Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

Qismət, şair

Qismət, şair

15 mart 2022
# 17:00

Bu gün şair, esseist, tərcüməçi Qismət Rüstəmovun ad günüdür. Kulis.az bu münasibətlə onun ən çox sevilən şeirlərini təqdim edir.

Klassika məşqləri – XX

Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...

Qırmızı kəmturş şərab badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər...
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım...

Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi səndəmi bitəsisən?

Zaman haqqında efirə getməyənlər

İstəsəniz, montajda kəsərsiniz.
Keçmiş yaddaşımızda olan qədərdi,
bundan artığı…
Üzümüzü həmişə keçmişə tutduq deyə,
gələcəyə arxamızı çevirdik.
Amma sonraya saxlamasaydıq,
işıq dirəklərinə qonan göyərçilərin səsini,
körpələrin gülüşünə inansaydıq birinci gündən,
Bu Günü elə Bu gün yaşasaydıq,
onda Zaman axsaq addımlarla
yanımızdan ötüb keçməzdi…

Yağış yağdı, yağmadı,
günəş doğdu, doğmadı,
çay evlərinə tərəf ambulans tələskənliyi ilə
qaçır adamlar, dillərində eyni cümlə:
“Gedək vaxt öldürək”.
Cəmi bircə şəkli olan qocanın dediyi kimi,
“sözlər də ikiüzlüdürsə…”
və həm də “insan öz dilinin altında gizlidirsə…”,
demək,
hamımız qatilik bir az, ən azı dildə.
(Mikrofonunuz işləmirdi, lütfən təkrar…)

Mətbəxtlik

Bir qadın var hardasa
tələsir mətbəxə, dükana, işə
gözləri razılaşmaq dilində susur həmişə.
Metroda əlləri yaxasına,
çantası dizlərinə səngər…
Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdən qalan,
ciyəri qayğılara qurban
mətbəxə zəncirli Prometaya…
Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad,
sevdiyinə çin səddi.
Bir qadın var hardasa
qara günlərin qırmızı diplomlusu,
iki uşaq anası.
Hər şeyi yerindədi
əri, uşaqları, şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür gülüşü…
Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
Ağlar bir qırmızı qalstukun xorultusuna,
qara bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ.
Bir qadın var hardasa
soruşsan xoşbəxtsənmi?
bədbəxtəm deməz
deyər: çox mətbəxtəm…

***

… Bir də var səssiz ağlamaq
durduğun yerdəcə.
Qapıları bağlamaq,
adamsız bir gecə.

… Bir də var eləcə susmaq,
susmaq eləcə.
Sükuta qulaq asmaq,
ev-ev, küçə-küçə.

… Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq…

Sirenalar üçün

Əvvəlcə axşam düşər, sonra mənim ürəyim…
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi…
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevgi testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım?
Əllərimdə darıxır əllərinin boş yeri…

Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa…
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa…

əvvəlcə axşam düşür, sonra mənim ürəyim…

Olmur

Daha son ümidə ümid qalmayıb,
Qalsa yollarına baxardım, olmur…
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur…

Yanında, elə bil, yersiz qonağam,
Mən sənə günaham, suçam, yasağam.
Sən güllə deyilsən, mənsə qorxağam…
Səni öz başıma sıxardım, olmur…

Neyləyək olmadı, çatmadı gücüm,
Elə bil tutmadı bürcünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gərək ürəyimi çıxardım, olmur…

***

Əlləri su damlası, boynu uzun
Yelena,
Səsin mənə mükafat, gözün hüzn
Yelena,
Şeir oxu soyuqda, sözlə qızın,
Yelena,
Qızınmasan yandır ki, qızınasan
birtəhər,
Yoxlamışam, Yelena, yaxşı yanır
şeirlər...
Sən bilərsən, yıxıldım, yoxsa daş
kimi düşdüm ? Düşdümsə də ölmədim, çünki
çoxdan ölmüşdüm.
Sənsiz keçən günlərin
var-yoxunu... demişdim,
Qəzəbimi boğuram, çox
getmirəm dərinə, Nə istəsən yaz getsin nöqtələrin
yerinə...
Maşınlar ötüb keçir, dönər alır
uşaqlar,
Dişlərini ağardır yazılmamış
varaqlar,
Yoxluğundan tikilib bütün evlər,
otaqlar,
Mən sənin yoxluğuna
mühacirəm, Yelena,
Nə düşünsən haqlısan,
müqəssirəm, Yelena.

Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları

Zalım qardaşların yamanlığından,
İçimi yeyirəm gün boyu, ay qız.
Bir qadın bətninin qaranlığından,
Daha qaranlıqdı bu quyu, ay qız.

Divi almalıqda güddüyüm təki,
Yuxulu gözlərlə açılır səhər.
İndi mən yarama duz basıram ki,
Səni fikirləşim səhərə qədər.

Bu quyu kəsilmiş kəndir qoxuyur...
Qanayır köksümə batan xəyanət...
Sükut bu quyuda zildən oxuyur...
Burda ümidsizlik hər gün nəqərat...

İndi yorğun canım özümə sərhəd,
Yalandan deyirəm vecinə alma.
Mənə deyən lazım, ay Məlikməmməd,
Sevməli yaşında nə div, nə alma?..

“Qu” – dedim, quyuya atdılar məni,
“Qa” – dedim, qardaşlar qayıtmadılar...
Gedib yuxu kimi yatdılar məni,
Sonra bir-birini ayıltmadılar.

Burda sənsizlədim, gümanım itdi...
Adamlar quyunu daşladı, ay qız.
Cavanlıq içimdə çürüdü getdi,
Qocalıq içimdən başladı, ay qız.

Quyuya hər gecə gümüş ay qonaq...
Hər gecə quyuya ulduzlar axır...
Quyu-durbiniylə münəccim torpaq,
Mənim gözlərimdən göylərə baxır...

Qara xatirələr ağlanan kimi,
Çoxaldı quyuda sənin azlığın...
Ümidin gözləri bağlanan kimi,
Açıldı gözləri adamsızlığın...

Kaş külək olaydım, adam yox, külək
İndi mənim üçün külək – azadlıq...
Nə vaxtsa demişdin ağ qoç gələcək,
Min ilmi keçibdi?
Bilmirəm artıq...

Qaranlıq, tənhalıq, soyuq və gecə...
Biryolluq gediblər bütün gedənlər...
Ədalət kəsilmiş kəndirdi məncə,
İndi padşahdılar kəndirkəsənlər...

Burda can verirəm, ölmürəm, ay qız,
Bu quyu ümiddən, ölümdən kasıb...
Min ildi anlaya bilmirəm, ay qız,
Mənim bu nağılda nə divim azıb?!

Yaman üşüyürmüş adam adamsız,
Adamsız duyurmuş adam zamanı...
Canı şüşədəymiş divlərin, ay qız,
Bu quyu şüşədi, mənsə div canı...

Bir simurq lələyi yandır bu gecə,
Yoxdu bu quyuya gedib qayıdan...
Bu şüşə quyunu sındır bu gecə,
Mənim div canımı çıxart quyudan.

Göylərə baxıram ulduz sürüşmür...
Ölmürəm, uzanır bu dəhşət, ay qız.
Mənə üç almadan bir alma düşmür,
Yoxmuş bu nağılda ədalət, ay qız...

Alman hesabı

o gün, hə, o gün
sən dodağında qırmızı qətiyyət,
əynində “qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə,
mən boğazıma qara bir ciddiyət taxıb,
təraş olub,
bəyəndiyin ətirdən də vurmuşdum.
O gün idi, hə, o gün
13-ü cüməyə düşmüşdü,
“Araz” kafesində ayrılmaq üçün görüşürdük,
Azərbaycan kimi...
ofisiant,
bizi görən kimi öskürmüş,
sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib
gəlmişdi yanımıza.
Mən “Günah anandadı!” salatı ,
yanında “Sən məni başadüşməzsən” qızartması istəmişdim.
Sən “Özün bilərsən” şorbası demişdin,
bir də “Mən yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun boğazı üzülən kimi,
hesabı istəmişdik.
O gün, hə, o gün,
13-ü cüməyə düşmüşdü
Ucuz bir ayrılığın hesabını ödəmişdik
alman hesabı.
Sən masadan
“Sənə qalmamışam” deyərcəsinə çantanı götürüb
getmişdin.
Mənsə addımlarımın
saatını çox geri çəkmişdim,
amma qürurumdan,
– çinarlara qohum qürurumdan-,
sən bir Meduza kimi uzaqlaşarkən,
dönüb baxmamışdım arxanca.
arada düşünürəm o günü:
dönüb baxmışdınmı arxamca?
Baxmışdınsa axı nədən
o gün o küçədə
bircə heykəl vardı,
Nizaminin heykəli.

Dönüb görərsən ki...

Bir də görərsən ki, qəti alınmır...
Səni gecələrin zülməti çəkər,
Dodağın bir öpüş həsrəti çəkər.
Yanar dodağında bir dodaq yeri
Lap elə mən ölü, sən də ki, diri.

Qabları yuyarsan, çörək alarsan,
Görərsən könlünün simi tarımdı.
Amma bilməzsən ki, niyə yarımsan,
Bilməzsən evində nəyin yarımdı...
Könlünə qəfil bir qayıtmaq düşər,
Birdən başlayarsan lap darıxmağa...
Dönərsən gəldiyin yola baxmağa,
Qəhər boğazında ilişər qalar,

Dönüb görərsən ki, divardı yollar,
Dönüb görərsən ki, yol çıxıb gedib...

Şərt

Qoca şəhər yatıbsa, saat üçü keçibsə,
Darıxanlar ordusu səni başçı seçibsə,
Baş götürüb qaçıbsa gözlərinin yuxusu,
İçini yandırırsa kimsəsizlik duyğusu,
Yenə küləklər kimi sərsərisənsə əgər,
Kədər satan gecəyə müştərisənsə əgər,
Bir fotonun önündə yüz fikrə getmisənsə,
Dözməyin köynəyini min tikə etmisənsə,
Asta yağış yağırsa, it hürürsə küçədə,
Küləklər daha əsmir, sənə köks ötürürsə -
Sən yığan nömrələri bu qəribə gecədə,
Eləcə təkrar-təkrar Səssizlik götürürsə -
Gözlərin sulanırsa təkliyin zülmətində,
Ürəyin sıxılırsa, dözürsənsə birtəhər –
Bu çarəsiz gecədə külqabı dövlətində,
Siqaret soyqırımı törədirsənsə əgər –
Buludların eşqinə, küləklərin xətrinə,
İşığı tükənməyən ürəklərin xətrinə,
Yaxın otur, qulas as:
Bir it hürür küçədə, səsi düşür gecəyə,
Elə bil ki, darıxır, kömək istəyir, kömək.
İstəyirəm boylanım pəncərədən küçəyə,
Bir ağız da mən hürüm, darıxmasın o köpək...

Getməyin qeyri-mümkünlüyü

Adam getdiyi yerə özünü də aparırsa,
demək, getmək qeyri-mümkündü əslində;
gerçək olan yalnız yerdəyişmədi –
A nöqtəsindən B nöqtəsinə.

Adam nə qədər təklənir təklənsin həyatda,
özünə deməyə bir-iki kəlməsi varsa, bir-iki həqiqəti,
yəni ürəyiylə danışa bilirsə, vəssalam,
kim nə deyir-desin, boş verməli...

Adam yolları bağlananda, topuğu qanayanda,
toxtaq ola bilirsə, keçmirsə qürurundan,
bir başı kəsiləndə, min baş çıxara bilirsə Ximera kimi,
min qılınc parıldasın, min xəncər itilənsin, vız gələr.

Adam sərin bir yaz gecəsi küçəyə baxanda,
düşünəndə ötənləri, damağında sonuncu siqaret,
xatırlayanda ölülər izdihamına qarışan dostları,
birdən çox adi şeyləri yenidən başa düşür...

Nəsə elə...

Kompüter yanında kaktus kimisənsə çoxdandı,
telefonun susursa Qraham Belin səsiylə,
teleseriallar ağlada bilmirsə daha,
saatlı bomba ürəyilə döyünürsə
divar saatında vaxt,
darıxma, sıxılma, üzülmə.
Nəsə elə, dostum, nəsə elə...

Pəncərələri aç, pəncərələri,
burax günəş ayaqqabılı keçsin içəri;
pencəyini küləyə bağışla,
çətirini yağışa...

Sərçələrin səsi öpsün divarların dodaqlarını,
uşaqların gülüşü öpsün.
Bu gün yeməyi özün qızdır,
çayı özün dəmlə,
ütünü köynəyin bağrına
özün sıx bu dəfə,
Gülümsə hamıya, gülümsə!
Darıxma, sıxılma, üzülmə...

Bir şeir yaz, əzbərlə, dənizə get,
şeir pıçılda dənizin qulağına, şeir pıçılda...
Hərəniz bir siqaret yandırın: sən və dəniz.
Sən burnundan burax tüstünü,
dəniz uzaqlardakı gəmilərin borularından.
işığında şeir yazmağa bir-iki ulduz al gecədən.
Bir mahnı saxla həmişə dilinin altında
zümzümə elə,
gülünməmiş lətifələr tap dostlarınla gülməyə.

Nəsə elə dostum, nəsə elə...
Darıxma, sıxılma, üzülmə...

# 11885 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #