Bu şəhərdə atalar gecə rahat yatacaqlar - Gülay Tahirlinin şeirləri

Gülay Tahirli

Gülay Tahirli

12 mart 2025
# 15:41

Kulis.az Gülay Tahirlinin şeirlərini təqdim edir.

Sonra...
Sonra unudursan hər şeyi…
Olub keçənləri,
ölüb köçənləri.
doğulub böyüdüyün o uçuq-sökük evi də…
Həyətdəki yamyaşıl ağac da
yavaş-yavaş tökür yarpaqlarını,
heç olmamış kimi
silinib gedir xəyalından…

Sonra unudursan hər şeyi…
Unudursan gecənin, gündüzün rəngini,
sən ki heç tuta bilmədin bu dünyanın ahəngini.
Əlifbandakı hərflər ölür,
rəqəmlər bircə-bircə düşür təqvimdən,
boşluqların rənginə boyanmış o doğulduğun gün də
başqa günlər kimi sürüşür təqvimdən…

Sonra unudursan hər şeyi…
Qorxub bağırırsan güzgüdən boylanan o yad gözlərin dəhşətindən.
Qovuşa bilmir kirpiklər də
donmuş göz yaşları düşər deyə illərdir qoruduğun o heykəl
ayılar, küsər deyə.

Sonra unudursan hər şeyi…
Kimdir bacın, qardaşın?
Sirdaşın, yoldaşın?
Kimsən sən?
Axı kimdir səni dünyaya gətirən qadın?

Sonra unudursan hər şeyi…
Qırıq-qırıq nə qalıbsa yadında
Üçüncü adam kimi baxırsan ona da…
Qonşunun ağrısını hiss edə bildiyin qədər
hiss edirsən özünü,
Sən çoxdan söndürmüsən ürəyinin yanğısını, közünü…

Sonra unudursan hər şeyi…
unudursan
və başlayırsan yaşamağa…

***

Yorma özünü, cənab,
Doğuşdan özgür olan heç nəyi
Həbs edə bilməzsən.
Hava kimi…
Su kimi…
Mənim kimi…

***

Qanadlarını açaraq yox,
gözlərini qapayaraq uçur adamlar.
Hərəkətsiz dayananda atılır ən böyük addımlar.
ən uzun yollar da beləcə fəth edilir.

Şüşədən yox,
sevgidəndir ürəyin eynəyi.
Nə qədər çox sevsən,
o qədər çox görərsən.

Kirpiklərin qovuşmağı söküb atırmış
bütün tikanlı məftilləri,
sərhəd yox,
hüdud yox,
hər şey əlçatandır.

Bir buludun ətəyindən yapışıb
dünyanı damla-damla gəzə bilirəm.
sonra yolumu Günəşdən salıb sevgilimin yanaqlarında üzə bilirəm.

Nə zaman darıxsam,
əlimi ürəyimin üstünə qoyub
səndə oluram,
yeri gələndə mən sən də oluram, Allah!
Nə bilim, bəlkə də, günahkaram,
Bağışla...
Bağışla,
Bütün sərhədlərini aşıram, Allah!

***

ÖZAY üçün

Oğlum, bizim də küçələrdən gülümsəyən adamlar keçəcək.
Sallanan qaş-qabaqlar quşların lələyinə ilişib buralardan köçəcək.

Yer günəşin ətrafında fırlanan kimi,
bir də görəcəksən hansısa baba tutub hansısa nənənin əlindən,
dolana-dolana rəqs edir.

Bu şəhərdə təbəssümlər çıxacaq taxta,
Sıxışdıracaq iki dodağı bir-birinə yapışdıran, büzüşdürən nə varsa!

Yaşamağı öyrədən məktəblər açılacaq.
Ən yüksək maaşı şükran dərsi deyən müəllimlər alacaqlar.

Oğlum, bu şəhərdə adamlarla pişiklər dost olacaqlar,
İtlər insanların sevgisindən məst olacaqlar.
Əl-ələ tutub gülləni atacaqlar mərhəmətsizliyin yuvasına.

Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!
Bu şəhərdə atalar gecə rahat yatacaqlar,
Yorğanın altında qısılıb
qollarını alınlarına, əllərini ürəklərinə qoymadan.
Alınlarını köynəyin qollarına silə-silə
şalvarların ciblərini yoxlamadan...

Qaça-qaça keçməyəcəklər adamlar ağacların yanından,
Görüb keçəcəklər,
Duyub keçəcəklər.
Sanma, ağacları yenə kəsəcəklər.
Bu şəhərdə binalar utanacaq ağacların yerində durmağa.

Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!
Gec oldu daha, gəl yataq.
Lay-lay... Lay-lay...
Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!


# 346 dəfə oxunub

Oxşar xəbərlər

Mən dövlətli ailədə doğulmadım – Günün şeiri

Mən dövlətli ailədə doğulmadım – Günün şeiri

11:30 12 mart 2025
Sənsizlik rəngdə imiş dünya - Hafiz Hacxalılın yeni şeirləri

Sənsizlik rəngdə imiş dünya - Hafiz Hacxalılın yeni şeirləri

17:49 11 mart 2025
Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri

Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri

17:07 10 mart 2025
"Dilləri lalım, necəsən?" - Günün şeiri

"Dilləri lalım, necəsən?" - Günün şeiri

13:08 10 mart 2025
Adların alın yazısı - Anar Aminin şeiri

Adların alın yazısı - Anar Aminin şeiri

12:34 8 mart 2025
Mən ana olmadım - Qənirə Paşayevanın şeiri

Mən ana olmadım - Qənirə Paşayevanın şeiri

11:26 7 mart 2025
#
#
# # #