Fərhad Bədəlbəyli: “Dizlərimi yerə atıb, üzr istədim” – Müsahibə

Fərhad Bədəlbəyli: “Dizlərimi yerə atıb, üzr istədim” – Müsahibə
7 iyun 2021
# 09:00

Kulis.az Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli ilə müsahibəni təqdim edir.

- Üç, dörd il əvvəl müsahibələrinizin biridə dostunuz Rafiq Hüseynovun Şuşaya getmək arzusu haqqında müxbirin sizə verdiyi sualı yarımçıq saxlayıb deyirsiniz, yox, mən ölməyəcəm! Ümidim var ki, Şuşanı görəcəm və ora ilə bağlı arzularımı gerçəkləşdirəcəm. Arzularınız çin oldu, Şuşanı gördünüz, hətta Cıdır düzündə rəqs də etdiniz…

- Əfsuslar olsun ki, mənim indi ayağım bir az ağrıyır, hərdən bir mənə əziyyət verir. Amma Şuşada ağrı, problem heç nə hiss etmirdim. Elə bil, möcüzə baş vermişdi. Siz deyən kimi, hətta utanıb çəkinmədən rəqs də etdim. Baxmayın, birdən nə isə baş verərdi, ayağım ağrıyardı, biabırçılıq olardı. Amma oynadım, özü də möhkəmdən beş-altı dəqiqə oynadım. Heç bir ağrı da olmadı. O şəhərdə elə bil nə isə sirr vardı.

- Ayağınız Şuşaya ilk toxunan an hansı hiss keçirdiniz?

- Elə bil, yuxu idi. İnanmırdım. Tez-tez əlimlə qoluma toxunurdum, çimdikləyirdim ki, yaşadığım yuxudur, yoxsa, yox. Mən qələbədən əvvəl tez-tez yuxuda qarlı Şuşanı görürdüm. Qarlı Şuşa mənim üçün bir nağıl idi. Və Poladla (Polad Bülbüloğlu-red.) yanvarda Şuşaya gedəndə Şuşa qarlı idi. Hardasa iyirmi santimetr qar yağmışdı. Çox gözəl görünürdü. Fikrim vardı, Şuşaya gedəndə ondan üzr istəyim. Çünki biz onu düşmənə vermişdik...

- İstədiniz?

- İstədim. Özü də dizlərimi yerə atıb, üzr istədim, dedim, Şuşa, bağışla bizi, səni nə vaxtsa, yadlara verdik.

- Ağlamadınız?

- Əlbəttə, ağladım (kövrəlir). “Gəncə qapısı”nda bir əsgər dayanmışdı, məni o halda görüb yanıma qaçdı. Dedi, ağsaqqal, nə olub, özünüzü pis hiss edirsən? Dedim, yox, bala, bu, mənim nəzirimdir, etməliyəm. Sonra onu qucaqladım, öpdüm. Öyrəndim ki, Şuşa uğrunda vuruşan əsgərlərimizdən biridir. Sizə deyim, o qədər də cüssəli deyildi. Ortaboy idi. Amma hiss edirdim ki, dağa, daşa necə dırmaşar. Vallah məəttəl qalırdım. Rembo deyildi, Şvasnegger deyildi... O, qüvvəni, yəqin, elə o ab-havadan, Şuşadan alırdı. Müharibə zamanı hər kəs düşünürdü ki, görəsən, Şuşanı ala biləcəyik, yoxsa, yox. Millət olaraq günləri, saatları, dəqiqələri sayırdıq. Yəqin, birlik şəklində olan enerji insanlara, əsgərlərə güc verirdi.

- Ötən otuz ildə bu enerji itmədi, istək azalmadı...

- Azalmadı. Bu qələbədə hamının payı var. Hökumətin, müxalifətin, məktəblərin, müəllimlərin, siz jurnalistlərin, bir sözlə hamının... Siz jurnalistlər hər gün Qarabağla bağlı nələrsə yazırdınız. Bundan başqa, mənim yadımdadır, elə bir görüş, iclas olmurdu ki, orada prezident Qarabağdan danışmasın. Yəni, bu proses üzərində balaca uşaqdan tutmuş, ən yaşlı adama qədər hamı, peşəsindən asılı olmayaraq hər kəs hər gün işləyirdi. Çanaqqala müharibəsi zamanı, İkinci Dünya müharibəsində belə tarixi döyüşlər olub. Biz iki yüz il ərzində torpaqlarımızı ancaq verirdik, uduzurduq. Allah rəhmət eləsin, Cavad xan da vuruşdu, vuruşdu, igid, qəhrəman kimi həlak oldu. Ancaq Gəncə işğal olundu. Biz birinci dəfədir ki, torpaqlarımızı qaytardıq. Nə vaxtsa, dünyamızı dəyişəcəyik. Amma yüz ildən sonra kitablarda bu qələbə, Şuşa uğrunda döyüş bir tarixi hadisə kimi qalacaq.

- Fərhad müəllim, sizcə bu qələbə sənət adamlarına, yazıçılara, bəstəkarlara, rəssamlara, onların yaradıcılığına necə təsir göstərəcək?

- Bilirsiniz, indi Qara Qarayev, Firkət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev yoxdur. Gəlin, bunu etiraf edək. Rəssamlardan da Səttar kimisi, Tahir kimisi yoxdur. Çox heyf, onu da elə bu günlərdə itirdik. O, indi çox gözəl əsərlər yarada bilərdi. Düzdür, cavanlarımız, istedadlı gənclərimiz var. Mən istərdim ki, tələm-tələsik nələrsə yaradılmasın. 44 günlük müharibə, qələbəmiz barədə yüksək səviyyəli əsərlər yaradılmalıdır. Hər şey təbii şəkildə baş verməlidir. Tezliklə hansısa əsər yazmaq, qorxuram ki, xalturaya səbəb olsun. Bu olmamalıdır. İkinci dünya müharibəsindən sonra necə fantastik əsərlər əmələ gəldi. Misal üçün, Şostakoviçin “Lneninqrad simfoniyası” yarandı. Elə əsərlər var ki, qələbə ilə üst-üstə düşüb. Fikrət Əmirovun “Azərbaycan kapriçiosu” və yaxud “Koroğlu” operasının uvertürası bu qəbildəndir. Elə bil, o bəstəkarlar bu qələbəni görüb bu əsərləri yaradıblar. Bizdə bu əsərlər var. Bizdə, ümumiyyətlə, məcazi dildə desək, qızıl çoxdur, biz bu qızıllardan az istifadə edirik.

İndi televiziya kanallarında 80 faiz xoşagəlməyən çıxışlar, verilişlər var. Orada hansısa ucuz mövzulardan danışırlar. Bu qələbədən sonra isə bizdə Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin əsərləri səviyyəsində əsərlər meydana gəlməlidir. Çünki bizdə meyar, ölçü çox yüksəkdir. Türkmənistanda, Özbəkistanda, Tacikistanda bayaq adlarını çəkdiyim bəstəkarlar dəstəsi yoxdur. Sizin cavansınız, görməmisiniz, vaxtilə Dram Teatrında bir-birindən parlaq ulduzlar yetişirdi. İndi o barədə bir az geri qalırıq.

- İndi də beş azərbaycanlının azı üçü mütləq istedadlıdır. Sizcə, niyə indi həmin istedadlı insanlar yetişmir?

- Tarixdə belə şeylər olur. Almaniyada on doqquzuncu əsrdə Brams, Bethoven, Şubert kimi böyük bəstəkarlar, Kant kimi böyük filosoflar var idi. İndi Almaniyada belə şəxsiyyətlər yoxdur. İqtisadiyyatları, maşınları, gözəl dükanları, kafeləri, restoranları var. Camaat yaxşı yaşayır, amma böyük şəxsiyyətlər yoxdur. Yəni, bütün dünyada bu proses gedir. Kobud desək, bu cırlaşmadır (gülür). Cəmiyyət cırlaşır. Ona görə, mən belə şeylərə çox sakit baxıram.

- Şuşada Üzeyir Hacıbəyov adına məktəbin açılmasını istəyirdiniz. Bu arzunuz indi nə qədər realdır?

- Mənə elə gəlir ki, Şuşada oranın ab-havasına, mühitinə uyğun olmayan binalar tikmək lazım deyil. Sovetin vaxtında Şuşanı çox korlayıblar. “Xruşovka” binalar çox tikiblər. Onların Şuşanın atmosferinə heç bir dəxli yoxdur. İndi, deyəsən, bəzilərini söküblər, bəziləri qalıb. Ona görə, yeni binalar tikiləndə mütləq diqqətli olmaq lazımdır. Axı, Şuşanın öz stili var. Xan qızının evi, Fransız gimnaziyası və sair binalarda xüsusi memarlıq vardı. Çoxu dağılıb, amma onları bərpa etmək olar. Yəni, Şuşanın qədimiliyi ilə müasirliyini birləşdirmək çox çətin məsələdir. Bu yaxınlarda Hikmət Hacıyev də açıqlama verdi və bildirdi ki, Üzeyir Hacıbəyli adına incəsənət məktəbi olacaq. Bu məktəbin dərs proqramı üzərində biz işləyəcəyik. Məncə, bu, böyük məktəb yox, elit, 30-35 nəfərlik bir məktəb olmalıdır. Və burada ən istedadlı uşaqlar təhsil almalıdır. Onda Şuşanın məktəbinin adı, nüfuzu da çox böyük olacaq. Adi bir məktəb olması, o qədər də maraqlı olmaz.

- Şuşadakı dağıntıları görəndə nə hiss keçirdiniz?

- Mən hər dəfə Üzeyir Hacıbəyovun güllələnmiş heykəlini Bakıda görəndə kövrəlirdim, heykəlin üzündən öpürdüm (kövrəlir). Birinci dəfə 2007-ci ildə Poladla Şuşaya gedəndə də yaman pis olmuşdum. Mən orda Bülbülün evinə girəndə, hər şey yadıma düşdü. Biz orda dəfələrlə bir masa ətrafında süfrə açıb, çörək yemişdik. Atam, Bülbül, Süleyman Ələsgərov və oradakı ab-hava, mühit yadıma düşmüşdü. Onların söhbətləri, orada səslənən musiqi, Bülbülün, Xan əminin oxumasını yadıma salanda və ətrafımdakı dağıntıları görəndə, əlbəttə, çox pis olmuşdum. Bu, çox dəhşətli hiss idi. Onda özümü saxlaya bilməmişdim, çox kövrəlmişdim. Amma indi gedəndə, dağıntılarla rastlaşsam belə tamam başqa duyğular yaşadım. Həm də artıq görürdüm ki, bərpa işləri gedir. Oturub ürəklə çay içdik. Yara olduğu kimi ürəyimdə qaldı, kədər keçib getdi.

- Bu il Bakı Musiqi Akademiyasının 100 illiyidir. Bu sahədə nə kimi işlər görüləcək?

- Pandemiya, əlbəttə, bizim işlərimizi bir az yubatdı. Amma il ərzində bir neçə konsert tədbiri keçirməyi planlaşdırırıq. Bundan başqa, Estoniyanın, Sankt-Peterburq konservatoriyaları ilə birlikdə onlayn formada konsert tədbirləri keçirdik. Biz konsert proqramı ilə çıxış edirdik, onlar bizi təbrik edirdilər. Daha sonra, onlar öz proqramlarını təqdim edirdilər. Bu konsertləri davamlı formada başqa ölkələrin konservatoriyaları ilə birgə keçirmək fikrimiz var. Bununla biz həm öz 100 illiyimizi təbliğ edirik, həm də tələbələrimizə başqa ölkələrin musiqiçiləri qulaq asır. Bu məsələnin onlayn tərəfidir. İstəyirik, yayda Qəbələ festivalı çərçivəsində 100 illiyimizi qeyd edək. Orada, əlbəttə, bizim məzunlarımız da iştirak edəcək. Tələbələrimiz həm konsert verəcək, həm təhsil alacaq, həm də hamılıqla bayramı qeyd edəcəklər. Bir həftə həm açıq, həm də qapalı məkanlarda konsertlərimiz olacaq, 100 illiyi bu formada qeyd edəcəyik. Bundan başqa, istəyirik, Şuşada Üzeyir Hacıbəyli festivalı çərçivəsində də 100 illiyimizi qeyd edək. “Xarıbülbül festivalı” üçün hazırlanan səhnə ordadır. Ümidvaram, Üzeyir Hacıbəyli festivalının keçirilməsinə də şərait olacaq. Nəhayət, ilin sonunda təntənəli iclas da keçiriləcək. İl ərzində bir sıra beynəlxalq konfranslar keçirmişik. 100 illiyə həsr olunmuş xeyli sayda kitablar da çap etdirmişik.

- Atanız Şəmsi Bədəlbəyli Musiqili Komediya Teatrının yaradıcı olub, böyük bir aktyor nəslinin yetişməsində rol oynayıb. Hal-hazırda teatrlarımızın vəziyyəti o qədər də ürəkaçan deyil. Xüsusilə, sizin sənətlə yaxınlığı olan Opera və Balet Teatrı dağılmaqda davam edir. Rəhbərlik 1989-cu ildən bu yana dəyişmir. Bu məsələlərə münasibətiniz maraqlıdır...

- Teatrlara mütləq yeni nəsil, yeni nəfəs gəlməlidir. Təxminən on beş nəfər azərbaycanlı tələbə Moskvada Şukin adına Teatr İnstitutunu bitirib Bakıya qayıdıblar. Mən bu xəbəri eşidəndə çox sevindim. Onların simasında, fikirlərində yenilik hiss olunur. Belə uşaqlar gəlsə, yaxşılığa doğru dəyişiklik olacaq. İndiki vəziyyət həm də bilirsiniz nə il əlaqədardır? Sovet vaxtında bizim uşaqlarımız təhsil almaq üçün Moskvaya, Leninqrada gedirdilər. Oradan da bizim ölkəyə teatrlar gəlirdi. Atamın “Dostluq” teatr cəmiyyəti vardı. Ora çox böyük aktyorlar gəlirdi, ustad dərsləri keçirdilər. Bizim aktyorlar xarici ölkələrin teatrlarına gedir, premyeralarda iştirak edirdilər. İndi bütün bu əlaqələr kəsilib. Ya pul yoxdur, ya tənbəllik edirlər, ya da istəmirlər. Ona görə də biz indi pas atıb qalmışıq. Bu, əslində böyük problemdir. Ümidvaram ki, yeni təyin olunan mədəniyyət naziri bu məsələlərlə məşğul olacaq. Ümumiyyətlə, onun işi çox olacaq. Ənənələri bərpa etmək, yeni əsərlərin yaranmasına şərait yaratmaq asan deyil.

- Bayaq söylədiyiniz böyük ənənələri bərpa etmək mümkündürmü?

- Əlbəttə. Sadəcə buna can yandırmaq, hər gün işləmək lazımdır. Pandemiya Moskvada da var, amma onlarda hər gün premyera, hərə gün konsert keçirilir. Hər gün yaradıcılıq adına nə isə fikirləşib tapırlar. İşləyirlər.

- Sənətlə məşğul olmaqdan yorulmurlar.

- Yorulmurlar! Sənət və mədəniyyətə münasibət bir az başqa cürdür. Gəlin, bunu açıq etiraf edək. Yaradıcılıq onlarda genetikdir. Orda rus teatrı, baleti, simfoniyası yaranmaqda davam edir. Çünki, ruslar ənənələri saxlayıblar. Bizdə də ənənə var, sadəcə onu qorumaq lazımdır. Misal üçün, Qara Qarayevin baletlərini yeni nəsil, inanmıram, görmüş olsun. Bu günün tələbələri “Ölülər”i, “Dəli yığıncağı”nı görüblərmi? Qorxuram, görməmiş olsunlar. Biz bizə məxsus olan klassikanı itirsək, böyük faciə baş verər. O zaman ancaq şou-biznesdəki adamların əsarətində qalacağıq, onların problemlərini həll etməklə məşğul olacağıq. Onlara qulaq asacağıq. Ərəblər də qızıl, var-dövlət var, amma Üzeyir Hacıbəyov, Qara Qarayev, Mirzə Cəlil, Hüseyn Cavid yoxdur. Bizdə hər şey var. 20-ci əsr Azərbaycan sənət tarixinin qızıl dövrüdür. Sadəcə, bu bazanın üzərində bir az inkişaf etmək lazımdır. Yaxşı misallar da çəkmək olar. Bizim çox istedadlı tələbələrimiz var. Azər Rza, Fuad İbrahimov, Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva bütün dünyanı gəzirlər və Azərbaycanı çox yaxşı təmsil edirlər. İstərdim, onlar Azərbaycanda da fəal olsunlar. Onların burda da tələbələri olsun.

- Burada tamaşaçı auditoriyaları var?

- Var. Vallah var! Onları sadəcə cəlb etmək lazımdır. Proqramları indi çox doludur. Azər Rza İtaliyanın Milan şəhərinin açıq səhnəsində “Aida” operasında oynayacaq. Baş rol Azər Rzaya həvalə olunub. Mən özüm də çox istəyirəm ki, o tamaşanı izləmək üçün gedim. Çünki mən Venesiyada onun “Toska” tamaşasındakı ifasına baxmışam. İtalyanlar ayaq üstə alqışlayırdılar. Məqsədimiz bu cür gənclərin uğur qazanması, daha geniş tamaşaçı kütləsinə çatmasıdır. Siz elə bilirsiniz, müharibə başa çatdı? Xeyr, müharibə qurtarmayıb! İndi soyuq müharibə, ən vacib olan təbliğat müharibəsi başlayır. Mən afişalarda tez-tez erməni adları görürəm. Ona görə də, biz istəyirik ki, dünyanın bütün səhnələrində, konsert salonlarında mütləq azərbaycanlı adı, soyadı əks olunsun. Şərait yaratmalıyıq ki, tez-tez xarici ölkələrə getsinlər. Sənət və istedad qarşısında şər qüvvələr acizdir. Misal üçün, fransızlar Qara Qarayevin “Yeddi gözəl” baletini görəndə düşünəcəklər ki, yox, azərbaycanlılar elə-belə millət deyil. Ermənilər bizim haqqımızda danışanda deyirlər, onlar ancaq bazarda alverlə məşğuldur. Axı belə deyil. Əlimizdə olan qızıl kimi əsərlərimiz təqdim olunmalı, sərgiləri keçirilməlidir. Gənclərimiz xarici ölkələrə getməli, ordan bizə gənclər gəlməlidir. Biz futbola xeyli pul xərcləyirik, amma hələ böyük uğurlar yoxdur. Amma mədəniyyətimizdə nə qədər böyük uğurlarımız var. Baxmayaraq ki, futboldan min dəfə az pul qoyuruq. Mədəniyyətə mütləq pul qoyulmalıdır.

- İndi siz danışırsınız, mənə elə gəlir, sizin tələbələrinizin içərisində ürəyinizə ən yaxın olan Fuad İbrahimovdur. Bu, həm də onun qaçqınlıq taleyindən irəli gəlir...

- Hə, doğrudur. Fuadı mən balaca olanda gördüm. Uşaq idi. Otuz il bundan əvvəl onun yeddi yaşı vardı. Əlbəttə, şuşalı idi, yaralı idi. Mən onun yaralı olmasını, qaçqınlığını həmişə hiss edirdim. Gözlərində həmişə o məlum kədər vardı. Fuad indi ustad olsa da ifalarında həmin kədər, həmin ağrı var. İnanıram, Fuad dünyanın ən möhtəşəm dirijorlarından biri olacaq. Görərsiniz. O, rus, ingilis, alman, türk dillərində təmiz danışır. Bundan başqa, Eyyub Quliyev Sankt-Peterburqda keçirilən konsertlərə dəvət olunur. Yəni, bizim məzunlarımız, uşaqlarımız özlərini göstərirlər. Sadəcə olaraq, onlara həmişə dəstək lazımdır.

- Sənətkar ailəsində dünyaya gəlmisiniz. İncəsənət mühitinin içərisində böyümüsünüz. Fərhad Bədəlbəyli kimi sənətdə və həyatda ən böyük çətinliyiniz nə olub?

- Mən sübut etməliydim ki, həqiqətən də yaxşı musiqiçiyəm! Çətinliyim bu idi. Şəmsi müəllim mənim əvəzimə səhnəyə çıxıb piano çalmayacaqdı. Mən Moskva Dövlət Konservatoriyasında oxuyanda orada 20-ci əsrin ən böyük musiqiçiləri çalışırdılar. Onların qarşısında çıxış etmək, müsabiqələrdə iştirak etmək çox çətin idi. Əlbəttə, mən uşaqlıqda çox xoşbəxt olmuşam. Çünki maestro Niyazinin məşqlərinə gedirdim. Onun, demək olar, övladı kimi idim. Bundan başqa, o dövrün görkəmli insanları Fikrət Əmirov, Səid Rüstəmov və başqaları gəlirdilər. Mühit mənə mütləq təsir edirdi. Onları dinləyirdim. Yaşadığım mühit mənim üçün böyük dəstək olub. Bundan sonrasını – nələrə qadir olduğumu artıq mən özüm sübut etməliydim. Hər gün səkkiz, doqquz saat çalışırdım. Asan məsələ deyildi. Ona görə, indi belimdəki ağrılar məni incidir. Bilirsiniz, əgər, bir insan məşhur soyadın altında çıxış edirsə, onun məsuliyyəti daha böyük olur. Fuad İbrahimovun atası musiqiçi, bəstəkar və ya rejissor deyil. Olsaydı belə, əgər Fuad istedadlı və zəhmətkeş olmasaydı, bunu ona irad tutmayacaqdılar. Amma mənim qüsurlarım olsaydı, deyəcəkdilər, eh, heyf ki, elə atanın belə oğlu oldu. Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Şəmsinin qarşısında mən cavab verməyə borcluydum.

Fotolar: İlkin Nəbiyevindir

# 5848 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #