Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.
Həsəd kompleksinin ifadəsi
Deputatları sərhəddə yoxlamırlar.(1) Mən də Amerikada rus dilində nəşr olunmuş bir sıra kitab, o cümlədən də bukinist mağazasında tamam gözlənilmədən tapdığım və Bibliya Tərcümə İnstitutunun 1982-ci ildə təmiz Azərbaycan dilində nəşr etdiyi “Rəb İsa Məsihin Xoş Xəbəri, yaxud Əhdi-Cədid (İncil)”i alıb, gətirdim.
Bu kitab haqqında ayrıca yazacağam.(2)
Lev Trotskinin üç il bundan əvvəl, 1985-ci ildə Nyu-Yorkda nəşr olunmuş “Stalin” ikicildliyini də o kitablarla birlikdə gətirmişəm.
Həmişəki kimi Moskvadan qatarla gəlirdim və yolda bu ikicildliyi başlayıb, Bakıda bitirdim.
Həsəd! Həsəd! Həsəd!
Bu kitabı Trotskiyə açıq-aşkar “nə üçün mən yox, Stalin?” - həsədi yazdırıb.
Mənə görə Stalin son dərəcə ağıllı, bacarıqlı və son dərəcə də zalım, qəddar bir dahi idi.
Belə olmasaydı, səhər-axşam sərxoş bir pinəçinin oğlu, ucqar bir əyalətdə doğulub böyümüş Soso Cuqaşvili (İvanov yox, Sidorov, Petrov yox, hətta Bronşteyn-Trotski, yaxud da Rozenfeld-Kamenyev də yox, Cuqaşvili!) nəhəng Sovet İttifaqının hakimi-mütləqi və dünya tarixinin ən məşhur diktatorlarından, hökmdarlarından biri, bəlkə də birincisi ola bilməzdi.
(II Yekatrinanı bəxt ulduzu birdən-birə Almaniyadan Rusiyanın imperator sarayına gətirmişdi və saray əsabələrinin köməyi ilə elə həmin “bəxt ulduzu” onu imperator – Rusiya tarixinin II Yekaterinası etmişdi. Cuqaşvili isə əvvəldən axıradək öz bacarığı, dərrakəsi, hiyləgərliyi, qətiyyəti ilə rəqiblərini bir-bir məhv edərək, pillə-pillə Kremlə qalxmışdı və II Yekaterina dövründən də xeyli dərəcə nəhəng rus-Sovet tarixinin (imperiyasının) “yoldaş Stalin”i olmuşdu.)
Trotskinin isə həsədi Stalini “heç kim” – başına şahlıq quşu qonmuş təsadüfi bir adam (Yusif Sərrac) kimi göstərməyə çalışır.
Səhifələri petitlə yığılmış bu böyük ikicildliyin məğzi ondan ibarətdir ki, baxın, bu – mən (yeri düşdü-düşmədi tarixdən “intellektual” paralellər gətirir, Sovet İttifaqının yaranmasında və vətəndaş müharibəsində Stalindən fərqli olaraq, bolşeviklərin qələbəsində müstəsna xidmətlərini xatırladır və s.), bu da – Stalin (savadsız, dərrakəsiz, kəmfürsət, ortabab və s.).
Hətta Stalin haqqında başqa müəlliflərin yazdıqlarından gətirdiyi sitatlarda da özü, yəni Trotski ilə (!) Stalin müqayisə olunur. Bax, bu tipli sitatlar: “17-ci ildə Stalin Peterburqa gələndə onu qarşılayan olmamışdı, çünki o, tanınmırdı. Ancaq Amerikadan Rusiyaya can ataraq, Peterburqa gələn Trotskini qarşılayan kütlə onu çiyinlərinə almışdı.” Bu – Stalinin X.Vindeks imzalı hansısa “alman bioqrafından” gətirilən sitatdır.
Bir sözlə, bu ikicildliyin müəllifi Lev Trotski yox, həsəd və həmin həsədin yaratdığı dəruni, ancaq köməksiz bir kin, qərəz və nifrətdir.
Orasını da deyək ki, həmin “savadsız, dərrakəsiz, kəmfürsət, ortabab” Stalin Trotskini uzaq Meksikada da tapıb, qətlə yetirdi.
Mənəvi tənhalığın rəsmi
Poeziyanın (və ümumiyyətlə, sənətin) gücü danışmaqda, nəql etməkdə yox, göstərmək bacarığındadır və bu məqamda hər şey istedaddan (bəlkə, daha dəqiqi bu olar ki, istedad dərəcəsindən) asılıdır.
Zahid Sarıtorpaq şeirlərindən birini bu cür başlayır:
gecəqondunun tavanındakı hörümçək torunda
bir böcək cəsədi yellənirdi ölümündən razı kimi
amma düşənə oxşamırdı ağzı açılı qalmış gecəyə
gecədəki yuxusuzluğun içinə
qonşudakı ağlağan körpənin səsindən
“Ağzı açıq gecə” obrazı çox effektlidir.
Bu misraları oxuyanda əvvəlcə, Dali obrazları yada düşür, elə bil ki, gecə yırtıcı kimi ağzını açıb böcəyin düşməyini gözləyir.
Ancaq bu sərt sürrealist mənzərədəki o “ağzı açıq gecə” – yuxusuzdur, qonşuda ağlayan körpənin səsi onu yatmağa qoymayıb.
Və o körpənin səsi bu yuxusuz gecə qaranlığına, bu qorxunc məkana, elə bil, çağa qədərində zərif bir həzinlik saçır və bu zaman həmin təzad o dəhşəti, insani bir kədərə çevirir, buna görə də emosional təsiri daha da artırır, fantastik dəhşət – həyati (real!) iztirabla, mənəvi əzabla əvəz olunur.
Bu kədər “gecəqondu tavanındakı hörümçək toru” ilə və o tora düşüb yellənən böcək cəsədi ilə birlikdə, elə bil, sözlə danışmır, rənglərlə əhvalın, ovqatın – indiki halda mənəvi tənhalığın rəsmini çəkir.
Mənim şeir əzbərləməklə aram yoxdur, ancaq haçansa Axmatovadan oxuduğum və o vaxtdan da hafizəmə hopmuş iki misra yadıma düşdü:
Mən sağ əlimə
Sol əlimin əlcəyini geymişəm.
Bu, sətri tərcümədir, orijinalda isə belədir:
Ə na pravuö ruku nadela
Perçatku s levoy ruki.
Axmatova “yalanlar içindəyəm, hər şey mənasızlaşıb, hər tərəf tərs-məssəblikdir, dəyərlər qiymətdən düşüb və s. və i.a və bütün bunlara görə də mən biganəyəm, heç nəyin mənim üçün fərqi yoxdur” demir, həmin biganəliyin, mənəvi fərqsizliyin şəkilini çəkir.
Lope De Veqa və “başqaları”
Nikolay Tomaşevski – ispan və italyan ədəbiyyatı üzrə mütəxəssis və tərcüməçi (onunla tanışlığımız da var – vaxtıyla bizi MƏE-də(3) Jenya Sidorov(4) tanış etmişdi) tərtib etdiyi və şərhlərini hazırladığı “XVI əsr ispan teatrı” kitabının ön sözündə obrazlı şəkildə belə bir müqayisə apararaq, yazır ki, “X.R. de Alarkonun vətəni Meksikada “Min zirvə” deyilən gözəl bir yer var. Uzaqdan baxanda oradakı zirvələr bütöv bir silsiləyə oxşayır. Ancaq ora gedəndə görürsən ki, bu zirvələr necə də bir-birlərinə oxşamırlar. Hərəsinin öz forması, rəngi, yaşıllığı var”.
Daha sonra yazır ki, “belə bir hadisə Qızıl əsr ispan komediyasında da baş verir. Üç yüzillik bir uzaqlıqda məxsusi çalarlar itir, konturlar əriyib gedir. Buna görə deyilmi ki, Lope de Veqa, Tirso de Molina, Xuan Ruis de Alarkon, Pedro Kalderon və Aqustin Moreto öz portretlərində bir-birlərinə oxşayırlar və elə bil, onlar ümumi şərti bir portretdə birləşiblər”.
N.Tomaşevskinin bu maraqlı müqayisəsindən belə çıxır ki, adını çəkdiyi müəlliflərə «yaxından baxanda», onların da fərdiliyi görünəcək və kitaba da bu dramaturqların pyeslərini toplayıb.
Doğrusu, mən bu pyeslərdə həmin fərdiliyi görmədim və bu müəlliflərin əvəzinə mündəricatda ancaq Löpe de Veqanın adı yazılsaydı, məndə şübhə yaranmazdı ki, əslində söhbət ayrı-ayrı dramaturqlardan gedir, yəni stil etibarilə, eləcə də mövzu etibarilə onlar bir-birindən ayrılmır.
İki səbəbdən biridir.
Rafaelin, yaxud da Vinçinin tələbələri onların təsiri ilə çəkdikləri kimi, o dramaturqlar da de Veqanın təsiri ilə yazıblar, onun dəst-xəttindən kənara çıxa bilməyib, onu təqlid ediblər, yamsılayıblar.
Ya da bu eynilik – həmin dövr ispan dramaturgiyasında ümumi bədii-estetik bir hadisədir, elə bil ki, eyni böyük və gözəl bir xalçanı bir yox, bir neçə nəfər toxuyub və daha artıq zəhmətkeşliyi (yüzlərlə pyesi), eləcə də "ədəbi bəxti" (!) de Veqanı önə çəkib.
Roman yaşayacaq, yoxsa yox?
Bu gün mən bildiyim dərəcədə dünya ədəbi prosesinin əsas mövzularından biri budur ki, roman janrı XXI əsrə gedib çatacaqmı və ümumiyyətlə, bu janr yaşayacaq, ya yox?
“İnostrannaə Literatura”nın təzə nömrəsinə baxıram: bu mövzuda konfranslar keçirilir, müxtəlif fikirlər söylənir, bu suala «hə» deyənlər də var, “yox” deyənlər də.
Apuleyin romanı yadıma düşür.
Antik roman “Qızıl eşşək”in timsalında zirvəyə qalxdı və ondan sonra uzun müddət boyunca bu janrdan səs gəlmədi (hər halda, mən “eşitməmişəm”), nəhayət cəhdlər başladı, nümunələr yarandı və “Don Kixot” meydana çıxdı.
“Don Kixot”dan sonra isə bu günə qədər möhtəşəm romanlar yaranır.
Mövzular dəyişdi, yeni-yeni mərhələlər, cərəyanlar yarandı və s.
Ancaq “Qızıl eşşək”in bədii mətn kimi strukturu, arxitektonikası necə varıydısa, aşağı-yuxarı eləcə də qalıb, yəni bünövrədir.
Bunları yazıram, indi də Mirzə Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək”(5) əsəri yadıma düşür.
Bu romanların arasında iki min ildən artıq uzun bir tarixi məsafə var, ancaq müqayisədə demək olar ki, “Qızıl eşşək” köhnəlib, primitiv görünür?
Yox, əksinədir və yəqin belə bir müqayisə, ümumiyyətlə, düzgün də deyil.
Yəni dediyim odur ki, ədəbiyyatın ( indiki halda romanın) yolu gələcəyə pauzalarla gedir və bu pauzaların müddətindən asılı olmayaraq o yol davam edir.
Yəqin, beləcə də davam edəcək.
Motl və məhəllə uşaqları
“Motl adlı oğlan”ı oxuduqca mənim də Motl kimi 9-10 yaşım olan zaman Mirzə Fətəli küçəsindəki məhəllə dostlarım yadıma düşürdü.
Yəhudi Motl ilə o azərbaycanlı məhəllə uşaqları arasında çox sıx bir doğmalıq var.
Bu doğmalıq haradan yaranır?
Şolom Aleyxemin təsvir etdiyi tipik yəhudi mühiti ilə Bakıdakı “yuxarı məhəllə” uşaqlarının yaşadığı mühit tamam fərqlidir.
Ancaq niyə Oliverdə, yaxud Qavroşda(6) nə qədər təsirli olsalar da, belə bir doğmalıq hiss olunmur?
Bəlkə, Motl mühitinin də kökləri isti Şərqlə, Cənubla bağlıdır, buna görə belədir?
--------------
* O zaman mən Ali Sovetin deputatı idim.
** Bir müddət sonra bu barədə yazmışam: "Tənqid və ədəbiyyatşünaslığımızın yaradıcılıq məsələləri", "Ədəbiyyat və incəsənət", 7 iyul 1989.
*** SSRİ Yazıçılar İttifaqının Mərkəzi Ədəbiyyatçılar Evi. Yazıçılar İttifaqının arxasında, Gertsen küçəsində yerləşirdi və yazıçılar üçün gözəl bir restoranı var idi.
**** Yevgeni Sidorov o vaxt cavan, ancaq seçilən bir tənqidçi idi, bu gün görkəmli ədəbiyyat xadimi, professordur. B.Yeltsinin vaxtında Rusiya mədəniyyət naziri idi.
***** Bizim ədəbiyyatşünaslığımız indi belə hesab edir ki, bu romanın əsl müəllifi Pol de Kokdur. Ola bilsin ki, belədir. P. de Kokun əsərləri XIX əsrdə Rusiyada çox populyar idi, hətta rus ədəbiyyatşünaslığı belə hesab edir ki, F.Dostoyevski "Əbədi ər" povestinin süjetini onun «Ər, arvad və məşuq» romanından götürüb.
****** Dikkensin və Hüqonun qəhrəmanları.