Afaq Bəşirqızı: “Düşmən ayaqqabısının gönü də deyilsən, ay bədbəxt!” – Müsahibə

Afaq Bəşirqızı: “Düşmən ayaqqabısının gönü də deyilsən, ay bədbəxt!” – Müsahibə
14 aprel 2020
# 15:24

Kulis.az Xalq artisti Afaq Bəşirqızı ilə müsahibəni təqdim edir.

- Afaq xanım, keçən illəri və qarşıdakı planları düşünəndə hansı sahədə daha çox demək istədiyiniz sözünüz var - kino, yoxsa teatr?

- Elə hər iksində. İnsan yaşlandıqca geri baxanda görür, hansısa sahədə sözünü deyə bilməyib. Bu, xüsusən, sənətkarlara, peşə sahiblərinə aiddir. Mən elə gəlir ki, kinoda da, teatrda da deməyə sözüm qalıb.

- Müstəqillik illərinin teatrı hansı özəllikləri ilə seçilir? Sovet teatrının elə üstünlükləri var idimi ki, bugünkü teatrlarımızda həmin müstəvilərdə boşluq olsun?

- Sovet teatrında ab-hava tamam başqa idi. Orda demokratiya yox idi, qadağalar çox idi. Eyni zamanda, ağıllı rejissorlar, ağıllı aktyorlar da çox idi. Hətta rejimə tərs mütənasib olan mövzuları belə tamaşaya qoyurdular. Yankovskinin bir tamaşası var idi, səhnədə Lenin, Stalin, Beriya və başqalarının məhkəməsi qurulurdu. Çox zəngin tərtibatlı, gözəl tamaşa idi. Mühakimə olunanlar zalda otururdular. Onlar adları çəkildikcə bir-bir gəlib səhnəyə çıxırdılar. Səhnə isə yavaş-yavaş fırlanırdı, dekor belə qurulmuşdu. Sonda dekor tamaşaçının hiss etmədiyi vəziyyətdə dar ağacına çevrilirdi. Belə tamaşalar da var idi. Demək istəyirəm ki, o riskli və qeyri-adiliklər teatr həyatında önəmli rol oynayırdı. Bəli, indiki teatrlarımızda həmin müstəvilərdə boşluq çoxdur.

- Sovet teatrından danışarkən ən çox vurğulanan pafos, dialoqlardakı ideallaşdırmanın hələ də davam etməsi sizə görə mənfi, yoxsa müsbət haldır?

- Pafosla danışmaq o dövrün dəbi idi; tamaşaçıya hadisəni, mətni daha dəqiqliklə çatdırmaq... Bir də aktyorun səsi... Natiqlik və qaytanlı səs qabiliyyətinə malik olan aktyorlarımız pafosla danışanda daha gözəl, daha ahəngli nitq alınırdı. Hələ də pafosla danışan aktyorlar var, amma nə bilim, deyə bilmirəm (gülür).

- Keçmiş Musiqili Komediya Teatrının adından "komediya"nın çıxarılmasına necə baxırsız? Bu hal sizin kimi komediya sənətçilərinin performansına mənfi təsir etmir ki?

- Bu yeniliyə mən çox yaxşı baxıram. Çünki teatr üçün geniş imkanlar yarandı. Bizdə sırf musiqili teatra lazım olan səslər yox idi, bu, bir növ operetta teatrı idi, yalnız orda komediya sözü var idi, bu məcburiyyət idi. Sən yalnız komediya oynamalı idin. Faciə, tragikomediya oynamaq ixtiyarın yox idi. Tamaşa gülüşlə başlayıb, gülüşlə qurtarmalı idi. Hər şey xoş əhval-ruhiyyədə keçməli idi. Bu isə sözün açığı, mənim kimi aktyor üçün çox darıxdırıcı idi. O qadağalara baxmayaraq, mən Vaqif Səmədoğlunun “Əmanət” pyesini oynadım. Hələ Musiqili Komediya Teatrına təzə gəlmişdim. Ailə-məişət mövzusunda tragikomediya idi. Uşaqların anaya qarşı olan nankorluğa və s. Çox gözəl tamaşa idi, rəhmətlik Yusif Əkbərov hazırlamışdı.

Yəni bu yenilik, heç də bizim performansımıza mənfi təsir göstərmədi.

- Sovet dövründə nə qədər çox sənətkarlar olasa da öz sözü ilə zirvəni fəth edən liderlər seçilirdi. Məsələn, Nəsibə Zeynalovadan sonra teatr, kino sahəsində sizin avtoritetiniz hiss olunurdu. Zaman-zaman bu ənənə öləzidi. Bu gün həmin ənənə səngiyir. Növbəti lider sənətçilərin seçilməsi ənənəsini görə bilmirik. Ənənə qırılıbsa, bunun səbəbi kino, teatr sahəsindəki ümumi zəiflik, yoxsa yetərincə istedadı olan aktyor, aktrisaların olmamasıdır?

- Nəsibə Zeynalovadan əvvəl Münəvvər Kələntərli var idi, siz bilirsiniz ki, o nə qədər koloritli, nə qədər gözəl, nə qədər şarmlı aktrisa idi. Münəvvər Kələntərlinin vaxtsız ölümündən sonra, belə deyək, meydan Nəsibə Zeynalovaya qaldı.

Bunu həm zaman yetişdirir, həm də korifeylik taxtına çıxmaq bir ənənədir. O vaxtı teatr aktyoru olmaq istəyən sırf teatra gəlirdi, kino aktyoru olmaq istəyən isə yalnız kinoya çəkilirdi. Ona görə belə sərbəstlik yox idi, belə qruplar yaranmırdı, özün film çəkə bilmirdin, özün teatr yarada bilmirdin. Ona görə, məktəb formalaşırdı. Amma bu gün aktrisa deyir ki, mən məşqdən tez gedim, xınayaxdım var, toyum var, “xalturam” var. Bu, artıq teatr atmosferi deyil. Teatr məbəddir və o məbədə gedən, o məbədi sevənlər bir növ fanatdırlar. Hər gün o məbədə gedib dua etmək üçün gərək fanat olasan. Biz sənətimizi o qədər sevməliyik ki, bu məbəddə nəsə qoyub gedə bilək.

Teatrımızda istedadlı aktrisalar çoxdur. Gültac Əlili, Ülviyyə Əliyeva – mənim tələbəmdi, Almaz Ələsgərova bizim teatrımızdadır. Nahidə Orucova var, artıq neçə illərdir teatrdadır.

- Estafeti bu aktrisalardan hansına verərdiniz?

- Estafeti kimə vermək məsələsinə gələndə, adam bir az çaş-baş qalır. Ənənə elə bir şeydir ki, onu qeyri-ixtiyari göz-bəbəyin kimi qoruyursan. O, kimə gəldi veriləsi şey deyil. Ürəkdən inanmalısan. Və bu inama da mane olan bir çox səbəblər var ki, mən bayaq bunları sadaladım. Amma əminəm, səhnə boş qalmayacaq, yaradanlar, sevilənlər yenə olacaq.

Biz bu sənətə gələndə, pul biznes haqqında fikirləşmirdik, yalnız zirvə və şöhrət haqqında düşünürdük. Əlbəttə, bəlkə də onda çörək 20 qəpiyə idi, sonra isə 30 qəpik oldu, bu da məsələyə təsir edir. Bəlkə, onda sovet dövrü idi, biz 150, 220 manatla dolana bilirdik. Ola bilsin, o zaman biz rus teatrından önəmli şeylər öyrənirdik. O vaxtı ana dilimizlə paralel rus dilinin də aktuallığı var idi və rus teatrından bəhs edən – peşəkarlıq, nəzəriyyə kitabları bol idi, biz onlardan yararlana bilirdik. O vaxtı bizim özümüzün rejissor sənəti, aktyor sənəti kitablarımız barmaqla sayılası qədər idi: Cəfər Cəfərov, Mehdi Məmmədov yazmışdı. Bu kitablar da ümumi informasiya şəklində idi. Mehdi Məmmədovun kitabını istisna etmək şərtilə öz dilimizdə dərslik kimi istifadə edəcəyimiz kitablar, demək olar ki, yox idi.

- Ümumilikdə Musiqili Teatrın sovet dönəmi ilə müqayisəsini necə təsnifləndirərdiniz? Bu üzdən elə görünür ki, musiqili teatr əvvəllər daha çox rəngarəng, diqqətçəkən olub.

- Musiqili Komediya Teatrının həyatında Məhərrəm Əliyev çox böyük rol oynayıb. O Məhərrəm Əliyev ki, “Toy kimindir” pyesini yazıb. “Bir dəqiqə”, “Məhəmməd Züleyxa” və s. var idi. O dövrə uyğun idi bu əsərlər. Dramaturqların bu yöndə çox böyük rolu var idi. “Ləpələr”, “Altı qızın biri pəri”, “Özümüz bilərik” və s. tamaşaları tamaşaçılar yüksək sevgi ilə qəbul edirdilər. Eyni zamanda, korifey aktyorlar var idi. O dönəm Musiqili Komediya Teatrının zəngin aktyor ansamblı formalaşmışdı: Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Qafarlı... Ardınca bir balaca gənc nəsil; Hacıbaba Bağırov, Səyavuş Aslan, Kamal Kərimov, Lütfiyar İmanov, Mobil Əhmədov, Zemfira Quliyeva... Bütün bunlar nəsil-nəsil gəlirdilər. Bu çox gözəl hal idi. Güclü ansambl yaranırdı. Həmçinin güclü rejissorlar var idi; Şəmsi Bədəlbəyli, Niyaz Şərifov... Güclü rəhbərlik var idi, yaradıcı rəhbərlik idi. Rejissor, baş rejissor... Belə bir atmosferdə sizin dediyiniz rəngarənglik yaranırdı. Tamaşaçıların bu aktyorlara görə - əlbəttə tamaşanı aktyor yaradır – musiqili komediyaya axını çox idi. Aktyorlar çox sevilirdi. Teatra çox böyük mədəniyyət və qayğıyla yanaşılırdı. Belə bir mühitdə tamaşaçılar teatra coşquyla gəlirdi, baxırdı, aktyorları bayırda gözləyirdi, hətta maşınlarını qucaqlarına alırdılar. Bəli, mən Bəşir Səfəroğlu ilə bağlı bu səhnəni görmüşəm. İlk buraxılan “Zaporojest” idi, “01 01 AU”. Bəşir Səfəroğlu gəlib maşına minəndə tamaşaçılar maşını qucaqlarına aldılar və teatrın ön qapısına qədər apardılar.

- Bu gün bütün teatrlarda daha çox köhnə pyeslərə müraciət olunur. Düzdür, bu sual daha çox dramaturqlara və rejissorlara aiddir, amma düşünürəm ki, peşəkar aktyor da rahatlıqla bu məsələ barədə fikirlərini bölüşə bilər. Gənc dramaturqlar yoxdurmu, yoxsa teatr müasirləşməyə cəsarət tapmır?

- Köhnə deyəndə, indi daha çox klassikaya müraciət olunur. Müəyyən dramaturqların yubileyləri zamanı – Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadənin tamaşaları qoyuldu. Klassik formada da, rejissor versiyası ilə də qoyuldu. Müasir dramaturqlar Musiqili Teatra bir az qısqanclıqla yanaşırlar. Çünki Musiqili Teatrda birinci dramaturqun deyil, bəstəkarın adı gedir. Danışılanda da dramaturqun yox, bəstəkarın adı çəkilir. Yəni filan bəstəkarın filan tamaşası deyilir. Bu zaman dramaturqda qısqanclıq yaranır. Bir az qonorar məsələsində çətinlik var. Teatr özü o qonorarı ödəyə bilmir. Vəziyyətlə əlaqədar, büdcədə kasıblıq olur, istədiyimiz dekoru qurmaqda, istədiyimiz əsəri səhnələşdirməkdə çətinlik yaranır. Buna baxmayaraq, Musiqili Teatr bu yaxınlarda “Balaca şahzadə”ni qoydu. Onun xərci yarım milyona yaxın idi. Sonra “Paris Notrdam kilsəsi” qoyuldu.

O tamaşada ki, aparıcı aktyorlar var, hansı ki, o aktyoru sevən tamaşaçı teatra gələcək, belə tamaşalarda aktyora güvənərək dekora çox fikir vermirlər. Amma klassik tamaşalarda bunu eləmək mümkün deyil. İndiki Musiqili Teatr öz repertuarı üstündə çox ciddi şəkildə işləyir. İnşallah bu, öz bəhrəsini verəcək.

- Müasir, bəyənilən, tamaşaçıların bilet alıb baxdığı komediya filmlərində özünüzü görə bilirsiniz?

- Çox istərdim ki, vaxtında bir xarici filmdə çəkilim, çox istərdim. Nə bilim, görək...

- Afaq xanım, dünya kinosundan hansı rejissorları izləyirsiniz?

- Stiven Spilberqi çox sevirəm. ABŞ rejissoru, ssenaristi, prodüseri. Üç dəfə “Oskar” qazanıb. Ən çox sevdiyim filmlər “İndiana Cons”, “Yadplanetlilər”dir.

- Festivallarda qalib olan filmlərə necə münasibət göstərirsiniz? Sizcə, festivallar dünyanın sənət nəbzini tuta bilirmi?

- Festivallarda çox vaxt haqsızlıq görürəm. İstər Rusiyada keçirilən kinofestivallar olsun, istər “Oskar”da. Bəzən elə film “Oskar” alır ki... “Oskar”ı, mənə elə gəlir, həm güclü operatoru, həm güclü mətni, həm güclü aktyor oyunu olan film almalıdır. Amma kateqoriya belədir ki, bir filmə operator işinə görə verirlər, bir filmdə aktyor oyununa və s. “Oskar” heç bir zəifliyi olmayan filmə verilməlidir. Çox istərdim ki, Azərbaycanda da bir mükafat təsis olunsun, teatr üçün nəzərdə tutulsun.

- Ötən günlərdə baş verən bir hadisəyə münasibət bildirmədən keçsək, düzgün olmaz. Karantinlə bağlı məlum açıqlamanızın birmənalı qəbul edilməməsini nə ilə əlaqələndirirsiz? Jurnalistlər fikrinizi kontekstdən çıxarmışdı, oxucular yanlış nəticə çıxarmışdı, yoxsa fikrinizi istədiyiniz kimi ifadə edə bilməmişdiniz?

- Heç nə deyə bilmərəm. Bir gözəl tamaşamız var, orada deyilir: Səni qandıra-qandıra özüm qanmaz oldum. Mənim bütün lent yazılarım var, verdiyim müsahibələr var. Yenə də deyirəm, demişəm, deyəcəm; mənim üzüm ağ, alnım açıqdır. Yazılan o mənfi fikirlərdən uzaq adamam. Müsahibəmi kim başa düşməyibsə, bir də dinləsin, başa düşməsə, bir də dinləsin, başa düşməsə, bir də dinləsin, yenə başa düşməsə artıq mənlik deyil.

- Karantin bitən kimi ilk olaraq nə edəcəksiniz?

- Karantin bitən kim ilk olaraq yarımçıq qalmış “İstintaq” tamaşama davam edəcəyəm. Tamaşanın ssenari müəllifi Pərviz Seyidli, bəstəkarı Ceyhun Allahverdiyev, rejissoru Firudin Məhərrəmovdur. Sumqayıt Teatrının baş rejissoru. Aparıcı rollarda mən, Şövqü, Əmrah və Nicat oynayacağıq.

Bu rolum bizim tamaşaçılar üçün bir az qeyri-adi olacaq. Sumqayıt teatrındakı 15 illik fəaliyyətimdə çox ciddi obrazlar oynamışam. Faciə də oynamışam. Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərində “Nayman ana”, “Masqarad” pyesində Baronessa Ştral, Çəmənzəminlinin “Qaranlıqda işığı”nda Əminə, Əkrəm Əylislinin “Bir cüt bədmüşk ağacı”nda Tovuz qarı, Rəhman Əlizadənin “Doğmaları”nda Bibi və s. Bütün bunlar faciə, tragikomediya idi. Orada tamaşaçı mənim ciddi rollarımı çox sevirdi və bütün ödüllərimi də elə həmin rollarıma görə almışam.

- Pandemiya dövrünü yaşayan tamaşaçılara sözünüz nədir?

- Mən karantində darıxan şəxslərin hər birinə xoş əhval-ruhiyyə arzulayıram. Pis günün ömrü az olar. Bu, bir növ sınaqdır, bundan da keçmək lazımdır. Həmişə rahatlıq olmur. İnsan keşməkeşlərdən keçdikcə həyat daha maraqlı olur. Unutmayaq ki, bu, bir növ yolundan azmışların cəzası idi. Cəzanı da Allah verdi. İndi bilmirəm, o yolundan azmışlar Allah yoluna qayıdacaqlar, ya yox! Allah millətimizi, millətimizin balalarını qorusun. Müqəddəs şəhidlərimizin qanı yerdə qalmasın. Hamımız dərk etməliyik, biz vətənsiz heç kimik.

Sən vətənsiz yanmış qazanın qazmağı da deyilsən, düşmənin ayaqqabısının gönü də deyilsən. Ona görə də, ay bədbəxt insan, fikirləş, vətəndaş ol, vətəni sev, vətənə xidmət elə.

# 15194 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #