Sonsuz - Şərif Ağayarın hekayəsi

Sonsuz - Şərif Ağayarın hekayəsi
11 may 2021
# 17:00

Kulis.az yazıçı Şərif Ağayarın yeni yazdığı “Sonsuz” hekayəsini təqdim edir.

Göl tərəfdən köndələn əsən külək adamı iliyindən üşüdür. Hümmət kişi and içir, deyir, ömründə belə soyuq görməyib. Dalınca qalın, gümüşü bığlarına sığal çəkib boğazını arıtlayır:

“Dünyanın zayı çıxıb! Nə yazı yazdı, nə qışı qış!”

Fəqan soyuqdan qızarmış burnunu paltosunun yaxasından çıxarır:

“Dünya həmən dünyadı, dədə, sən qocalmısan!”

Atası yaşlılığın əyib eybəcərləşdirdiyi əllərini odun peçinə tutub üz-gözünü qırışdırır:

“O quduzdəymiş yenə küçükləyib. Gözləri açılmamış apar hamsını basdır!”

Fəqan sağa-sola döyükür:

“Eləyə bilmərəm.”

“Bəs kim eləyəcək? Gözləri açılanda heç eləyə bilməyəcəksən.”

Fəqanın tərpənmədiyini görüb səsini qaldırır:

“Dişinə tüpürdüyüm, bu dəfə lap çox doğub! On iki dənə! Əksəri də dişi! Neyləyəcəksən o qədər küçüyü? Ferma salırsan?”

“Dost-tanışa bağışlayarıq, dədə, yazıqdılar, öldürməyək.”

Hümmət kişi qeyzlənir:

“Dişi küçüklər kimin nəyinə lazımdı? Cinsi də fərli deyil. Allah bilir hansı axmaq tulayla cütləşib.”

“Fermadan süd satmağa gələnlərə verərik.”

“Fermadakılar küçüyü özləri tutur. Kimsədən nə it alırlar, nə it verirlər.”

“Niyə? Paxıllıqdan?”

“Yaxşı it matahdı, Fəqan! Adamlarda da belədi. Yaxşı adam azdı, dünya doludu sənin kimi fərsizlərlə!”

“Fərsiz niyə oluram?! Oxu dedin, oxudum, işlə dedin, işlədim...” - burda dayandı. Çünki işləməyin dalınca evlənmək gəlirdi. Oğlunun hələ də subay gəzməsi Hümmət kişinin yaralı yeriydi. Hər fürsətdə söhbəti gətirib bura çıxarır, öz-özünə danışır, deyinir, bir faydası olmayanda hirslənirdi. Fəqan susurdu, mübahisə eləmirdi, çünki özünü haqsız sayırdı, düşünürdü ki, doğrudan da evlənmək yaşı keçir, atasına nəvə sevinci bəxş eləməyin vaxtıdır. İndi necə olmuşdusa, gördüyü işləri sadalaya-sadalaya özü də bilmədən gəlib bu mövzuya çıxmışdı. Vaxt itirmədən söhbəti dəyişməliydi:

“Evə qazanc da gətirirəm, dodağın yenə düzəlmir!”

Dodaq yerinə, bığ deyəcəkdi. Ar elədi. Hümmət kişi kiməsə hirslənəndə bığları əyilirdi. Atasının üzündə artıq canlı qəbul etməyə başladığı bu tük yığını Fəqanı tıncıxdırırdı. Dəfələrlə dilə tutub qırxdırmaq istəmişdi, xeyri olmamışdı. Düzdür, səliqəli adam idi, əyin-başı kimi üz-gözünə də diqqət yetirirdi, di gəl, yaşlandıqca üzü balacalaşır, iri, çallaşmış bığları sifətindən aralanıb əlahiddə bədən əzasına çevrilirdi. Qonşuları Qəzənfər də müşahidə etmişdi bunu. Bir dəfə açıqca dedi. Dedi, ay Fəqan, elə bil, dədən özü balacalaşır, bığı yekələnir, yəqin ölümü yaxınlaşır. Ölüm sözü Fəqanın içində izahı müşkül duyğular oyatmışdı. Bu, nə sevinməyə bənzəyirdi, nə də kədərlənməyə.

Hərdən Fəqana elə gəlirdi ki, atasının dediyi sözlər də bığlıdır. Həmişə yox, nəsihət verəndə, şikayətlənəndə, bir də danlayanda. Bığlı sözlərin qarşısında nəsə deməyin adı yoxdur, bığlı sözlər mübahisə və müzakirə üçün deyil, bığlı sözləri eşitdinsə ən yaxşısı susmaqdı.

Qəzənfər Hümmət kişiylə zarafatlaşdı, Əzrayılın yadına Sonsuz Səhrad düşdü. Fəqanın ağlı kəsəndə qırxı yenicə doldururdu, öləndə, olmasa-olmasa, altmışı vardı. Yaşına görə xeyli cavan qalmışdı. Görünür, olmayan övladlarının ruhunu təbiət onun özünə bağışlamışdı. Deyirdin, yeniyetməliyə yenicə qədəm qoyub. Həyətdə-bacada elə qıvraq hərlənirdi, çatdırıb izləmək olmurdu. Bir anda gah qonşuda, gah yolda, gah gölün qırağında görünürdü. İtlər də hürmürdü ona. Sanki görmür, ya da qorxurdular. Adamlar Sonsuz Səhradın az qala eyni anda bir neçə yerdə peyda olmasına alışmışdılar. Onu cin dəyişəyi sananlar vardı.

“Belə adamlar qəfil yıxılır!”

Hümmət kişi Sonsuz Səhradın cavan qalmasını içinə sindirə bilmirdi. Yaşdaş idilər, baxanda ata-oğul zənn edərdin.

“Övlad qəhri çəkmədi! Övlad qəhri çəkən tez qocalır!”

Bığlı sözlərdən daha biri.

Qarasına danışanda Səhradın adını çəkməzdi, eləcə Sonsuz deyərdi. Özünə də elə səslənərdi: A Sonsuz, ayağını bir bəri qoy! Fəqan atasının bu köntöylüyündən utanırdı və dərhal Səhradın sifətinə baxırdı. Zərrə narahatlığı yox idi; o, sonsuzluğu ilə könüldən barışmışdı.

Hümmət kişinin ağzı fal oldu. Sonsuz Səhrad yol getdiyi yerdə qəfil yıxılıb öldü. Kimi-kimsənəsi yox idi. Qonşular yığışıb dəfn elədi. Üçü-yeddisi heç kimin yadına düşmədi. Öldü-öləli biryolluq unutdular Sonsuzu. Xatirəsinin yerində qaranlıq bir boşluq qaldı. Bir də Fəqangilin qancığı balalayanda yada düşdü. Qonşuların küçüklərini həmişə o basdırırdı. İtləri, pişikləri azdırmağı da Sonsuz Səhrada həvalə edirdilər. Taleyin bu qəribə töhfəsindən narazı deyildi. Kimin tələf olunası iti-pişiyi vardısa qapısında peyda olurdu. Torbası əlində, beli çiynində...

“Allah Sonsuza rəhmət eləsin! Vaxtında qədrini bilmədik!”

Hümmət kişinin duası Fəqanı təəccübləndirmədi, amma bu “qədir bilmək” söhbəti bir az anlaşılmaz qaldı. Qədrini bilib nə edəcəkdilər? Yolunu saxlayırdılar, bayramlarda, ad günlərində qonaq çağırırdılar, evlərdə sulu yemək bişəndə payını göndərirdilər. Deyilənlər doğru idisə, məhəllənin canı sulu arvadlarından biri ilə sevgi də yaşayırdı.

Fəqan Sonsuz Səhrad haqda lətifə kimi danışılan eşq-məşq əhvalatlarına inanmırdı. Öz aləmində onun kişiliyini qüsurlu sayırdı. Çünki başqalarına bənzəmirdi. Sümükləri xırda, əlləri incə, üzü tüksüz idi. Səsində kişilərə xas qətiyyət hiss olunmurdu.

Hümmət kişi indi qədir-qiymətdən dəm vururdu, amma sağlığında Sonsuz Səhradı ən çox özü incidirdi; işinə qarışır, danlayır, üstünə qışqırırdı. Onunla həmişə bığlı sözlərlə danışırdı. O isə bir kəlmə cavab qaytarmırdı, elə bil, yanında gözükölgəliydi.

Atası Fəqanla da bu cür davranırdı - eyni sözlər, eyni səs tonu! Buna görə sınırdı, inciyirdi və bütün günü qorxa-qorxa öz bədənində, hərəkətlərində Sonsuz Səhrada oxşayan əlamətlər axtarırdı.

Dildə etiraz eləsə də atasının sözündən çıxmırdı. Bu dəfə də belə oldu. Bacarmaram söylədi, amma ayaqları onu hinə tərəf apardı. Əyilib içəri baxdı. İnanılmazdı! Soyuğa görə Hümmət kişi itlərin altına saman dağıtmışdı. Əl boyda küçükləri qoynuna yığıb samanın üstündə qıvrılan qancıq südlü əmcəklərini də balalarının ixtiyarına vermiş, bədəniylə isitdiyi yuvada onlar üçün balaca cənnət düzəltmişdi. Fəqan itin başını quyruğunun altından çıxarıb qulaqlarından yapışanda astadan zingildədiyini eşitdi. Bu ətürpərdən iniltiyə fikir verməməyə çalışdı və onu sürüyüb hindən çıxartdı. Xırda, ala-bəzək canlılar ağızlarını təlaşla açıb-yumdular. Uzaqdan Hümmət kişinin səsi eşidildi:

“İki erkəyini saxla! Birinin başında, o birinin quyruğunda ala var.” – dalınca yenə deyindi - “Camaat nəvə-nəticə böyüdür, mən it küçüyü!”

Gölün qarğı-qamışında hər cür yırtıcı vardı: tülkü, çaqqal, çölpişiyi, canavar... Gecələr səs-səsə verib ulaşanda adamı vahimə basırdı. İtlər hay-küy salmasa həyətlərə hücum edərdilər. Bu səbəbdən Hümmət kişi həmişə söyüb-təhqir elədiyi, imkan düşdükcə təpindiyi, hərdən təpiklə vurub qışqırtdığı qancığı qapıdan uzaqlaşdırmırdı. Ondan yaxşı küçük tutmaq istəyirdi. Hər dəfə balalarını yoxlayır, bir-iksini saxlayıb qalanını basdırırdı. Seçdiyi küçüklər böyüdükcə eynən Fəqan kimi onlarda da qüsur axtarır, olmasa belə tapır, ya azdırır, ya da kiməsə bağışlayırdı.

Bir ili Qəzənfərgilin iti cücələrə dadanmışdı. İt qaldı bir tərəfdə, Hümmət kişi Qəzənfəri günahkar çıxartdı. Dedi, ac saxlamısız, məcbur qalıb cücə yeyib, yoxsa, bu yaşda erkək it sahibinə dönük çıxmaz.

Fəqan “erkək it” sözünü eşidən kimi Hümmət kişinin həyətdə balalayan qancığa əzəli-əbədi nifrətinin səbəbini anladı: o, qancığın yad itlərlə cütləşməsini əməlli-başlı namussuzluq sayırdı. Əlacı olsa, təpəsinə bir güllə vurardı.

Qəzənfər and içdi ki, itə gündə bir vedrə yal veririk.

“Sən verirsən, ya arvadın?” – Hümmət kişi istintaq qurmuşdu.

“Kişi də itə yal bişirər?” – Qəzənfər bir az özünü dartdı.

“Arvadlara inanma! – Hümmət kişi nəsihətə keçdi – Yalan danışırlar! Arvad kişini üç şeydə çox asanlıqla aldadır. – barmaqlarını qatladı – Bir, namus məsələsində, iki, öz qohumlarının gətirdiyi pay-püşkdə, üç, itə yal verməkdə...”

Qəzənfər əyilib Fəqanın qulağına pıçıldadı:

“Dədən arvadı qəhbə çıxartmasa yaxşıdır.”

Deyəsən, Hümmət kişi onun nə dediyini anladı:

“Sənin arvadın, maşallah, əli-ayağı düz adamdı, amma nəhayətində qadındı!”

Müqəddəratı həll olunan it həyətdə uzanıb sağı-solu vərəvürd edir, hərdən bir-iki ağız hürüb sərvaxt olduğunu diqqətə çatdırır, sahibinin xoşuna gəlməyə çalışırdı. Görünür, oğurluğunun üstü açıldığından xəbəri yox idi. Qəzənfər dirəşmişdi ki, onu güllələmək lazımdır. Fəqan deyirdi, heyvanı öldürmək günahdı, ondansa azdıraq. Hümmət kişi heç biriylə razılaşmırdı. Bu dəm Sonsuz Səhrad göründü, salamsız-kalamsız əlindəki ipi itin başına keçirib gölə tərəf apardı. Gözdən itənə qədər arxasınca baxdılar.

Sonsuz Səhrad itsiz qayıtdı, heç kimə heç nə demədən çıxıb evinə getdi. Səhər Qəzənfər onu yaxaladı:

“Səhrad dayı, itimizi neylədin? Gecə elə bil qamışlıqdan səsini eşitdim.”

Soyuqqanlı: “Düz eşitmisən!”

“Necə yəni?”

Tövrünü pozmadı: “Göldə söyüd ağacına bağladım, gecə canavarlar parçaladı.”

Qəzənfər əlini kəsən uşaq kimi içini çəkib diksindi.

Sonsuz Səhrad bir dəfə də yeddi-səkkiz pişik balasını torbaya salıb göldə batırmışdı. Hümmət kişi buna görə Səhradı camaatın içindəcə danladı: “Ata-babadan pişik balalarını da, it balalarını da basdırmışıq. Özündən hoqqa çıxartma!”

Sonsuz Səhradın ilk dəfə küçük basdırdığını görəndə Fəqan az qala havalanmışdı. Ağlaya-ağlaya dalınca düşmüşdü. Atası ardınca qaçıb qolundan yapışdı. Bu vaxt küçüklərin anası hardansa peyda oldu. Hinə girib burnu ilə balalarını axtardı, həyəcanla bayıra çıxdı. Onun içində adamın sümüklərini uyuşduran sakit bir zingilti vardı. Əl evinə girdi, dəhlizin qarşısına keçdi, Fəqangilin yanına gəlib quyruğu ilə evin kişisindən mərhəmət dilədi. Laqeydlik! Özünü ot tayasına çırpdı, həyətdəki torpaq topasını yaladı, hinə girib bir də çıxdı, bütün tikililərin dibi ilə sülənib balalarının qoxusunu axtardı. Ən axırda bir də Hümmət kişinin yanına qaçdı, üstünə sırmandı. Kişi itə təpindi, it zingiltisini də götürüb qeyb oldu.

Fəqan uşaq ağlıyla elə bildi ki, Sonsuz Səhradın dalınca gedir, balaları basdırılan yeri tapacaq, pəncələri ilə eşib çıxaracaq. Amma... Əfsus... Səhəri gün həyətdə tək-tənha gördü. Dolu əmcəklərindən süd damcılayırdı.

“Sonsuz dayı, küçüklərə yazığın gəlmir?” – soruşmuşdu bir dəfə.

“Biri vardı, lap təzə doğulmuşdu, bədəni hələ qurumamışdı, quyuya atanda necə titrədisə məni ağlamaq tutdu!” - Səhrad kişi baxışlarını uzaqlara göndərib ah çəkmişdi.

Bu söhbətəcən Sonsuz Səhrada acığı tuturdusa, bu söhbətdən sonra yazığı gəldi. Çiynində bel, əlində torba seyrək dumanın içiylə gölə tərəf addımlaması dünyanın ən kədərli tablosuymuş...

Fəqan qancığı dartıb hinindən çıxaranda quyuda titrəyən küçüyü xatırladı. Aldırmadı amma. Əyilib rəngbərəng körpələri bir-bir hindən götürdü. Atası düz deyirdi. On iki dənə idi. Başı və quyruğu ala olanları ayırıb saxladı, o birilərini torbaya dolduranda əllərinin əsdiyini hiss elədi. Bunu it də gördü. Soyuq burnunu, isti dilini Fəqanın titrəyən əllərinə toxundurdu. Sonra ayağının altına yıxılıb beli üstə çevrildi. Fəqan itin bu qəribə hərəkətini öz aləmində belə yozdu: “Ayağının altında ölüm, balalarıma dəymə!”

Fikrini dağıtmaq üçün ətrafa boylandı. Qəzənfərin ala-bula paltar geyinmiş balaca-balaca uşaqları soyuğu-sazağı vecinə almadan əllərində nəsə yeyə-yeyə evin kandarından ona baxırdılar. Biri lap tumançaq idi. Fəqanın da onlara baxdığını görüb gülüşdülər.

Uşaqların gülüş səsinə qarışan zəif zingilti Fəqanın içindən sızıltı kimi keçdi. Torbaya yığdığı küçükləri bir-bir yerə qoydu. Sazaqlı küləyin üşütdüyü balaca varlıqlar narahatlıqla sağa-sola vurnuxdular. Fəqan növbəylə onları hindəki istiliyin içinə qaytardı. İt ayağının altında yaltaq-yaltaq eşələnir, sahibinin kefini açmağa çalışırdı. O, əvvəllər belə eləmirdi. Fəqan balaları ilə oynayanda heç fikir də vermirdi. İndi, deyəsən, əlindəki torbanı görüb nəsə anlamışdı.

Evə qayıtdı. İçəri keçib üzgün-üzgün atasına baxdı:

“Dədə...”

Hümmət kişi yanpörtü oğlunu süzdü.

“Bacarmıram...” - Başını aşağı saldı. Atasının ağır-ağır nəfəs alaraq susması Fəqanı ürəkləndirdi:

“Səhrad dayı küçüklərimizi basdıranda yadındadı? Qancıq neçə gün döşlərindən süd damcılaya-damcılaya balalarını axtardı. Çox sarsıldım. İçimdən nələr keçdi, bilirsənmi? O qancığın qarğışı bir gün mütləq bizi tutacaq! Bunu sən də hiss elədin. Qapıdan uzaqlaşdırdın zavallını.”

Ağlamamaq üçün boğazındakı qəhəri öskürdü:

“O zingilti qulaqlarımdan getmir, dədə! Hər yerdən, hər şeydən eşidirəm o səsi. Daşdan... Torpaqdan... Ağacdan... Adamların içindən...”

Hümmət kişi asta-asta oğluna yanaşdı, əlini mehribanlıqla çiyninə qoydu:

“Yaxşı... Sakit ol...”

Atasından nadir hallarda gördüyü bu nəvaziş Fəqanı xeyli toxtaddı. Burnunu çəkib susdu. Onun özünə gəldiyini görən Hümmət kişi bayıra çıxdı, az keçməmiş gur səsi eşidildi:

“Qəzənfər!!!”

...Qəzənfər qısa tərəddüddən sonra razılaşdı, amma şərtini də kəsdi:

“Birinci və axırıncı dəfədir!”

Hümmət kişi başını tərpətdi. Bığı sifətindən qopub düşəcəkdi az qala. Fəqanın gözündə bircə günahkar vardı bu an, o da atasının çallaşmış qalın bığları idi. Bir anlığa yoluşdurub peçə atmaq keçdi ürəyindən. Qəzənfər əllərinə hovxurub qapının ağzındakı beli və torbanı götürəndə özünü saxlaya bilmədi:

“Dayan! – Yaxınlaşıb səsini alçaltdı – Sən yox... Sənə olmaz... Özüm gedəcəm...”

Beli də, torbanı da Qəzənfərdən alıb qətiyyətli addımlarla hinə sarı getdi.

Külək göl tərəfdən qamışlığın üstündə bir ağız uladı.

2020

# 12729 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #