşlarında kitabxana rəflərində Rayder Haqqardın, Persi Uestermenin, kapitan Brirtonun, yaxud da Stenli Ueymenin mütaliə etmədiyim romanlarına gözüm sataşarkən necə ürək çırpıntısı, hiss-həyəcan keçirmişəm. Yox, indi deyil, məhz o vaxt, həmin yeniyetmə illərində mən böhranın kəskinləşəcəyini, həyatın öz yollarında ölümə doğru növbəti istiqamət götürəcəyini gözləmişdim.
Həyatımda baş verən həmin qəfil dəyişkənliyi ömrüm boyu unuda bilmirəm. Uşaq ikən özüm üçün müəyyənləşdirdim ki, dərs kitablarının səhifələrindən sadəcə hər hansı tapşırığı deyil, həm də bütöv bir kitabı oxumağı bacarıram. Detektiv janrında olan həmin “Dikson Brettin macəraları” kitabının nazik üz qabığında əl-qolu bağlı, ağzı tıxaclanmış və kəndirdən dizinəcən quyuya sallanmış bir oğlan uşağı təsvir olunmuşdu. Tətil günlərinin davam etdiyi bütün yay aylarında mən kitab oxumağı bacarmağımın sirrini heç kəs üçün açıb ağartmadım. Çünki uşaq da olsam, anlayırdım ki, bu sirrin üstü açıldıqdan sonra məni nə kimi təhlükə gözləyir. Nə qədər ki, kitab oxumağı bacarmırdım mən hər hansı təhlükə - filandan uzaq idim. Arabanın təkərləri, necə deyərlər, hələ fırlanmağa başlamamışdı. İndi kitab rəflərinin arasında itib-batan uşağı sirli-soraqlı bir gələcək gözləyirdi: ya bank işçisi olacaqdı, ya müstəmləkə məmuru işləyəcəkdi, ya da müfəttiş vəzifəsində çalışacaqdı. Qısası, ikisindən biri – xoşbəxtlik, yaxud bədbəxtlik, onun nəsibi olacaqdı. Axı, əvvəl-axır biz nəinki həyatı, həm də ölümü eləcə də iş yerimiz kimi seçirik. Bütün bunlar isə bizim işlərimizdən, yaxud işlərimizdən yayınmaqdan, həmçinin qorxaqlığımızdan və anidən cəsarətli qərar qəbul etməyimizdən qaynaqlanır. Mənim fikrimcə, anam sirrimi açıb-ağartmışdı, çünki evə qayıtmağımız ərəfəsində yolda mütaliə etməkdən ötrü mənə Balantaynın “Korall dənizinin adaları” kitabını bağışlamışdılar. Bununla belə, heç nəyi boynuma almadan bütün yol boyu səsimi içimdə boğaraq kitabın üz qabığındakı şəkildən gözümü ayırmadan onun bir vərəqini də açmağa cürət etmədim.
Amma evdəki rəflərdə (ailəmiz böyük olduğundan kitab rəflərinin də sayı çox idi) yolumu kitablar gözləyirdi. Hər şeydən öncə məni onlardan biri maqnit kimi daha çox özünə cəzb edirdi. Ona növbə çatana qədər gözəyarı gərək bir neçə kitabı rəfdən götürüb varaqlamalıydım. Bu kitabların hər biri əslində cəzbedici qüvvəyə malik idi və yeniyetmə bir oğlan uşağı onlarda cərəyan edən qaynar həyatı görüb duymağı bacarırdı.
Çoxrəngli üz qabığının üzərində bu sözlər həkk olunmuşdu:”Kapitan Cilson. Təyyarəçi-pirat”. Kitab Saxarada itmiş mədəniyyətdən və hava şarına bənzər təyyarədə uçub gəlmiş yaramaz amerikalının hədə-qorxu gəlməklə qızıl şəhərdən fidiyə tələb etməsindən bəhs edirdi. Mən bu kitabı ən azından altı dəfə oxumuşdum. Şəhəri isə fəlakətdən gənc zabit xilas etmişdi. Belə ki, o, qəhrəmancasına quldur düşərgəsinə yol taparaq təyyarəni sıradan çıxarmışdı. Quldurlar zabiti ələ keçirib onun üçün qəbir qazarkən, o, sakitcə dayanıb buna tamaşa edirdi. Zabiti sübh tezdən güllələməli idilər. Vaxt keçirmək və cavan oğlanın fikrini dağıtmaq üçün elə qəbirin yanındaca oturub onunla kart oynamağa başlamışdılar. Bu gecə oyunu haqqında xatirə məni sonralar uzun illər təqib etmişdi. Axır ki, mən “Təyyarəçi-pirat”dakı bu səhnəni öz romanımda istifadə etməyə qərar verdim. Mənim əsərimdə də personajlar təqribən eyni vəziyyətdə bir-birilə qumar oynayırlar.
Entoni Xoupanın “Kravoniyali Sofi” əsəri qabyuyan bir qızın sonralar kraliça taxt-tacına sahib olması barəsindədir. Bu kitabın motivləri əsasında gərək ki, 1911-ci ildə çəkilmiş ilk kinofilmdə baxıb gördüklərim isə hələ də gözlərim önündən çəkilmir. Kraliçanın Kravoniya dalğalarından ötüb keçən toplarının səs-sədası indi də qulaqlarımdadır. Elə həmin ərəfədə Stenli Ueymenin “Frensis Kladın əhvalatı” və əlbəttə ki, mənim ən sevimli kitablarımdan olan “Çar Solomanın mədəni” romanları da oxuduğum əsərlər sırasında idi.
Doğrudur, “Çar Solomanın mədəni” romanı mənim qəlbimdə qarışıqlıq oyada bilməsə də, gələcəyimə möhkəm təsir göstərmişdi. Əgər Alan Kuotermanın, ser Henri Kertisin, kapitan Qudun və hər şeydən əvvəl yüz yaşlı cadugər Qaqulun iştirakı ilə baş verən romantik əhvalat olmasaydı, yoxsa mən on iki yaşımda ikən koloniyalar nazirliyindəki məmurların siyahısını öyrənməyə, Nigeriya donanmasında özümə karyera yaratmağa cəhd göstərərdimmi? Eləcə də uzun müddət sonra artıq ağıllı-dərrakəli bir gənc ikən mənim Afrikaya olan qəribə marağım əvvəlki kimi özünü büruzə verməyə başlamışdı. 1935-ci ildə mən Liberiya sakininin daxmasında əsgər çarpayısında yüksək hərarət içində uzanıb qalmışdım. Boş viski şüşəsindəki şam yanıb qurtarmaqda idi, daxmanın qaranlıq küncündə isə siçovullar oynaşırdı. Əgər Qaqulun anlaşılmaz lətafəti olmasaydı, sonrakı taleyimdə kim bilir hansı fəsadlar yer alacaqdı. Bir dəfə isə mən Qaqula və onun ardıcıllarına lap yaxın gəldim. Bu, Liberiyada Fransa ilə həmsərhəd ərazidə gecə saatlarında baş vermişdi. Həmin vaxt mənim nökərlərim daxmada oturub qorxudan üz-gözlərini tutub gizlənmişdilər. Bayırda kimsə təbil çalırdı. Bütün şəhər sakinləri də evlərinə sığınıb gizlənmişdilər. Bu zaman şəhərdə nəhəng cadugər gəzib-dolaşırdı və hamı onu gördüyü təqdirdə kor olacaqdı.
Amma onu da deyim ki, “Çar Solomonun mədəni” romanı məni tamamilə qənaət edə bilmirdi: ondakı cavab həqiqətə uyğun deyildi. Necə deyərlər, bu açarla qəsrin qapılarını açmaq müşkül işə çevrilmişdi. Qaqul isə tamam başqa birisi idi. Hər gecə yuxularında məni gözləyən məgər o, deyildimi? Elə indinin özündə də mən xəstələnəndə, yaxud da həddindən artıq yorulub əldən düşəndə o, məni gözləməkdə davam edir.
İnsan heç vaxt həyatından razı qalmır. Mən də tez-tez istəmişəm ki, uşaq əllərim ”Çar Solomonun mədəni” kitabına doğru uzansın. Keçmişin yaşantılarına görə peşmançılıq çəkməyin nə faydası var? Kitablar həmişə bizim yanımızdadır. Onlar bizim fikirlərimizdə, düşüncələrimizdə qarışıqlıq yaradırlar. İndi daha uşaqlarımız öz növbələrində rəflərdən onların gələcəyində mühüm əhəmiyyət kəsb edəcək kitabları götürüb səhifələrini vərəqləyirlər. Bir şeirdə deyildiyi kimi:

Qədim kölgələrlə toranlarda
Uşaqlığın gəzib dolaşdığı yerdə,
Dünyanın kədəri anadan olub,
Qəhrəmanların gücü yetişib.
Yəhudinin itirilmiş uşaqlığında
İsa Məsihin məzarı.

# 2545 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
#
#
# # #