O, ixtisasca hərbçidir – Leytenant İbrahim İbrahimov necə Urana çevrildi?- Məşhur reperdən bilmədiklərimiz

O, ixtisasca hərbçidir – Leytenant İbrahim İbrahimov necə Urana çevrildi?- Məşhur reperdən bilmədiklərimiz
6 oktyabr 2021
# 15:30

Kulis.az bu gündən start verdiyi “Nömrə: 1” layihəsindən ilk olaraq repçi Uranın uğur yolu haqqında materialı təqdim edir. Layihədə ən çox tanınan və sevilən gənc sənət adamlarından bəhs olunacaq.

90-cı illərin sonu, 2000-ci illərin əvvəlində rep musiqisi Azərbaycanda da yayılmağa başladı.

Anar Nağılbaz, Elşad Xose, Hüseyn Dərya kimi reperlərlə geniş kütlə toplayan bu musiqi janrına gənclər arasında maraq getdikcə artdı.

Qeyd edək ki, Azərbaycan dilində ilk repi 1983-cü ildə Milli Qəhrəmanımız, jurnalist Çingiz Mustafayev səsləndirib. Həmin repin adı “Dünənki keçdi” idi.

1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı.


Uran, "İriçaplı" repinin klipində

Daha sonra vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman" qrupu "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.

Repə marağın artdığı o vaxtlarda yeni nəsil reperlər meydana çıxdı.

2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi.

Əsl adı İbrahim İbrahimov olan Uran 1983-cü il dekabrın 20-də Xaçmazda dünyaya gəlib.

Özünə “Uran” təxəllüsünü götürən reper müsahiblərinin birində bu adı niyə seçdiyini belə izah edir:

“Xüsusi məna kəsb etmir. Kimyəvi elementlər cədvəlində gözüm sataşıb, qısa və yaddaqalan olduğuna görə seçmişəm. Kimyəvi element kimi malik olduğu bəzi xüsusiyyətləri ilə xasiyyət oxşarlığım var. Amma bunun ad seçimimə təsiri olmayıb”.


Reper Uran

Uran ixtisasca artillerist-hərbçidir. O, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, leytenant hərbi rütbəsi ilə məzun olmuşdu.

Onun ən sevilən, populyar treklərindən biri “Kor zabit” adlı repdir.

2005-ci ildə yayımlanmış bu rep həmin illərin ən çox sevilən nümunələrindən sayılır. Bir çox gəncin dilində əzbərə çevrilən “Kor zabit” Dəyirman qrupunun “Ya Qarabağ, ya ölüm” treki kimi rep musiqisi dinləyicisi olan gənclərdə vətənpərvərlik duyğusunu artırmaqda mühüm rol oynamışdı.

Uran ilk repini 1996-ci il martın 9-da yazıb. Özünün dediyinə görə, replə ilk tanışlığı Rusiya reperlərindən başlayıb. Sonrakı illərdə 2PacEminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü Mr.Ib olub.

2001-ci ilin mart ayından “M.T.Street” qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində olub.

Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub.

2001-ci ilin sonunda “M.S.Street” qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir.

Oktyabrın 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin “Şən və Hazırcavablar Klubunun” təqdimat gecəsində ilk çıxışını edib.

2004-cü il yanvarın 11-də "Caspian Clan" rep qrupunun 8-ci üzvü olur.


Uran "Maşın şou" verilişində

2004-cü ildə qrup dağılır və repçi ləqəbini Urana dəyişir.

Həmin il Space TV-də "Mən də varam" telemüsabiqəsinə qatılır və ikinci yeri tutur.

“British Council”in təşəbbüsü ilə "Urban Culture" adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

"Mən Də Varam 3" telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur.

Azərbaycanın ilk rep-leyblı olan "Da Streetz"in tərkibinə daxil olur.

"Rap Time" adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə "Milli düşüncə və gənclər" mahnısı ilə birinci yerə layiq görülür.

Artıq zirvələri fəth edən Uran 2010-cu il mayın 2-də Bakıda Türkiyənin bir nömrəli reperi Cəza ilə birgə konsert verir.

İki il sonra Cəza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Kompleksində eyni səhnəni bölüşür.

Daha sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Fanta Gənclik Festivalı”nın aparıcısı olub.


Uran həyat yoldaşı və qızı ilə birgə

Uran 2014-cü ilin avqustundan 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.

Yenidən Bakıya qayıdan Uran 2017-ci ildə "Maşın Şou" realiti-şousuna qatılır.

Dörd ildir Fransada yaşayır və yaradıcılığına orada davam etməkdədir. O, burada bir sıra yeni treklər yazıb, kliplər təqdim edib.

Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra Uran “Kor zabit - 2” repini yayımladı. Bu trek rep dinləyicilərinin böyük marağına səbəb oldu.

Uran ailəlidir, bir qızı var.

# 5509 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #